Teatr və islahat – konseptual baxış...

Respublikamızın bütün qurumlarında, o cümlədən Mədəniyyət Nazirliyi sistemində güclü kadr islahatları aparılır və gənclərə daha çox yer verilir. Bunun təqdirəlayiq və səmərəli olduğunu xüsusi vurğulamaq istəyirəm. Çünki gənclik yeniliyin nişanəsidir. Zənnimcə, bizlər də öz sahəmizdə, təcrübələrimizlə gənclərə əlimizdən gələni əsirgəməməliyik. Bütün sənətşünas dostları və mütəxəssisləri teatr sahəsində yeni islahatlar aparmaq üçün gənclərə dəstək göstərməyə, polemikalar, debatlar aparmağa, teatr sahəsinin öz iqtisadi bazasının yaradılması, güclənməsi  istiqamətində bilik və bacarıqlarını əsirgəməməyə çağırıram.

Məlumdur ki, bütün dövrlərdə incəsənətin dəyəri ən ali əyarlarla qiymətləndirilmişdir. Təsviri sənət və kino sənəti sahəsinin bugünkü mənzərəsi deyilənlərə əyani sübutdur. Nəzərə alsaq ki, dünyada öz rentabelliliyi ilə öncül olan kino industriyası teatr sənətinin ailə üzvüdür, o zaman heç bir şübhə qalmır  ki, iqtisadi potensialın artması kontekstində teatr sənəti də öz səmərəsini verə bilər. Unutmayaq ki, canlı, ecazkar, füsünkar, sirli-sehirli və gözəl qadın qədər cazibədar olan səhnənin tilsimi tamaşaçını ildırım eşqi ilə özünə bağlamaq və dərhal ovsunlamaq qüdrətinə malikdir. Və onu da unutmamaqda fayda var ki, bu sahəyə çəkilən əziyyət, xərc və zaman itkisi kino sahəsinə çəkilən xərc və zamandan yüz dəfələrcə azdır. Yetər ki, teatr sənətinin rentabelli olması üçün gərək olan mexanizmin qurulmasını biz teatr xadimləri birgə olaraq düşünüb ərsəyə gətirək!Gizli deyil ki, yaradıcılığın inkişafı mənəvi rahatlıq, maddiyyatla birbaşa bağlıdır. Mən müxtəlif yazılarımda teatr sənətinin yaranışından bəri həmişə binar nəzəriyyəsinə üsyan edən bir sənət növü olduğunu vurğulamışam, bu gün də həmin fikirdəyəm. Çünki bu sənət növü özünü daima rəngarəng çalarlarla zənginləşdirmişdir. Lakin təəssüflər olsun ki, sənət baxımından özünü zənginləşdirən bu sahənin, sənətin yaşam səbəblərini təmin edən iqtisadi dirçəlişi barədə düşünülməmişdir. Hətta sənətkarlar və nəzəriyyəçilər də biganə yanaşmışlar. Ona görə də sənət daima asılılıqda qalmışdır. Görünən budur ki, teatrların iqdisadi vəziyyətinin yaxşılaşdırılması üçün səmərəli reformalar aparmağın zamanı yetişmiş və vəziyyət bizi ciddi addımlar atmağa səsləyir. Fikrimcə qeyri-səlis məntiq nəzəriyyəsinin qanunlarının tələbləri ilə teatr sənətini yeni, daha praqmatik bir müstəviyə yüksəltməli, fəaliyyət mexanizmini iqtisadi cəhətdən yeni tələblər çərçivəsində qurmalı və dirçəltməliyık. Teatrlara dövlət dəstəyi göstərilməklə yanaşı, yaradıcılıq azadlığı verildiyi kimi, bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi inkişaf istiqamətində sərbəst mexanizm qurmağa da şərait yaradılmalıdır. Bunun üçün yeni idarəçilik sistemi qurulmalıdır. Teatrların əsasnaməsində köklü dəyişikliklər edilməli, həmin əsasnamədə teatrların kommersiya strukturlarının qurulmasına yer verilməlidir.

Yeni islahatın ictimaiyyət tərəfindən əxs olunması üçün əsasən insanların psixolojiyasına sirayət etmək lazımdır. Öncəliklə və mütləq öncəliklə biz yola bu nöqtədən çıxmalı, cəmiyyətin psixoloji arealına çox üzvi və harmonik şəkildə daxil olmalıyıq.Bilirik ki, bütün fokuslar sadə, lakin anlaşılmaz və aludəedicidir. Tamaşaçıların maraq dairəsində iqtisadi amilin öndə olduğunu bilən fokusçular insanlardan istədiklərini almaq üçün onların tələblərinə xidmət etdiyini göstərir və illüzion priyomlarla onları sehirləyir, nəticədə illüzionistlər tərəfindən həm tamaşaçılar üçün maraqlı vəziyyətlər yaranır, həm də oyunçu çox asan şəkildə öz məqsədinə çatır. Sonrakı mərhələdə isə fokusçular o qədər aludə və heyranedici fokuslarla insanın psixologiyasına təsir edirlər ki, insan maddi marağını mənəvi rahatlığına qurban verməyi üstün tutur.Belə ki, tamaşaçını iqtisadi maraqla həvəsləndirmək, salona daxil olduqdan sonra isə onu sənətin cazibəsi ilə ovsunlamaq yeganə doğru üsuldur. Bunun üçün çeşidli layihələr hazırlamaq və respublika miqyaslı geniş teatr təbliğatına başlamaq əsas şərtdir. Bu təbliğatın səmərəli olması üçün  ilk növbədə “Teatr” adlı televiziya kanalının yaranması labüddür. Həmin kanal vasitəsilə bütün layihələr geniş təbliğ olunmalı, itirmiş olduğumuz tamaşaçı kütləsinin psixologiyasına sirayət etmək üçün yararlanılmalıdır. Bu yolla, möcüzə axtaran insanları onların istəkləri ilə sehirləmək, səhnədə hansı hadisələrin baş verəcəyindən asılı olmayaraq, xüsusi təsiredici təbliğatın gücü ilə tamaşaçını öz arxanca aparmağa çalışmaq lazımdır. Bu zaman tamaşaçı həm öz iqtisadi marağına görə, həm də mənəvi zənginliyinə qovuşmaq üçün teatrların qapılarını çalmağa tələsəcək, tamaşanı seyr etdikcə onun iqtisadi marağını mənəvi zənginlik üstələyəcək və tamaşaçı teatr sənətinin yararlı cəhətlərini dərk etdikcə bu yolun daimi yolçusuna çevriləcəkdir.

İqtisadi dirçəliş və mütləq şəffaflıq, sağlam yaradıcı mühitin yaradılması, dinamik fəaliyyət, yüksək səviyyəli sənət nümunələrinin ərsəyə gətirilməsi, əməkdaşların maddi rifahının yaxşılaşdırılması, tamaşaçı kütləsinin teatr salonlarına axınının təmin olunması, xarici ölkələrdə və daxili məkanda Azərbaycan teatr sənətinə marağın artması, peşəkar sənətkarların yetişdirilməsi və ümumən yeni teatr atmosferinin geniş miqyas alması üçün yeni sistemə keçilməlidir.

Mədəniyyət Nazirliyinin nəzdində, İncəsənət Şöbəsinin kurasiyasında yeni idarəçilik sistemi, “Teatrların baş idarəsi” (ad şərtidir) təsis edilir. “Teatrların baş idarəsi” qurumuna “Baş prodüser” rəhbərlik edir. Baş prodüsser vəzifəsinə təyinatı Mədəniyyət Naziri verir. Bütün teatr qurumları bir başa “Teatrların baş idarəsi”nin qurumuna daxil edilir. “Teatrların baş idarəsi”ndə şəhər və bölgə teatrlarının hər birinə nəzarət üçün mütəxəssis ştatları ayrılır. Teatrların mühasibatlıq işləri “Teatrların baş idarəsi”nin mühasibatlığı tərəfindən aparılır. “Teatrların baş idarəsi”nin repertuar, quruluş sahəsi, marketinq və kommersiya qurumları sahələri üzrə nəzarət üçün mütəxəssis ştatları ayrılır. Teatr qurumlarında aşağıdakı qaydada idarəetmə strukturu qurulur.

Direktor, direktor müavinləri, baş inzibatçı, inzibatçı, baş mühasib də daxil olmaqla, mühasibatlıq üzrə bütün vəzifələr, baş rejissor, baş rəssam, rejissor ştatları ləğv edilir. Teatra prodüser rəhbərlik edir. Prodüser vəzifəsinə təyinatı Baş prodüser verir. Əməkhaqqılar “Teatrların baş idarəsi”nin mühasibatlığı tərəfindən əməkdaşların birbaşa maaş kartlarına köçürülür. Teatrlara əməkdaşların işə qəbulu, prodüserin yazılı rəyi, baş prodüserin onlayn təsdiqindən sonra əmək portalında qeydiyyata alınmaqla üç aylıq sınaq müddətinə və ya bir il müddətinə müqavilə və ya kontrakt vasitəsilə həyata keçirilir. Özünü doğrultmayan əməkdaşlarla bağlanmış müqavilə və kontraktlar birtərəfli qaydada ləğv olunur. Aktyorların müqavilə və kontraktları, tamaşalardakı məşğulluğuna əsasən uzadılır və ya birtərəfli qaydada ləğv olunur. Teatrlarda yaradılan Marketinq bölməsi teatrların reklam və kommersiya işlərini icra edir. Biletlərin yayımı mərkəzi kassalar vasitəsilə həyata keçirilir. Repertuar planı teatrların yaradıcılıq siyasətinin müəyyən etdiyi tələblərlə qurulur, prodüserin təklifinə əsasən “Teatrların baş idarəsi”nin təsdiqi ilə qəbul olunur. Repertuarda nəzərdə tutulan əsərlər əvvəlcədən “Teatrların baş idarəsi” ilə razılaşdırılmaqla rüblük və ya illik təsdiq oluna bilər. Növbədənkənar hazırlanacaq əsərlər prodüserin yazılı müraciəti və Baş prodüsserin təsdiqi ilə repertuara daxil olunur. Prodüserlərin həyata keçirmək istədiyi layihələr və digər bütün işlər üçün bağlanması nəzərdə tutulan müqavilə və kontraktlar prodüserlərin vizası olduqdan sonra onlayn xidmət üsulu ilə Baş prodüsser tərfindən imzalanır.

 

Tamaşaların texniki hazırlığına teatrların quruluş hissəsi üzrə mütəxəssislər rəhbərlik edir. Vəsaitlər nəzərdə tutulmuş smetaya əsasən, aidiyyəti istiqamət üzrə, “Teatrların baş idarəsi” tərəfindən bir başa əşyaların alındığı satış nöqtələrinə köçürmə yolu ilə həyata keçirilir. Biletlərdən əldə olunan gəlirlər hər bir teatrın adına olan kodlarla şifrələnməklə “Teatrların baş idarəsi”nin mühasibatlığına aid bank hesabına mədaxil olunur. Bilet satışından əldə olunan gəlirlərdən aktyor normalarının göstəricisinə uyğun olaraq maaşlara əlavələr verilir. Tamaşaların hazırlanması, prodüserlərin yazılı təklifinə uyğun olaraq, Baş prodüsserin bağladığı kontrakta əsasən yaradılan yaradıcı qrupla həyata keçirilir. Gələcəkdə tədricən aktyor ştatları ləğv olunur, aktyorlar hər tamaşaya uyğun olaraq kontraktla işə götürülür. Hər bir tamaşa üçün “Teatrların baş idarəsi” tərəfindən  gəlir normaları tətbiq edilir. Hazırlanan tamaşalar “Teatrların baş idarəsi”nin müəyyən etdiyi maliyə normasını yerinə yetirdikdən sonra, həmin tamaşaya tamaşaçı marağından asılı olaraq, prodüsserlərin yazılı rəyi vasitəsilə və “Teatrların baş idarəsi”nin təsdiqi ilə repertuarda saxlana və çıxarıla bilır.

 

Prodüserlər öz rəhbərlik etdikləri teatrların marketinq və kommersiya sisteminin zənginləşdirilməsinə, tamaşaların rentabelli olmasına birbaşa cavabdehdir. Xərcini ödəməyən tamaşalara xərclənən vəsait növbəti ilk tamaşanın təyin olunmuş normasından əlavə qazancı hesabına çıxarılmasa, həmin xərclər hissə-hissə prodüserlərin maaşından tutulur. Maaşlar Azərbaycan Respublikasının maliyyə-bölgü sisteminə uyğun olaraq Mədəniyyət Nazirliyinin təsdiq etdiyi “Teatrların baş idarəsi”nin ştat cədvəlinə görə müəyyən edilir. Maaşlara əlavələr əməkdaşların kateqoriyalarına uyğun olaraq, normaya əsasən müəyyənləşir, “Teatrların baş idarəsi”nin təsdiqi ilə verilir.

 

Teatrlar tamaşaçıları həvəsləndirmək məqsədilə mükafatlarla təmin olunmuş uduşlu biletlərin, teatrda çalışan aktyorların və teatrla əməkdaşlıq edən sənət xadimlərinin uduşlu  portret foto-şəkillərinin, buklet və təqvimlərinin, kitab və jurnalların satışını təşkil edir. Yaradıcı əməkdaşların hər birinə aid satışa buraxılan əşyalara görə həmin satışdan gələn gəlir hesabına həmin əməkdaşlara qonararlar verilir. Teatrların kommersiya gəlirləri hesabına teatrlarda çalışan sənətkarlarla bərabər digər sahələrdə çalışan əməkdaşlara da “Teatrların baş idarəsi” tərəfindən əvvəlcədən təsdiq olunmuş normaya əsasən əlavələr verilir.

 

“Teatr” televiziya kanalı vasitəsilə hər bir teatra ayrılmış vaxtda həmin teatrın tamaşası göstərilir, reklam və təbliğat işləri aparılır. “Səhnə və salon” adlı və bu kimi həvəsləndirici və teatra tamaşaçı cəlb edə bilən layihələr həyata keçirilir.

 

“Teatrların baş idarəsi” “Qızıl maska” mükafatını təsis edir. Mükafat seçilən teatr tamaşaçılarına da verilir. “Teatrların baş idarəsi” qanunla qadağan olunmayan bütün kommersiya və digər işləri həyata keçirir.

 

Teatr xadimlərinin və geniş ictimaiyyətin diqqətinə təqdim etdiyimiz bu islahat ətrafında polemikaların başlanması səmərəlidir.

 

İftixar PİRİYEV

Bakı xəbər.- 2019.- 14 fevral.- S.15