Tarixdə iz buraxanlar:
Süleyman Rəhimov
Süleyman Hüseyn oğlu Rəhimov
1900-cü il martın 22-də Qubadlı rayonunun Əyin kəndində
anadan olub. Atası Hüseyn bəy, anası Gülsabah
xanımdır. Atası Hüseyn bəy oğlunun təhsil
almasına çox çalışıb. Süleyman kənd
mollasından əlifbanı öyrənib, sonra Qubadlıda
beşillik rus məktəbində oxuyub.
Gələcək ədibin uşaqlıq və
gəncliyi çətin illərə, inqilabi mübarizələr
və sarsıntılar dövrünə təsadüf edib. O,
milli dövlətin qurulduğu və fəaliyyət göstərdiyi
illəri görüb. Azərbaycanda Sovet hakimiyyəti
milli demokratik respublikanı devirdikdən sonra Süleyman Rəhimov
nahiyə inqilab komitəsində kənd mirzəsi işləyib.
1921-ci ildə Şuşada açılan pedaqoji kursa göndərilib
və burada təhsilini başa vurduqdan sonra Qubadlı,
Laçın, Zəngəzur rayonlarında bir müddət
müəllimlik edib. Müəllimliklə yanaşı
o, çalışdığı kənd və rayonlarda həm
də ictimai işlərdə fəal iştirak edib. Təhsilinin azlığını hiss edən
Süleyman 1928-1931-ci illərdə Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsində oxuyub, həm də
savadsızlığı ləğv edən kurslarda dərs
deyib. Ədibin yazıçılıq fəaliyyətinə
başlaması bu illərə təsadüf edir. O, hələ
universitet tələbəsi ikən “Şamo” romanının
ilk variantını yazıb və bu roman 1931-ci ildə
çapdan çıxıb.
Süleyman Rəhimov universiteti bitirdikdən
sonra bir müddət partiya və dövlət işlərində
fəaliyyət göstərib. O, Rayon Partiya
Komitəsinin katibi, Bakı Partiya Komitəsində təbliğat
işləri üzrə katib, Azərbaycan Partiya Komitəsində
təbliğat-təşviqat şöbəsinin müdir
müavini vəzifələrində çalışıb.
1941-45-ci illər müharibəsi dövründə Sovet
qoşun hissələri ilə Təbrizə gedib. Cənubi Azərbaycanın bir çox şəhər
və kəndlərini gəzib, “Vətən yolu” qəzetində
“Səngərli” imzası ilə çıxış edib, Təbriz
uşaqlarının ağır həyatını təsvir
edən “Nənəmin ölümü” hekayəsini yazıb.Süleyman
Rəhimov Azərbaycan ədəbiyyatında nəsrin
inkişafı sahəsində misilsiz xidmətləri olan bir ədib
kimi tanınıb. Yarım əsrlik
yaradıcılıq fəaliyyəti ərzində o, nəsrdə
ədəbiyyatımızın bu dövrünün ən
mühüm vəzifələrini həyata keçirib,
xalqımızın tarixini və həyatını əks
etdirmək yolu ilə irəliləyib.Süleyman Rəhimov, hər
şeydən əvvəl, tanınan bir
romançıdır. Azərbaycan romanının təşəkkülü
və inkişafı bilavasitə yazıçının
yaradıcılığı ilə sıx
bağlıdır. Maraqlıdır ki, Süleyman Rəhimov ədəbiyyata
romanla gəlib və roman bütün çoxillik
yaradıcılıq fəaliyyəti dövründə onun nəsrinin
əsas janrı olaraq qalıb. Doğrudur, Süleyman Rəhimovun
nəsri janr cəhətdən rəngarəng və müxtəlifdir.
O, hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkidə
yazılan nəsr əsərlərinin də müəllifidir.
Fəqət bununla belə o, hər şeydən əvvəl,
mahir və usta bir romançıdır. Roman ədibin
yaradıcılığında əsas və mərkəzi
yer tutur. Onun qələmindən çıxan
romanlarda xalqımızın həyatı, milli xarakteri elə
geniş və realist dərinliklə əks olunur ki, bu romanlar
yalnız ədibin yaradıcılığında deyil, yeni
dövr Azərbaycan ədəbiyyatında da mühüm hadisələrdən
hesab edilir.Süleyman Rəhimov çoxcildli romanların müəllifidir.
Onun “Şamo”, “Saçlı” romanları bucəhətdən
xüsusilə diqqətəlayiq əsərlərdir. Həmin
romanlarda yazıçı qəhrəmanlarını əsrin
və həyatın böyük ictimai hadisələri və
konfliktləri içərisində təsvir edib, əsas
obrazların xarakterlərini açıb, insani keyfiyyətlərini
göstərib. Süleyman Rəhimov ədəbiyyata “Şamo”
romanı ilə gəlib və bu əsər üzərində
əlli ilə yaxın çalışıb. Romanın
1931-ci ildə işıq üzü görən variantı
çox yığcam və kiçik həcmli olub. Xeyli
keçəndən sonra, 1940-cı ildə əsərin hadisələrin
epik təsvirini verən yeni variantının birinci cildi,
1949-cu ildə isə ikinci cildi çapdan çıxıb.
Bu roman müasir Azərbaycan ədəbiyyatının
böyük bədii nailiyyəti olaraq qarşılanıb.
Romanın üçüncü cildi 1964-cü ildə, sonuncu
cildi isə 1978-ci ildə nəşr olunub. Beləliklə,
“Şamo” ədibin, demək olar ki, yaradıcılıq fəaliyyətinin
böyük bir dövrü ərzində onunla yol
yoldaşı olub. Arada “Saçlı”, “Ağbulaq
dağlarında”, “Ana abidəsi”, “Qafqaz qartalı” romanlarını
və bir neçə povestini yazsa da, yazıçı fikrən
“Şamo”dan, onun qəhrəmanlarından ayrılmayıb.
Romanın gələcək taleyi, hadisələrin necə
inkişaf edəcəyi, qəhrəmanların mübarizəsi
və həyatı onu heç vaxt rahat buraxmayıb. O, məqalələrinin
birində yazırdı ki, “Bədii yaradıcılıq dərin
tədqiqat və psixoloji axtarışdır”. Ədibin
romanlarının hər biri, o cümlədən “Şamo” da
bunu təsdiq edir. Roman üzərində
yazıçının çoxillik işini həqiqətən
də “dərin tədqiqat və psixoloji axtarış” hesab
etmək olar.
Roman əsrin əvvəllərində, daha dəqiq
desək, 1917-1920-ci illrdə Azərbaycanda cərəyan edən
hadisələri, xalq hərəkatını, mürəkkəb
ictimai prosesləri epik vüsət və genişlikdə əks
etdirir. Vaxtilə bu cür əsərlərin mövzusu və
buna uyğun olaraq onların janrı inqilabi-tarixi mövzu və
janr kimi təyin edilirdi. Fəqət qeyd edilməlidir
ki, inqilabi-tarixi cəhət bu romanın mövzu və
janrının yalnız bir xüsusiyyətidir. Əslində,
“Şamo” yalnız inqilabi prosesləri yox, XX əsrin əvvəllərində
Azərbaycan xalqının milli azadlıq hərəkatını
əks etdirən bir romandır. Yazıçı bu
roman vasitəsilə Azərbaycanın 1917-1920-ci illərdəki
sosial mənzərəsini canlandırmağa çox
böyük əhəmiyyət verib. Yazıçının
qəhrəmanları Şamo və Fərzəli yaranan sosial
mübarizənin alovları içərisində bərkiyir və
mətinləşir. Şamo romanda böyük bir mübarizə
məktəbi keçir, siyasi mübarizədə yeniləşir.
Yazıçı Şamonun simasında siyasi
hadisələr burulğanına düşən yeni Azərbaycan
gəncliyinin obrazını təcəssüm etdirə bilib.Aydındır
ki, Süleyman Rəhimov “Şamo” romanını Sovet ədəbiyyatının
prinsipləri mövqeyindən yazıb və buna görə
romanda bir çox tarixi hadisələri, məsələn,
1918-1920-ci illərin hadisələrini - türk ordusunun
xilaskarlıq məqsədilə Azərbaycana daxil olması,
Müsavat hökuməti dövrü ilə bağlı əsl
həqiqətləri olduğu kimi göstərə bilməyib.
Fəqət bu cəhətlərlə yanaşı, əsərin
əhəmiyyətini, Azərbaycan romanının
inkişafında tutduğu yeri də danmaq olmaz. Qeyd
olunmalıdır ki, 1917-1920-ci illərin hadisələri
tariximizin son dərəcə mürəkkəb və ziddiyyətli
hadisələrindəndir. Müxtəlif zamanlarda bu hadisələrə
münasibət də, o cümlədən onların bədii ədəbiyyatda
inikası da mürəkkəb olub. Süleyman Rəhimov həmin
hadisələri 30-40-cı illərin ideoloji meyarlarından
çıxış edərək romanında əks etdirib.
Hazırda isə həmin hadisələrə daha obyektiv
münasibət yaranmaqdadır və təbiidir ki, onları
indi biz tamamilə yeni şəkildə, yeni siyasi təfəkkürlə
izah etməli və qiymətləndirməliyik. Ancaq
bu cür yanaşma romanın roman olaraq məziyyətlərini,
onda dövrün mürəkkəb hadisələrinin əks
olunması xüsusiyyətlərini görməyimizə və
dəyərləndirməyimizə mane olmamalıdır.
Əslində,“Şamo” mürəkkəb, ziddiyyətli, hətta
faciəvi və dramatik bir epoxanın
gerçəklərini, insanlarını təsvir etmək sahəsində
milli romanımızın ilk təşəbbüsüdür
və bu cəhəti ilə həm yazıçının
yaradıcılığında, həm də ədəbiyyatımızın
inkişafında mühüm bir hadisədir.“Şamo”nun üzərində
işlədiyi dövrdə Süleyman Rəhimov ikinci
romanı olan “Saçlı”nı yazıb. Bu
romanda da yazıçı böyük bir dövrü – 30-cu
illərdən müharibənin qurtardığı illərə
qədərki dövrü əhatə etməyə
çalışıb.Süleyman Rəhimov xalq qəhrəmanlarının
obrazına əsərlərində geniş yer verən bir
yazıçıdır. “Aynalı” povestində o, xalq qəhrəmanları
Qaçaq Nəbi və Həcərin bənzərsiz
obrazlarını yaradıb. 1942-ci ildə çapdan
çıxan bu balaca kitabça cəmi 52 səhifə idi.
Amma yazıçı qırxıncı illərdə Nəbi
ilə bağlı şifahi və yazılı sənədləri
toplayıb ayrıca kitabça şəklində dərc
etdirib. Nəbi haqqında müstəqil epopeya olan üç
kitablıq “Qafqaz qartalı” romanının birinci cildi 1971-ci,
ikinci cildi 1973-cü, üçüncü cildi isə 1975-ci
ildə çapdan çıxıb. Süleyman Rəhimov bu əsərə
bütün Zaqafqaziyanın siyasi həyatını əhatə
edən geniş bir roman xarakteri verib. Qaçaq
Nəbi Süleyman Rəhimovun özünün mənsub
olduğu Zəngəzur dağlarının oğlu idi və
yazıçı onun əfsanəvi igidliyini əbədiləşdirməyə
çalışıb. Əsərdə bir tərəfdən
xalq fonu, digər tərəfdən
qaçaqçılıq hərəkatı səhnələri,
o bir tərəfdən isə Qafqaz çanişinliyinin dəftərxana
həyatı əhatəli şəkildə qələmə
alınıb. Yazıçının Nəbinin igidliyinə
münasibəti daha çox romantik boyalarla verilir və onun
xalq kökləri ön plana çəkilir.Satirik nəsrin də
bir sıra gözəl nümunələrini yaradan görkəmli
ədib üçün psixoloji üslub daha çox səciyyəvidir.
Müharibə illərində yazdığı
“Medalyon”, habelə 60-cı illərdə qələmə
aldığı “Məhtaban” povestləri nəsrimizdə bu
üslubun parlaq nümunələri sayılmağa layiq əsərlərdəndir.Süleyman
Rəhimovun realist psixoloji üslubda yazdığı nəsr əsərlərindən
biri də “Mehman” povestidir. Ədib onu 1944-cü ildə
yazıb. Povestin qəhrəmanı Mehman qəhrəmanlar
cərgəsində qeyd olunmağa layiqdir. Hətta belə demək
olar ki, Mehman ədibin yaratdığı müsbət qəhrəmanlar
sırasında özünəməxsus xüsusiyyətlərə
malik bir insan portretidir və ədibin
yaradıcılığında o, xüsusi bir yer tutur.
Uzun yaradıcılıq illəri
ərzində yazıçı öz təfərrüatlı,
sözlə yüksəlmiş olan yaradıcılıq
üslubunu formalaşdırmışdı. Bu üslub bir tərəfdən
yazıçının yaxşı bildiyi canlı xalq dilinə,
onun şifahi ləhçəsinə, digər tərəfdən
isə onun öz yaradıcı fantaziyasına söykənirdi.
Böyük dövlət və partiya vəzifələrində
işlədiyinə görə onun ərəb əlifbası
ilə yazdığı əsərləri, demək olar ki,
redaktə edilmir və yazıldığı şəkildə
çap edilirdi. Onun romanlarının uzun və
iki-üç cilddən ibarət olmasının bir səbəbi
də bu idi. Bu xüsusiyyəti ilə yazıçı
özünü dünya ədəbiyyatında epopeyalar
yazmış klassiklərə bənzədir və bununla fəxr
edirdi. Fəqət onun romanlarının çox uzun
olmasına tənqidi yanaşanlar, bunu qüsur və
uzunçuluq sayanlar da olub. Süleyman Rəhimov isə onun
üslubunu tənqid edənlərə qarşı sərt
mübarizə aparıb, özüslubunu bədii bir hal kimi müdafiə edib. Doğrusu, onun
yaradıcılığı 1930-1950-ci illərdə nəsrimizin
inkişafında özünəməxsus yer tutur. O, ədəbiyyatı həyatdan
gələn zəngin tiplər qalereyası ilə zənginləşdirib,
kənd mövzusunun, bir sıra folklor süjetlərinin
işlənməsində böyük xidmətlər göstərib.Bu
da bir həqiqətdir ki, ədəbi prosesimizdə Süleyman
Rəhimov yaradıcılığının özünəməxsus,
sanballı bir yeri var. Roman janrının həyatı əhatə
miqyası onun əsərlərində daha da genişlənib.
“Şamo” romanı yarım əsrdən çox bir
dövrü əhatə edir. “Saçlı” romanı ictimai
quruluşdakı kəskin dəyişikliklərə və
bunun meydana çıxardığı problemlərə həsr
edildi. Geniş fantaziyaya, ictimai hadisələrin
mahiyyətini müşahidə qabiliyyətinə malik olan
yazıçı gələcək uğrunda gedən
mübarizənin ön cəbhəsində dayanırdı. Hər
zaman, hər yerdə xalqın, dövlətin marağı,
idealı onun üçün birinci dərəcəli məsələ
olub.Süleyman Rəhimovun yazıçılıq
enerjisinə, heç bir zaman sönməyən
yazıb-yaratmaq həvəsinə qibtə etmək olardı.
O, eyni zamanda, fəal ictimai xadim idi. Əsərlərini
mühüm dövlət işlərini görə-görə
yazırdı... Gecə-gündüz yazırdı...Süleyman Rəhimov 1954-1958-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqına rəhbərlik edib.
İctimai və ədəbi fəaliyyətinə görə
orden və medallarla təltif olunub, 1975-ci ildə Sosial Əməyi
Qəhrəmanı adına layiq görülüb.Yeni dövr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
Süleyman Rəhimov 1983-cü il oktyabr ayının 11-də
vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU Professor
Bakı xəbər.- 2018.- 31 yanvar.- S.13.