Azərbaycan Aşıqlar
Muzeyinin yaradıcısı, 90 yaşlı Hüseyn Həsənov
muzeyə dövlət statusunun verilməsini istəyir
Muzey Hindistan, Fransa səfirlərini,
xarici mədəniyyət mərkəzləri rəhbərlərini
və mütəxəssisləri necə heyrətləndirdi…
Bakıda Aşıq Ələsgər adına
Azərbaycan Aşıqlar Muzeyi fəaliyyət göstərir.
Muzeyin yaradıcısı, qurucusu Göyçə
mahalının sanballı ağsaqqallarından olan fədakar
insan, sazımızın-sözümüzün
keşikçilərindən biri, 90 yaşlı Hüseyn
Hacıqulu oğlu Həsənovdur. Dünən Hüseyn Həsənov
“Bakı-Xəbər”in qonağı oldu. Biz də
özümüzə borc bildik ki, Hüseyn dayının fədakar
əməyini, təmənnasız xidmətini siz oxuculara
çatdıraq.
- Hüseyn dayı, Sizi xoş gördük.
- Xoş gününüz olsun.
- Aşıq Ələsgər yalnız
Göyçənin, Azərbaycanın, Türk
dünyasının deyil, artıq bütün
dünyanındır.
- Aşıq Ələsgər dahidir. Siz
demişkən, o yalnız bizim deyil, bütün yer
üzünündür, bütün dünyanındır.
Ancaq o, Göyçədə anadan olub, həyatı, taleyi bu
yurdla bağlı olub. Dahi Ələsgər baba Göyçə
mahalının Ağkilsə kəndində dünyaya göz
açıb, Vətəni o eldir. Mənim də vətənim
Göyçədir. Ağkilsə ilə mənim
doğulduğum Ardanış kəndinin arası olsa-olsa 10
kilometrdir.
- Siz Aşıq Ələsgər adına Azərbaycan
Aşıqlar Muzeyi yaratmısınız. Bu muzeyi nə vaxt
yaratmısınız?
- Aşıq Ələsgər adına
Aşıqlar Muzeyini 17 il əvvəl yaratmışam. Muzeyi
ona görə yaratdım ki, babamın, atamın əmanəti
olan, Göyçəmin dahi aşığı, sənətkarı
Ələsgəri yüksək səviyyədə təbliğ
edim, yaşadım.
- Hüseyn dayı, özünüzün
ixtisasınız nədir? Bunu ona görə soruşuruq ki,
muzey yaratmaq sadə iş deyil, insandan bir sıra keyfiyyətlər,
zəhmət tələb edir.
- Mən sürücüyəm, 57 il
sürücülüklə məşğul olmuşam. Heç bir ali
təhsilim yoxdur. Sürücü olduğum
dövrlərdə müxtəlif təşkilatlarda işləmişəm
və Azərbaycanın, eləcə də qonşu
respublikaların hər yerini qarış-qarış gəzmişəm.
Hara getmişəmsə, orada Aşıq Ələsgərlə
maraqlanmışam. Baxıb görmüşəm ki,
heç bir yerdə Aşıq Ələsgərin adına nə bir küçə, nə bir
muzey, nə də bir mədəniyyət evi var.
Açığı, bu mənə çox pis təsir
edirdi. Düşünürdüm ki, dahi bir
aşığın adı niyə əbədiləşdirilməyib.
Ələsgər adına muzey də yox
idi.
-
Göyçədə də...
- Bəli,
hətta Göyçədə də. Aşıq
Ələsgərin qəbirüstü abidəsi vardı,
ancaq muzey yox idi. Bunu özümə böyük dərd etdim ki, nə
üçün Türk dünyasının günəşi,
nuru, işığı Aşıq Ələsgərin muzeyi
olmasın. Aşıq Mikayıl Azaflı
Aşıq Ələsgərə aşıqların
sultanı, günəşi adı verib. O vaxt
düşündüm ki, aşıq Ələsgər bir ailənin,
bir elin deyil, bütün dünyanındır. Odur ki,
Aşıq Ələsgər adına Azərbaycan
Aşıqlar Muzeyi yaratmaq fikrinə düşdüm.
-
Hüseyn dayı, bəs eksponatları necə
topladınız?
- Elə
bir el yoxdur ki, orada Aşıq Ələsgəri sevməsin,
onun tükənməz irsini yüksək qiymətləndirməsinlər.
Mən bir göyçəli oğlu kimi dünyaşöhrətli
Ələsgərin adına muzey
yaratmağı qarşıma məqsəd qoymuşdum deyə,
hara gedirdimsə, oradan bir material gətirirdim. Onu
da deyim ki, bu muzeyi öz şəxsi vəsaitim hesabına
yaratmışam. O vaxt 70 min manat pulum vardı, fermer təsərrüfatı
yaratmaq istəyirdim, sonra övladlarım yaratmağıma
razı olmadılar. Mən də bu pulu muzeyi
qurub yaratmağa xərclədim. Rayonlara
getdikcə, aşıqlardan, şairlərdən materiallar,
şəkillər, vallar yığıb toplamağa
başladım. 2002-ci ildə 5 otaqlı evimi
boşaltdım, övladlarımı başqa yerə
köçürdüm və mənzilimi Aşıq Ələsgər
adına Azərbaycan Aşıqlar Muzeyinə
çevirdim. Böyük zəhmət hesabına tədricən
böyük bir muzey yaratmağa nail oldum. Bu muzey
haqqında respublika televiziyaları verilişlər
hazırladı, qəzetlər yazdılar. Muzeyin sorağı deyərdim ki, dünyaya
yayıldı. 2004-cü ildə dövlətə məlumat verdim
ki, belə bir muzey yaratmışam. Bu barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım
Əliyevaya, Nazirlər Kabinetinə, Mədəniyyət və
Turizm Nazirliyinə yazdım. Mənə
saysız təşəkkür məktubları gəldi.
Dövlət muzeyə komissiya göndərdi, komissiya muzeyin
işi ilə tanış olduqdan sonra
müsbət rəy verdi.
-
Hazırda muzey işləyirmi?
- Muzeyin
bütün eksponatlarını yığmışam. Mədəniyyət və Turizm Nazirliyinə
müraciət etdim ki, muzeyi dövlətə təhvil vermək
istəyirəm. Nazırik də mənə
müsbət rəy göndərib. Mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın
imzası ilə mənə məktub gəldi. Məktubda qeyd edilib ki, Aşıq Ələsgər
irsini qorumaq, yaşatmaq, gələcək nəsillərə
ötürmək lazımdır. Nazirlikdən gələn
məktubda bildirilir ki, Muzey Mərkəzində Aşıq
Ələsgər adına Aşıqlar
Muzeyinə 100 kvadratlıq yer ayrılıb. Məlumatıma
görə, hazırda muzeyə ayrılan yerdə təmir
işləri gedir. Onu da deyim ki, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev məni qəbuluna
çağırmışdı. Dedi ki, Hüseyn əmi,
gedin muzeyinizi zənginləşdirin, özüm də gəlib
muzeyə baxacağam. Nazir mənə dedi ki, siz bilirsinizmi Azərbaycanda
Aşıq Ələsgərdən böyük aşıq
yoxdur, ən böyük adam da sizsiniz ki,
şəxsi təşəbbüs göstərib Aşıq
Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi
yaratmısınız. Nazir də, müavinləri
də mənim işimə, fəaliyyətimə böyük
diqqət göstərirlər. Mənim məqsədim
odur ki, muzeyi nazirlik muzeyi təhvil alsın və ona dövlət
muzeyi statusu verib ştatlar açsın. Mən
də yaşlı adamam, artıq 90 yaşla
vidalaşmışam. Mən indən sonra
o muzeyin direktoru olası deyiləm. İstəyirəm
ki, mənim zərrə-zərrə topladığım xalq sərvətini
dövlət daha yüksək səviyyədə qorusun.
Aşıq sənəti, Aşıq Ələsgər
irsi tükənməzdir və xalqımızın
böyük sərvətidir. Aşıq Ələsgər
adına Aşıqlar Muzeyində ancaq
aşıq Ələsgərin irsinə aid eksponatlar
toplanmayıb, bütün aşıq mühitlərinin
nümayəndələrinə aid şəkillər, vallar, qəzet-jurnal
materialları burada saxlanır. Onu da deyim ki,
Türkiyə, İran, Orta Asiya, eləcə də
Dağıstan, Gürcüstan aşıqlarının
fotoları, onlara aid nümunələr də muzeydə
qorunur.
-
Aşıq Ələsgərlə qohumluğunuz varmı?
- Xeyr. Mənim uşaqlıqdan Ələsgər irsinə
böyük sevgim, məhəbbətim, rəğbətim
olub. 1927-ci ildə doğulmuşam. Böyüyüb boya-başa çatdıqdan sonra
elimi, ulusumu, qüdrətli el ağsaqqallarını
tanıdım, Göyçəmin böyük şairlərinə,
aşıqlarına bələd oldum. O vaxt eşitdim ki,
Göyçədə Aşıq Ələsgər var.
Uşaqlıqdan Aşıq Ələsgərin şeirlərinə
böyük maraq, sevgi bəslədim. Onun
qoşmalarını, gəraylılarını, təcnislərini,
dodaqdəyməzlərini, dildönməzlərini, müxənməslərini
çox oxudum, çox əzbərlədim. Mənim
babam Məşədi Həsənlə Aşıq Ələsgər
yaxın dost olublar. Babam Məşədi Həsən
Aşıq Ələsgərdən 6 yaş kiçikdir.
Ələsgər 1821-ci ildə, Məşədi
Həsən isə 1827-ci ildə anadan olub. Mənim özüm də babamdan düz 100 yaş
kiçiyəm. Bu da böyük tarixdir.
Deyilənlərə görə, babam Məşədi
Həsən Göyçə mahalında çox savadlı
adamlardan biri olub, Sıyaqub kəndində Miskin Abdal
ocağında ruhani təhsili alıb. Savadlı
olduğu üçün hökumət babamı kiçik vəzifələrə
təyin edib. Dediyim kimi, babam Aşıq
Ələsgərin sədaqətli dostu olub. Aşıq Ələsgər bizim ocaqda 3-4 dəfə
olmuşdusa, babam onun evində yüz dəfələrlə
olub, onun ifasına qulaq asıb, söhbət edib. Dediyim kimi, Aşıq Ələsgər bizim ocaqda
olub, çörək yeyib, hətta onun xörək yediyi
qabda mən də xörək yemişəm.
Sonra hökumət 1872-ci ildə babamı Kəvər
rayonunda pristavın 1-ci müavini vəzifəsinə təyin
edib. Burada 6 il işlədikdən sonra, 1878-ci ildə
hökumət babamı Ardanış kəndinə kovxa təyin
edib. O, 1904-cü
ilə qədər kəndimizdə kovxa olub, 1912-ci ildə isə
dünyasını dəyişib. Atam Hacıqulu kişi Göyçədə məşhur,
hörmətli, dilavər, qoçaq, pullu-varlı kişi
olub. Buna görə də atam Göyçə
mahalının ağsaqqallarından biri olub, bütün el
onun sözünə hörmətlə yanaşıb. Hətta
atam Hacıqulu kişi haqqında
Göyçədə belə bir söz də deyirdilər
ki, mahalın hansı kəndi olursa-olsun, bir gündə on
adam güllə yarasından ölsə belə, əgər
Hacıqulu kişi gəlsə, o qan
bağışlanmalıdır.
- Sizin ailə
də deyəsən keçən əsrin 30-cu illərində
Göyçədən köç edib?
- Bəli.
1938-ci ildə Gədəbəy rayonunun
Arıqıran kəndinə köçdük. Orada atamın yaxşı dostları vardı. Böyük qardaşım atamın icazəsi ilə
orada ailə həyatı qurdu.
-
Hüseyn dayı, deyirsiniz ki, Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyini xarici
qonaqlar da çox ziyarət edib. Kimləri
xatırlayırsınız?
- Hindistanın Azərbaycandakı birinci səfiri Debunat
Şon 2011-ci ildə muzeyə gəldi. Bu da səbəbsiz
deyildi. O həm Aşıq Ələsgərin
sorağına, həm də burada Hindistan mədəniyyəti
ilə bağlı yaratdığım guşəyə
baxmağa gəlmişdi. Muzeydə Hindistan
aktyorlarına aid yaratdığım guşədə
bütün hind ünlülərinin şəkilləri yer
alıb. Muzeyin içində başqa
guşələrin də olması maraq doğurur. Debunat
Şonun 2014-cü ildə yerinə gələn səfir Vikont
Kumar da muzeyi ziyarət
etdi. Hindistan Səfirliyindən gələnlər
muzeyi çəkdilər. Səfir deyirdi
ki, Hüseyn Həsənov Hindistan və Azərbaycan mədəniyyətləri
arasında mədəni körpü yaradıb. Fransanın Azərbaycandakı sabiq səfiri Paskal
Münye öz xanımı və səfirlik nümayəndələri
ilə muzeyə gəlmişdilər. Onun həyat
yoldaşı Qalina xanım mənə dedi ki, Fransada
saysız-hesabsız, dünyaşöhrətli muzeylər var,
ancaq sizin muzey kimi muzeyə orada rast gəlməmişəm,
sizin yaratdığınız muzey çox gözəldir. Sonra Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin
rəhbəri Əhməd Sami də 2014-cü ildə muzeyi
ziyarət edib. Amerikalı tədqiqatçı,
aşıq sənəti bilicisi və tədqiqatçısı
Anna xanım Şenaslan da muzeyimizdə olub. O bizim
aşıq mühitlərimizi çox yaxşı
tanıyır və aşıqlarımız haqqında
böyük məlumatı var. Anna xanımı muzeyimizə
birinci dəfə aşıq Mikayıl Azaflının
qızı aşıq Gülarə gətirmişdi. Ondan sonra Anna xanım özü yenə gəldi.
-
Hüseyn dayı, muzeydə təxminən nə qədər
eksponat var?
- Mərhum
xalq şairimiz Zəlimxan Yaqubun dövründə o
eksponatları saydırmışdı. O vaxt eksponatların
sayı 3000 mini ötmüşdü. Muzeydə təxminən
600-dən artıq val var. Mən bu
valları müxtəlif yerlərdən toplamışam, ancaq
çox hissəsini Gədəbəydən gətirmişəm.
Muzeydə 4 saz var, birini aşıq İslam
Yusifov bağışlayıb. Muzeydə 4
qramafon, üç patefon, 7 iri radio, 350-dən artıq kitab
var. Ələsgərin özünün kitabları muzeydədir.
Ələsgərin sazını övladları
saxlamayıb. Geyimləri də
qorumayıblar. Məndən soruşanda ki,
muzeydə niyə Aşıq Ələsgərə aid geyim,
başqa eksponatlar yoxdur? Mən cavab verməyə
utanıram. Gərək o geyimləri,
eksponatları ailəsi qoruyaydı. Eşitmişəm
ki, Ələsgərin sazını oğlu aşıq
Talıb kiməsə verib. Bu barədə
dəqiq məlumatım yoxdur, sadəcə, eşitdiyimi deyirəm.
Gərək verməyəydilər. Bu sazı evlərində saxlamalı idilər.
-
Hansı aşıqların geyimləri var?
-
Ardanışlı aşıq Məhəmmədəli və
aşıq Niftalı Süleymanov mənə öz geyimlərini
bağışlayıblar. Onların aşıq
libasları tam olaraq eksponat kimi muzeydə qorunur.
- Muzeyə
aşıqlar, şairlər gəlirmi?
- Muzeydə
mərhum professor Qara Namazov olub. Böyük
şairimiz Zəlimxan Yaqub mütəmadi olaraq muzeylə
maraqlanır, mənim işimi təqdir edirdi. O, bu muzeyin
yaranmasına çox sevinirdi. Hətta muzeyin
dövlət himayəsinə alınması, ona qayğı
göstərilməsi ilə bağlı əlaqədar
qurumlara rəsmi məktub da göndərmişdi. Mərhum akademik Budaq Budaqov da
sağlığında muzeyimizlə maraqlanırdı.
Rəfael Hüseynov, Məhərrəm Qasımlı və
digəriləri də muzeyimizə baş çəkiblər.
Aşıqlar, şairlər muzeyə həmişə
gəlirlər. Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva mənə
göndərdiyi məktubda işimi təqdir edir, məni
ruhlandırır. Nazir də
gördüyüm işləri təqdir edir. Sağ
olsunlar. İnanıram ki, nazir muzeyin
qayğısına qalacaq və onu dövlət statusu
almış bir muzey kimi xalqın ixtiyarına verəcək.
Ümidim böyükdür.
- Bəs Aşıq Ələsgər ailəsindən hər
hansı bir dəstək alırsınızmı?
- Xeyr,
heç bir dəstək almıram. Aşıq
Ələsgər bir nəslin babası yox, bütün
Türk dünyasının babasıdır. Hər kəs Aşıq Ələsgər isrinin
qorunmasına, təbliğinə ürəkdən kömək
etməlidir. Mən də bu yaşımda
yenə də Aşıq Ələsgər irsinin
qorunmasına, onun gənc nəslə
çatdırılmasına çalışıram. Mənim illər boyu topladığım materiallar,
eksponatlar gələcək nəsil alimlər
üçün böyük tədqiqat imkanları
açır. Zəlimxan Yaqub deyirdi ki,
Hüseyn dayı, sən böyük bir universitetin,
akademiyanın işini görübsən. Mən
bu işə ürəkdən yanaşmışam,
Aşıq Ələsgərin adını,
ünvanını muzeydə yaşadıram.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2018.- 18 yanvar.- S.12.