Xocalıda tamam məhv edilmiş 8 ailə ədəbi sənət əsərinin real obrazı kimi…
“Poeziyamızda
Xocalı soyqırımının
bütün təfərrüatları
bədii dildə əks olunsa da, nəsrdə biz bunu görə
bilmirik”
Vaqif Yusifli: “Xocalı
ilə bağlı çoxlu şeir, poema, publisistik məqalə, əsərlər
yazılıb”
Ədəbiyyat,
xüsusən də nəsr mənəvi-ideoloji
məsələlərin təbliğində
hər zaman hərəkətverici qüvvə
rolunu oynayıb. Bu mənada, müasir ədəbiyyatın
üzərinə olduqca
böyük missiya düşür. Ədəbiyyat
xalqın faciələrini,
eləcə də şanlı qəhrəmanlıq
tarixini əks etdirməlidir. Lakin təəssüf ki, müasir Azərbaycan ədəbiyyatı, xüsusən
də milli nəsrimiz hələ də bu missiyanı
lazımi səviyyədə
yerinə yetirə bilmir.
Elə götürək XX əsrin ən dəhşətli soyqırım
cinayətlərindən biri
olan Xocalı soyqırımını. Bizim
nəsrdə Xocalı
soyqırımının dəhşətləri
ilə bağlı əsərlər ya yoxdur, ya da
yazlan əsərlərin
qəhrəmanları real
tarixi prototiplər deyil, yazıçı
təxayülünün yaratdığı
obrazlardır. Ermənilərin
Xocalıda törətdiyi
soyqırım aktı
nəticəsində 8 ailə
tamamilə məhv edilib, neçə-neçə
ailə başsız qalıb. Bu faktın özü ədəbiyyat üçün
olduqca böyük material verir. Ancaq indiyə kimi heç bir nasirimiz bu ailələrdən
birinin faciəsini əsərində canlandırmayıb.Filologiya
elmləri doktoru, tanınmış ədəbiyyatşünas
Vaqif Yusifli “Bakı-Xəbər”ə bildirdi
ki, XX əsrdə baş verən və xeyli insan
ölümünə səbəb
olan, kütləvi qırğınlarla tən
tutulan Xocalı faciəsi millətimizin qurumayan göz yaşıdır.V.Yusifli qeyd
etdi ki, poeziyamızda Xocalı soyqırımının bütün
təfərrüatları bədii
dildə əks olunsa da, nəsrdə
biz bunu görə bilmirik. O vurğuladı ki, mərhum Xalq şairi Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması Xocalı soyqırımı
haqqında yazılan yüksək səviyyəli
poetik nümunədir.
“Bu poemanın əsasında belə bir əhvalat durur. Xocalı faciəsinin 13-cü ildönümü
ilə əlaqədar
yas mərasimi-şəhidləri
anma günü keçirilirdi. Hər çıxışda bir
üsyan, hər ürəkdə bir tufan, hər baxışda bir leysan var idi.
Dərdini dilə gətirənlərə bir-bir
söz verilirdi. 21 yaşlı Xocalı qızı Xəzangülə
də söz verdilər. Ermənilər onun 36 yaşlı
anası Rəna xanımı, 5 yaşlı
bacısı Yeganəni
Əsgəran meşəsində
güllə ilə dəlik-deşik etmişdilər.
38 yaşlı atası
Təvəkkülü 8 yaşlı
Xəzangülün, körpə
qızcığazın gözləri
baxa-baxa, diri-diri ağaca sarıyıb
yandırmışdılar. Təvəkkülün günahı ondan
ibarət olmuşdu ki, ermənilər “Qarabağ erməni torpağıdır” sözünü
ona dedirdə bilməmişdilər.Zəlimxan poemaya elə bu dərdin poetik izharı ilə başlayır, daha doğrusu, Xocalı faciəsini poeziyanın ağrısına,
kədərinə çevirir:
O gün qan
üstündə açıldı
səhər,
O gün Xocalıda
yer qırmızıydı.
Qırmızı-qırmızı
üzümə durdu,
İblis görkəmində
şər qırmızıydı.
Doğrandı dayağı, kəsildi soyu,
Qan oldu
bayramı, yas oldu toyu.
Qarı ağ
görmüşdük ömrümüz
boyu,
O gün Xocalıda
qar qırmızıydı.
Beləcə, Xocalıdan gələn qızın qəmli, faciəli hekayəti başlanır və poemanın sonuna qədər biz bu qəmli hekayətin
təsirilə yaşayırıq.
Ancaq poema təkcə “o qızın göz yaşları” ilə məhdudlaşmır, bir qızın dərdi timsalında illərdir həlli düyünə çevrilmiş Qarabağımızdan,
torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından,
sabaha inamından da söz açır.
Bundan başqa,
istedadlı şairimiz
Ələmdar Quluzadənin
Xocalıya həsr edilən şeiri, poeması da dəyərli poetik nümunələrdir. Ə.Quluzadə
müasir poeziyamızda
Qarabağ mövzusunda
ən çox əsər yazan müəlliflərdən biridir,
deyərdim ki, hətta birincisidir. Onun “Qadan mənə, Qarabağ” kitabı (2006) ilk misrasından son misrasına qədər Qarabağ ağrısına həsr
edilib. Çoxlu sayda şeirilə yanaşı, Ələmdarın
“Qarabağ oyunu”, “Şəhid şəhər”,
“Alay komandiri”, “İlmələrin dastanı”,
“Şəhid bacısı”
poemaları və “Pənah evi” mənzum faciəsi də bu ağrıya
həsr edilib. İstəyirəm onun Xocalıya həsr etdiyi “Şəhid şəhər”
poeması haqqında qısaca söz açım. Təxminən
1500 misraya yaxın olan “Şəhid şəhər” poemasında
müəllif lirik-publisistik
bir tərzdə Qarabağda baş verən hadisələri bütün təfərrüatı
ilə poetik təhkiyənin əsasına
çevirir. O, Xocalı
faciəsinin yaranması
səbəblərini açıqlayır,
kimlərin günahkar
olduğunu nişan verir. Ə.Quluzadə bütün bu hadisələrin canlı şahidi olub, o, Xocalıda doğulub, uzun müddət DQMV Radio Verilişləri Komitəsinin Azərbaycan verilişləri redaksiyasında
müxbir işləyib.
Hərdən məlum
Xocalı kadrları televiziyada göstərilir,
nurani bir qocanın düşmən
gülləsindən torpağı
qucaqladığının şahidi oluruq. O qoca Ələmdarın atası Allahverdi kişidir”.
O qeyd etdi
ki, Ə.Quluzadə Xocalı faciəsini XX əsrin ən böyük, ən qanlı faciələri ilə - Xatın və Xirosima faciələri ilə bir sırada görür. Bizim şairlərin əksər
şeir və poemalarında bu faciələrin paralelliyi öz əksini tapır. Ancaq, nədənsə, Xocalı
faciəsinin dəhşəti
dünyaya istənilən
səviyyədə çatmadı.
Kar üçün,
kor üçün çaxmaq daşıdır,
Sərhədi olana yol yoldaşıdır,
Əsrin
qan bazarı, qan yaddaşıdır,
Xatın-Xirosima-Xocalı yolu.
O, həmçinin, qeyd etdi ki,
mərhum şair Ələkbər Salahzadənin
“Xocalı xəcilləri”
poeması da bu mövzuya həsr olunan ən təsirli əsərlərdən biridir.
“Məlumdur ki, Ə.Salahzadə assosiativ planda düşünən,
təsvir etdiyi hadisələrə, nəsnələrə,
insan obrazlarına tamam fərqli tərzdə yanaşan bir şairdir. Onun poetik mənalandırmaları,
qeyri-adi təsvir vasitələri, daha çox alliterasiyalar düzümünə müraciəti
bu poemada da nəzərə çarpır. Məsələn,
onun poemasında ilk qırx iki
misra “X” hərfi və sözü ilə başlayır. “Xocalı adında yer xəbis, xudbin, xain yağı
əlilə xarabalığa
döndü... Xor baxanda
Xocalı xarabalıqlarına
- Xatın-Xocalıya Xirosima-Xocalıya…”
Poema Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə
həsr olunub və sanki Xocalı
dəhşətləri də
Çingizin kamerasından
seyr edilir” - deyə bildirən müsahibimiz mərhum şair Ədalət Əsgəroğlunun “Dərdimizin
qan rəngi” poemasının da əhəmiyyətini
qeyd etdi. Onun sözlərinə görə, poema Xocalı soyqırımının
on beş illiyinə həsr olunub. “Ancaq konkret bir mövzuya
həsr olunsa da, hədəf daha genişdir. Burada son iyirmi-iyirmi
üç ilin Azərbaycan məmləkəti
DƏRDİMİZİN QAN RƏNGİ obrazında
metaforikləşib. QAN burada
Xocalıdan bütün
dünyaya yayılan fəryadın, kədərin
simvoludur. QAN burada tarixdir -bir məmləkətin
təklənməsi, səsinin,
harayının boğulması,
öz içində qərq olmasıdır. Ədalət Əsgəroğlu
qan kəlməsinin doğurduğu bütün
mənalara, metaforik çalarlara üz tutub:
...nə əcəb,
dərd deyirlər
buna..?
Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan,
axır...axır..axıracan...
Xocalıdan Bakıyacan,
qan boyalı villalardan
cana doymuş çadıracan...”
V.Yusiflinin sözlərinə görə,
Xocalı soyqırımı
dəhşətləri müasir
publisistikada da öz əksini geniş şəkildə tapıb. “Xocalı ilə bağlı çoxlu şeir, poema, publisistik məqalə, əsərlər yazılıb.
Nəsrə gəlincə isə,
mən hələ Xocalı soyqırımını
tam dəhşəti ilə
əks etdirən əsərlərlə rastlaşmamışam.
Bu barədə ayrı-ayrı əsərlər
var. Düzünü deyim
ki, nəsrdə Xocalı soyqırımının,
faciəsinin, insanların
çəkdikləri iztirabların
əksi görsənmir.
Təəssüf ki, hələ
də nəsrdə Xocalı soyqırımının
layiqli bədii inikasını görmürük”
- deyə V.Yusifli bildirdi.
İradə SARIYEVA
Bakı
xəbər.- 2019.-27 fevral.- S.- 15