Əli bəy
Hüseynzadə: Olduğu kimi
Türk dünyasının böyük mütəfəkkiri,
milli ideologiyamızın banisi, Azərbaycan mətbuat tarixində
"Füyuzat” jurnalistika məktəbinin əsasını
qoyan Əli bəy Hüseynzadə barədə xeyli sayda
elmi-tədqiqat əsərləri yazılıb. Bu araşdırmalarda Ə.Hüseynzadənin şəxsiyyəti,
fəlsəfi düşüncəsi,
dünyagörüşü müxtəlif aspektlərdən
izah edilib.Türk təfəkkürü, düşüncəsi
barədə dəyərli əsərlər yazan Hilmi Ziya
Ülkən də Ə.Hüseynzadə barədə
araşdırmalar aparıb. "Yeni insan”
dərgisinin 1969-1970-ci illərdə çap olunan silsilə məqalələrində
Əli bəy barədə onun "Həyat” qəzeti və
"Füyuzat” dərgisində toxunduğu ana mövzular haqda
Hilmi Ziya bəy maraqlı məqamlara toxunub. "Şərq”in
oxucularına təqdim olunan bu araşdırmanın Əli bəy
Hüseynzadə yaradıcılığına
işıq salmaq istəyənlər üçün gərəkli
bir mənbəə olacağına əminik.
"Yeni insan” elm, sənət,düşüncə,
ədəbiyyat dərgisi dekabr 1969 sayı ¹ 84
Əli Turan
- Hüseynzadəni mütarikə sonunda
tanıdım. XIX əsrin Qərb elm adamları tipində,
orta boylu, narın, üzünə çox gözəl bir
ifadə verən bəyaz saqqalı alim o sırada tibb
fakültəsinin professoru idi. Ali tibb məktəbindən
atamın tələbə yoldaşı olmasına baxmayaraq
aramızdakı böyük yaş fərqinə rəğmən
bu böyük idealistə yaxınlaşmamı təmin
edirdi. Atamla görüşmək üçün bizim evə
çox az-az gəlirdi. Fəqət "İttiqad və tərəqqi”
cəmiyyətində türkçülüyün ilk rəhbərlərindən
olan Əli bəyi "Türk Ocağı”nda hər zaman
görmək mümkün idi. O da Ziya Köyalp kimi gəncləri
söhbətləri ilə ətrafına toplayırdı.
Fikir çəkişmələrinə
başladığı zaman bütün yaş və dərəcə
fərqlərini unudur, məntiqlə öz fikirlərini
müdafiə edirdi. O zamandan sonra görüşmələrimiz
sıxlaşdı. Anadolu nağıllarından "Tahirlə
Zöhrə”ni mənzum pyes halında yazmışdım.
"Dədə Qorqud” boylarından Təpəgözü nəsr
halında yazırdım. Gördüyüm bu işlərin
davamı üçün "Kərəm” adlı əsər
yazacağımı düşünürdüm.
Yazacağım əsərin örnəkləri "Vaqnerin” və
son 100 ilin əsəri olan "Kalevala” kimi dastanlar idi.
"Kalevala”nın da sərbəst nəzmlə ilk iki
parçasını türkcəyə çevirmişdim. Məktəbdə
və dostlarım çevrəsində bu tərzdə bir ədəbiyyatın
təbliğini yaymaq istəyirdim. Xaliq Nihad bunun ilk və bəlkə
də o zaman üçün tək maraqlısı oldu.
"Tahirlə Zöhrə”, "Şah İsmayıl” və
"Süleyman şah” kimi mənzum hekayələri
yazdım.
Fəqət, bu düşüncələrimi
bölüşəcək və mənə yardım edəcək
yaşlı nəsillərdən kimsəni tapa bilmirdim. Siyasi
həyata dalmış Ziya Köyalpa yaxınlaşmaq çox
çətin idi. Bu sırada Hüseynzadə
türkçülərin başında dayanan və bizi dinləyən,
yol göstərən birinci insan oldu. Bir gün 1920-ci ildə
baba-nəvə kimi "Türk Ocağ”ında öz
düşüncələrimi bu böyük insana
danışdım. Söhbət əsnasında yeni yazmağa
başladığım bir dramı, "Şahnamə”dən
keçən Səyavuş hekayəsinə aid dram barəsində
danışırdım. Səyavuş bu əsərdə
İran-Turan arasında mücadilədə vətən və
insanlıq duyğularının döyüşməsinin
qurbanı olur. Hələlik əsəri nəzm və ya nəsirlə
yazacağımı qərarlaşdırmamışdım. Bu
mövzunun tam bilicisi olan Hüseynzadə Səyavuş hekayəsi
ətrafında mənə bolluca izahat verdi. Bir neçə
gün bu mövzuda söhbətləşdik. Mən
yazdıqlarımı oxuyur, o isə tənqid edirdi. O,
"Tahirlə Zöhrə” pyesini də atamın evində və
özünün Süleymaniyə camisinə gedən
küçədəki kirayə qaldığı mənzilində
günlərcə dinlədi. Söhbətlərimiz tək ədəbiyyatdan
ibarət deyildi. Tibb fakültəsinin professoru Rza Tofiq kimi
şöhrəti olmamasına rəğmən o, həqiqətən
ciddi bir filosof idi. Durukheyimlə Berikson
arasındakı təzad üzərinə diqqət çəkməklə
yanaşı onların fikrən bir-birini
tamamladıqlarını və bütün varlığı
anlamaq üçün bu iki filosofun əsərlərindən
imtina edilməyəcəyini xatırladırdı. Bioloq
J.H.Fabredən danışır, böcəklər və bir
çox heyvanlar haqqında maraqlı məlumatlardan
söhbət açırdı. Bundan sonra sosializm fikrinə
keçir və bioloji- fəlsəfi görüşlərinin
nəticəsi olan sosializmi canlıların həyatından
götürüldüyü fikrini irəli sürürdü.
O sırada türkülüyün üfüqlərinə
toxundu. Bunun hansı zərurətlərdən doğduğunu
uzun-uzadı izah etdi. Bir yandan da millətlərin
dayandığı klassik mədəniyyət (Humanite) təməllərindən
söhbət açırdı. Bu xüsusda Abdulla Cövdət
və Köyalpdan fikrən fərqləndiyi,
ayrıldığı aydınca hiss olunurdu.
Şərq və Qərb arasında
körpü olmağımız Hüseynzadəyə görə
keçici bir hal deyildi. Bundan sonra Qərb mədəniyyəti
içində formalaşacaq mədəniyyətimizdə də
bu hal davam edəcəkdir. Orijinal olsaq, bu tərzdə
olacağıq. Hüseynzadənin humanizm fikri o vaxtın Avropaçı
düşüncə sahiblərində olduğu qədər
şərqçilərinə, islamçılarına da yad
bir fikir idi. Mən də bu fikri unutmadım desəm yalan olar. Bu təvazökar,
səbirli, insanpərvər ustad söylədiyi bu fikirlərdən
dolayı ona qarşı cəbhə açanlara hər səfərində
yenidən mübarizə aparmaqdan yorulmazdı. Məni tam başa saldı deyə bilmərəm,
lakin bu fikir bir sual işarəsi, bir problem halında davam etdi.
Əli bəy Hüseynzadə sonradan ortaya
atdığı fikrin simvolu olaraq Turan soyadını sonradan
almışdır. Tibb fakültəsinin
siyasi fikir baxımından kifayət qədər qaynar bir
sinfinin tələbəsi olub. Atamın da aralarında
olduğu sinifdə Şərafəddin Mağmumi, İbrahim
Temo, Cənab Şəhabəddin, Abdullah Cövdət, Dk.
Nazim, Rza Tofik, Bahəddin Şakir, İbrahim Tali və b.
oxuyurdu. Bunlardan bir qismi siyasət, bir qismi ədəbiyyat
və fəlsəfə sahəsində cığır
açmış insanlardır. Atamın
dediyinə görə, Hüseynzadə fakültəyə gələndə
yaşı çox olub. Oradakı tələbələrin
hamısından yaşca böyük imiş. Bir də qara saqqalı varmış. Əvvəlcə,
Rusiyada ali təhsil aldıqdan sonra
Türkiyəyə gələrək Tibbiyədə
oxumuşdur. Səssiz və sakit təbiətinə
rəğmən siyasi və fəlsəvi fikirləri ilə
dostlarına təsir etməyə başlamışdır.Onlarla
birlikdə "İttihadi-Tərəqqi”nin rəhbərlərindən
olmuş, fəqət, sadə və təvazökar olduğu
üçün heç bir zaman bu keyfiyyətlər onun lider
olmasına imkan verməmişdir. Heç
zaman başda olmağı düşünməyib. Bir çoxlarına oxunmalı olan kitabları
tövsiyə etmişdir. O vaxt Dükheylmin yalnız
adı bilindiyi və Əhməd Suavinin ondan qısaca bəhs
etdiyi dövrdə sosiologiyanın əhəmiyyətini
anlatmış, fəqət, Berqsona fikrən daha yaxın
olmuşdur. Fikir və siyasət dostlarına
ömrünün sonuna qədər sədaqət
nümayiş etdirib.Doktor Hüseynzadə Əli bəy
1864-cü il fevralın 24-də Bakı
vilayətinin Salyan şəhərində doğulub. Atası Tiflis müsəlman (türk) məktəbi
öyrətmənlərindən Hüseyn bəydir. Kiçik yaşında anası vəfat edib. Uşaqlığı babası Qafqaz
şeyxülislamı Hüseynzadə Əhməd Səlyaninin
yanında keçib. İlk təhsilini
Tiflis müsəlman məktəbində alıb. 1875-ci ildə Tiflis Klassik birinci gimnaziyasına daxil
olub. Babası Şeyx Əhməd Səlyaninin
dostu Mirzə Fətəli Axundzadənin söhbətlərindən
faydalanaraq, onların təsiri ilə əbədi çevrələrlə
əlaqə yarada bilib. Gimnaziya tələbəliyindən
etibarən türklüyə, türk dünyasına,
Türkiyəyə dərin bir sevgi hissi yaşayıb. Türk dünyasının oyanması
üçün hər şeydən öncə Türkiyəyə
getməyin önəmli olduğu fikrini babası Şeyx Səlyani
və Axundzadə Əli bəyə təlqin edə biliblər
və o da bu təsirlə Türkiyəyə gəlib.Hüseynzadə
Əli 1885-ci ildə Peterburq Universitetinin fizika- riyaziyyat
fakültəsinə daxil olub. 1889-cu ildə
oranı bitirəndən sonra türklük və
türkçülüyü daha yaxından izləmək
arzusu ilə İstanbula gələrək 1890-cı ildə
Əsgəri Tibbiyəyə yazılıb. Tibbiyə həyatında yüksək və ədəbi
əxlaqı, bir yandan fəlsəfəyə, Şərq və
Qərb ədəbiyyatlarına aid dərin bilgisi ilə
dostlarının sevgi və hörmətini qazanıb. Eyni zamanda, çarlıq idarəsinə
qarşı quzey türkləri arasında başlanan üsyan
və hüriyyət hissləri ilə yaşadığı
üçün tələbə dostlarının, gənclərin
Əbdülhəmid idarəsinə qarşı oyanmağa
başlayan üsyan duyğularına rəğbət bəsləyib.
Bu gənc hürriyət idealistləri Ubeydullah
Əfəndi ilə təmasda olurdular. Bir gün ilk dəfə
Sirkeçidə bir kafedə Hüseynzadə Əli bəy
Ubeydullah əfəndi ilə tanış
olur. Bu arada Əli bəyin Rusiyada
çarlıq idarəsinə qarşı nihilistlərin gizli
cəmiyyətlərinin altı nəfərlik qruplar
halında necə fəaliyyətə keçdiklərini
başa salması üzərinə Ubeydullah əfəndi ilə
İshak Sükutu təşkilat yaradılmasına qərar
veriblər və o, ilk dəfə "İttihad və Tərəqqi”
cəmiyyətini quranlar arasında olub.
Hüseynzadə 1895-ci ildə Tibbiyəyi bitirərək
Heydərpaşa hərbi xəstəxanasında vəzifə
alıb. Burada olarkən Tesalya yunan müharibəsinə
qatılıb, hərbdən qayıdanda isə müsabiqə
imtahanını uğurla verərək Tibbiyə məktəbinə
cild və frengit xəstəlikləri üzrə müəllim
müavini təyin edilir. "İttihad və
Tərəqqi”yə mənsub olması və Əbdülhəmid
idarəsinin siyasi təqiblərinə məruz qalması səbəbindən
bu vəzifəsində uzun zaman qala bilməyib. 1903-cü ildə Qafqaza qaçmağa məcbur
olub. Qafqaz Hüseynzadənin
doğulduğu məkan olduğu üçün orada da
türkçülük və hürriyət uğrunda
mübarizə yolları axtarıb. Azərbaycan
və Dağıstan türklərinin
araşdırılması üçün mətbu orqanlar
çıxarmağa cəhd edib. Rus-yapon
savaşı Rusiyanın məğlubiyyəti ilə nəticələnən
zaman hər tərəfdə olduğu kimi Qafqazda da inqilablar
başlayıb və Məşrutiyənin elanını
asanlaşdırmaq üçün Rusiyanın hər yerindən
Peterburqa heyətlər göndərilib. Bu
arada Qafqaz türkləri də Məşrutiyyəttən məhrum
qalmamaq üçün 11 nəfərdən ibarət bir heyət
Peterburqa yollanıb. Bu heyət içərisində
Əli bəy Hüseynzadə də olub. Heyət rus
Dumasında Qafqaz türklərinə məxsus vəkillərin
olması qərarını əldə etməyə nail olub. Eyni zamanda, bu fürsətdən faydalanaraq Rusiyada nəşr
olunmasına o vaxta qədər icazə verilməyən
türkcə gündəlik bir qəzetin çapına da icazə
alınıb. Qəzet aşağıdakı 4 nəfər
tərəfindən çıxarılacaqdı: Zeynalabdin
Tağıyev, Əli Hüseynzadə, Əhməd
Ağaoğlu, Əli Mərdan Topçubaşoğlu. Bu
qəzet "Həyat” adında nəşr olunacaqdı.
Hüseynzadə iki il bu qəzetə
müdirlik və baş yazarlıq edib. Hüseynzadənin
"Həyat”da çıxan yazılarının ən
mühümləri aşağıdakılardır: "Türklər kimdir və kimlərdən ibarətdir”,
"Bizə hansı elmlər lazımdır”,
"Yazımız, dilimiz və birinci ilimiz”. Əli Turan ikinci
məqaləsində islam-türk qövmlərinin yüksəlişi
və müasirləşməsində bu üç düstura
görə, hərəkət etmək lazım olduğunu
iddia edib və isbata çalışıb. Bu düstur
"türkləşmək, islamlaşmaq,
avropalaşmaq”dır. Bu üç görüş daha əvvəl
bir az mübhəm olaraq Əli Suavi tərəfindən irəli
sürülüb və müdafiə olunub. Lakin Əli Suavi hələlik
türkçülüyün qüvvətli rol
oynamadığı və Namiq Kamalın osmanlı-islam zehniyyətinin
hakim olduğu bir zamanda yaşadığı
üçün fikirləri unutmalı olub. Halbuki
Hüseynzadənin təklifi tam zamanında oldu. 1905-ci ildə
Tiflisdə irəli sürülən bu fikir 7 il sonra 1912-ci ildə
hərarətli tərəfdarlar qazandı. Ziya Göyalp
"Türkləşmək, islamlaşmaq, müasirləşmək”
adlı yazısını əvvəlcə məqalə,
sonra isə kiçik bir risalə halında nəşr
etdirdi. Lakin Hüseynzadənin yazısında Əli Suavinin,
bu son əsərdə də (yəni Ziya Göyalpın -A.A.)
Hüseynzadənin adları görünmür. Bununla bərabər
hörmətli Göyalp Hüseynzadə Əlinin elmi
üstünlüyü və dəyərini hər vasitə
ilə elan etməkdən çəkinməyib və ona
böyük bir hörmət göstərib. Hüseynzadəyə
"Yalvaç” ləqəbini verən də odur.(Davamı gələn
sayımızda)Məqalə Azərbaycan Respublikası
Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Akif
Aşirlı
Şərq.-
2018.- 25 yanvar.- S.5.