“Yetim
bir haray var, gəzir dünyanı”
Nəzirməmməd Zöhrablının
“Gözlər yoldan yığılarmı...” kitabı
haqqında düşündüklərim
İllərdən sonra yazdığım ilk məktubdur
bəlkə də bu.
Əslində yer üzünün insanlarına
ünvanlanmış “Gözlər
yoldan yığılarmı...”
haray dolu məktub-kitaba, onun müəllifi, istedadlı
qələm dostum, yazıçı-publisist Nəzirməmməd
Zöhrablıya bir
dost, vəfa borcumdu bu sətirlər.
Qarabağ uğrunda döyüşlərdə
itkin düşmüş
qəhrəman övladımız,
cəsur kəşfiyyatçı
Xəqani Əkbərovun
keçdiyi şərəfli
ömür yolundan söhbət açan bu kitab böyük
zəhmətin, yazıçı,
jurnalist axtarışlarının,
ürək ağrısının,
göz yaşlarının
məhsuludur.
Redaktoru olduğum
kitabın əlyazmasının
hər səhifəsində
mən bu hiss və həyəcanları
duydum, yaşadım...
...Uşaq vaxtlarımdan əl şəkili çəkməyi
xoşlayırdım. Qumral saçlı
körpə bacım mürgüləyən kimi
qırmızı rəngli
karandaşımı onun
balaca barmaqları arasında gəzdirir, bu “balaca əlləri”
məktubla uzaq Sibirdə əsgərlikdə
olan qardaşıma göndərirdim. Mənə elə
gəlirdi ki, bu doğma balaca
əllər o uzaq soyuq Sibirdə qardaşımı soyuqdan,
şaxtadan, xətadan,
bəladan qoruyacaq.
Əziz dostum Nəzirməmməd,
sənin böyük əziyyətinin, zəhmətinin,
axtarışlarının, yuxusuz gecələrinin toplusu olan bu
əl boyda, ürək boyda kitabın istiliyini, hərarətini ilk duyduğum
üçün ürəyimdən
keçənləri sənə
yazmağı lazım
bildim. 45 illik
redaktorluq təcrübəsi
olan, yüzlərlə
kitabın əzab-əziyyətini
çəkmiş, redaktoru
olmuş yaradıcı
bir insana işıq üzü görən hər kitab doğma balası kimi əzizdi. Sənin bu kitabın
da o sıradandı.
Minaaxtaranlar kimi çəkdiyin əzab-əziyyəti
kim bilməsə
də, mən yaxşı bilirəm. 25 il bundan əvvəl
Qarabağda - Ağdamda
itkin düşmüş
cəsur bir Azərbaycan oğlunun axtarışları yolunda
göstərdiyin fədakarlıq,
vətəndaşlıq borcu,
ayrı-ayrı ünvanlara
aparan çəkdiyin
“yol xəritəsi” və yollarda keçirdiyin saatlar, günlər, həftələr,
aylar nisgilli bir ömrün tarixçəsi olan
monumental kitabın araya-ərsəyə
gəlməsinə səbəb
olub.
Orijinal başlıqlar, maraqlı
keçidlər, dil və üslub gözəlliyi, bədii nümunələrdən ustalıqla
istifadə, təkrarsız
dialoqlar, müsahibələr
sənin yazılarını
əslində Vətən
təəssübü çəkən
hər bir kəsin oxuyacağı doğma kitaba çevirmişdir.
Söhbət etdiyin hər bir kəsin cızdığı, çəkdiyi,
qabarıq verməyə
çalışdığı Xəqani portretindəki mərdlik, vətənpərvərlik
cizgiləridir. Bunu qardaşı Gündüzlə
apardığın söhbətdən
də aydın görmək olar. Xəqaniyə deyəndə
ki, sən evin sonbeşiyisən, müharibəyə getməyə
də bilərsən,
Xəqani dözə bilməyib cavab vermişdi: “Bəs kim getsin?”
O qaçır, bu gizlənir, torpaqımız
da gedir əldən, namus, qeyrətimiz də... Mən başıma yaylıq-şal bağlayıb
evdə otura bilmərəm - Xəqaninin
bu sözləri
mənə istiqlal nəğməkarı, qüdrətli
şairimiz Xəlil Rza Ulutürkün: “Yox, mən susa
bilməzdim” harayını,
üsyanını xatırlatdı.
Xəlil Rzaya: “aradan çıx, gizlən” deyənlərə
böyük şair görün necə cavab vermişdi:
- ...Yox, mən susa
bilməzdim yurdumun o halında,
Mən gizlənə
bilməzdim arvad-uşaq
dalında
Qaçqınların göz yaşı dağ çəkəndə yollara,
Südsüz qalan yavrular baş qoyanda qollara
Gəncəbasar, Sumqayıt
cəhənnəmə dönəndə,
Nizaminin qəbrinə ölüm tozu sinəndə.
Sinəmdə odlanarkən
neçə qəzəb
kürəsi,
Bir ildırım doğanda qanımın hər qətrəsi
Vətənimi talanan, sümürülən görəndə,
Qısırlaşan torpağım
qarşımda can verəndə
Ağzıqanlı canavar yalayıban dilini,
Gəlib lum-lum udanda Muğanımı, Milimi,
Arxadan bağlayanda
cəsurların əlini,
Susa bilərdimmi
mən?!
Görünür, Vətən dərdini öz dərdi bilən böyük insanların hamısı belədir. Təzəcə
nişanlanmış bir
oğlanın cəbhəyə
könüllü olaraq
getməsi, döyüşlərin
ən qaynar nöqtəsinə can atması
böyük vətənpərvərlik
nümunəsi deyil, bəs nədir?!
Vətənin o ağır çağlarında
övladlarını cəbhədən
yayındıranlar, Rusiyaya,
başqa ölkələrə
göndərənlər azmı
oldu? Belə nadürüstlərlə, nankorlarla müqayisədə
Xəqani qəlbimizdə
Savalan dağı qədər ucadı, əyilməzdi. Vətən belə
qəhrəman, cəsur,
qeyrətli oğulların
çiyinlərindədir.
Əziz dostum Nəzirməmməd! Sən
bu cür övladı dünyaya gətirən ananın obrazını
bir neçə epizodda necə də ustalıqla cızmısan. Bu, görünür
sənin həm də analara olan böyük sevgin, ehtiramındır:
“Birdən
görürdüm ki,
qar yağıb. Evdəkiləri yuxuya verib düşürdüm
həyətə. Deyirdim Xaqan
qarda ölüb, görəsən necə ölüb?! Gedib xəlvətçə
otururdum, uzanırdım
qarın üstündə,
girirdim qarın içinə. Deyirdim qoy
mən də balam kimi ölüm,
buzlayım, donum qalım burda. Qar elə bil
bir az
soyudurdu yanğılarımı...
Birdən fikirləşdim
ki, bəlkə heç ölməyib balam?! Evdəkilər duyuq düşürdülər.
Gəlib
məni ərki çatan danlaya-danlaya, öyüd-nəsihət verə-verə,
ərki çatmayanlar
dilə tutub birtəhər yerdən qaldırıb dartıb aparırdılar evə”.
Əziz qardaşım, Telli anayla - oddan-alovdan köynək geyinən, bala yanğısıynan canını qoymağa yer tapmayan bir
türk anasıyla olan söhbətlərinlə
sən əslində hamımızın baş
əydiyimiz bir ana heykəli, bir dərd heykəli
ucaltmısan. Mən o sətirləri oxuya-oxuya kövrəldim, gözlərim doldu. İlahi, ana ürəyi yer üzünün bütün dərdlərini
maqnit limi necə də özünə çəkirmiş.
O da ola
bala dərdi. Xəqani kimi oğulun dərdi. İtkin düşmüş balasının dərdindən
canını qoymağa
yer tapmayan, şəhərlə kənd
arasındakı yollarda
qalan, qəribə xəyallar quran bir ananın sarsıntılarını, tərəddüdlərini,
iztirablarını görəndə
çox sarsıldım.
Bu əslində sənin yazıçı-publisist
ustalığındı. Yadıma böyük Nazim Hikmətin dərdli misraları düşdü:
- Buludlar keçir,
Cənuba aparmayın
məni
Ölmək istəmirəm,
Ölmək istəmirəm.
Şimala aparmayın
məni,
Ölmək istəmirəm,
Ölmək istəmirəm.
Qərbə aparmayın məni.
Məni burda qoymayın,
Aparın bir yerə,
Ölmək istəmirəm,
Ölmək istəmirəm!
Bəli, bu bizim analarımızdı. Ölümün
özünü belə
heyrətə gətirən,
ölümün acığına
qol götürüb oynayan, ölümün özünü öldürən
analarımız! İlahi,
25 ildi oğul yolu gözləyən bir ananın dərdini nər dəvəyə yükləsən,
dözərdimi.?! Çətin!
Əslində kitabda bacı-qardaşların
hamısının Xəqani
haqqında duyğu və düşüncələrinə
yer verilib. Bu duyğuları, bu öygüləri, bu yalvarışları, uzaqdan
gələn qaibanə
səsə bənzər
ahları, nalələri
Xəqani eşitsəydi,
bəlkə də elə o dar qəfəslərin qoynundan
quş olub uçardı.
Biz nədənsə doğmalarımızın qədrini-qiymətini onları itirəndə bilirik. Dərdimizin nə qədər böyük olduğunu duyub dərk edirik. Xəqaninin də itkin düşməsi, qeyb olması, 25 illik uzaqlardan belə doğmalarını, dostlarını yandırıb-yaxması, cızdaqlarını çıxarması təbiidi. Biz insanıq, daş-divar deyilik axı. O da ola Vətənin məcnunu Xəqani kimi oğul. Təəssüf, min təəssüf, mamır basmış daş da göyərir, insansa yuvası dağılmış, küsüb getmiş qaranquşlar kimi bir də geri dönmür. Keşkə belə olmayaydı...
Bu kitab indi 50 yaşı olan Xəqaninin iziylə lap nağıllardakı kimi dəmir çarıq geyinib yurdu başdan-başa dolanmaqdı, ümidlə, həyəcanla yol gözləməkdi.
Hər yolun başında, sonuncunda qolları uzalı qalmış bir ana dayanıb. O analardan biri də Telli anadı. Oğlunun ölmədiyinə, gələcəyinə hələ də inanan ana!
Xəqaninin doğmalarının, əzizlərinin gözlərində hələ də ümid çırağının sönməməsinin bir səbəbkarı da bəlkə elə sənin “Gözlər yoldan yığılarmı...” kitabındı, Nəzirməmməd dostum.
Sən bir ailənin yaşadığı dramı, faciəni bütövlükdə insanlığın faciəsi kimi göstərə bilmisən. Budur sənin ustalığın.
Saysız-hesabsız sorğulara, jurnalist təhqiqatlarına, axtarışlarına, həqiqəti üzə çıxarmaq yolunda çəkdiyin əzab-əziyyətlərə, görünür, nöqtə qoymağın vaxtı hələ çatmayıb. Axtarışlar davam edir. Belədə sənin “Gözlər yoldan yığılarmı...” nida-sualına vaxt, zaman cavab verəcək. Verə biləcəkmi?! Böyük Musa Yaqub: “Bu dünya ayrılıqdı, ayrılıq başdan-başa” demiş.
Tanrı Vətənimizi qorusun!
Zülfüqar Şahsevənli
Bakı xəbər.-
2019.- 31 iyul. - S.14.