Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa
gedən yol
Azərbaycan
Milli Qəhrəmanı Ehtiram Əliyev haqqında bir neçə
söz
Uşaqlıqdan daim hərəkətdə olmağı, dinamikliyi, hətta maşın sürməyi də çox sevirdi. Tez böyüyüb, ürəyində tutduğu bütün arzularına qovuşmaq istəyirdi. Bunlar Ehtiramın uşaqlıq düşüncələri idi. Amma sən saydığını say... atasının vaxtız vəfatı ailənin vəziyyətini ağırlaşdırmışdı. Anası İmmi xanım uşaqlarının qayğısız böyüməsi üçün min bir əziyyətə qatlaşmışdı. Gecəsini gündüzünə qatıb, bütün ağır işlərdə çalışırdı. Lakin ailə böyük olduğundan, qayğıların həllinə nail olmaq çox çətin idi. Böyük qardaşı Oktay erkən vaxtlardan anasına kömək edərək, qardaş-bacılarının yaxşı dolanması üçün əlindən gələni əsirgəmirdi. Gəncliyini demək olar ki, onların yaxşı dolanmasına, yaxşı təhsil almasına sərf etdi. Ehtiram bunlardan xəbərsiz, hələ də öz uşaqlığını yaşayırdı. Qardaşı Oktayı öz atası bilirdi.
Ehtiram da həddi-buluğa
çatmışdı. Kənd həyatı onu çox bərkə-boşa
da salmışdı. Böyüdükcə
ana və qardaşının onlar üçün nə qədər
əziyyət çəkdiyini dərk etməyə
başlamışdı. Ona görə də elə bu
çağlarından tez böyüyüb ailəsinə
kömək etməyə can atırdı.
Çalışırdı ki, az da olsa onların
yükünü azaltsın. Lakin qardaşı onun ali təhsil almasını istəyir və
bunun üçün əlindən gələni əsirgəmirdi.
Zaman öz axarı ilə gedirdi. Səkkizinci sinfi bitirən Ehtiram daha evdəkilərə
çətinlik yaşatmamaq niyyətilə evdən xəbərsiz
Bakıya gələrək sənədlərini
Maşınqayırma Texnikumuna verir. “Texnikuma
qəbul olaramsa evə xəbər edərəm, yox, qəbul
olmaramsa burada qalıb, zavodların birində işə
düzələrəm” deyə öz-özlüyündə
gələcək planlarını götür-qoy edir.
...Artıq o, tələbə
adını qazanmışdı. Çox
keçmir ki, bu sevinci bütün ailəsi bilir. Ana
üçün bundan gözəl hədiyyə nə ola bilərdi. Həyat yoldaşı
İsrayıl kişi vəfat edəndən
sonra üzü gülməmişdi. İndi
İmmi ananın yanağından sevinc göz yaşları
axırdı. “Çox şükür
Alahım, bu günü görməyi mənə qismət
etdin” deyərək əlini Uca Tanrıya qaldırıb dua
edirdi.
Ehtiramsa ailəsinin maddi vəziyyətinin
o qədər də yaxşı olmadığını
bildiyindən onlara yük olmaq istəmirdi. Texnikumda
oxuduğu illərdə bir qarın ac, bir qarın tox
yaşasa da, bunu ailəsinin yanında biruzə vermirdi.
Bu o illər idi ki, ölkədə
vəziyyət getdikcə ağırlaşırdı. Qarabağdan və ətraf
rayonlardan gələn hər qara xəbər bütün
ölkə gəncləri kimi, Ehtiramın da qəlbinə ox olub batırdı. Hər
gün televiziyanın qarşısında oturub, cəbhə xəbərlərini
dinləyir, tələbə yoldaşlarına deyirdi: “Daha
burda əlimizi qoynumuza qoyub oturmaq olmaz. Mübarizə
aparmalı, öz Vətənimizi qorumalı, onun yolunda
canımızı fəda etməliyik!”.
...1992-ci
ilin yayı idi. Ehtiram təhsilini başa vurub orduya getməyə qəti
qərar verir. Erməni
vandalları Xocalıda xalqımıza qarşı min bir
işgəncələr vermiş, ana, uşaq, yaşlı
bilmədən əllərinə keçən hər kəsi
qətlə yetirmişdi. Sağ ələ keçənləri
isə əsir götürərək, min bir işgəncələrə
məruz qoymuşdu. Bir neçə gündən
sonra o, könüllü orduya yazıldı. Ehtiramın qəlbi qisas hissi ilə
döyünürdü.
Fiziki cəhətdən
qüvvətli olmasını nəzərə alaraq, onu Azərbaycanda
ilk yaradılan Xüsusi Təyinatlılara qəbul edirlər.
Bəlkə də bu Allahın ona verdiyi
bir şans idi ki, özünü bu çətin sınaqda
sübut eləsin. Zabitlərin əksəriyyəti
Əfqanıstan döyüşçüsü idi. Onlar müharibənin nə olduğunu yaxşı
bilirdilər. Zabitlər yaxşı
bilirdilər ki, müharibədə adi bir səhv əsgərlərin
həlak olmasına gətirib çıxara bilərdi.
Onun üçün də əsgərlərə
qarşı nizam-intizamlı, tələbkar idilər... Sonradan bu hərbi hissə hərb tariximizə
adını qızıl hərflərlə yazmış 777
saylı hərbi hissə kimi həkk oldu. Təsadüfi deyil ki, 777 saylı hərbi
hissədən 14 döyüşçü Azərbaycanın
ən yüksək fəxri adına -
“Milli Qəhrəman” adına layiq görülüb. Onlardan 4-ü bu gün də öz əməlləri
ilə xalqına xidmət edir. Əfsanəvi komandir,
general-leytenant Rövşən Əkbərov yenə də hərbdə
öz peşəsini şərəflə davam etdirir.
...Ehtiram Əliyevin xidmət etdiyi hərbi
hissəni Naxçıvana göndərmişdilər. Dağlıq Qarabağ və ətraf rayonlarda
olduğu kimi, burada da vəziyyət son dərəcə
ağır idi. Düşmən hər tərəfdən
Naxçıvan Muxtar Respublikasına hücumlar təşkil
edirdi. Sədərəkdən gələn
hər qara xəbər, orada yaşayanları təlaşa
salmışdı. Əlavə qüvvələrə ehtiyac vardı.
O, Sədərəkdə, Batabatda, Salvartı yaylağında
erməni silahlı birləşmələrinə
qarşı aparılan döyüş əməliyyatlarında
yaxından iştirak edirdi.
Onun ilk döyüşü
Salvartı yaylağında oldu. Düşmən Sisiyan
istiqamətindən güclü hücuma keçmişdi. Onların məqsədi
yüksəklikləri ələ keçirib, daim əhalini atəş
altında saxlamaq idi. Elə ilk
döyüşdə Ehtiram özünün nəyə qadir
olduğunu sübut etdi. Komandirlərin və
döyüş dostlarının yanında hörməti birə
- beş artdı. Beləliklə
heç bir itki vermədən qəhrəman
döyüşçülərin sayəsində,
düşmən qüvvələri geri oturduldu. Həmin vaxtlarda Sədərək istiqamətində
də ağır döyüşlər gedirdi. Erməni silahlı birləşmələri strateji əhəmiyyət
kəsb edən bu ərazini nəin bahasına olursa-olsun
Naxçıvandan ayırmağa
çalışırdılar.
O zaman nizami Milli Ordunun olmaması səbəbindən Sədərəki
yerli özünümüdafiə taborları və polis dəstələri
qoruyurdu. Qüvvələr nisbəti qeyri bərabər
olduğundan H. Əliyevin qətiyyətli addımları sayəsində
bura yeni qüvvələr gətirildi. Ağır gedən
döyüşlərdə Ehtiram Əliyevin xidmət etdiyi hərbi
hissə Sədərək
ərazilərinin düşməndən
geri alınmasında xüsusi fədakarlıq göstərdi.
Düşmənin bir neçə texnikası və
onlarla canlı qüvvəsi məhv edildi. Məhz
döyüşçülərimizin qəhrəmanlığı
sayəsində Sədərək əraziləri erməni
quldur dəstələrindən təmizləndi. Ancaq
Xüsusi Təyinatlılardan da həlak olanlar az
deyildi. Bu səbəbdən hərbi hissəni
yenidən formalaşdırmaq üçün müəyyən
vaxt lazım gəlirdi.
Bakıda 17-18 gün təlim
keçdikdən sonra 1993-cü ilin iyul ayında E.Əliyevin
xidmət etdiyi hərbi hissə Ağdam bölgəsinə
göndərildi. Cəbhəyanı ərazilərimizdə
olduğu kimi burada da vəziyyət ağır idi. Demək olar ki, Ağdam rayonu büsbütün
işğala məruz qalmışdı. Ağır
gedən döyüşlərdə, 3 kənd - Əfətli,
Yusifcanl, Novruzlu kəndləri qəhrəman
döyşçülərin sayəsində geri
alındı.
1993-cü il... Avqustun 23-ü... Düşmən
ağır texnika ilə Füzuli rayonunun Əhmədbəyli
kəndinə hücuma keçdi. Əsas
strateji yüksəkliklər düşmənin əlində
idi. Bu isə əməliyyatın
gedişini xeyli çətinləşdirirdi. Buna baxmayaraq, ordumuz əzmlə
döyüşür, erməni yaraqlılarını geri
çəkilməyə məcbur edirdi.
Döyüşlərin birində E.Əliyev sürünə-sürünə 28
nəfər döyüşçü ilə
yaxınlıqdakı təpəyə qalxdı. Burdan düşmən mövqeyini görmək
mümkün idi. Ardıcıl zərbələrdən sonra
düşmənin 2 texnikası alova büründü. Düşmən bu zərbədən
çaşbaş qalaraq geri çəkilməyə məcbur
oldu. Fürsəti əldən verməyən
cəsur döyüşçülərimiz qənimət
olaraq bir tankı da ələ keçirməyə müvəffəq
oldu. Bu uğurlu əməliyyat, bir
neçə kəndin geri alınması ilə yadda qaldı.
1994-cü il...
yanvar ayının 5-i... Mübarizə davam edir, düşmən
hücumlarını artırırdı. Ordumuz
əlavə qüvvə alaraq yenidən hücuma keçdi. E.Əliyevin xidmət
etdiyi dəstə fürsətdən istifadə edərək
düşmənin arxasına keçdi. Yaraqlılar
sarsılmışdı. İki gün
davam edən ağır döyüşdə düşmən
45 km geri oturduldu. Lakin... atılan güllələrdən
biri Ehtiramı
yaralayır. O, yaralanmasına baxnayaraq
yoldaşlarını tək buraxmır. Axı
axıradək onlarla birlikdə olacağına and
içmişdi. Qısa müddət
müalicə olunduqdan sonra yenidən döyüş
yoldaşlarının yanına qayıdır.
20 aprel 1994-cü ildə hərbi
hissəni Tərtər bölgəsinə göndərdilər. Burada da döyüşlər
ara vermirdi. Milli Ordunun əsgərləri
düşmənə qarşı mətnlə vuruşurdular.
Burada bir neçə əsgər, zabitimiz şəhid
olsa da fədakar döyüşçülərimizin iradəsi
qırılmadı. Əksinə daha da
möhkəmləndi, bərkidi. Düşmənin həmin
istiqamətdəki mənfur niyyətlərini boşa
çıxmasına nail ola bildilər.
Azərbaycan Respublikası Prezidentinin
4 aprel 1995-ci il tarixli 307 sylı fərmanı ilə Əliyev
Ehtiram İsrayıl oğluna “ Azərbaycanın
Milli Qəhrəmanı” adı verilibr.
Əliyev 1996-cı ilin avqust
ayında ordudan tərxis olundu. 1997-1998-ci illərdə
Bakının Sabunçu rayon polis idarəsində işlədi.
2000-ci ildə tələbəlik
sevinci yaşadı. O, əvvəlcə
Beynəlxalq və Şəhərlərarası
Avtovağzalda sərnişindaşımanın rəis
müavini, hazırda isə həmin şöbənin rəisi
vəifəsində öz işini şərəflə davam
etdirir.
Gözəl ailə
başçısıdır. İmmixanım, Elvin,
Emin adlı 3 övlad atasıdır.
Mərdlik, igidlik, hünər, bir də
yüksək Vətənpərvərlik hissi... Bunlar
qəhrəmanlıq deyilən bir zirvədə birləşiblər.
O zirvədə ki, insan olum, ya da ölüm məqamı ilə
üzləşir. Taleyinə ölüm
yazılanlar şəhidlik zirvəsində qərar tutur.
Adi bir təsadüf üzündən qalanlar isə
həmin o şəhidlik zirvəsini görüb
qayıdanlardı. Hər iki halda məna və məzmun
eynidir: Qəhrəmanlıq!! Vətən uğurunda
canını fəda vermək , bir də
ölümün gözünə mərdliklə, hünərlə
baxmaq qüdrəti... Azərbaycanın
Milli Qəhrəmanı kimi ən yüksək ada laiq
görülmüş Ehtiram İsrayıl oğlu Əliyev
kimi...
Yurda
bağlılığı, torpağa məhəbbəti,
insanlığa sevgini öncə valideynlərindən, sonra isə
müəllimlərindən öyrəndi və onları əsgər
yoldaşlarına öyrətməyə
çalışdı. Döyüş dostları da, onunla
çiyin-çiyinə durmaqdan qürur duydular. Ehtiram Əliyev bu gün o adət-ənəni
işlədiyi kollektivdə də qoruyub saxlayır. Dosta sadiq olmağı, düşmənə isə
hədsiz nifrət hissini gənclərə
aşılamağa çalışır.
Vüqar Əsgərov,
Mədəniyyət
Nazirliyi Respublika
Xatirə
Kitabı Redaksiyasının redaktoru, ssenarist
Bakı xəbər.
- 2019.- 1 avqust.- S.13.