Yeganə sənətşünasam ki... -

Ziyadxan Əliyev: “...mənim yubileyim qeyd edilib, məndən əvvəl heç bir sənətşünasa yubiley keçirilməyib”

“Mənim sənətə, həyata baxışımı Səttar Bəhlulzadə ilə olan görüşlər, söhbətlər müəyyənləşdirib”

“Adlarını kitablarda oxuduğum böyük rəssamlarla tanışlıq həyatımda yeni bir səhifə açdı”

Rəssamlarla müqayisədə sənətşünaslar çox zaman pərdə arxasında qalır. Əksər hallarda, onları ancaq incəsənət adamları tanıyır. Sözsüz ki, burada müəyyən istisnalar da yox deyil. Görkəmli sənətşünas, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev pərdə arxasında qalmayan sənətşünasdır. Azərbaycan sənətşünaslarından danışanda ağlımıza ilk gələn mütəxəssis məhz Z.Əliyev olur.Z.Əliyev bir sənətşünas kimi, Azərbaycan təsviri incəsənətinin bütün dövrlərinin mənzərəsini yaratmağa müvəffəq olub. Heç şübhəsiz ki, bütün bunları o, könüldən gələn səmimi və təmənnasız məhəbbətlə edib. İncəsənətimizin təmənnasız siması Z.Əliyevin 70 illik yubileyidir.

70 illik yubileyi münasibətilə Ziyadxan müəllimlə görüşüb söhbət etdik.

- Eşidəndə ki, Sizin 70 illik yubileyinizdir, açığı, bir qədər təəccübləndik...

Gördüyünüz kimi, gəlib 70-ə çatmışam.

- Ruhunuz çox gəncdir, gənclik həvəsi ilə yazıb-yaradırsınız. Ruhunuzu gənc saxlamağın sirri nədədir?

 

- Məni cavan və gümrah saxlayan əsas məsələ öz sevdiyim işlə məşğul olmağımdır. Düşünürəm ki, hər bir insan öz missiyasını dərk etməlidir. Əgər o bunu dərk edirsə, nə özünə, nə də başqlarına mane olur. Bunu təkəbbür kimi qəbul etməyin, mən öz missiyamı zamanında başa düşmüşəm.

 

- Nəyi nəzərdə tutursunuz?

 

- Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirmişdim, diplom müdafiəmdə Xalq rəssamı Səttar Bəhlulzadə iştirak etmişdi, mənə uğurlu yol arzulamışdı. Eyni zamanda da o, rəssamlıq sahəsində təhsilimi davam etdirməyi təklif etmişdi. Mənim rəssam olmağım üçün şanslar çox idi, lakin bunların hamısından imtina etdim və sənətşünaslıq sahəsinə meyl etdim. O vaxt sənətşünaslıq ədəbiyyatı ilə tanış olanda bu sahədə çoxlu çatışmazlığın olduğunu gördüm. İstədim ki, incəsənətimizə yeni gözlə baxan bir mütəxəssis olum və buna görə də sənətşünaslığı seçdim.

 

- Biz bir rəssamı itirdik deməzdim, çünki Siz rəssamlıqla da məşğul olursunuz. Ancaq Sizin həyatınızda daha çox sənətşünaslıq qabarıq görsənir. Ömrünüzün 40 ildən çoxunu bu sahəyə həsr etmisiniz. Haradasa təəssüfləndiyiniz vaxtlar olurmu ki, rəssam olsaydım, daha şöhrətli olardım, qazancım indikindən çox olardı?

 

- Qətiyyən. Mən bu sahə ilə könlümün səsi ilə məşğul olmuşam. Bir jurnalist dostum var - Səməd Məlikzadə. Mənim haqqımda yazdığı yazılardan birində deyir ki, o, fırçanı qələminə qurban verdi. Sizə deyim ki, müasir dövrdə yaxşı sənətşünas olmaq üçün mütləq rəssamlığın incəliklərini bilməlisən.

 

- Düşünürəm ki, Siz rəssam olmasaydınız, heç yaxşı sənətşünas da olmazdınız. Razısınızmı?

 

- Bəli, elə mən də bu fikirdəyəm. Çünki rəssam olmasan, rəssamlığın incəliklərini bilməsən, rəssamın nə çəkdiyini, nə düşündüyünü, nə etdiyini, nə ifadə etmək istədiyini bilə bilməzsən. Mən əsərlərə bir rəssam gözü ilə baxır, sənətşünas kimi təhlil edirəm.

 

- Çox maraqlıdır ki, rəssamlar Sizinlə hesablaşırlar. Bu Sizin obyektivliyinizdən irəli gəlir, yoxsa başqa bir səbəbi var?

 

- Uzun illərdir mənim bir yaradıcılıq prinsipim var. Yəni ki, sənətşünas şairliyi, filosofluğu, bir də cəngavərliyi (cəsarəti) özündə birləşdirməlidir. Ədalətlilik həm də o cəngavərlikdən, cəsarətlilikdən gəlir. İndi bəziləri söz deməyə çəkinirlər. Sovet dövründə sosializm realizminin bədii prinsipləri yaranmışdı. Onunla da bərabər bir sosialist tərifi meydana çıxmışdı. Rəssamlar əsasən təriflə məşğul olurdular. Əlində qırmızı bayraq tutan əmək adamlarını tərənnüm edirdilər. Onları tərənnüm edən rəssamları təbliğ edirdilər, ona görə də zəncirvari bir reaksiya yaranmışdı. Bu səbəbdən də o dövrdə əsl sənətin qiyməti verilmirdi. Yeri gəlmişkən, Sovet dövründə elə tərifli rəssamlarımız vardı ki, bu gün onların adları heç xatırlanmır. Çünki onların çəkdikləri zamanla, dövrün ideologi tələbləri ilə bağlı idi. Həmin rəssamlar pərəstiş və tərənnüm etdikləri ideologiyanın da qurbanı oldular. Bu gün o rəssamların heç birinin çəkdiklərini nə muzey ekspozisiyasına qoyur, nə göstərir, nə də onlar haqqında yazırlar.

 

Mircavad, Kamal Əhməd, Qorxmaz Əfəndiyev, Bəyim Hacıyeva və başqa rəssamlar var idi ki, Sovet dönəmində onların əsərləri sərgi salonlarına çox az buraxılırdı. Ancaq bu gün ən çox bu rəssamlardan danışırlar. Yəni zaman hər şeyi yerbəyer etdi. Sənətşünas özü rəssam kimi öz dövrünün aynası olmalıdır, bədii proseslərə münasibət bildirməyə gecikməməlidir. Çətin də olsa, sözünü deməlisən. Məsələn, Mircavadın vaxtında Rəssamlar İttifaqında yaşlı nəslin nümayəndələrindən Mürsəl Nəcəfov, Rasim Əfəndiyev, Kərim Kərimov, Cəmilə Novruzova və başqları vardı. Onların hamısının gözü qarşısında Mircavad əziyyət çəkib işləyirdi, lakin onun əsərlərini sərgiyə qoymurdular, almırdılar, ailəsi də, özü də maddi və mənəvi cəhətdən əziyyət çəkirdi. Ancaq o dövrün sənətşünaslarından biri bu barədə yazmayıb. Əgər çap etdirə bilməsəydilər belə, o məqalə gərək yazılmış olaydı və bu gün sandıqdan çıxaydı. Deyəydik ki, Mürsəl Nəcəfov onun haqqında yazı yazdı, amma o dövrdə o yazını çap etmədilər. Əksinə. 1989-cu ildə Məmməd İsmayıl “Gənclik” jurnalında onun əsərlərini çap etmişdi. Mircavadın əsərləri oxucularda müsbət reaksiya yaratmışdı ki, bu rəssam kimdir, biz niyə onu indiyə qədər tanımamışıq? O vaxt onun haqqında yazı yazmaq üçün jurnal Səhhət Veyisova və Mürsəl Nəcəfova müraciət edir. Səhhət Veyisov o ki var əsərləri tərifləmişdi, lakin Mürsəl Nəcəfov “5 yaşlı uşaq bundan yaxşı çəkir” deyə yazmışdı. Yəni o dövrdə Mircavad kimi sənətkarın əziyyət çəkməsinin səbəbkarlarından biri də dövrün sənətşünasları idi. Rəssam rəssama qibtə də, paxıllıq da edə bilər, ancaq sən sənətşünassan axı, sən pisi yaxşıdan ayırmalısan. İndi mənimlə bağlı söylənən fikirlər ondan irəli gəlir ki, mənim az-çox sənətdən başım çıxır. Onlar bilirlər ki, nə deyirəmsə, sənətin xeyrinə deyirəm.

 

- Sizin qələminizdə həm klassik rəssamlar, həm yaşlı və orta nəsil, eləcə də gənc nəsil tərənnüm edilir. Siz onların yaradıcılığını obyektiv təhlil edirsiniz. Bəzən ortaya elə rəssamlar çıxarırsınız ki, onu çoxları tanımır...

 

- Nəinki siz, hətta onların adlarını bir çox rəssamların özləri yeni eşidir. Bir neçə gün əvvəl Cəlil Hüseynov haqqında yazmışam. Rəssamlar özləri mənə deyirlər ki, bu rəssamı biz niyə tanımamışıq? İndiyə qədər kölgədə qalan rəssamlarımızı ictimaiyyətə tanıtmaq üçün özümü konkret rejimə salmışam. Ayda 4 məqaləm çıxır, 2-si “Mədəniyyət”, 2-si də “Kaspi” qəzetində.

 

- Ziyadxan müəllim, bəlkə də Sizin bəxtiniz onda gətirib ki, o böyük rəssamları şəxsən görmüsünüz. Bu insanların hər biri böyük tərbiyə məktəbi idi.

 

- Adlarını kitablarda oxuduğum böyük rəssamlarla tanışlıq həyatımda yeni bir səhifə açdı. Onların adlarını kitablarda oxumuşdum və o zaman bu şəxsiyyətlər mənim üçün əlçatmaz qəhrəmanlar idilər. Mənim haradan ağlıma gələ bilərdi ki, Səttar Bəhlulzadə kimi bir nəhənglə yanaşı oturacağam, onunla çörək yeyəcəyəm, hətta o mənim elçiliyimi edəcək.

 

- Deməli, elçiliyinizi Səttar Bəhlulzadə edib.

 

- Bəli, mənim elçiliyimi Səttar Bəhlulzadə edib. Mikayıl Abdullayevi tanımışam. Hətta o mənə öz kitabını bağışlayıb. Kitabı bir az keyfiyyətsiz çıxmışdı deyə, kitaba “Kitabı utana-utana gənc sənətşünas Ziyadxan Əliyevə hədiyyə edirəm” sözlərini yazmışdı. Mircavad və digər böyük rəssamlarla ünsiyyətdə oldum. Doğrudan da onların timsalında böyük məktəb keçdim. Ona görə də tələbələrimə deyirəm ki, rəssamlarla ünsiyyətdə olun, onlardan yazın. 70 illiyimlə bağlı yubiley sərgisi təşkil edildi. Doğrudan da burada böyük izdiham yaşandı. Tədbirdə dedim ki, bu izdiham mənim mükafatım idi. Sərgidə Ömər Eldarov dedi ki, Azərbaycanda ilk dəfədir sənətşünasa yubiley keçirilir. Doğrudan da yeganə sənətşünasam ki, mənim yubileyim qeyd edilib, məndən əvvəl heç bir sənətşünasa yubiley keçirilməyib. Deyim ki, doğulduğum Şamaxıda da yubileyim çox yüksək səviyyədə qeyd edildi. Sağ olsun, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mənə doğma Şamaxıda çox yüksək səviyyədə bir yubiley keçirdi.

 

Sənətşünas kimi bütün ciddi yazılarımı 50 yaşdan sonra yazmışam. Köhnə nəsil sənətşünaslar bir az paxıl idi, onlar bizim əlimizdən tutub irəli çəkmirdilər. Ancaq mən bu gün gənc sənətşünaslara dəstək oluram. Mənim populyar olmağımda Azərbaycan Televiziyasının xidmətləri böyük olub. Bu baxımdan, AzTV-nin xidmətlərini unutmaram. Orada uzun illər uşaqların rəssamlıq yaradıcılığı ilə bağlı “Yurdum-yuvam məskənimsən” müsabiqəsini apardım. 6 il davamlı olaraq bu telemüsabiqə davam edirdi. Bu proqram məni çox məşhurlaşdırdı, hansı rayona gedirdimsə, məni tanıyırdılar. Eləcə də qəzetlərdə çox çıxışlar etmişəm. Mən özüm həmişə aktiv olmuşam, yazmışam. Həmkarlarımı tənqid etmək istəmirəm, amma onların çoxu sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Onlar fəlsəfə doktoru diplomunu alandan sonra bir dənə də olsun məqalə yazmayıblar. Mən Rəssamlar İttifaqında sənətşünaslıq bölməsinin sədriyəm və baxıb görürəm ki, sonuncu məqaləsini müdafiə ərəfəsində yazıb. Çoxları üçün elmi ad vəzifə tutmaq üçün bir vasitədir.

 

- Bu gün istedadlı sənətşünaslar yetişirmi?

 

- Yetişir, amma sayı elə də çox deyil. Bilirsiniz, indi sənətşünaslar ancaq elmi iş müdafiə etdikləri sahəni bilirlər, çərçivədən kənara çıxa bilmirlər. Mənim üçün isə çərçivə məhdudiyyəti yoxdur.

 

- Ziyadxan müəllim, bəzən rəssamlar Sizə “rəssamların tərif kitabı” deyirlər... Bildiyim qədər, Sizdə tərifdən çox tənqid var. Bu deyim haradan qaynaqlanır?

 

- (Gülür) Onlar mənə “tərif kitabı” deyimini yalnız ironiya ilə deyə bilərlər. Çünki mən danışanda rəssamlar deyirlər ki, Allah bilir indi nə deyəcək...

 

- Səttar Bəhlulzadə ilə dostluğunuz necə yarandı? Müəlliminiz olmuşdu?

 

- Yox, o, ümumiyyətlə, dərs deməmişdi. O, keçən əsrin 40-cı illərinin əvvəllərində diplom işi üçün material toplamaq üçün Moskvada ali məktəbdə təhsilini yarımçıq qoyub Bakıya gəlmişdi. Sonra isə İkinci Dünya Müharibəsi başladı və o, daha Moskvaya qayıtmadı. O, o vaxt Babəklə bağlı diplom işi işləmişdi. Müharibədən sonra onu neçə dəfə Moskvaya dəvət etdilər ki, gəl diplom işini müdafiə et, ancaq o getmədi. Demişdi ki, bəyəm diplomsuz rəssam olmur?!

 

- O, diplomsuz rəssam idi ki?

 

- Onun diplomu yox idi. O, 1942-1944-cü illərdə, iki il Bakı Rəssamlıq Məktəbində dərs demişdi. Soruşurdum ki, niyə az dərs dediniz? Deyirdi ki, dərs demək çox çətin işdir, adamın bütün enerjisini alır və evə gələndən sonra işə köklənə bilmirdim. Səttar Bəhlulzadə ilə tanışlığımız mən Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyanda oldu. Onunla təsadüfən trolleybusda tanış olduq. Sonra da icazə istədim ki, olar, sizin emalatxananıza gəlim? Soruşdu ki, haralısan? Dedim Şamaxılıyam. Dedi orada dostlarım çoxdur, gəl. Elə keçmiş əsrin 70-ci illərindən ömrünün sonuna qədər ünsiyyətdə olduq. O, emalatxanasının bir açarını mənə etibar etmişdi. Hər səhər gəlib onun üçün çay dəmləyirdim, o da düz saat 9-da gəlirdi. Günorta gəlirdim, sonra bulvara çıxırdıq.

 

- Səttar Bəhlulzadəni Sizin üçün bir həyat məktəbi saymaq olarmı?

 

- Sözsüz. Mənim gözümü dünyaya o açıb. Dahilərdən birinin belə bir deyimi var: “Valideyn adamı göydən yerə endirir, yaxşı müəllim isə yerdən göyə qaldırır”. Mən onunla ünsiyyətdə olduğum vaxtlarda sənətin nə olduğunu dərk etdim. Sənət dərsimi ondan aldım. Mənim sənətə, həyata baxışımı Səttar Bəhlulzadə ilə olan görüşlər, söhbətlər müəyyənləşdirib.  Mən onun xatirəsini minnətdarlıqla yad edirəm, barəsində üç kitab yazmışam, hər il də azı bir-iki yazı yazıb çap etdirirəm. O, ümmandır, ondan yazmaqla bitmir. Səttar xalq adamıdır, hər zaman camaatın içində idi. “Səttar Bəhlulzadə öz yaradıcılığı ilə XX əsri şərəfləndirdi” - Səttar Bəhlulzadəyə ən böyük qiyməti ulu öndər verib.

 

- Sözsüz ki, bir sənət adamının yaradıcılıqla məşğul olması üçün onun ailəsindən də çox şey asılıdır. Sizi bu mənada xoşbəxt saymaq olarmı?

 

- Sözsüz ki, xoşbəxt hesab etmək olar. Oğlum mənim üçün kiçik bir otaq düzəldib və orada, sözün yaxşı mənasında, təklənib yaradıcılıqla məşğul oluram. Başqa insanlar kütlə içində xoşbəxt olduğu kimi, yaradıcı insanlar da təklənəndə xoşbəxt olurlar.  Mənə ailəm işləmək üçün tam olaraq imkan verir. Həyat yoldaşım Bəsti xanım bərpaçı rəssamdır, Rəssamlar İttifaqının üzvüdür, respublikanın əməkdar mədəniyyət işçisidir.

 

- Adətən eyni peşə sahibləri ailə həyatında elə də dil tapa bilmirlər.

 

- Həyat yoldaşım çox şeyi ailəyə qurban verib. O özünün əsas vaxtını ailəyə həsr edir. Böyük qızım əvvəlcə Əzimzadə adına Rəssamlıq Kollecini, sonra isə rejissorluq fakültəsini bitirib. Oğlumun adını Səttar Bəhlulzadənin şərəfinə Səttar qoymuşam, o da rəssamlığı bitirib, amma rəssamlığı davam etdirmədi. Kiçik qızım da əvvəlcə Bülbül adına Musiqi Məktəbini, sonra isə rejissorluğu bitirib. Magistraturanı isə Kiprdə qurtarıb. Üç nəvəm var. Nəvələrimlə çox gözəl vaxt keçirirəm.

 

İradə SARIYEVA

 Bakı xəbər.- 2019.- 6 fevral.- S.13