Gənc aşıqlar
arasında dastan bilgisizliyi hökm sürür...
Məhərrəm Qasımlı: “Artıq Mədəniyyət
Nazirliyində bu məsələlərə baxılıb və
“Dastan Teatrı”nın yaradılması ilə bağlı
işlər getməkdədir”
Aşıq Ramin Qarayev: “Dastan Teatrı”nın
yaradılması yaxşı olardı, bəlkə bu yolla
aşıqların repertuarındakı dastanlar gün
işığına çıxa bildi”
Aşıq Avdı Musayev:
“Dastançılıq ənənəsinin sıradan
çıxması klassik aşıq məktəbinin
davamçılarından biri kimi məni çox narahat edir”
Ənənəvi aşıq sənətinin
hazırkı durumu haqqında danışarkən
aşıqlığın bəzi gələnəklərinin
sıradan çıxmaq üzrə olduğunu müşahidə
edirik. Dastançılıq kimi. Aşığın
aşıq kimi yetkinliyini göstərən əsas amillərdən
biri olan dastançılığa hazırkı
aşıqların elə də maraq göstərməməsi
gizlin deyil. Əlbəttə, aşığın aşıq
kimi mükəmməlliyinin sübutu olan
dastançılığın bu günü ustadları,
aşıqsevərləri, alimləri ciddi narahat edir.
Onların narahatlığı
anlaşılandır. Lakin günümüzün elə
reallıqları var ki, onlar dastanların aşıqların
repertuarında yer almasına imkan vermir. Bir tərəfdən
narahat oluruq ki, aşıq sənətinin əsas
sütunlarından biri olan dastançılıq sıradan
çıxmaq təhlükəsi ilə üzləşib, o
biri tərəfdən isə dastançılığın
inkişafına, yenidən həyata qayıtmasına şərait
yaratmırıq. Müasir toylarda aşıqların
iştirakına sıx-sıx rast gəlinsə də, həmin
məclislərdə aşıqdan nə klassik saz havaları
tələb olunur, nə də dastan.
Heç şübhəsiz ki, dastanların
yaşadılması, təbliğ edilməsi istiqamətində
Azərbaycan Aşıqlar Birliyi, Mədəniyyət Nazirliyi
və AMEA-nın Folklor İnstitutu müəyyən tədbirlər
görür, layihələr həyata keçirirlər. Ancaq
bunlar, bütövlükdə, dastançılıq sənətini
ayağa qaldıra bilmir. Bunun üçün əvvəlcə
aşıqların özünün repertuarında dastanlar olmalıdır.
Özü də bir deyil, ən azı 10-15 dastan. Müasir
aşıqlar isə dastan öyrənməyə elə də
həvəs göstərmirlər. Bunun səbəblərindən
biri indiki aşıqların böyük əksəriyyətinin
ustad görməməsi, ustad aşığa şəyirdlik
etməməsidirsə, digər səbəb dinləyicilərin
dastanlara tələbatının kəskin surətdə
azalmasıdır. Əvvəllər Azərbaycan
Televiziyasında “Dastan axşamı” keçirilərdi və
ustad aşıqlar bu gecədə müxtəlif dastanlar
danışardılar. Bunun özəlliklərindən biri o
idi ki, ustadlar dastan danışarkən onların şəyirdləri
də onlarla birgə səhnədə olardılar. Ustad dastan
danışar, şəyird isə dastanı əsasən
oxuyardı. Artıq bu özəllik, demək olar, sıradan
çıxıb. Ustad aşıqların çoxunun
dünyasını dəyişməsi orta nəsil
aşıqların dastan yaradıcılığına
meylinin azalmasına, gənclərin isə əsasən bu sahəyə
maraq göstərməməsinə gətirib
çıxardı.
Azərbaycan Aşıqlar
Birliyinin sədri, professor Məhərrəm Qasımlı
“Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Azərbaycan dövlətinin aşıq sənətinə
göstərdiyi qayğı və diqqət nəticəsində
aşıq sənətinin təhlükə altında olan gələnəkləri
artıq yenidən həyata qayıtmaq üzrədir.
M.Qasımlının sözlərinə görə,
dastançılığın inkişaf etdirilməsi
üçün Aşıqlar Birliyi və Mədəniyyət
Nazirliyi tərəfindən layihə və proqramlar
hazırlanır. O vurğuladı ki, hazırda
dastançılığın yenidən aşıqların
repertuarına qaytarılması üçün tədbirlər
görülür. Artıq Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin aşıq sənəti
kafedrasında təhsil alan aşıqlara
dastançılıq da tədris olunur. Onun sözlərinə
görə, əvvəllər aşıq tələbələrə
dastançılıq yuxarı kurslarda öyrədilirdisə,
indi aşağı kurslardan başlanaraq mənimsədilir. O
qeyd etdi ki, hazırda “Dastan Teatrı”nın yaradılması
gündəmdədir. M.Qasımlının sözlərinə
görə, artıq bu istiqamətdə işlər həyata
keçirilir. Professor hesab edir ki, nəinki gənclər, hətta
orta nəsil aşıqları da dastanlarımızı
öyrənməlidirlər. Bəzi orta nəsil
aşıqların da bu sahədə axsadığını
vurğulayan Birlik sədrinin fikrincə, hələ bir
neçə ustad aşıq həyatdadır və
aşıqlar onların dastan yükündən bəhrələnməlidirlər.
“Dastan Teatrı”nın funksiyasına gəlincə,
M.Qasımlının dediyinə görə, bu teatrda dastanlar
aşıqların və aktyorların iştirakı ilə səhnələşdiriləcək.
Bunun müasir dövrdə dastançılığın təbliğində
vacib olduğunu düşünən M.Qasımlının qənaətinə
görə, bununla həm dastanlara qayıdış olacaq, həm
də tamaşaçılar arasında dastana qulaq asmaq ənənəsi
formalaşacaq. O deyir ki, dastanların təqdimat
formasının yenilənməsi tamaşaçılarda
dastana marağın artmasına səbəb olacaq. Bu gün
toylarda dastanlara meydan verilmədiyini deyən professor
Qasımlının sözlərinə görə, uzun
müddət dastançılığın gözləmə
mövqeyində dayanması bu amillə də sıx
bağlıdır. “Müasir aşıqların dastan bilməsi,
ustadlardan miras qalan və aşıqlıq mədəniyyətinin
özəyini təşkil edən bir sahənin
inkişafı, yenidən gündəmə gəlməsi, həyata
qayıtması vacibdir. Bu məsələ bizi uzun illərdir
düşündürür. Məlumdur ki, zamanla
dastançılıq ənənəsi öz
aktuallığını itirdi və məclislərdən kənara
düşdü. Bu, əsasən, insanların vaxt
azlığı ilə bağlı məsələ kimi
xarakterizə olunurdu. Bilirsiniz ki, toylarda hazırda dastan
söylədən, aşıqdan dastan tələb edən
insanlar yoxdur. Bu da vaxt azlığı ilə bağlıdr.
Bilirsiniz ki, Azərbaycan Aşıqlarının VI
Qurultayında dastançılıq ənənəsinin yenidən
bərpa olunması məsələsini qaldırdıq. Artıq
Mədəniyyət Nazirliyində bu məsələlərə
baxılıb və “Dastan Teatrı”nın yaradılması ilə
bağlı işlər getməkdədir. Yaxın zamanda
“Dastan Teatrı” yaradılacaq və tamaşalar göstərilməyə
başlayacaq. Ancaq bu yolla dastançılığı geri
döndürmək olar. Teatra isə hər
yoldan ötən aşığı cəlb etməyəcəyik.
İstedadlı aşıqlar, ustad sənətkarlar teatra cəlb
olunacaq” - deyə M.Qasımlı qeyd etdi.Borçalı
aşıq mühitinin təmsilçisi aşıq Ramin
Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün gənc
aşıqlar arasında dastan bilənlər az da olsa
var, lakin o dastanları tamaşaçılara
çatdırmaq üçün şərait yoxdur.
Repertuarında klassik dastanlardan “Məsim və Diləfrüz”,
“Aşıq Qərib və Şahsənəm”, “Əsli və
Kərəm”, son dövrlər yaranan dastanlardan isə “Əsmər
və Mustafa”, “Məftun və Leyli” kimi dastanlar var.
“Koroğlu” dastanının bir neçə qolunu da bildiyini
deyən aşıq Raminin sözlərinə görə, bəzi
məclislərdə bu dastanlardan parçalar
danışır. “Siz çox vacib və həssas bir məsələyə
toxunmusunuz. Bu gün həqiqətən də toylarda, məclislərdə,
efirlərdə dastanlarımıza maraq yoxdur. Mən
özüm bir neçə dastan bilirəm, ancaq bu
dastanları danışmaq üçün şərait
yoxdur. Toylarda, məclislərdə imkan yaradılmır ki,
bildiyimiz dastanları qonaqlara çatdıraq. Bakıdan fərqli
olaraq, Borçalı məclislərində dastana tələbat
hələ də qalıb. Elə məclis olur ki, orada məndən
yalnız dastan istəyirlər, mən də böyük məmnuniyyətlə
bildiyim dastanlardan danışıram. Aşığa dastan
danışmaq üçün şərait
yaradılmalıdır ki, o öz bildiyi dastanları
çatdırsın” - deyə aşıq Ramin bildirdi.
O, “Dastan Teatrı”nın yaradılmasından
gözləntilərinin olduğunu da dedi. Aşıq Ramin
deyir ki, bu teatr yaradılarsa və aşıqlar orada dastanlar
danışarsa, bu çox müsbət olar.
“Tamaşaçı və dinləyiciləri dastanlara qaytarmaq
lazımdır. Düzdür, bugünkü
tamaşaçı kütləsini 4-5 saatlıq dastan
danışmaqla əldə saxlamaq çətindir. Lakin
dastanların yaşaması üçün
tamaşaçılarda dastanlara sevgi yaratmalıyıq. “Dastan
Teatrı”nın yaradılması barədə
danışırlar. Bu teatr yaradıldıqdan sonra biz nəticə
haqqında danışa bilərik. Bütövlükdə
isə “Dastan Teatrı”nın yaradılması yaxşı
olardı, bəlkə bu yolla aşıqların
repertuarındakı dastanlar gün işığına
çıxa bildi” - deyə aşıq Ramin bildirdi.Qazax
aşıq mühitinin təmsilçisi aşıq Avdı
Musayev də həmkarı kimi hesab edir ki, bu gün
dastançılığa tələbat
aşağı səviyyədədir. O qeyd etdi ki,
dastanların yenidən gündəmə qaytarılması bizə
hava-su kimi lazımdır. “Biz dastanlara qayıtmalıyıq.
Ancaq necə? Müasir aşığın dastan bilməsi
şərtdirsə, onun tamaşaçılara
çatdırılması yolları da əsas şərtdir.
Mən özüm də, bəzi həmkarlarım da dastanlar
bilirik. Ancaq heç bir toyda bizə “aşıq, bir filan
dastanı danış” demirlər. Yəni dastan
danışmağımızı bizdən tələb edən
yoxdur. Bu da, istər-istəməz, dastan bilən
aşıqları da həvəsdən salır.Bu gün
heç bir toyda aşıq dastan danışmır.
Çünki tələbat yoxdur. Efirdə də dastan
söyləmək üçün şərait yoxdur. Dastançılığın zəifləməsi
aşıq sənətinə, sözün həqiqi mənasında,
zərbə oldu. Əvvəllər dastan bilməyən
aşıqlar barmaqla sayılırdı, bəlkə heç
yox idi, ancaq bu gün dastan bilən aşıqlar barmaqla
sayılır. Bu da ondan irəli gəlir ki,
aşıqların dastan danışması üçün
şərait yoxdur. Bu gün bəzi xüsusi təşkil
olunan aşıq məclislərində kimlərsə bizə
dastan danışdırır. Bu da ayda-ildə bir dəfə
olur. Əgər aşıqdan dastan istəsələr,
aşıq özünə məsuliyyətlə yanaşar,
biliyini təkmilləşdirər, bilmədiklərini
ustadlardan öyrənər. Dastançılıq ənənəsinin
sıradan çıxması klassik aşıq məktəbinin
davamçılarından biri kimi məni çox narahat edir.
Hesab edirəm ki, dastançılığın sıradan
çıxmaması üçün tədbirlər
görülməlidir. Çoxları hesab edir ki,
dastançılığın sıradan çıxması
təbii prosesdir, dastan yaradıcılığı
texnologiyaya uduzub. Bilirsiniz, elə etməliyik ki, uduzmasın.
Bütün hallarda, dastanlar yaşadılmalıdır.
İndi “Dastan Tearı” ideyası meydana gəlib. Sözün
düzü, hələ bu teatr mövcud olmadığı
üçün onun haqqında bir fikir söyləyə bilmərəm.
Bircə onu deyə bilərəm ki, dastanlarımıza yenidən
nəfəs verilməlidir və biz aşıqlar da bu işdə
əlimizdən gələn köməyi əsirgəməməliyik”
- deyə aşıq Avdı bildirdi.
İradə SARIYEVA
Bakı
xəbər.- 2019.- 19 fevral.- S.15