Kinolarımız 22 ildir Oskara yol
döyür, nəticə yoxdur...
Əli İsa Cabbarov:“A kateqoriyalı
festivalda mükafatımız olmadığı
üçün bizim filmlər “Oskar”a namizəd ola bilmir”
img
Azərbaycan kinosunun ölkəmizdən kənarda
tanınmamasının, habelə dünya kinosunda böyük
nüfuz qazanan beynəlxalq kino mükafatlarından kənarda
qalmasının səbəbləri illərdir ki, əsas
müzakirə mövzusudur. Azərbaycan kinosunun “Biləcəridən
o yana çıxa bilməməsi”nin səbəbləri əlbəttə
müxtəlifdir. Bu barədə
bir az sonra söhbət açacağıq.
Gələk Azərbaycan kinosunun indiyə qədər
“Oskar” mükafatı ala bilməməsinin səbəblərinə.
Amerika Kino Sənəti
Akademiyasının təsis etdiyi və 1929-cu ildən bəri
təqdim etdiyi kino sahəsində nüfuzlu “Oskar”
mükafatı hələ də Azərbaycan kinosu
üçün uzaq və əlçatmaz görünür.
1929-cu ildən etibarən hər il təqdim edilən bu
nüfuzlu mükafatı qazanmaq üçün Azərbaycan
kinosu hansı yollardan keçməlidir, hansı maneələri
dəf etməlidir?
Yeri gəlmişkən deyək ki, “Oskar”
mükafatına namizədlər sayı 5-dən çox
olmamaq şərtilə gizli səsvermə vasitəsilə irəli
sürülür. Qalib akademiyanın həmişəlik
seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi
nəticəsində təyin edilir.
“Oskar”ın ilk laureatı…
Dünya kino çapında prestijli sayılan
“Oskar” mükafatının ilk laureatı “Sonuncu göstəriş”
və “Bütün cisimlərin yolu” filmlərindəki
rollarına görə qalib elan edilmiş Emil Yanninqs olub.
Birinci mərasimin ilk namizədləri arasında “Sirk” filmi ilə
Çarli Çaplin də olub, lakin o, ümumi siyahıdan kənar
olaraq, xüsusi mükafat qazanmışdı.
Qeyd edək ki, ilk illərdə mükafatın
verilmə qaydaları indikindən fərqlənirdi: “Ən
yaxşı kişi rolu” kateqoriyasında qalibin seçilməsi
üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət
yetirilirdi. Yekun olaraq akademiyanın ümumi
münsiflər heyəti hər istiqamət üzrə
yalnız bir təqdimat qərarı qəbul edirdi.
Üçüncü təqdimetmə mərasimində səsvermə
zamanı iki kino əsərinə baxılsa da, qalibin
adının yanında yalnız bir film göstərildi.
Dördüncü mərasimdə artıq dəqiqləşmə
aparıldı: aktyor yalnız bir konkret filmə görə
namizəd ola bilərdi.
“Oskar”ın ilbəil dəyişən
qaydaları…
1936-cı ildən 1945-ci ilə qədər
namizədlərin müəyyən edilməsi və qaliblərin
seçilməsi prosesi tək akademiyanın həqiqi üzvləri
tərəfindən yox, həm də peşəkar
gildiyanın tərkibində olan aktyorlar tərəfindən həyata
keçirilirdi. Sonrakı dövrdə -
1957-ci ilə qədər isə aktyor gildiyaları namizədlərin
siyahısını tərtib edirdi, akademiyanın üzvləri
isə qalibin seçilməsi üçün səsvermə
keçirirdilər. 1957-ci ildən bütün bu proses yenidən
akademiyanın daxili işi oldu.
Səkkizinci mərasimə qədər bu
kateqoriyada həm baş, həm də ikinci dərəcəli
rolları ifa edən aktyorlar
mükafatlandırılırdılar. Yalnız növbəti
ildən akademiya "Ən yaxşı ikinci plan kişi roluna
görə" adlı yeni nominasiyanı təsis etdi.
Aktyorlar əsas nominasiyadan
başqa həm də "Kinematoqrafda mühüm xidmətlərinə
görə" adlı xüsusi kateqoriyada heykəlciyi əldə
edə bilərdilər. 18 yaşına qədər olan
aktyorlar üçün isə Akademiyanın gənclər
üçün təsis etdiyi mükafat nəzərdə
tutulmuşdu. Bu mükafat 1961-ci ilə qədər
mövcud oldu.
“Oskar” mükafatından kimlər imtina edib?
Aktyorlar üçün nəzərdə
tutulmuş bu mükafatın tarixində iki dəfə ondan
imtina edilib. Bu hal birinci dəfə 1971-ci ildə "Patton"
filmindəki roluna görə aktyor Corc Skottla yaşandı. İkinci dəfə isə
bu hadisədən cəmi iki il sonra Marlon
Brandonun "Xaç atası" dramında ifa etdiyi Vito
Korleone roluna görə layiq görüldüyü
mükafatdan imtina etməsilə müşahidə olundu. Corc Skottun sakit, gözə o qədər də
çarpmayan bu addımından fərqli olaraq, Marlon Brando
öz imtinasını tamaşaya çevirdi. Həmin mərasimin prodüseri Brüs Devis belə
hesab edirdi. Brandonun əvəzinə səhnəyə
çıxan hindu nümayəndə
qadın Saşin Littlfezerin izahından sonra aktyorun bu heykəlcikdən
imtina etməsi məlum oldu. Brandonun bu imtinada məqsədi
kinematoqrafçıların hindulara olan münasibətinə
qəti etirazını bildirmək idi.
Sonuncu
Ən yaxşı kişi roluna görə
"Oskar" mükafatını 90-cı təqdimat mərasimində
"Tutqun zamanlar" filmindəki roluna görə aktyor Qari
Oldmen əldə edib.
2007-ci ildən
indiyə qədər Azərbaycan kinosu “Oskar”a namizəd ola bilməyib…
Qayıdaq hələ də “Oskar”-ın qapısı
ağzında gözləmə mövqeyində dayanan Azərbaycan
filmlərinə.
Azərbaycan 2007-ci ildən bəri “Ən yaxşı
xarici film” üzrə Oskar mükafatına filmlərini təqdim
edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan
dialoqlardan təşkil olunmuş bədii filmlərə
verilir. Filmlərimiz təqdim edilsə də,
hələ o filmlərin heç biri “Oskar” mükafatına
namizəd kimi belə qeydə alınmayıb.
Araşdırmalarımız
nəticəsində məlum oldu ki, Azərbaycan 2014-cü il
etibarilə 6 Azərbaycan filmi “Ən yaxşı xarici film”
üçün təqdim edilib, ancaq heç biri “Oskar”a namizəd
ola bilməyib
İndiyə qədər “Ən yaxşı xarici film”
üzrə Oskar mükafatına təqdim edilən Azərbaycan
filmlərinin adlarına gəlincə, bunlar əsasən son
illər “Azərbaycanfilm” Kinostudiyası və özəl
prodakşnlar tərəfindən çəkilən filmlərdir. Bu filmlərdən biri 2012-ci ildə
“Oskar” Milli Komitəsi tərəfindən “Ən yaxşı
xarici film” nominasiyasına namizəd seçılən dram
janrında çəkilən “Buta” tammetrajlı uşaq
filmidir. İlqar Nəcəfin senarisi və
rejissorluğu ilə gerçəkləşən filmin ərsəyə
gəlməsində kinorejissor Ramiz Fətəliyevin də rolu
olub. “Azərbaycanfilm”in və “Butafilm”in
birgə istehsalı olan “Buta” filmi həmçinin 2013-cü
ildə Polşada nümayiş olunub, filmin bəstəkarı
xalq artisti, görkəmli Azərbaycan bəstəkarı
Cavanşir Quliyevdir.”Buta” Asiya-Sakit Okean Kino Akademiyası
2011-ci il “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib
olub, Keyptaun (CAR) şəhərində keçirilən “Cape
Winelands Film Festival”ın Qran-pri mükafatını
qazanıb,
ABŞ-ın
“World Fest – Houston International Film Festival”ında “Platinum Remi”
mükafatını əldə edib, “Humay” Milli
Mükafatının laureatı olub.
Filmlərimiz
niyə bu mükafata namizəd ola bilmir?
“Oskar”a təqdim
edilən digər Azərbaycan filmi isə yenə də
İlqar Nəcəfin (Asif Rüstəmovla birgə) ssenari müəllifi
olduğu və quruluş verdiyi və 2017-ci ildə çəkdiyi
“Xarici dildə ən yaxşı filmə” görə
mükafatına təqdim edilən “Nar bağı” filmi olub.
Lakin “Nar bağı” da “Oskar”ın qapısından içəri
girə bilməyib. Bundan başqa “Oskar”a
iddialı olan filmlər arasında Fərid Hümbətovun
müharibə janrında çəkdiyi (ssenari F.H) “Qafqaz”
filmi də olub. Qeyd edilənə görə,
2008-ci ildə Azərbaycanın bu filminin dünyanın ən
nüfuzlu kino mükafatına namizədliyi irəli
sürülüb. Görünüdüyü kimi Amerika
Kino Akademiyasının təsis etdiyi “Oskar”
mükafatının “Ən yaxşı əcnəbi film”
nominasiyasına iddialı olan 63 ölkənin məhsulu
arasında Azərbaycan filmi “Qafqaz” da var idi.
"Qafqaz", beynəlxalq standartlara uyğun olaraq, High
Definition rəqəmli kinokamera ilə lentə alınıb. Filmin çəkilişlərinə
təxminən 500 min dollar vəsait xərclənib və
filmin Rusiyadakı gəliri 43854 dollar təşkil edir.
Amma “Qafqaz” da “Oskar”ın baryerlərini aşa bilməyib.
“Oskar”a iddialı filmlərimiz
sırasında Şamil Nəcəfzadənin və Ramiz
Rövşənin ssenarisi əsasında Ş.Nəcəfzadənin
2008-ci ildə dram, faciəvi komediya jnrında “Azərbaycanfilm”də
çəkdiyi “Qala” tammetrajlı bədii filmi də olub. 2010-cu ildə Azərbaycandan 83-cü Oskar
mükafatının "Xarici dildə ən yaxşı filmə
görə" nominasiyasına göndərilən və
İlqar Safatın “Nərimanfilm”də (həmçinin
Georgiafilm, Bagirafilm) istehsal etdiyi “Sahə” filmi də “Oskar”da
tilsimi qıra bilməyib. Tanınmış kinorejossor
Şamil Əliyevin 2012-ci ildə Mədəniyyət
Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də fəlsəfi
dram janrında çəkdiyi populyar “Çölçü”
(ssenari müəllifi Vidadi Həsənov) 2013-cü ildə
“Oskar”a iddialı olan filmlər
sırasında olub. Elçin Musaoğlunun
2014-cü ildə (ssenari E.Musaoğlu və Elxan Nəbiyev) “Azərbaycanfilm”də
çəkdiyi “Nabat” filmi də “Oskar” komissiyasına təqdim
edilib, amma bu film də mükafata namizəd kimi komitə tərəfindən
irəli sürülməyib.
Filmlərimizin yolunu kimlər və niyə kəsir?
Qeyd edək ki, Azərbaycan
filmlərinin “Oskar” mükafatına namizəd kimi göstərilməsinin,
bu mükafata layiq görülməsinin
qarşısını kəsən bir sıra amillər var.
Bu amillər o qədər çoxdur ki, onları bir-bir
sadalamaq xeyli vaxt apara bilər. Burada əsas
olan bir neçə faktı qeyd etmək yerinə düşərdi.
Əvvəla deyək ki, son illər Azərbaycanda kino
istehsalı sahəsində xeyli irəliləyiş var və
dövlət büdcəsindən ayrılan maliyyə
hesabına il ərzində ən azı 4 tammetrajlı film
istehsal edilir, özəl prodakşnlarda da istehsal
müşahidə edilir. Dövlətin kinonu tam
olaraq öz himayəsinə götürməsinə baxmayaraq,
yenə də filmlərimizin xaricə
çıxışı çox zəifdir. Əlbəttə, burada əsas məsuliyyət kino
məmurlarının üzərinə düşür, bir də
o filmlərin prodüserləri bu işdə məsuliyyət
daşıyır. Filmin xaricə
çıxmasında prodüserin rolu böyükdür, o
filmlərin yayımının təmin edilməsi,
mükafatlara təqdim edilməsi istiqamətində piarla məşğul
olmalı, əlaqələr yaratmalıdır. Doğrudur, Azərbaycanda kinoprodüserlik institutu tam
formalaşmadığı və bəzi kino məmurlarının
bu sahəyə müdaxilə etməsi sayəsində
mövcud problemlər yaranır. Mütəxəssislərlə
söhbət zamanı onlar deyirlər ki, “Oskar”a
iddialı olan Azərbaycan filmlərinin orada
qarşısını kəsən amillərdən biri bu
filmlərin xarici kino şirkətləri ilə birgə
istehsal olmaması, digər bir səbəb Azərbaycanının
AVROMAŞ və digər nüfuzlu kino təşkilatlarına
üzv olmaması ilə bağlıdır. Digər
səbəb isə “Oskar” təşkilatına yaxın olan erməni
lobbisinin törətdiyi maneələrdir ki, onu dəf etmək
o qədər də asan deyil. Məsələ
burasındadır ki, müasir Azərbaycan kinosu peşəkarlıq,
mövzu baxımından axsamır. Amma
iddialar var ki, gərək Azərbaycan filmlərinin
mövzusunu müharibə, milli-mənəvi dəyərlər,
Qarabağ mövzusu deyil, tamam başqa mövzular tutsun.
Hətta bəzi peşəkar kino xadimləri deyirlər ki, Azərbaycan
kinosunun qarşısında duran maneələrin siyasi səbəbləri
də az deyil. Azərbaycan
filmlərinin “Oskar”a layiq görülə bilməməsinin səbəblərini
araşdırdıqca ortaya min bir fakt çıxır. Amma əsas məsələ odur ki, filmlərimizin
“Oskar”ın qapısını açıb içəri daxil
olması üçün çox işlər görülməlidir.
Onu da vurğulayaq ki, ölkəmizdə Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində
Amerika Kino Akademiyasının Azərbaycan üzrə “Oskar”
komissiyası fəaliyyət göstərir, filmlərimizi
“Oskar” Komitəsinə bu komissiya təqdim edir, lakin hələ
də bir dənə də olsa filmimiz bu nominasiyada qalib gəlməyib.
Yəni əvvəllər Azərbaycan filmlərinin
“Oskar” mükafatına namizəd olması üçün
ölkəmizdə “Oskar” komissiyasının yaradılması
vacib sayılırdı, artıq bu komitə var.
Bir müddət əvvəl mətbuata açıqlama
verən görkəmli kinorejissor Şamil Əliyev qeyd edirdi
ki, müəllifi olduğu “Çölçü” filmi
bütün qayda-qanunlara riayət olunaraq “Oskar”
mükafatının uzun siyahısına təqdim olunub. O hesab edirdi ki, nəhayət, bizim də filmlərimiz,
artıq beynəlxalq layihələrin uzun siyahısında belə
olsa, yer ala bilib.
“Azərbaycan
filmləri həmişə “Oskar” mükafatına təqdim
edilən filmlərin uzun siyahısında olub”
Tanınmış
kinorejissor Əli İsa Cabbarov baki-xeber.com-a bildirdi ki, Azərbaycandan
həmişə “Oskar”a layqili filmlər təqdim edilib:“Həmişə “Oskar” komissiyaları tərəfindən
bu mükafata layiqli filmlər təqdim edilib. Eyni
zamanda Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə
komissiya var idi, indi də komissiya mövcuddur, sadəcə o,
Bakıda olmurdu deyə ora filmlər təqdim edilmirdi. İndiyə qədər
“Oskar” komitəsinə təqdim edilən Azərbaycan filmlərinin
4-nü Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi
komissiya təqdim edib, sonrakı mərhələdə isə
filmləri bu mükafata yeni yaranan Respublika Kinematoqrafiya İttifaqı
təqdim edib. “Nabat” və “Nar bağı”
filmlərini yeni komissiya təqdim edib. Azərbaycan
filmləri həmişə “Oskar” mükafatına təqdim
edilən filmlərin uzun siyahısında olub. Biz heç vaxt qısa siyahıda
olmamışıq, yəni bu nominasiyaya düşməmişik.
Eyni zamanda da nominant olmamışıq, nə
9-luğa, nə də 5-yə düşmüşük.
Bunun da çoxlu səbəbləri var. Bunun da ilk səbəbi
odur ki, “Oskar” mükafatına namizəd olmaq üçün A kateqoriyalı festivalda iştirak vacibdir, yəni
bu kateqoriyada iştirak edən filmin şansı daha çox
olur. Nüfuzlu beynəlxalq mükafatda,
nüfuzlu mükafatın alınması sənin filminə
diqqət yaradır və sən Amerika Kino Akademiyası
üzrə sənin filminə səs verilir. Eyni zamanda da film təqdim edildikdən sonra onun
reklamına Amerika Kino Akademiyasının üzvləri
arasında çoxlu pul xərclənməsi tələb
olunur. “Oskar”a təqdim olunan filmin tez-tez
nümayişi təşkil olunmalı, jurnallarda pullu
rekllamları yerləşdirilməlidir. Hələlik
isə bizim kino şirkətlərinin buna imkanı yoxdur.
Azərbaycan filmləri
A kateqoriyalı festivalda nüfuzlu mükafat ala bilsə,
xarici prodüserlər filmlərimizə maraq göstərər
və onun reklamını da təşkil edə bilər. “Oskar mükafatını yalnız nüfuzlu
festivalın nüfuzlu mükafatını aldıqdan sonra
qazanmaq mümkündür. A kateqoriyalı festivalda
mükafatımız olmadığı üçün bizim
filmlər “Oskar”a namizəd ola bilmir. Gürcüstan filmi isə olub”-deyə
Ə.İ.Cabbarov qeyd etdi.
İradə SARIYEVA
Bakı xəbər.-
2019.- 19 dekabr.- S.15