Yunus Oğuz “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən
görkəmli sərkərdə”
adlı beynəlxalq
elmi konfransda sanballı çıxış etməyə
hazırlaşır
“Arzum
budur ki, konfrans iştirakçılarına “Nadir şah”
romanını bağışlaya bilim”
img
Tariximizin mühüm
səhifələrinin öyrənilməsi
çağdaş tarixşünaslığın
qarşısında duran
vacib vəzifələrdən
biridir. Qüdrətli
Azərbaycan hökmdarı,
sərkərdəsi Nadir
şah Əfşar öz şəxsiyyəti,
fəaliyyəti ilə
hər zaman tədqiq edilməyə, öyrənilməyə ehtiyac
duyulan dövlət xadimidir.
Nadir şah
Əfşarın irsi,
onun dövlətçiliyimizin
formalaşmasında oynadığı
əvəzsiz rol yenidən tədqiq edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.
Artıq bu istiqamətdə yeni işlər həyata keçirilir.
İyunun 19-dan 21-dək Bakı şəhərində
“Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən
görkəmli sərkərdə”
mövzusunda beynəlxalq
elmi konfrans keçiriləcək. Sözügedən
konfransın təşkilatçıları
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) A.Bakıxanov adına
Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya
Avşarlar Dərnəyinin
Azərbaycan şöbəsidir.
Bildiyimiz kimi,
Nadir şah Əfşar mövzusunu uzun illərdən sonra yenidən ədəbiyyatımıza “Olaylar”
qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, tanınmış
yazıçı-dramaturq Yunus
Oğuz tarixi faktlar əsasında yazdığı “Nadir şah” əsəri ilə gətirib.
Yunus Oğuzla
əlaqə saxlayıb
onun həm keçiriləcək konfransla
bağlı fikirlərini,
həm də həmin tədbirdə iştirak edib-etməyəcəyini
öyrənmək istədik.
Y.Oğuz bildirdi ki, sözügedən konfransın keçirilməsi
nadirşahşünaslıq üçün əlamətdar
hadisədir. Onun sözlərinə görə,
bu onu göstərir
ki, artıq Nadir şahın fəaliyyəti dərindən
öyrəniləcək və
təbliğ olunacaq.
“Çox şadam ki, nəhayət, bu məsələyə bu şəkildə diqqət yetirilir. Mən “Nadir şah” romanını
2007-ci ildə yazmışam.
Yaxşı ki, yavaş-yavaş Azərbaycan
xalqı, dünya türkləri, Afşarlar,
Qacarlar artıq Nadir şahın qiymətini verməyə başlayırlar. Hesab edirəm ki, bundan sonra dərsliklərdə
Nadir şahın zülmkar, qaniçən
bir obrazda təqdim edilməsini də aradan qaldıracaqlar. Demək istəyirəm ki, bir romanın təsiri artıq 12 ildən sonra özünü göstərdi.
Nəhayət, “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli
sərkərdə” adlı
beynəlxalq elmi konfrans keçirirlər. Bu çox vacib
bir məsələdir.
Digər tərəfdən,
bu konfransın böyük elmi, tarixi əhəmiyyəti var. Nadir şahın
ölümündən sonra
onun haqqında XVIII,
XIX, XX, XXI əsrlərdə saysız əsər, kitablar yazılıb. Düzdür, Nadir şah haqqında ayrıca bədii film çəkilməsə
də, digər filmlərdə adı xatırlanıb. Təbii ki, Nadir şahla
bağlı araşdırmaların
yüksək səviyyəyə
gətirilməsi hökmən
lazımdır. Çünki
ki, o, parçalanmış
Azərbaycanı, Səfəvilər,
qızılbaşlar torpağını
yenidən birləşdirdi.
Bu çox mühüm hadisədir. Bu gün bizim
Qarabağ mübarizəmiz
başa çatmayıb.
Nadir şahın göstərdiyi şücaətlərin,
çobanlıqdan şahənşah
tituluna qədər ucalan bir şəxsiyyətin
irsinin dərindən öyrənilməsi çox
vacibdir. Şanlı tarixi keçmişimiz deyəndə o tarixi yaradanlardan biri də Nadir şahdır.
Nadir şahla bağlı Tarix İnstitutu tərəfindən, dövlət
səviyyəsində yüksək
bir beynəlxalq konfransın keçirilməsi
təqdirəlayiqdir. Əvvəla
onu deyim ki, Nadir şah
dövründə həm
daxili, həm də xarici məktublaşmalar ana dilimizdə aparılırdı.
Onun dövründə
bütün əhali türkcə,
indiki Azərbaycan dilində danışırdı.
Molla Pənah Vaqifin şeyriyyətini necə anlayırıqsa, Nadir şahın dövründə də dilimiz o formada idi. Şah İsmayıl
Xətai dövründən
başlanan ana dilimizin formalaşması,
xalqın formalaşması
prosesi Nadir şahın dövründə
başa çatdırıldı.
Xalq başa düşdü ki, dil olmadan, xalq
olmadan, vahid bir hala gəlmədən
dövləti idarə
etmək olmaz. Nadir şaha sui-qəsddən sonra baş verənlər məlumdur. Azərbaycan torpağı parçalandı,
xanlıqlar yarandı,
sonradan isə torpaqlarımız tam olaraq param-parça edildi”.
“Nadir şah
Əfşar: tarixin gedişini dəyişdirən
görkəmli sərkərdə”
adlı beynəlxalq elmi konfransda iştirak edəcəyini bildirən Y.Oğuz burada elmi deyil,
elmi-bədii-publisistik çıxış
etməyi planlaşdırdığını
dedi. “Mən elmi məruzə etmək niyyətində deyiləm, əslində edə də bilərəm. Lakin hesab edirəm ki, elmi məruzəni
alimlər etsinlər.
Ancaq istəyirəm ki, “Nadir şah
Əfşar: tarixin gedişini dəyişdirən
görkəmli sərkərdə”
adlı beynəlxalq elmi konfransda Nadir şah haqqında çox sanballı çıxış
edim. Arzum budur ki, konfrans
iştirakçılarına “Nadir şah” romanını bağışlaya
bilim” - deyə Y.Oğuz bildirdi.
“Beynəlxalq konfrans çərçivəsində
bir neçə il əvvəl Milli Akademik Dram Teatrında tamaşaya qoyulan “Nadir şah” pyesi də təqdim
edilə bilərmi” sualına Y.Oğuz belə cavab verdi: “Hesab edirəm ki, bu məsələni Mədəniyyət Nazirliyi
və Tarix İnstitutu reallaşdıra
bilər. Çox təəssüf ki, artıq iki ildir Akademik Milli Dram Teatrında
“Nadir şah” tamaşasını dayandırıblar.
Əslində, bərpa
edə bilərlər.
Tamaşanın kimin tərəfindən dayandırılmasından
xəbərim yoxdur. Həmin tamaşada rol alan aktyorların
əksəriyyəti teatrdan
uzaqlaşdırıldıqdan sonra bu tamaşa
dayandı. “Nadir şah” tamaşası Mədəniyyət Nazirliyinin
sifarişi ilə Akademik Milli Dram Teatrında səhnələşdirilib. O tamaşanı
bərpa etmək mümkündür. Tamaşa
yenidən səhnəyə
qayıdarsa və təqdim edilərsə, bu, konfrans iştirakçılarına
böyük hədiyyə
olardı” - deyə Y.Oğuz bildirdi.
İradə SARIYEVA
Bakı xəbər.- 2019.- 10
aprel.- S.10