Onu gənc alimlərin dostu da
adlandırırlar – Əlizadə Akif Ağa Mehdi oğlu...
Fevralın 25-də tanınmış geoloq alim, elm təşkilatçısı
və ictimai xadim, AMEA-nın prezidenti akademik Akif Ağa Mehdi oğlu Əlizadənin anadan olmasının 85 illiyi tamam
olur.
Əlizadə Akif Ağa Mehdi oğlu 1934-cü
ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1956-cı ildə Azərbaycan Sənaye
İnstitutunu (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
A.Əlizadə 1961-ci ildə geologiya-mineralogiya
üzrə elmlər namizədi
və 1969-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini
almışdır. Geologiya elmi sahəsində
geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri
biliklərlə zənginləşdirən Akif Əlizadə
1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə
isə həqiqi üzvü seçilib. Əmək fəaliyyətinə
“Suraxanıneft“ mədənində quyuların tədqiqi
üzrə texnik vəzifəsindən başlamışdır.
1970-1976-cı illərdə Geologiya İnstitutunun elmi işlər
üzrə direktor müavini, 1976-cı ildən indiyə kimi
Geologiya İnstitutunun direktoru vəzifəsində işləyir. O, 1990-2007-ci illər AMEA-nın YEB-in
akademik-katibi, 2007-2013-cü illər AMEA-nın vitse-prezidenti
olmuşdur. Professor
A.Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə
seçilmişdir.Akademik Akif Əlizadənin elmi maraq dairəsi
təbaşirin paleontologiya və stratiqrafiyası məsələləriini
əhatə edir. Alim ilk dəfə olaraq,
təbaşir dövründə Aralıq dənizi hövzələrində
fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərini
müəyyən etmiş və paleocoğrafi taksonları
ayrmışdır. A.Əlizadənin təbaşir
dövrü belemnitlərin öyrənilməsi sahəsində
apardığı tədqiqatları elm dünyası yüksək
qiymətləndirərək müəyyənləşdirdiyi
belemnoidlərin yeni aliləsini 1984-cü ildə “Akifibelidi”
adlandırmışdır. Ak.A. Əlizadənin
adı Rusiya və keçmiş Sovet İttifaqının digər
respublikalarının elmi ictimayyətinə də çox
yaxşı tanışdır. O, Ümumittifaq
Paleonotologiya Cəmiyyətinin (ÜPC) həqiqi
üzvü, SSRİ İdarələrarası
Stratiqrafiya Komitəsinin (İSK) üzvü, Qafqaz Regional
İdarələrarası Stratiqrafiya Komissiyasının
(QafRİSK) sədri, Biosfer Problemləri üzrə SSRİ EA
Elmi Şurasının üzvü olmuşdur. Alimin
mərkəzi elmi nəşrlərdə çap etdirdiyi
orijinal tədqiqatlarının nəticələri yüksək
dəyərləndirilmiş, ÜPC-nin, İSK-nin
sessiyalarında, bir çox beynəlxalq konfranslarda, seminar və
simpoziumlarda ölkəmizi ləyaqətlə təmsil
etmişdir. Akademik Akif Əlizadənin
apardığı tədqiqatlar, ali məktəblər
üçün baza dərsliyi kimi məşhur olan
“Paleontologiyanın əsasları” (M., “Nedra”, 1990) kitabında
da qeyd olunmuşdur. Bu kitabda daxiliqabıqlı
başıayaqlılar qazıntılarının öyrənilməsində
A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, Ak.A.Əlizadənin
də böyük xidmətlərinin olduğu xususi olaraq
göstərilmişdir.
A.Əlizadənin elmi təşkilatçılıq fəaliyyətini iki dövrə ayırmaq olar. Birinci dövr onun Geologiya və
Geofizika institutuna
AEA Yer Elmləri Bölməsinə rəhbərliyi
ilə, ikincisi isə Azərbaycan Milli Elmlər
Akademiyasının Prezidentliyi ilə bağlıdır.
Təşkilatçılığın Birinci
dövrü.
Akademik Akif Əlizadənin Geologiya və Geofizika İnstitutuna
rəhbərliyi dövründə
institutun kollektivi geologiya elminin inkişafına, Azərbaycan
ərazisinin geoloji quruluşunun öyrənilməsinə,
neftli-qazlı əyalətlərin elmi əsaslandırılmasına
və kəşfinə, neft-qaz ehtiyatının regional qiymətləndirilməsinə,
respublikamızın mineral-xammal bazasının
yaradılmasına, Yer qatlarında baş verən fiziki və
təhlükəli geoloji proseslərin öyrənilməsinə
mühüm töhfələr vermişdir. Azərbaycan
1991-ci ildə müstəqillik qazandıqdan sonra beynəlxalq
elmi əlaqələrin əhəmiyyətli dərəcədə
genişlənməsi və yeni texnologiyalardan istifadə olunma
imkanın yaranması ilə fundamental tədqiqatlarda yeni
dövr başlamış və institut dünya geoloji elminə
sürətli inteqrasiya etmişdir. Bu proses 1994-cü ildə
imzalanmış “Əsrin Müqaviləsi” ilə daha da
intensiv şəkil almışdır. Dünyanın
nəhəng neft şirkətləri ilə müştərək
tədqiqatların aparılması, bu şirkətlərin
elmi mərkəzlərinə səfərlər beynəlxalq əməkdaşlığın
xarakterini və inkişaf tempini köklü sürətdə
dəyişdirdi. “British Petroleum-Statoil”,
“Exxon”, “Shell”, “Amoko”, “Mobil”. “Yunokal”, “Texaco”, “Philips”,
“Total”, “Elf”, “Aqip” kimi nəhəng beynəlxalq neft şirkətləri
ilə uzunmüddətli birgə işləri beynəlxalq
elmi məkana sıçrayış adlandırmaq olar. Məhz
bu dövrdə elmi tədqiqatlarla yanaşı Qərb cəmiyyətinin
Azərbaycanın elmi, mədəniyyəti və təbii
ehtiyatları ilə tanış edilməsi
üzrə səy göstərildi. Bununla əlaqədar olaraq
Geologiya və Geofizika İnstitutu və dünya şöhrətli
“Britaniyanın təbiət tarixi muzeyi” ilə birgə BP
şirkətinin sponsorluğu ilə təşkil olunmuş
“Müqəddəs odlar ölkəsi” adlı sərginin əhəmiyyətini
qiymətləndirməmək olmaz. Eksponatları Azərbaycan
təbiəti, tarixi, mədəniyyəti və elmindən bəhs
edən bu sərgiyə 2 il müddətində
bütün dünyadan yüz minlərlə insan gəlmişdir.
Qərb şirkətləri ilə aparılan birgə işlər
Qərb universitetləri ilə müştərək tədris
proqramlarının inkişafına da təkan vermişdir.1998-ci
ildən etibarən Geologiya və Geofizika İnstitutu “Soros”,
“İntas”, NATO”, “CRDF”, Ukrayna Elm Fondu UNTS, ABŞ Elm Fondu NSF və
başqa tanınmış fondların qrant layihələrində
iştirak etmişdir. Geologiya və Geofizika
İnstitutunun gələcək inkişafı ən yeni
fundamental və texnoloji nailiyyətlərin tətbiqinə əsaslanmışdır.
İnstitutun eksperimental bazası yeni geofiziki
aparatura, rəqəmli telemetrik seysmik stansiyalar, presezion
qravimetrlər, yüksək dəqiqliyi ilə seçilən
GPS və digər geodezik cihazlarla yeniləşmişdir.
Tanınmış BSİ-in spectorate
(Böyük Britaniya) analitik firması ilə
bağlanmış müqavilə əsasında İnstitutda
qaz, neft və onların emal məhsullarının analizi ilə
məşğul olan müasir geokimyəvi laboratoriya fəaliyyət
göstərir.
Nazirlər
Kabinetinin qərarı ilə AMEA Geologiya və Geofizika
İnstitutunda müvafiq təşkilatların (AMEA, Fövqəladə
Hallar, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə
nazirlikləri) iştirakı ilə Azərbaycanda əhalinin
radon təhlükəsizliyi probleminin milli strategiyası
hazırlanmış və yerinə yetirilmişdir.
Akademik A.Əlizadənin təşəbbüsü,
müəllifliyi və redaktorlğu ilə Geologiya və
Geofizika İnstitutunda dünya geologiya elmini zənginləşdirən
monoqrafiya və xəritələr hazırlanmış və
nəşr edilmişdir. Belə ki, rus dilində "Qeologiya Azerbaydjana"
çoxcildliyi, üç cildli “Azərbaycanın
Geologiyası”, Avropanın məşhur “Springer” nəşriyyatında
çap edilən iki cildli “Geosciences of Azerbaijan”, Moskva “Nedra” nəsriyyatında
çap edilən iki cildli “Produktivnaya tolha Azerbaydjana”
monoqrafiyaları, azərbaycan, ingilis və rus dillərində
nəşr edilmiş “Dünyanın palçıq
vulkanları atlası”, rus dilində “Elm” nəşriyyatında
çap edilmiş “Atlas rudnıx mestorojdeniy Azerbaydjana”, azərbaycanca
və rusca “Azərbaycan mineralları” kimi əsərlər
elm aləminə təqdim edilmişdir. O, “Stratigraphy and
sedimentology of oil-gas basins” adlı beynəlxalq elmi jurnalın təsisçisi
və baş redaktorudur.Keçən əsrin 90-cı illərinin
əvvəlində “keçmiş sovetin lazımsız
qalığı olan Akademiyanı bağlamaq”
çağırışlarının tez-rez səsləndiyi
bir vaxtda Akif Əlizadə, qəti olaraq bu elm məbədini
müdafiə etmək üçün ayağa qalxanların
sırasında dayanmışdır. Dünya elminin inkişaf
tendensiyasına əsaslanaraq o, başqalarını da
inandırmağa çalışırdı: “Akademiyanı
bağlamaq yox, onu tədricən təkamül yolu ilə -
fundamental elmi tədqiqatlar (FET) sistemini təşkil etmək,
bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşdırmaqla dəyişdirmək lazımdır”.
Bu fikir onun təşəbbüsü və fəal
iştirakı ilə işlənib hazırlanmış Azərbaycan
Respublikasında FET-nin təşkilinin ilk milli konsepsiyası
layihəsində aydın şəkildə
ifadəsini tapmış (“Elm” qəzeti, ¹ 11, 1992) və
konsepsiyanın əsas aspektləri, o cümlədən elmi tədqiqatların
maliyyələşdirilməsinin forma və müxanizmləri,
elmi işçilərin sosial medafiə sistemi, elmi nailiyyətlərin
tətbiqi və beynəlxalq elmi əməkdaşlıq
müzakirə olunmuşdur. Onu da qeyd etmək
maraqlıdır ki, alimin bir çox təklifləri, o
cümlədən “Azərbaycana hansı Akademiya
lazımdır?” (“Bakinskiy raboçiy» qəzeti, ¹ 48,
2001) başlıqlı çox qiymətli məqaləsində
söylədikləri sonralar ölkə elmi üçün
konseptual mahiyyət daşıyan sənəddə - “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı”nda (Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 4 may tarixli, 255 nömrəli Sərəncamı
ilə təsdiq edilmişdir) bu və ya digər formada öz əksini
tapmışdır.
İkinci Dövr. Akademik Akif Əlizadənin AMEA-nın
prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr
islahatları, struktur dəyişikliklər və gənc elmi
potensialın yenidən dəyərləndirilməsini
özündə ehtiva edən islahatlarla müşahidə
olunan yeni yüksəliş mərhələsinə qədəm
qoyub. Bu istiqamətdə atılmış
ilk addımlardan biri 19 dekabr 2014-cü ildə ölkəmizin
tarixində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər
Akademiyasında Azərbaycan Respublikası Rabitə və
Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı
ilə Azərbaycan alimlərinin I Qurultayının
keçirilməsi olmuşdur.
Bu Qurultay müxtəlif sektorlarda
çalışan alim və tədqiqatçılar, o
cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı
alimlər arasında qarşılıqlı münasibətləri
inkişaf etdirmək və ümummilli əhəmiyyətə
malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə
etmək baxımından böyük əhəmiyyət
daşıyır.
Prezidentin
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək
Texnologiyalar Parkının yaradılması haqqında 8 noyabr
2016-cı il tarixli sərəncamı da bu
dövr üçün əlamətdar hadisədir.
Akademik A.Əlizadənin təşəbbüsü ilə
AMEA-da Magistraturanın yaradılması respublikada elmin prioritet
istiqamətlərində gənc alimlərin yetişdirilməsində
atılmış mühüm addımlardan biri olmuşdur. Akademiyada gənclərin
dünya elminə inteqrasiyası sahəsində və onların
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində bir sıra mühüm işlər
görülüb. Son illər AMEA-nın
100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə
ezam olunmuşdur.
AMEA-nın,
Təhsil və Gənclər və İdman nazirliklərinin
birgə təşkilatçılığı ilə Azərbaycanın
gənc alimlərinin birinci qurultayının keçirilməsi
mühüm tədbirlərdən biri olmuşdur. Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq
edilməsi haqqında” Sərəncamına əsasən təşkil
olunan qurultayda gənc alim və mütəxəssislərin
problemləri və gələcək perspektiv inkişaf istiqamətləri
ilə bağlı geniş müzakirələr
aparılıb və bəyannamə qəbul olunub. AMEA-nın
Gənc Alim və Mütəxəssislər Şurasının gənc tədqiqatçıların
apardığı elmi-tədqiqat işlərinin nəticələrinin
nəşri və geniş elmi ictimaiyyətə
çatdırılması ilə əlaqədar “Gənc Tədqiqatçı” adlı elmi jurnalının Azərbaycan və İngilis dillərində
nəşrə başlaması da Akif müəllimin
prezidendliyi dövründə baş tutub. Onun fəaliyyətində
himayədarlıq və qayğıkeşlik mühüm yer
tutur. A.Əlizadə öz təmkinli
davranışı, ilk baxışda inandırıcı
görünməyən ideyalara diqqətli münasibəti ilə
gənc alimləri özünə cəlb etməyi
bacarır. Bu səbəbdən onu “gənc
alimlərin dostu” hesab edirlər.
Akademik Akif Əlizadənin AMEA-na rəhbərliyi
dövründə Azərbaycan elminin dünya elminə
inteqrasiyası sürətlənmiş, akademiya alimlərinin
nüfuzlu impakt faktorlu jurnallarda çap etdirdikləri məqalələrin
sayı artmış və AMEA-nın çox sayda elmi nəşrləri
SCOPUS referat bazasına daxil edilmışdir.
İctimai
fəaliyyəti...
Ölkənin
siyasi həyatında da yaxından iştirak edən akademik
Akif Əlizadə Yeni Azərbaycan Partiyasının 7 iyun
2013-cü il tarixində keçirilən V
qurultayinda YAP-ın sədr müavini seçilib. Akademik Akif
Əlizadə Respublika Ağsaqqallar Şurası Məclisinin
üzvü, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti
sədrinin müavini və "Azərbaycan
Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti sədrinin
müavinidir.
O, Azərbaycan
Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının, Azərbaycan Elmində
İslahataparma üzrə Dövlət Komissiyasının, Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunun Himayədarlar Şurasının və AR Dövlət
Neft Şirkətinin Elm Fondunun üzvüdür.
Akademik
Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati,
ictimai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti
tərəfindən
yüksək qiymətləndirilib. O, “Fədakar əməyə
görə” yubiley medalı; “Şərəf nişanı”,
“Şöhrət”, “Şərəf”,
“İstiqlal” ordenləri ilə təltif olunub. Akademik
Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının
xarici üzvü və bir çox universitetlərin, o cümlədən
təhsil aldığı Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin fəxri professorudur.
Akif Əlizadə ölkənin ictimai həyatında bu
gün də aktiv iştirak edir. Akademik AMEA-nın
2030-cu ilə qədər inkişaf proqramını
hazırlanması işinə rəhbərliyi ilə Azərbaycan
elminə yeni böyük töhfə vermişdir.
Doğma vətəninə və Azərbaycan elminin
inkişafına öz bilik və bacarığını daha
çox sərf etmək arzusu Akif Əlizadənin çox
şaxəli fəaliyyətinin bu gündə əsas məqsədidir.
Görkəmli
elm xadimi və böyük elm təşkilatçısı,
AMEA-nın prezidenti, akademik Akif Əlizadəni yubileyi
münasibətilə təbrik edir, möhkəm
cansağlığı, həyat və fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq.
Fəxrəddin
QƏDİROV
AMEA Yer Elmləri
Bölməsinin akademik katibi, akademik
Bakı xəbər.-2019.- 20 fevral.- S.10