Tovuzun qəhrəman oğlu - şəhid Zaur Axundov...

 

Ümid Axundov: “Zaurun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olması ilə fəxr edirik”

 

 

“Qardaşımı hər şeydən əvvəl torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün qorunması maraqlandırırdı”

Bütün qəhrəmanlar bir-birinə bənzəyir, elə analarının qübarlı ürəyi də, atalarının bükülmüş qaməti də oxşar olur nədənsə. Şəhid ata-anası nə qədər yaralı, nə qədər dərdli olsalar da, bir o qədər də vüqarlıdırlar. Ürəklərinə çəkilən oğul dağı başı ucalara dayanan vüqarlı bir dağa çevrilir, o dağın yamaclarını isə şəhid oğulun qanından közərən qəmli lalələr süsləyir. 

Bu bir həqiqətdir ki, şəhidlər ölmür, onlar bir ovuc Vətən torpağına çevrilirlər. Hər şəhid bir ovuc Vətən torpağıdır. Harada şəhid uyuyursa, o torpaq müqəddəsdir. Şəhid Zaur Axundovun uyuduğu Tovuz məzarlığı da müqəddəs and yeridir. Zaur ata-anasının gözünün ilki idi. Valideynlərinin heç ağlına da gəlməzdi bağlarının nübarı Zaur şəhid olacaq, bir ovuc Vətən torpağına çevriləcək. Şəhidlik köynəyi qəhrəman Zaurun sanki əyninə biçilmişdi. Zaur kimi oğullar şəhidlik köynəyini əyninə ona görə geyinir ki, irz-namusumuz olan Vətənimiz yaşasın. Zaur Valeh oğlu Axundov 25 ildir şəhid olub. 25 ildir Zərifə ananın gözünün yaşı qurumur ki, qurumur. Ana hər yerdə oğlunu axtarır. Oğlunun boyuna bənzər boy görəndə ana balasının şəkillərini oxşayır, şəkillər danışır ana ilə. Şəkillər anaya nələr demir ki... 23 bahar görmüşdü balası. Balasının toyunu görmək istəyirdi ana, amma toyu çalınmamış tabutu gəlmişdi balasının. Bəy otağına girməyən Zaurla bağlı ananın nə qədər arzuları vardı. Amma bədnam qonşularımızın əsassız başladığı müharibə ananın arzularını göyərməyə qoymadı. Hər qəhrəman döyüşə gedərkən arxasında bir cüt gözləyən, ağlayan göz qoyub gedir. Zaur da anasını ağlar qoyub getmişdi və onun anası bu gün də ağlayır.

 

Analar anar ağlar,

 

Tellərin sanar ağlar.

 

Dönər göy göyərçinə

 

Yollara qonar ağlar...

 

Yollar çoxdur dünyada, ən müqəddəsi, ən əbədisi isə şəhidlik yoludur. Zaur Axundov da bu əbədi və müqəddəs yolun yolçusu oldu. “Vətən uğrunda ölən varsa Vətəndir” - deyən babalarımız yanılmırlar, çünki Vətənimizin Zaur kimi cəngavər, igid müdafiəçiləri minlərlə olub. Bu gün də var. 

1994-cü il martın 29-da Tovuzun Koxa Nəbili ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında uyuyur. Şəhid Zaur Valeh oğlu Axundov 1971-ci il iyulun 6-da Tovuz rayonunda anadan olub.  Zərifə ananın və Valeh dayının halal ocağında böyüyüb boya-başa çatan Zaur ailənin 4 uşağının böyüyü olub. Zaur uşaqlıqdan vətənpərvərlik ruhunda tərbiyə alıb. Tarixən Tovuz torpağı Azərbaycana çox böyük qəhrəmanlar bəxş edib. Vətənimiz dara düşəndə onun müdafiəsinə ilk qoşulanlar sırasında Tovuz igidləri öndə olub. Sovet İttifaqı Qəhrəmanları, Milli Qəhrəmanlar yetişdirən Tovuzun Zaur kimi oğul yetişdirməsi də təsadüfi deyil. 

Deyirlər ki, bütün qəhrəmanlar bir-birinə bənzəyir. Həqiqətən də elədir. Bütün qəhrəmanların, Vətən uğrunda canını fəda edən insanların həyat yolu, taleyi çox oxşar olur. Vətəni canlarından əziz bilənlər gözlərini qırpmadan, “uf” demədən Vətən naminə şəhid olmağı böyük şərəf  bilənlərdir.

Ermənilər iki əsrdən artıqdır Cənubi Qafqazın “qara yarası”na çevriliblər. Öz məkrli niyyətlərini həyata keçirmək üçün davamlı planlar cızan ermənilərin ən böyük istəyi Azərbaycan torpaqlarını ələ keçirmək və “Dənizdən-dənizə Ermənistan yaratmaq” xülyasını gerçəkləşdirmək olub. Torpaqlarımıza müxtəlif istiqamətlərdən hücumlar edən Ermənistan silahlı qüvvələri və onların muzdlu döyüşçüləri Dağlıq Qarabağı və ətraf rayonları işğal etməklə kifayətlənməyərək Azərbaycanın indiki Ermənistanla sərhəd olan digər rayonlarına da davamlı hücumlar təşkil ediblər. Bu baxımdan Tovuz da ermənilərin hədəfinə tuş gəldi və Ermənistan silahlı qüvvələrinin hədəfi Tovuzu ələ keçirmək, bu rayonun ərazilərini işğal etmək idi. Lakin Tovuzun qəhrəman oğullarının düşmənə göstərdiyi davamlı müqavimət nəticəsində Tovuz ermənilərə bir qarış da torpaq vermədi. Əlbəttə, bu da Zaur Axundov kimi qəhrəmanların Tovuzun düşməndən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın, şücaətin hesabına idi.

Z.Axundov Vətənə sadəqətlə xidmət edən və onun borcundan ləyaqətlə çıxan Vətən oğludur. Ömrünün bahar çağında qanını Vətən torpağına axıdan Z.Axundov heç zaman qocalmayacaq, hər zaman şəkillərdən gənc bir oğlan boylanacaq.

Z.Axundovun qardaşı, şəhidin adını daşıyan taekvondo klubunun rəhbəri Ümid Axundov şəhid haqqında danışarkən qardaşının Vətənə, torpağa həddindən artıq bağlı olduğunu və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etməkdən çəkinmədiyini bildirdi. “23 yaşında şəhid olan qardaşım Zaur ailəmizin böyük övladı olub. Hələ evlənməmişdi, subay idi, nişanlanmamışdı da. Bütün qəhrəmanlar kimi, Zaurun əsas məqsədi, arzusu Vətənimizin ərazi bütövlüyü ilə bağlı idi. O, tezliklə torpaqlarımızın bədnam ermənilərin təcavüzündən xilas olması uğrunda çarpışırdı. Düşmən məkrli və hiyləgər olsa da, Zaurun və onun döyüş yoldaşlarının ayıq-sayıqlığı, şücaəti sayəsində ermənilərin bütün planları alt-üst olurdu. Zaurun döyüş yolu Tovuzun Koxa Nəbili deyilən ərazisindən keçib. Bu ərazi Ermənistan sərhədinin yaxınlığında yerləşdiyi üçün, bədnam qonşularımız bura aramsız hücumlar edir, Koxa Nəbili yüksəkliyini ələ keçirmək istəyirdilər. Əgər Zaurun şəhid olduğu Sulutəpə yüksəkliyi düşmən əlinə keçsəydi, Tovuzu müdafiə etmək çətin olacaqdı. Çünki ermənilər o yüksəkliyi işğal etsəydilər, Tovuz tamamilə ovuclarının içində olardı. 1994-cü ilin martında ermənilər davamlı şəkildə Tovuzu müxtəlif çaplı silahlardan atəşə tutur, rayona qrad yağdırırdılar. Mən özüm o günlərin şahidi olmuşam. İki gün davam edən döyüşlər zamanı ermənilər az qala həmin yüksəkliyi ələ keçirsinlər. Hətta o yüksəkliyin bir qismini ələ keçirmişdilər. Lakin qardaşım da daxil olmaqla, bütün əsgərlər çox çətinliklə də olsa həmin yüksəkliyin düşmən nəzarətinə keçən hissəsini geri almağa müvəffəq olublar. Onlar çox böyük çətinliklər hesabına erməniləri geri çəkilməyə məcbur etmişdilər. Lakin düşmən məkrli olduğu üçün tez-tez həmin istiqaməti tank atəşinə tuturdu. Erməni tankının atdığı sonuncu mərmi qardaşım da daxil olmaqla 11 nəfər Vətən oğlunun şəhid olmasına səbəb olub. 

Həmin ərazidə qızğın döyüşlər martın 26-sı başlamışdı və qardaşımın şəhid olmağı ilə bağlı xəbəri bizə martın 29-da verdilər. Qardaşımın və digər şəhid olanların cəsədini Tovuzda morqa qoymuşdular və bizə də cəsədi gətirdikdən bir neçə saat sonra məlumat vermişdilər”.

Ü.Axundov deyir ki, qardaşı şəhid olmamışdan bir neçə gün əvvəl evə gəlibmiş. Sanki Zaur əbədi köç edəcəyini əvvəlcədən bilirmiş və əzizləri ilə halallaşmaq üçün son dəfə ata ocağına baş çəkirmiş. Əslində, özünü Vətən yolunda qurban verən hər bir şəhidimiz şəhid olacağını əvvəlcə hiss edir və buna özünü ruhən, daxilən hazırlayır. Zaur da istisna deyil. “Şəhid olmamışdan iki gün əvvəl evə gəlmişdi, gecəni mənimlə bir otaqda yatdı. Həmin gecə çox güclü atışma vardı və güllə səsləri bizim evdən də aydınca eşidilirdi. Zaur ağır yatmışdı. Anam atışma olduğu üçün Zauru durğuzdurmaq istəmirdik. Bilirdik ki, atışmanı eşidib döyüşməyə gedəcək. Anam qardaşımın getməyini heç istəmirdi. Sonra özü atəş səsinə ayıldı və narazılıq etdi ki, atışma var, məni niyə durğuzdurmamısınız, mən mütləq orada olmalıyam, mənim yerim bura yox, səngərdir. Tələsik əynini geyinib evdən çıxdı. Polad adlı cəbhə yoldaşı vardı, o da onu “Axundov, Axundov” deyə çağırırdı. İndiyə qədər o səs yadımdadır. Həmin gün anam evdə qatlama bişirmişdi. Zaur evdən çıxanda iki qatlama götürərək “biri mənim, biri də Poladın” dedi. O gedən getdi... Sonra da şəhid olmağı ilə bağlı xəbər yayıldı. Əlbəttə, Zaurun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olması ilə fəxr edirik. Doğrudur, qardaşımın gənc yaşda şəhid olması bizi yandırır, ancaq təsəllimiz odur ki, o, Vətən naminə canından keçib”.

Z. Axundovun Sovet ordusunda xidmət etdiyini deyən Ü.Axundovun sözlərinə görə, qardaşı Krasnoyarsk vilayətinin Abakan şəhərində əsgəri xidmətdə olub və nümunəvi əsgər olub və onun yüksək xidmətinə görə dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlib. “Qardaşım əsgərlikdə serjant olmuşdu, rabitəçi kimi xidmət etmişdi. Zaur nümunəvi əsgər kimi xidmət etdiyi hərbi hissədə həmişə nümunəvi əsgər kimi tanınıb və onunla bağlı valideynlərimə təşəkkürnamə göndərilib. Zaur Tovuzda Nəsrəddin Tusi adına orta məktəbdə oxumuşdu və rus dilini bilirdi. Ona görə də əsgərlikdə dil baxımından heç bir əziyyət çəkmirdi. Orta məktəbi rus dilində oxumuşdu. Qardaşım əsgərlikdən evə 7-8 ay gec gəldi. Bu da erməni hiyləsi ilə bağlıdır. Əsgəri xidmətdən qayıtmasına 1 ay qalmış şəhərə gəzməyə çıxır və burada onu erməni millətindən olan komandiri görmüşdü. Komandir boksçu olduğu üçün Zaurun sifətinə zərbələr endirmişdi və bunun nəticəsində qulağı, burnu zədələnmişdi. Rəhmətlik özü danışırdı ki, komandiri olduğu onun zərbələrinə cavab verməyib. Komandir qorxusundan qardaşımı evə tez buraxır, o da üz-gözü zədəli vəziyyətdə Azərbaycana qayıtmır. Zaur birbaşa həmin şəhərdə yaşayan Tovuzun Alakol kəndindən olan həmyerlilərimizin yanına gedir və onlar onu xəstəxanaya aparır, burnuna, qulağına tikiş qoydururlar, müalicə etdirirlər. O tamamilə sağaldıqdan sonra evə qayıtdı”.

Zaur əsgərlikdən evə qayıtdıqdan sonra bədnam qonşularımızın ərazilərimizi zəbt etməsinə dayana bilmədiyini və döyüşə getmək haqqında düşündüyünü deyən Ü.Axundovun sözlərinə görə, onun bu arzusunu rayon hərbi komissarlığından gələn çağırış reallaşdırıb. Ata-anasının etirazına baxmayaraq, Zaur döyüşə yollanır. “Səhv etmirəmsə, Zaur döyüşə gedəndə 1993-cü ilin yayı idi. Ata-anam onun döyüşə getməyini istəmirdilər, nə qədər çalışsalar da, onu fikrindən döndərə bilmədilər. O, döyüşə getməkdə israrlı idi. Bilirsiniz ki, həmin dövrdə torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşən, Vətənimizi müdafiə edən oğulların 99 faizi öz ürəyinin səsinə qulaq asaraq cəbhəyə gedib. Bu oğlanların hamısı mərd olublar. Zaur da o mərd oğullardan biri olub. Qardaşımı hər şeydən əvvəl torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün qorunması maraqlandırırdı. Zaur kimi oğulların şücaəti, mərdliyi, cəsarəti hesabına Tovuz düşmənə torpaq vermədi. Qardaşım 25 ildir şəhid olub və onun xatirəsi hər zaman tovuzlular tərəfindən əziz tutulur”.

Z.Axundovun adının əbədiləşdirilməsinə gəlincə, Ü.Axundov bildirdi ki, şəhidin adını daşıyan bir taekvondo klubu fəaliyyət göstərir, şəhidin adı Tovuz rayonu Aşağı Öysüzlü kənd mədəniyyət evinə verilib və rayonda şəhid Zaur Axundov adına küçə var.

Z.Axundov 25 ildir cismani olaraq doğmalarının yanında deyil, ancaq ondan yadigar qalan qəhrəmanlıq, cəsarət və şücaət onu əbədi olaraq yaşadır. Əmisinin adını daşıyan balaca Zaur Axundov da ailə üçün bir təsəllidir. Şəhid Zaur Axundovun yarımçıq qalan arzularını balaca taekvondoçu Zaurun gerçəkləşdirəcəyi şübhə doğurmur.

Şəhid Z.Axundov canını Vətənə qurban verməklə əbədiyaşarlıq qazandı. O, ana torpağa qovuşan cismi, göylərdə dolaşan narahat ruhu ilə də Vətəni qoruyur... Onun ruhunu yalnız və yalnız qələbə müjdəsi sevindirə bilər.

 

İradə SARIYEVA

Bakı xəbər.-2019.- 27-29 iyul.- S.15.