Akademik
Yaqub Mahmudov haqqında bir neçə söz...
Azərbaycan
Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix
İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət
Mükafatı Laureatı, Milli Məclisin deputatı, görkəmli
alim, akademik Yaqub Mahmudov haqqında söz söyləmək
böyük məsuliyyət tələb edir. Ölkənin
ictimai-siyasi həyatında yaxından iştirak etməklə
yanaşı, ömrünü Azərbaycan təhsilinə və
elminə həsr edən Yaqub müəllim obyektivliyi, qərəzsizliyi,
prinsipiallığı və amalına görə
özünün dəst-xətti ilə seçilən və
məhz bu xarakterlərinə tələbələrin, magistrlərin,
doktorantların, tarixçilərin və onu tanıyan hər
bir şəxsin yaddaşında dərin izlər
buraxmış böyük bir şəxsiyyətdir. Yaqub
müəllim həm də Tarix elmində özünün məktəbini
yaratmış bir alimdir. Yaqub müəllim onlarla fəlsəfə
doktoru və elmlər doktoru yetişdirmişdir. Bu gün Tarix
elmimizin yükünü öz çiyinlərində
daşıyan alimlərin böyük əksəriyyəti məhz
Yaqub müəllimin yaratdığı məktəbin
münayəndələridir.
Yaqub
müəllimin əsərlərini hələ orta məktəb
illərində oxusam da, mənim Yaqub müəllimlə ilk
tanışlığım 20 il bundan əvvələ -
1999-cu ilə təsadüf edir. Mən 1999-cu ildə Bakı
Dövlət Universitetinin Tarix fakültəsinə qəbul
olunmuşdum. Bu zaman Tarix fakültəsinin dekanı Yaqub
Mahmudov idi. Tələbəlik illərindən Yaqub müəllimlə
bağlı bir çox xatirələrim yaddaşımda
qalmışdır. Onlardan biri haqqında bəhs etmək istəyirəm.
Belə ki, mən üçüncü kursda oxuyan zaman Şərqi
Avropa tarixindən imtahan verəndə müəllim mənə
“yaxşı” yazırdı, amma mən “əla” qiyməti istədiyimdən
bununla razılaşmadım, nəticə etibarilə müəllimlə
mənə “qeyri-kafi” yazması və kəsrdən sonra təkrar
imtahan verəcəyim haqqında razılaşdıq. Fikrim də
o idi ki, təkrar imtahan verəndə mütləq “əla”
qiyməti ala biləcəyəm. Nə isə, bu şəkildə
müəllimlə razılaşdım və imtahan
otağını tərk elədim. İmtahan bitdikdən sonra
müəllim imtahan vərəqi ilə dekanın yanına
girdikdə, Yaqub müəllim imtahan nəticələri ilə
tanış olur. Bu zaman mənim qiymətlərimin
hamısı “əla” olduğu halda bu imtahandan niyə
“qeyri-kafi” almağımla maraqlanır. Müəllim də
bildirir ki, Vasif Qafarova “yaxşı” qiyməti yazırdıq,
lakin o, “əla” qiyməti istəyirdi deyə bununla
razılaşmadı və kəsrdən sonra yenidən imtahan
verməsi üçün bizə təkidlə özünə
“qeyri-kafi” yazdırdı. Yaqub müəllim “belə tələbəyə
“əla” qiyməti halaldır” deyib, dərhal imtahan vərəqinin
dəyişdirilməsi və mənə “əla” qiymətinin
yazılması haqqında göstəriş vermişdi. Bu
hadisədən sonra Yaqub müəllim məni
gördüyü halda bu barədə mənə heç nə
deməmişdi. Bütün bunlardan xəbərsiz olan mən
tətildən qayıtdıqdan sonra kəsr
imtahanlarının verilməsi vaxtı dekanlıqda mənim
adıma göndərişin olmadığını
görüb bunun səbəbini soruşduqda, mənə “sənin
kəsrin yoxdur” dedilər. Necə olur, mən Şərqi
Avropa tarixindən “qeyri-kafi” almışam dedim. Mənə
imtahandan sonra Yaqub müəllim sənin niyə “qeyri-kafi”
aldığını bilib və dərhal həmin imtahan vərəqində
sənin qiymətini “əla” yazdırıb deyib, bütün
bu sadaladıqlarımı nəql etdilər. Bu Yaqub müəllimin
mənə böyük dəstəyi və jesti idi. Bundan
başqa, Yaqub müəllim özü bizdən Orta əsrlər
tarixi fənnindən imtahan götürəndə mənim
seminar qiymətlərimi nəzərə alıb məni
imtahandan azad edib, “əla” qiyməti yazmışdı. Bu
şəkildə Yaqub müəllim hər zaman oxuyan tələbələrin
yanında olur, onlara hər cür dəstək olur və
problemlərini həll edərdi. Yaqub müəllim sərt
göründüyü qədər də mülayim, ürəyiyumşaq
və xeyirxah bir dekan kimi yaddaşlarımızda
qalmışdır.
Biz
magistraturada oxuyan zaman, 2004-cü ildə Yaqub müəllim
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin
edildi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin
dekanı vəzifəsindən ayrıldı. Mən 2005-ci ildə
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin
magistratura pilləsini fərqlənmə ilə bitirib,
2006-cı ildə doktoranturaya daxil oldum, 2009-cu ildə
“Şimali Azərbaycan məsələsi Türkiyə-Rusiya
münasibətlərində (1917-1922-ci illər)” mövzusunda
dissertasiyanı müvəffəqiyyətlə müdafiə
edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə
layiq görüldüm. Bir neçə il Bakı Dövlət
Universitetində və Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə
məşğul oldum. 2013-cü ildə Yaqub müəllim məni
Akademiyaya dəvət etdi. 2011-ci ildə çapdan
çıxmış “Türkiyə-Rusiya münasibətlərində
Azərbaycan məsələsi (1917-1922)” adlı
kitabımı çox yüksək qiymətləndirən
Yaqub müəllim təkidlə məni elmi fəaliyyətlə
məşğul olmağa və doktorluq dissertasiyası
yazmağa dəvət etdi. Beləcə 2014-cü ildə
Tarix İnstitutunda elmlər doktorluğu hazırlığı
üzrə dissertanturaya qəbul olundum. Bundan sonrakı elmi fəaliyyətim
Yaqub müəllimin nəzarəti altında, onun elmi məsləhətçiliyi
ilə davam etdi. Məhz Yaqub müəllimin tövsiyəsi ilə
“Birinci dünya müharibəsi illərində Osmanlı
imperiyasının Azərbaycan siyasəti” mövzusunda
doktorluq dissertasiyası üzərində işləməyə
başladım. Dissertanturada oxuduğum zaman paralel olaraq həm
də Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə
məşğul olduğumdan dissertasiya işimi yazmağa
çox vaxt sərf edə bilmirdim. Elmi işimin ləngidiyini
görən Yaqub müəllim tövsiyə etdi ki, hələlik
pedaqoji fəaliyyətdən ayrıl, elmi işini bitir.
Çünki bu iş Tarix elmimiz üçün çox
böyük aktuallıq kəsb edir. Pedaqoji fəaliyyətlə
məşğul ola-ola bu işi yazıb bitirmək
mümkün olmayacaq. Mən də Yaqub müəllimin
tövsiyəsi üzrə hərəkət etdim, universitetdən
ayrıldım və bütün diqqətimi dissertasiya
işinə yönəltdim. Dissertasiyamı vaxtında bitirib
müzakirəyə təqdim etdim. Əslində belə demək
mümkünsə, Yaqub müəllim bu işi təkidlə
mənə yazdırdı. Məni hər gördüyündə
işin nə yerdə olduğunu soruşur və tezliklə
işi yazıb bitirməyimi tövsiyə edirdi. Həmçinin
elmi işimlə bağlı əsas arxiv sənədləri
Türkiyə arxivlərində olduğundan ezamiyyətə
getməli idim. Yaqub müəllim məni ehtiyac duyduğum
ezamiyyətələrə göndərdi. Dissertasiya işimi
yazıb başa çatdırmağım üçün nə
dəstək lazımdırsa, Yaqub müəllim bu dəstəklərin
hamısını mənə verdi. Bir sözlə, doktorluq
dissertasiyamı yazıb başa çatdırmağımda mənə
elmi məsləhətçilik etməklə, dəyərli
tövsiyələr verməklə, yol göstərməklə
yanaşı, həmçinin hərtərəfli dəstək
olan, diqqət və qayğı göstərən Yaqub müəllimə
borcluyam. Müşahidələrimdən gördüyüm
odur ki, Yaqub müəllim bu münasibəti təkcə mənə
qarşı deyil, elmi potensialı olan hər bir dissertanta,
doktoranta və alimə qarşı göstərir.
Ömrünü Azərbaycan tarix elminin inkişafına, cəmiyyətimizin
tərəqqisinə həsr edən Yaqub müəllim əsl
alim və əsl ziyalı kimi hamımıza örnəkdir.
Vətənini,
millətini, dövlətini sevən, görkəmli alim,
akademik Yaqub müəllimi 80 illik yubileyi münasibətilə
ürəkdən təbrik edirəm və ona möhkəm
cansağlığı, uzun ömür və həmişə
indiki kimi uca olmağı arzu edirəm.
Bakı
xəbər.- 2019.- 7 fevral.- S.14.