Azərbaycanın xarici
ölkə muzeyləri ilə əməkdaşlıq layihələri
necə icra edilir…
Əntiqə Cəbrayılova:
“Qarşılıqlı əlaqələr, əməkdaşlıq
layihələri muzeyləri inkişaf etdirir”
Azərbaycan muzeyləri beynəlxalq əməkdaşlığa
maraq göstərən mədəniyyət qurumlarından
biridir. Muzeylərimizin dünyanın əksər muzeyləri
ilə əməkdaşlıq layihələri həyata
keçirməsi nəticəsində muzeylər arasında
qarşılıqlı əlaqələr formalaşdırılıb.
Bu gün bir sıra Avropa ölkələri ilə Azərbaycan
muzeyləri arasında müştərək layihələr həyata
keçirilir. Bu tədbirlər nəticəsində həm Azərbaycanın
muzey irsi təbliğ olunur, həm də qabaqcıl dünya təcrübəmizdən
muzeylərimiz bəhrələnir.
Məlumdur ki, muzey işinin təkmilləşdirilməsi,
muzeylərin beynəlxalq standartlara cavab verməsi
üçün dövlət səviyyəsində tədbirlər
həyata keçirilir. Azərbaycan muzey işi ilə
bağlı bir sıra beynəlxalq qurumlarda təmsil olunur və
Beynəlxalq Muzeylər Şurasının üzvüdür.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurası (İCOM)
1977-ci ildə təsis olunub. Bu quruma üzv olan dövlət
kimi hər il Azərbaycanda 18 may - Beynəlxalq Muzeylər
Günü qeyd edilir.
Ekspertlər bildirirlər ki, Azərbaycan muzeylərinin
xarici muzeylərlə həyata keçirdiyi layihələr Azərbaycanda
muzey işinə olduqca müsbət təsir edir. Muzeylər
zamanın müəyyən məqamını özündə
yaşadan, ötən əsrlərin müxtəlif
olaylarından xəbər verən eksponatları komplektləşdirən,
qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən
maddi-mənəvi xəzinədir. Ekspertlərə görə,
muzeylərin qarşılıqlı əməkdaşlığı,
əlaqələri nəticəsində bizə məxsus olan,
lakin xarici ölkə muzeylərində saxlanan tarixi eksponatlar
haqqında geniş bilgi toplanır, burada o eksponatların
dublikatlarını hazırlamaq imkanı əldə edirlər.
Muzeylərin keçmişimizi və bu
günümüzü gələcəyə çatdıran ən
yaxşı bələdçi olduğunu vurğulayan ekspertlər
qeyd edirlər ki, muzeylərin əsas vəzifəsi əşyaların
və eksponatların, sadəcə, qorunub öyrənilməsi
deyil, həm də onu təbliğ etməkdən ibarətdir. İnsan əməyi, zəkası ilə
yaradılan, qiymətli sənət əsərlərinin məbədi
sayılan muzeylərin ulu babası eramızdan əvvəl XVI
əsrdə Kritdə, III əsrdə Qədim Roma və
Yunanıstanda yaradılan qədim muzeylər sayılır.
Bunların əsasən məbədlərin və bəzi
şəxslərin kolleksiyaları toplanan muzeyvari təşkilatlar
olduğunu deyən ekspertlər bildirirlər ki, sonradan tədricən
kolleksiyaların mövzu dairəsi genişlənib, elmi, mədəni,
tarixi əhəmiyyəti artıb. Sonralar bu
kolleksiyalar hesabına dünyanın bu gün öz
şan-şöhrəti ilə seçilən bir çox
muzeylərinin əsası qoyulduğunu deyən ekspertlər
qeyd edirlər ki, qədim əsərlərin
yığılıb-toplanması əvvəlcə İngiltərədə
başlanıb, daha sonra isə Avropanın digər ölkələrində
də oxşar işlər görülüb. Qədim əsərlər,
sənədlər bizə qədim dövrlərdə
yaşamış insanların düşüncələri,
inancları, həyat tərzləri, qabiliyyətləri
haqqında məlumat verir. Keçmişi öyrənərək
bu günü anlamağımıza kömək edirlər.
Mədəniyyətşünas Əntiqə Cəbrayılova
bizimlə söhbətində qeyd etdi ki, əvvəllər
muzeylərə hər kəsin getmək hüququ yox idi. O qeyd
edir ki, ondan yalnız dövlət rəhbərləri və
alimlər faydalana bilərdilər: “1850-ci ildən etibarən
isə muzeylərdəki əsərlər sərgilənərək
ictimailəşib və xalqın marağına səbəb
olub. Azərbaycanda muzeylərin təşəkkül
tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində
qoyulub. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan
ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci
ildə Şəkidə yaradılıb. Azərbaycanın
dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər
Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini
bəzəsə də, bu gün tariximiz, incəsənət
nümunələrimiz dövlət muzeylərimizdə
nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə
milyonçularının sovet hakimiyyətinin ilk illərində
müsadirə edilmiş sənət əsərləri əsasında
yaradılıb. H.Z.Tağıyevə, M.Muxtarova,
M.Nağıyevə, bir sözlə, Bakı
milyonçularına məxsus qiymətli sənət əsərləri
ilk muzeyimizin eksponatları olmuşlar.
Ötən əsrin 30-cu illərindən etibarən
bir-birinin ardınca mahiyyətinə görə müxtəlif
təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat,
incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri
yaradılıb”.
Azərbaycan muzeylərinin beynəlxalq
əməkdaşlığından danışan müsahibimiz
vurğuladı ki, hələ 2008-ci ildə “Azərbaycan və
Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq”,
“Beynəlxalq layihə iştirakçılarının “Azərbaycan-Norveç:
təəssüratlar dialoqu” adlı sərgisi keçirilib.
O qeyd etdi ki,
2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi Muzey Mərkəzinin və Stavanger
Arxeologiya Muzeyinin (Norveç) təşkilatçılığı
ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında
açılan “Azərbaycan-Norveç: təəssüratlar
dialoqu” adlı sərgi, “Azərbaycan və Norveç muzeyləri:
qarşılıqlı əməkdaşlıq” adlı
beynəlxalq layihə öz əhəmiyyəti ilə
seçilirdi. Ekspertin qeyd etdiyinə görə, iki ölkənin
muzey əməkdaşları arasında təcrübə
mübadiləsi və onların ixtisaslarının
artırılmasını nəzərdə tutan beynəlxalq
tədris layihəsi həyata keçirilib. O
dövrdə bu layihə çərçivəsində muzey
kolleksiyaları ilə menecment işi, muzeylərdə etik, əxlaq
təcrübəsi və o cümlədən muzeylərin
öz tamaşaçıları qarşısında vəzifələri
layihə iştirakçılarının müzakirəyə
çıxardığı əsas məsələlər
idi. “Qarşılıqlı əlaqələr, əməkdaşlıq
layihələri muzeyləri inkişaf etdirir. Təcrübədə
bu fond kolleksiyaları ilə iş, muzey eksponatlarının bərpa
və mühafizəsi, muzey ekspozisiyalarının və sərgilərin
təşkili və bədii quruluşu və
tamaşaçılarla iş sahəsində təcrübə
mübadiləsi kimi özünü göstərirdi.
Ölkəmizin tarixi əlaqələri
barədə məlumatlarda aydın göstərildiyi kimi, bu
tarixi yaxınlıq konsepsiyasınin formalaşmasında Tur
Heyerdalın da böyük əməyi vardı. Dünya
şöhrətli bu alim hələ keçən əsrin XX əsrin
90-cı illərində Azərbaycan və Norveç ərazisində
qayaüstü təsvirlərin möhtəşəm
oxşarlığından yazarkən bu ölkələrin
müasir mədəniyyətində də bir yaxınlıq
olduğunu qeyd etmişdi. Vernisajda azərbaycanlı
mütəxəssislər – mühafizəçilər, bərpaçılar,
konservatorlar, muzey direktorları Norveçin məşhur muzeyləri
olan Arxeologiya muzeyi, Neft muzeyi, Uşaq muzeyi, Munk muzeyi, Vikinq gəmiləri
muzeyi və digər muzeylərdən olan foto silsilələrlə
Oslo və Stavangerin görünüşünü,
Norveçli iştirakçılar - Stavanger Arxeologiya
Muzeyinin mühafizəçisi Anne Kari Skar və Stavanger Dəniz
Muzeyinin nəzarətçisi Anne Tove Austubo isə
İçərişəhəri, Suraxanıda “Atəşgah”ı
və ölkəmizin digər regionlarını fotolarla
tamaşaçılara təqdim edirdilər”.Azərbaycan
muzeylərinin Britaniya muzeyləri ilə də əməkdaşlıq
etdiyini qeyd edən ekspertin sözlərinə görə,
2015-ci ildə britaniyalı ekspertlər muzey işçiləri
üçün seminar-treninqlər keçiriblər. O qeyd etdi ki, Mədəniyyət və Turizm
Nazirliyinin və Britaniya Şurasının (British Council) birgə
təşəbbüsü ilə Azərbaycan muzeylərinin
inkişaf səviyyəsinin dünyanın aparıcı muzeylərinin
standartlarına çatdırılması məqsədilə
muzey işçiləri üçün seminar-treninqlərin
həyata keçirilməsi vacib məsələ idi. Layihənin həyata keçirilməsi ilə
bağlı Britaniya Şurasının muzey, kitabxana və
arxiv sahəsi üzrə regional məsləhətçisi
xanım Ceyn Viksi və bu sahə üzrə mütəxəssis
xanım Coanna van Milin ölkəmizə səfərini
xatırladan muzeyşünas vurğuladı ki, o vaxt bu səfərlə bağlı tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edirdi ki, Britaniya
Şurasının Azərbaycanda fəaliyyəti iki ölkə
arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə,
müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığa
xidmət edir: “Ümumiyyətlə, bu cür beynəlxalq əməkdaşlıq
işlərinin həyata keçirilməsi nəticəsində
Azərbaycan muzeyləri xeyli inkişaf edib. Bilirsiniz ki, bizdə
muzey işinin təşkili sovet hökumətinin ilk illərinə
təsadüf edir. Azərbaycanda muzey quruculuğu işi həmişə
peşəkarlar tərəfindən həyata keçirilib. Bu
gün də bu sahədə peşəkarlar
çalışır. Sadəcə, beynəlxalq əlaqələr
təcrübə qazanmağa, müasir muzey işi
quruculuğu işini dərindən mənimsəməyə
şərait yaradır. Azərbaycan muzeylərinin əməkdaşlıq
qurduğu Avropa muzeyləri çoxdur. Artıq uzun illərdir
bizim muzeyşünaslar, muzey sahəsində
çalışanlar muzey işilə bağlı beynəlxalq
konfranslara, tədbirlərə qatılır,
çıxşlar edir, təcrübə mübadilələrilə
bağlı razılığa gəlirlər. Bir neçə
il əvvəl Qətər Dövlətinin Doha şəhərindəki
İslam İncəsənəti Muzeyində ərəb muzeylərinin
fəaliyyətinə və inkişafına həsr edilmiş
beynəlxalq konfransda Azərbaycan mütəxəssisləri də
iştirak edirdilər. Həmin
tədbirdə ölkəmizi Mədəniyyət və Turizm
Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və
sektorun aparıcı məsləhətçisi Nərgiz
Abdullayeva təmsil edirdilər. Beynəlxalq tədbirlə
bağlı Azadə Hüseynova mətbuata bildirib ki, bu qəbildən
konfransın ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində
keçirilib. Budəfəki tədbirdə
muzeylərin ölkə regionlarının inkişafına təsiri,
muzeylərdəki kolleksiyaların nümayiş etdirilməsi,
eksponatların tarixinin müəyyən olunması, şəxsi
muzeylərin fəaliyyəti, muzey işinin daha effektiv
inkişafına dair konsepsiyaların hazırlanması,
müasir incəsənət muzeyləri üçün
xüsusi proqramların təşkili və s. mövzular təqdim
olunub, müzakirələr aparılıb”.Qeyd edək ki,
sektor müdiri mətbuata
İslam İncəsənəti Muzeyində Azərbaycanla
bağlı eksponatların olduğunu deyib: “Hələ
2010-cu ildə Qətərdə Azərbaycan mədəniyyət
günləri keçirilərkən iki ölkənin muzeyləri
arasında münasibətlərin yaradılması məqsədilə
Muzey Sərvətləri və Xatirə Əşyalarının
Elmi-Bərpa Mərkəzinin şöbə müdiri, bərpaçı-rəssam
Natiq Səfərov və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının müəllimi, xalçaçı-rəssam
Məmmədhüseyn Hüseynovla birgə Qətərə
ezam olunmuşduq. O zaman Qətər Dövlətinin Muzeylər
Birliyinin sədri Abdullah ən-Nəccar və İİM-nin rəhbərliyi
ilə görüş keçirdik. Muzeydə
böyük maraqla seyr etdiyimiz eksponatlar arasında Azərbaycan
miniatür məktəbinin dahi nümayəndələri
Soltan Məhəmməd, Mir Müsəvvir, Müzəffər
Əli və Əli oğlu Qasımın əsərlərini
gördükdə qəlbimizi qürur hissi
bürümüşdü. Təbriz
qrupuna aid Ərdəbilin “Ovçuluq”, “Ağaclı” və
Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin
motivi əsasında toxunulmuş xalçalarla bərabər,
mis və gümüşdən döyülmüş, incə
naxışlarla bəzədilmiş milli qablarımız
muzeyin ən qiymətli kolleksiyaları sırasındadır.
Lakin ekspozisiyada Azərbaycan mədəniyyəti ilə
bağlı nümayiş olunan bir çox eksponatlar İran
adı altında verilmişdi”.Qeyd edək ki, bu günlərdə
Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev Portuqaliyaya səfər çərçivəsində
bu ölkənin mədəni irs üzrə icraçı
direktoru Paula Araujo da Silva ilə görüşüb.
Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni
irsin qorunması istiqamətində birgə əməkdaşlıq
məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin
qorunması, saxlanması və qarşılıqlı sərgilərin
keçirilməsi üzrə məsələlərdən
söhbət açılıb. Ə.Qarayev
ölkəmizdə bu sahədə görülən işlər
haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan
və Portuqaliya arasında muzeylərin inkişafı üzrə
birgə layihələrdə əməkdaşlıq edilməsini
təklif edib.Sözsüz ki, bu razılaşma da Azərbaycan
muzeylərinin beynəlxalq əməkdaşlıq layihələrinin
həyata keçirilməsində müsbət rol oynayacaq. Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyət
və incəsənətinə aid xeyli sayda eksponatın xarici
ölkə muzeylərində saxlandığını nəzərə
alsaq, deyə bilərik ki, bu, eksponatların öyrənilməsi,
təbliği istiqamətində də köklü işlər
görülməsinə vasitə olacaq.
İradə SARIYEVA
Bakı
Xəbər.- 2018.- 24 yanvar.- S.15.