Nizami Xudiyevin şərəfli ömür yolu...

Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatı, 60-dan artıq monoqrafiya, dərslik və dərs vəsaitinin, 400-dən çox məqalənin, 50-dən artıq sənədli televiziya filminin ssenari müəllifi Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Azərbaycanın Şahbuz rayonunda anadan olmuşdur. O, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filolologiya fakültəsinə daxil olmuş, təhsil illərində universitetin ictimai təşkilatlarında öz qabiliyyəti ilə fərqləndiyinə görə Nizami Gəncəvi təqaüdü adına layiq görülmüşdür. Pedaqoji universiteti fərqlənmə diplomu ilə başa vuran Nizami Xüdiyev Elmi Şuranın qərarı ilə universitetdə saxlanmış, Ə.Dəmirçizadənin rəhbər olduğu Azərbaycan dilçiliyi kafedrasına müəllim təyin edilmişdir.1978-ci ildə “Abdulla Şaiqin dili” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir. Yazıçı və dil problemi ədəbi dil tariximizin mühüm bir sahəsini təşkil edir. Bu tədqiqatı Azərbaycan dilçiliyi tarixinin, ədəbi dil tarixinin inkişafı üçün layiqli bir əsərdir.1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, prorektor işləmişdir. N.Xudiyev 1990-cı ildə “Azərbaycan ədəbi dili tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ə.Dəmirçizadə məktəbinin davamçısı kimi Azərbaycan dilçiliyində dil tarixi, xüsusilə ədəbi dil məsələlərinin tədqiqi istiqamətində mühüm araşdırmaları dilçilikdə özünəməxsus yer tutur. Gərgin elmi araşdırmaların məhsulu olan “Azərbaycan ədəbi dilinin təşəkkülü”, “Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev və Azərbaycan dili”, “Xalq və dövlət naminə”, “Yazıçı dili və üslubu”, “Radio, televiziya və ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın axarı ilə” (I-II), “Şəxsiyyət və zaman”, “Uğurlu yolun layiqli davamçısı”, “Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü”, “Qədim türk yazılı abidələrinin dili” və digər fundamental əsərləri Nizami Xudiyevin Azərbaycan elminə sanballı və əvəzolunmaz töhfəsidir. Nizami Xudiyev 14 cilddən ibarət olan “Seçilmiş əsərləri” (2012) monumental tədqiqatdır. Elm adamlarının təqdirlə qarşıladığı bu əsərlərdə xalqın tarixi ilə dili vəhdətdə araşdırılır. Alimin bu əsərləri dilimizin qədim tarixinini elmi-linqvistik və tarixi materiallar işığında obyektiv şəkildə şərh edən kompleks bir əsər kimi diqqəti cəlb edir. Onu da qeyd edək ki, Azərbaycan xalqının və dilinin soykökü məsələləri böyük elmi , ideoloji mahiyyət daşıdığından müəllif tədqiqatlarını ümumiləşdirmiş, həmin mövzunu ayrıca olaraq tədqiq etmiş və “Azərbaycan ədəbi dilinin təşəkkülü” adı ilə nəşr etdirmişdir. Bu əsərdə Azərbaycan ədəbi dilinin təşəkkül dövrü və inkişafı izlənilir. O, həmin dövrə aid faktik dil materiallarına, elmi mənbələrə əsaslanır və bütün bunları ümumiləşdirərək belə nəticəyə gəlir: 1 Ümumxalq Azərbaycan ədəbi dili III-VI əsrlərdə formalaşmışdır. 2 Azərbaycan ədəbi dili ümumxalq dilinin formalaşmasından dərhal sonra müəyyənləşməyə başlamış, IX-XI əsrlərdə Azərbaycan ədəbi dilinin təşəkkülü başa çatmışdır.Onun qələmindən çıxan “Azərbaycan ədəbi dili tarixi” dərslik-monoqrafiyası bu sahə üzrə Azərbaycan dilçiliyi tarixində ilk mükəmməl mənbə, qiymətli tədqiqat əsəridir. Bu əsərdə Azərbaycan ədəbi dilinin təşəkkülü, formalaşması və inkişafı sistemli şəkildə araşdırılmışdır. Xüsusən, N.Xudiyev Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrünü XIII-XVII əsrlərə, ədəbi dilimizin milli dil əsasında formalaşmağa başlamasını isə XVII əsrə aid edir. Alim ədəbi dilimizin tarixini daha qədimdən başlayıb XX əsrin II yarısına qədər, yəni bütöv halda tədqiq etmişdir. N.Xudiyev öz sələflərindən fərqli dövrləşmə üzrə tədqiqat aparmışdır: 1 Təşəkkül dövrü. 2 Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü. 3 Azərbaycan ədəbi dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü.Əsərdə Azərbaycanda qədim etnolinqvistik proseslərdən və türk mənşəli Azərbaycan dilinin təşəkkülündən bəhs edən tədqiqatlar təhlil edilərək müəyyənləşdirilir ki, türklər ən qədim zamanlardan bu ərazidə mövcud olmuşlar. Müəllif onu da qeyd edir ki, ümumxalq Azərbaycan dili formalaşdığı dövrdən ancaq türk etnosunun deyil, ənqədim zamanlardan bu ərazidə yaşayan və çox-çox sonralar gələn etnosların da ümumi ünsiyyət vasitəsi olmuşdur. N.Xudiyev erkən orta əsrlərdə ümumtürk ədəbi dilinin şifahi formasının mükəmməl şəkildə olduğunu və bu dilin müəyyən abidələrdə öz təsbitini tapdığını faktlarla təsdiq edir. «Oğuznamə»dən, M.Kaşğarinin “Divan”ından gətirdiyi mətnlər tədqiqatçının elmi axtarışlarının faktlarla təsdiqi cəhətdən əhəmiyyətlidir. N.Xudiyev digər abidələrin (Tomyugin,Gül Tiqin abidələri, “Fal kitabı”) mətnlərini verir, mətnlərin dilində istifadə olunan türk sözlərinibaşlanmasına qədər Azərbaycan türk dilinin müxtəlif mərhələlərdə inkişafını araşdırarkən həmin dövrə aid faktik dil materiallarına, elmi mənbələrə əsaslanır və bütün bunları ümumiləşdirir.

N.Xudiyev dövrün abidəsi kimi “Kitabi-Dədə Qorqud”a müraciət edir və abidənin dilini yeni baxımdan tədqiq etmişdir. O, “Kitabi-Dədə Qorqud”un sabit fonetik quruluşunun mövcudluğunu, əvvəlcə saitlərin, sonra samitlərin işlənmə qaydalarını, sözlərdəki mövqelərini ardıcıllıqla izləyir, bu vəziyyətləri abidənin dili fonunda araşdıraraq müəyyənləşdirir. Müəllif abidədə işlənən 406 leksik vahidin işlənmə tezliyini, mənşəyini, qrammatik mənsubiyyətini təhlil edir. Müəllif statistik məlumatlara əsaslanaraq belə nətıcəyə gəlir ki, “Kitabi-Dədə Qorqud”un leksikasının təxminən 75%-i qədim türk dilindəki sözlərlə eynidir. Tədqiqatda abidənin dilinin morfoloji və sintaktik kateqoriyaları zəngin faktlarla təhlil edilmişdir. Müəllif XIII-XIVəsrlərdə Azərbaycan dili abidələrinin çoxluğunu “ana dilinin ictimai-tarixi nüfuzunun güclənməsi” və “normativlik səviyyəsinin yükşəlməsi, funksional imkanlarının genişlənməsi” üçün əsas hesab edir. Bu dövrdə yazılmış bədii əsərlər və tərtib edilmiş lüğətlər də araşdırılır. Qeyd edir ki, XIII-XIV əsrlərdə Azərbaycan ədəbi dilinin normativliyi nə qədər yüksəkdirsə, funksional üslubu imkanları da o qədər genişdir. Azərbaycan ədəbi dilinin iki üslubu- klassik və folklor üslubunun bütün istiqamətlər üzrə xarakteristikasını əsərlərdən gətirilən nümunələrlə şərh edir . Beləliklə, N.Xudiyev abidələrin dilinin ümumi cəhətlərini, leksik və qrammatik xüsusiyyətlərini tam, sistemli şəkildə təhlil edir.Müəllif Əlinin “Qisseyi-Yusif” poemasının, Q.Bürhanəddinin tuyuğlarının dilini folklor uslubu hesab edir, “Qisseyi-Yusif” poemasından nümunələr verir və onların folklor uslubuna uyğunluğunu nümayiş etdirməyə çalışır. Ümumən klassik üslubda yazan Q.Bürhanəddin tuyuqlarından da misalları həmin istiqamətdə izah edir. Müəllif onu da qeyd edir ki, XIII-XIV əsrlərdə Əlinin “Qisseyi-Yusif”i və Q.Bürhanəddinin tuyuqları ilə təmsil olunan folklore üslubunun lüğət tərkibi klassik üslubun lüğət tərkibindən o qədər də fərqlənmir. Bununla yanaşı hər iki üsluba aid nümunələr müqayisə edilir. N.Xudiyev Azərbaycan ədəbi dili tarixində XV-XVI əsrləri XIII-XIV əsrlərin davamı kimi, onların eyni inkişaf xəttinin təzahürü hesab edir. Məlumdur ki, Şah İsmayıl Xətainin şeirə- sənətə, Azərbaycan dilinə münasibəti Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələni yaratdı. N.Xudiyev bu mərhələni xarakterizə edərək yazır ki, görkəmli hökmdar, tarixi mənbələrin verdiyi məlumata görə, hər yerdən istedadlı Azərbaycan türklərini Təbrizə yığmış, şəhəri nəhəng mədəniyyət mərkəzinə çevirmişdir. Şah İsmayılın sarayında həm klassik mədəniyyətin, həm də folklor mədəniyyətinin nümayəndələrinə eyni dərəcədə qayğı və hörmət bəslənirdi. Həmin dövrdə yaşayan sənətkarların əsərləri zəngin faktlarla təhlil edilmişdir. Bununla da XV- XVI əsrlər ədəbi dilinin əks olunduğu mənbələri tam şəkildə xarakterizə edilir və bu normalaşmada əvvəlki mərhələdən fərqli cəhətlər üzə çıxarılır. Müəllif qeyd edir ki, eyni zamanda, məhz XVI əsrdə yeni Azərbaycan dilinin normativ sistemi özünü hiss etdirir - folklor üslubunun, daha qabarıq şəkildə xalq ədəbiyyatının dil xüsusiyyətləri həmin sistemin ilk təşkilediciləri kimi fəaliyyət göstərir, milli Azərbaycan türk ədəbi dilinin bir sıra morfoloji, leksik göstəriciləri bu zaman sabitləşməyə başlayır. XV-XVI əsr Azərbaycan ədəbi dilinin klassik üslubu haqqında əsaslı təsəvvür yaradılır.Burada klassik üslubun söz tutumu baxımmdan şeir qolu ilə nəsr qolu arasında çox da ciddi fərq görmür. N.Xudiyev bütün dövrləri xarakterizə edən zaman faktlara əsaslanır və Azərbaycan ədəbi dilinin milli əsasasda formalaşmağa başlamasını XVII əsrə aid edir. Müəllifin fıkrinə görə, XVII əsrdən başlanan bu dövrlərdə Azərbaycan ədəbi dili milli əsaslar üzərində inkişaf etmiş və zənginkamil dil səviyyəsinə yüksəlmişdir. Eyni zamanda XVII-XVIII əsrlərin ədəbi dilinin fonetik, leksik, qrammatik normalarını təhlil edir, ədəbi dilin üslublarından bədii, elmi, rəsmi üslubları xarakterizə edir. Bədii üslubun əsas xüsusiyyətlərini ümumi halda təhlildən keçirir. Azərbaycan ədəbi dilinin inkişafı, onun ictimai təsirinin çoxalması baxımından keçmiş sovet dövrü, ədəbi dilin

 

mərhələləri, ədəbi-bədii üslubla yanaşı, ədəbi dilin publisistik, elmi və epistolyar üslubları cəmiyyətin inkişafı ilə əlaqədar bu dövrdə daha da aparıcı mövqeyə malik olması müxtəlif dil faktlarını ümumiləşdirməklə təhlil edilir. Beləliklə, N.Xudiyev Azərbaycan ədəbi dilinin ən qədim dövrlərdən XX əsrin 20-30-cu illərindən sonrakı dövrünə qədər keçdiyi tarixi inkişaf yolu zəngin elmi mənbələr, faktik dil materialları ilə tədqiq etmişdir.Professor N.Xudiyevin Azərbaycan ədəbi dilinin tarixinə həsr etdiyi əsərlərdən biri də “Xalqın tarixi haqqı: dilimiz, varlığımız” əsəridir. Bu kitabda müəllif ədəbi dilimizin tarixi ilə bağlı əvvəlki əsərlərindəki fakt və qənaətləri, problemləri daha da inkişaf etdirmiş və dərinləşdirmişdir. N.Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” dərslik-monoqrafiyası da böyük elmi əhəmiyyət daşıyır. Qədim türk yazılı abidələri türk xalqlarının milli düşüncə tərzini, mənəvi dünyasını və zəngin dil tarixini əks etdirən möhtəşəm sənət nümunələridir. Azərbaycan və digər türk dillərinin tarixi inkişaf istiqamətləri, fonetik, leksik və qrammatik kateqoriyaların yaranması və formalaşması bu yazılar əsasında müəyyənləşir. Buna görə də qədim türk abidələrinin öyrənilməsi, türkün tarixinin, mədəniyyətinin, yazısının öyrənilməsi istiqamətində mühüm addımdır. Alimin uzun illər tədris prosesində əldə etdiyi təcrübələr əsasında dərsliyə qədim türklərin istifadə etdiyi əlifba sistemlərindən nümunələr, fənnə aid sual və tapşırıqlar və geniş həcmli qədim türk lüğəti daxil edilmişdir.

Nizami Xudiyevin elmi yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun tədqiqatları mövzu və istiqamətinə görə Azərbaycan ədəbi dil tarixi , nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat ,türkoloji dilcilik problemləri ilə bağlıdır. N.Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili” monoqrafiyasında mədəniyyətimiz, dövlətçiliyimiz və dünya siyasəti tarixində fenomen şəxsiyyətolaraq əbədi yaşayan ulu öndər Heydər Əliyevin apardığı dil siyasəti, dilçilik görüşləri araşdırılmışdır. Eyni zamanda alim dövrümüzün ictimai-siyasi natiqlik məktəbi sayılan ümummilli liderin mükəmməl natiq obrazını yaratmışdır. Kitabda dilimizin funksional məsələlərinin inkişafında və onun tədrisi məsələlərinin yaxşılaşdırılması istiqamətində ulu öndərin həyata keçirdiyi tədbirlər geniş şəkildə işıqlandırılmışdır. Kitabın böyük bir hissəsi ulu öndərin nitq mədəniyyəti və natiqlik məharətinin tədqiqinə həsr olunmuşdur. Bununla yanaşı alim Cənubi Azərbaycanda ədəbi dil məsələləri, radio və televiziyanın dili, mətbuatın dili, nitq mədəniyyəti ilə bağlı sanballı elmi əsərlərin müəllifidir. Azərbaycan mədəniyyəti tarixində Cavad Heyət möcüzəsi mövzuları da bu görkəmli alimin yaradıcılığında özünəməxsus yer tutur. Onun bir sıra kitab və məqalələri xarici ölkələrdə (İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan,Qırğızıstan və s.) nəşr edilmişdir. Nizami Xudiyev türkoloq-alim kimi respublikamızda və dünyanın bir çox ölkələrində, həmçinin Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan, Alma-Ata, Ankara, İstanbul, Əskişəhər, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən nüfuzlu türkoloji tədbirlərin - qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olmuş, bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış etmişdir. Yaradıcı, zəhmətkeş pedaqoq, elm adamı olan Nizami Xudiyev həm də ictimai xadimdir. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Birinci , ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. Təxminən əlli ilə yaxındır elm və maarif yolunda fəaliyyət göstərən Nizami müəllim bu gün də öz müəllimlik estafetini layiqli şəkildə davam etdirərək ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müdiri kimi gənc kadrların yetişməsində əzmlə çalışır. Professor Nizami Xudiyev müəllimliyi ilə fəxr edən pedaqoqdur, indi də dərs deyir, gənc nəslə müəllimlik sənətinin sirrlərini öyrədir.Müstəqil Azərbaycan ölkəsinin elmi və pedaqoji fikrinin inkişafında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, professor Nizami Xudiyevin mühüm

 

rolu var. Dünyanın bir çox ölkələrində dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələrlə çıxışlar etmişdir. Ömrü boyu səmərəli axtarışlar aparan, görkəmli ictimai xadım, elm təşkilatçısı N. Xudiyevin əməyi yüksək qiymətləndirilmişdir. O, 2004-cü ildə Ankara şəhərində keçirilən Türk dili qurultayında “Türk dilinə xidmət” ödülü ilə mükafatlandırılmışdır. Alim Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə 2009-cu ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, 2013-cü ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif edilmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti nəzdində alimlik dərəcəsi almaq üçün filologiya sahəsində dissertasiyaların müdafiəsini keçirən birləşmiş ixtisaslaşmış şurasının, Azərbaycan, Ziyalılar Cəmiyyəti idarə Heyətinin (1998), Jurnalistlər (1998) və Yazıçılar Birliyinin (1999) üzvüdür. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Xudiyev Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.Görkəmli pedaqoq-alim və ictimai xadim Nizami Xudiyevin pedaqoji və elmi əsərləri, yazdığı sanballı əsərlər, yetişdirdiyi kadrlar fədakar alim fəaliyyətinin parlaq nümunəsidir. Öz qüruru, təvazökarlığı, səmimiliyi ilə seçilən, əsl alim və gözəl insan adını şərəflə daşıyan bu zəhmətkeş alimə ömrünün bu barlı çağında can sağlığı, uzun ömür, yeni elmi uğurlar arzulayır və onun 70 illik şərəf yolunu ürəkdən təbrik edirik. Bu zirvələrə gedən yolların daha uğurlu olsun, Nizami müəllim!

 

Sayalı SADIQOVA.

Bakı xəbər.- 2019.- 11 aprel.-S.6