Bakı kəndləri
- tarixlərə şahid
qədim Qala kəndi
Tarixin
minilliklərində kök salan Azərbaycan zəngin maddi mədəniyyəti,
tarixi abidələri, qeyri-maddi mədəni irsi, musiqisi, incəsənəti
ilə zaman-zaman əcnəbi səyyahların, alim və tədqiqatçıların
diqqətini çəkib.
Bu gün dünyanın dörd bir yanından
ölkəmizə gələn
turistlər tarix və mədəniyyətimizlə
heyranlıqla tanış
olurlar. Ölkəmizin
bir sıra bölgələri bu tarixi-mədəni zənginliyi
özündə yaşadır.
Bu sırada Abşeron yarımadasının,
Bakı kəndlərinin
özünəməxsus yeri
var. Qəzetimizin bu sayından etibarən hər həftə Bakı kəndlərinin mədəni
irsinə, tarixinə,
etnoqrafiyasına bir daha nəzər salaraq bilgi və
təəssüratımızı oxucularla bölüşməyə
çalışacağıq. Baş çəkdiyimiz ilk məkan isə qədim Qala kəndi oldu.
Qala
- tarixdən bir parça
Abşeron
yarımadasının şimal-şərqində,
Bakının Xəzər
rayonunda yerləşən
Qala kəndi qədim yaşayış
məskənlərindəndir. Burada e. ə. III minilliyə
aid tarixi mühiti hiss
etmək mümkündür.
1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya
Qoruğu yaradılıb.
156 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən
XX əsrə qədər
tarixi əhəmiyyət
daşıyan memarlıq
abidələri - 5 məscid,
3 hamam, 4 ovdan, yaşayış evləri,
kənd təsərrüfatı
təyinatlı binalar,
sərdabələr, məqbərələr,
kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 5 min illik
tarixə malik olan Qala kəndində
bir neçə məhəllə olub.
Bunlardan Tərəkəmə, Balaverdi,
Hacı Ramazan, Çəmbərəkənd məhəlləsini
qeyd etmək olar.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və
təşkilatçılığı ilə Qala Tarix
- Etnoqrafiya Qoruğunun
ərazisində açıq
səma altında ilk muzey - Qala Arxeoloji
Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Kompleksin
ərazisində Abşeron
yarımadasında aşkar
edilmiş arxeoloji, memarlıq abidələri
toplanıb və bərpa olunub.
Qala Tarix - Etnoqrafiya Qoruğunun direktoru Fikrət Abdullayevin sözlərinə görə,
muzey kompleksinin yaradılması konsepsiyası
iki istiqaməti özündə ehtiva edir: 1) Bakı-Abşeron ətrafı ərazilərdəki
tarixi maddi-mədəni
irsi nümayiş etdirmək; 2) İnteraktiv
turist mərkəzi yaratmaq: «Muzeyimizə xüsusi turist marşrutları açılıb.
İnteraktiv turlar vasitəsilə turistlər
buradakı emalatxanalarda
işləyə, müxtəlif
sənətlərlə, xalçaçılıq,
dəmirçilik, dulusçuluqla
tanış ola bilərlər. Hazırda ekoturizm üzərində
işləyirik. Gələcəkdə bu ərazilərdə aqroturizmin inkişafını
planlaşdırırıq. Bir neçə istiqamətdə
marşrutlar açılacaq.
Şərqi Abşeron arxeoloji
abidələrinə xüsusi
marşrutlar olacaq.
Burada da interaktiv turizmi nəzərə almışıq,
turistlər arxeoloji qazıntılarda iştirak
edə biləcəklər.
Muzeyə turistlərin
böyük marağı
var. Ötən il 10 minədək insan muzeyi ziyarət
edib. Burada müxtəlif tədbirlər,
etnoqrafik ekoloji bayram, Qala festivalı
keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyevanın
iştirakı ilə
keçirilən festivalda
2500-dən çox uşaq
iştirak etdi. Bu festivalı ənənəvi
olaraq keçirmək
barədə düşünürük”.
Muzey təəssüratları
1.2 hektar
ərazisi olan muzey kompleksində qədim kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görkəmində
olduğu kimi qurulub. Qədim yaşayış evləri xüsüsilə
diqqəti cəlb edir. Plan quruluşuna
görə evlər iki otaqdan ibarətdir:
biri qonaq otağı, digəri isə mətbəx. Mətbəxdə təndir, yemək
və su qızdırmaq üçün
ocaq olurdu.
Qonaq otağı əsasən
taxçalar, ləmələr,
cumaxatanlardan ibarət
dekorativ elementlər vasitəsilə bəzədilirdi.
Ləmələrdə adətən divar
boyunca uzanaraq kasalar, mis qablar,
sinilər düzülərdi.
Taxçalarda sandıq və
yorğan-döşəklər yığılırdı. Dekorativ elementlərdən biri də çıraq və “Quran” qoymaq üçün divarlarda açılmış taxçalardır.
Ən maraqlısı isə
otaqların qızdırılması
üçün istifadə
olunan kürsülərdir.
Ailənin qızınması üçün xörək
bişirildikdən sonra
ocaqdan yığılan
kömür manqala tökülür, ailə
manqalın ətrafına
yığılaraq onun
üstünə örtülmüş
yorğanın altında
qızınırdı. Bu yorğan “kürsü
yorğanı” adlanırdı
və məxsusi kürsü üçün
sırınırdı. Arxeoloji Etnoqrafik Muzey Kompleksi ərazisində yerləşən dulusçu
və tacir evləri məhz belə dekorativ elementləri ilə diqqət çəkir.
Muzey ərazisindəki qədim kurqanlardan biri “Dübəndi kurqanı” adlanır.
Onun əsasını halqaşəkilli
daş hörgü təşkil edir. Dəfn kamerası kurqanın mərkəzindədir, cənub-qərb-şimal-şərq
xətti üzrə dörd həcmli daş piltədən təşkil olunub. Burada dəfn mərasimindən sonra xüsusi ayin icra olunurdu.
E. ə. III minilliyə aid edilən kurqanlar yalnız dəfn abidələri deyil, eləcə də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətlərinin, dini
inanclarının öyrənilməsi
üçün zəngin
mənbədir.
Abşeron yarımadasında tapılmış, e. ə. III-II minilliklərdən başlayaraq
eramızın orta əsrlərinə qədərki
tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə
çox rəngarəngdir.
Burada ov, insanı qurban vermə, müqəddəs
nikah və s. səhnələr təsvir
olunub. Təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O, ayaqüstə,
əlləri göyə
uzanmış vəziyyətdə
göstərilib.
Arxeoloji qazıntılar Qala kəndində 5 min il əvvəl - tunc dövrünə aid yaşayış məskəninin
olmasını sübut
etsə də, kəndin müasir dövrümüzə qədər
gəlib çatmış
tikililəri XVI-XIX əsrlərə
aiddir. Buradakı qəbiristanlıqda islamaqədərki türk
təfəkkürünə xas olan qoç
heykəllərə rast
gəlinir. Memorial abidələr üzərində
«Quran»dan surələr,
qafiyəli sətirlər,
yaxud mərhum haqqında şeirlər verilirdi.
2008-ci ildən fəaliyyətdə
olan Qala kəndinin Mədəniyyət
evində müxtəlif
kurslar, dərnəklər
fəaliyyət göstərir.
Mədəniyyət evinin
rəhbəri Faiz Qəmbərov: “Mütəmadi
olaraq poeziya müsabiqələri, xalq
teatrlarına baxış
keçiririk. Özfəaliyyət kollektivlərimiz müxtəlif
tədbirlərdə diplomlarla,
fəxri fərmanlarla
təltif olunublar”.
Toy koloriti
Bakı kəndlərinin özünəməxsus
toy koloriti vardır. Adətən
bakılılar oğlan
və qız toyunu ayrı edərlər. Qala kəndində
olduğum gün oğlan toyu qeyd olunurdu. Kənd sakini Cəmil Əliyev toy adətlərindən danışır:
“Adətən bizim kənddə bu vaxtadək oğlan-qız
toyu ayrılıqda qeyd olunub. Qalalıların özünəməxsus bir
toy adəti var. Gəlini
evə gətirəndə
ayağının altında
qurbanlıq qoyun kəsərlər. Bəy hamamından
gələn bəyin başının üstündə
çörək kəsib,
üzərlik yandırarlar.
Əvvəllər bəyin başına
pul da atardılar.
Kişi toyunda qadın, qadın toyunda isə kişi heç
vaxt iştirak edə bilməz. Burada toylarımız həmişə
çadırda keçirilir”.
Qaladan qalanlar
Qədim keçmiş və
zəngin mədəniyyətimizi
yaşadan Qala kəndi yaddaşımda maraqlı xatirələrlə
qaldı. Hər
addımımda köhnə
tarixi səhifələyən
Qala tarixi irsimizlə tanış
olmaq üçün
əvəzsiz məkandır.
Elxan Məmmədov
Bakı xəbər.- 2019.- 18 iyul.- S.14