Dəmir Mayor -
Borçalının igid oğlu… -
Ulu
babalarımızdan bizə miras qalan qədim yurd yeri
Borçalı… Qarayazı meşəsi, Ləlvər
dağı sanki bu ulu yurda bir bəzək verir. Anaların
laylası saz havalarına köklənib bu ellərdə.
Başqa dövlətin tərkibində
olmasına baxmayaraq, zaman-zaman öz adət-ənənələrini
bu gün də qoruyub, gələcək nəsillərə
ötürməyi bacarırlar. Başı
qarlı dağların sinəsindən dünyaya boylanan bu ulu
yurd kimləri yetişdirmədi? Neçə-neçə
generallar, elm adamları, şairlər, qəhrəmanlar
doğuldu, xalqın inkişafına öz töhfələrini
verdilər. Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş Bəkir Mustafayev,
İsmayıl Bayramov, Xalq şairi Zəlmixan Yaqub, Rəşid
Behbudov da məhz Borçalı elinin yetirmələridir.
Sən
sirri açılmayan bir xəzinəsən, yelkənli bir gəmisən. Qarlı, çovğunlu hündür
dalğaları yara-yara uzun zamandı yol gəlib, min illərin
ağrılı-acılı, sevincli-nəşəli günlərinə
şahidlik edirsən. O günün xatirəsini bu
günümüzəcən daşıyan yeganə
varlıqsan. Qayaların köksündən qopan, “ cəngi” sədalarını andıran yeganə
varlıq… Sən nələrə şahidlik etməmisən
ki...
Əyilməzdi-
yağılara qənimdi,
Adı, sanı şöhrətimdi, şanımdı.
Tarix boyu
mənim olub, mənimdi,
Qarayazı, Baş keçidim, Borçalım.
Elin yurdsevər oğulları yadelli
işğalçılara qarşı amansız savaşlarda
mübarizədən də yorulmayıb. Ermənilərin
yurdumuza təcavüzü zamanı bu yurdun oğulları da
silaha sarılıb Qarabağa yollandı, elə Vəzir
İsa oğlu Sədiyev kimi.
Vəzir Sədiyev isti yay günü - 6 iyun 1961-ci ildə
Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya
göz açıb. Ailədə 6 övladın
üçüncüsü olub Vəzir. Atası İsa
kişi öz halal zəhməti, alın təri
ilə bütün övladlarını böyüdüb,
onlara təhsil verib və deyib: “Nə qədər sağam,
imkan vermərəm ki, mənim övladlarım kimsənin əlinə
baxsınlar. Onları böyüdüb təhsil
verirəm ki, Xalqına, Vətəninə layiqli övladlar
olsunlar”.
Vəzir ibtidai sinfə doğulduğu kənddə getsə
də, orta təhsilini Qərbi Azərbaycanın Noyemberyan
rayonunun Körpülü kəndində başa vurub. Dilli-dilavərliyi,
bacarığı və çevikliyi ilə
tay-tuşlarından seçilib həmişə. Elmə, təhsilə olan marağı, vətənpərvərliyi
onu müəllim kollektivinə sevdirib. O, hələ
uşaq olmasına baxmayaraq, ermənilərin çirkin niyyətlərini
görür və dərk edirdi. Hərbçi
olmaq istəyi isə sanki onun qanından, canından gəlirdi.
Yeri gəlmişkən,
2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə
görə, Marneuli rayonunun əhalisinin 83,1%-ni
azərbaycanlılar, 8%-ni gürcülər, 7,9%-ni ermənilər
təşkil edir. Ən iri yaşayış məntəqələri
Marneuli şəhəri (əhalisi: 20,1 min
nəfər), Sadaxlı (9,5 min nəfər) və
Qızılhacılı (7,1 min nəfər) kəndləridir
ki, bunların da əsas hissəsini azərbaycanlılar təşkil
edir
Vəzirin musiqiyə böyük marağı vardı. Saz
havalarının vurğunu idi. Qulaq asmaqdan
doymazdı heç vaxt. Axı Borçalı eli hər zaman sazlı-sözlü
aşıqları ilə məhşur olub. Aşıq
Hüseyn Saraclı kimi…
Vəzir orta təhsilini başa vurandan sonra arzu və istəklərinin
dalınca doğulduğu yurda qayıtdı. O, ilk öncə sənədlərini
Azərbaycan Tibb İnstituna verdi. O istəyirdi
ki, hərbi cərrah olub, neçə-neçə hərbçinin
yaralarına məlhəm olsun. Ancaq istəyinə nail ola bilmədi. Ömür yolu ona
erkən yaşlarından peşakar hərbçi taleyi
yaşatdı. Elə həmin il Tiflis Ali Hərbi Artilleriya Məktəbinin
müdavimi olmağı bacardı. Sevincinin həddi-hüdudu
yox idi. Təhsilini başa vuran kimi təyinatla
Rusiyaya yola düşən Vəzir Qorki şəhərindəki
hərbi məktəblərin birində müəllimlik fəaliyyətinə
başladı. Yenə də sevildi,
seçildi. Amma o bir yerdə dayanmır,
daim öz üzərində çalışır, sanki
öz bilik bacarığını döyüşlərdə
sınamaq istəyirdi. Buna görə də
könüllü Əfqanıstana getməyi qərara
alır.
Sovet qoşunları Əfqanıstana girəndə
baş leytenant Vəzir Sədiyev artilleriya taborunun komandiri idi. Əfqanıstana
gəldiyi gündən ən qaynar nöqtələrdə
vuruşurdu. Kabil, Qəndahar, Herat şəhərlərində
aparılan əməliyyatlarda misilsiz şücaətlər
göstərir. Sədiyevin uğurlu və
itkisiz əməliyyatları komandanlığın
gözündən yayınmırdı. O, iki il yarımlıq döyüş yolunda ən
çətin sınaqlardan müvəffəqiyyətlə
çıxmışdı. Ona görə də dəfələrlə
pul mükafatı, orden, medal və SSRİ Ali Sovetinin fəxri
fərmanları ilə təltif edilmişdi.
Döyüşlərin birində ölümcül
yaralanan Sədiyev Moskvada müalicə aldıqdan sonra
Zabaykalye Hərbi Dairəsindəki hərbi hissələrin
birində qərargah rəisinin müavini kimi faəliyyətə
başladı.
Əfqanıstandakı uğurlu əməliyyatlara
görə ikinci dərəcəli “Peşəkar zabit”
döş nişanı ilə təltif olunan Sədiyev
artıq mayor rütbəsində idi. Yaraları
qaysaq tutsa da, müharibənin ağrıları canından
çıxmamışdı hələ.
Statistikalara görə, 10 illik hərbi əməliyyatlar
dövründə Əfqanıstanda 2 milyon nəfərə
yaxın mülki sakin həlak olub. Sovet ordusu 1989-cu ilə qədər Əfqanıstanda
14.427 hərbçisini itirib. Hərbi
əməliyyatlarda təxminən 54 min nəfər
yaralanıb, 416 min nəfər isə müxtəlif dərəcəli
kontuziyalar alıb. Sovet ordusunun Əfqanıstanda texniki
itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433
artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. Müharibənin
aparıldığı 1979-cu il
dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək
Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi
qulluqçusu xidmət edib.
On illik Əfqanıstan müharibəsində Azərbaycanlıların
da xidmətləri danılmazdı. Onun vurduğu
ağır zərbələrinin əzab-əziyyətini hələdə
indiyə kimi yüzlərlə soydaşımız çəkməkdədir.
1979-cu ildən 1989-cu ilə qədər Əfqanıstanda 7500 azərbaycanlı iştirak edib. Onların
208-i müharibədə həlak olub, 7 nəfər isə
itkin düşüb. Bu gün Azərbaycanda
cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi
veteranı adını daşıyır. Əfqanıstandan
qayıdandan sonra onların bir çoxu Qarabağda gedən
döyüşlərdə həlak olub və ya sonradan vəfat
edib. Əfqanıstan müharibəsi veteranlarından 17
nəfəri sonradan Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə
Milli Qəhrəman adına layiq
görülüb.
1988-ci il… Qərbi Azərbaycandan 300 mindən
artıq soydaşımız məcburi şəkildə
öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycana
pənah gətirmişdi. Qarı
düşmən bununla kifayətlənməyərək,
Dağlıq Qarabağda müxtəlif cinayətlər
törədir, əliyalın əhaliyə hücumlar edir, evləri
yandırırdır. Artıq Xalq ayağa
qalmışdı. Azadlıq meydanı
dolub-daşır, mitinqlər başlamışdı. Əhali hökumətin istefasını tələb
edir, Dağlıq Qarabağda və onun ətrafında baş
verənlərə düzgün qiymət verilməsini tələb
edirdilər. Hökumət isə sanki
baş verənləri görmür, əksinə, öndə
gedənləri millətlər arasında
qarışıqlıq yaratmaqda suçlayaraq,
qollarını qandallayıb dəmir barmaqlıqlar arasına
salırdı. Ancaq qarı düşmən
getdikcə azğınlaşır, hər gün bir kəndi
dağıdır, əhalini güllə-baran edir, daim səksəkə
içində saxlayırdı.
Əhalinin səsi heç yerdə
eşidilmirdi. Yalnız ümid özlərinə
qalırdı. Az keçmədi ki, bu mitinqlər bölgələri
də bürüdü. Ürəyi Vətən eşqilə
döyünən ziyalılarımız sinələrini
qabağa verib,
torpaqları işğaldan azd etməyin yalnız
bir yolu olduğunu deyirdilər: birləşib düşmənlə
sərt mübarizə aparmaq. Bu, dildə asan deyilsə də,
olduqca çətin bir iş olduğunu da yaxşı bilirdilər.
Məkrli düşmən Qarabağda torpaq iddiası ilə
ayağa qalxanda mayor Sədiyev Azərbaycanın Müdafiə
Nazirliyinə müraciət etdi. Doğma yurdda baş
verən hadisələr onu narahat etməyə bilməzdi.
O, qürbətdə olsa da, daim Azərbaycanda baş verən
prosesləri izləyir, yaxınlarından məlumatlar
alırdı. Xocalı faciəsi onun Azərbaycana
gəlib Vətəninə xidmət etmək istyini sürətləndirdi. Müdafiə Nazirliyinə
yazdığı müraciətə qısa zamanda baxılaraq
müsbət cavab verildi. Vətənə
dönən peşəkar hərbçi Artilleriya və Hərbi
Hava Qüvvələri idarəsində döyüş
hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə
təyin edildi. Və həmin gündən
Vəzir Sədiyevin səsi ən qaynar nöqtələrdən
gəldi. Onun peşəkar zabit kimi Milli
Ordunun yaradılmasında da böyük xidmətləri
vardı.
Laçın dəhlizi və bir çox kəndlər
düşmənin nəzarətində idi. Düşmən dəhliz
vasitəsi ilə bura çoxlu sayda silah-sursat, hətta imperiyadan
miras qalmış ən ağır texnikalar Qarabağa
daşınırdı. Cəsarətli
soydaşımız mayor Sədiyev heç bir əmr gözləmədən
həmin karvanın qarşısını almaq
üçün əməliyyata keçdi. Hədəfi
nişan aldı. Bir neçə
dəqiqənin içində 84 yük avtomobili məhv edildi.
O gün dəhliz boyu göylərə yüksələn alov
neçə-neçə düşmənin sonuna
çıxdı.
Vəzirin bu addımı çoxlarını narahat etməyə
başladı, hətta o zamankı müdafiə naziri Rəhim
Qazıyev tərəfindən nazirliyə
çağırıldı. Komanda verilmədiyi halda nəyə
görə düşmənə zərbə endirdiyi
soruşulduqda: “Bu ki, düşməndi, düşməni məhv
etmək üçün əmr lazımdırmı?! Əgər mənə məxsus olan yolla düşmən
arxa cəbhə üçün silah-sursat və ərzaq
daşıyırsa susub durmalıyammmı, yoxsa haradansa əmr
gözləməliyəm?!- deyə Vəzir
qürur və qətiyyətlə bildirdi.
Müdafiə
naziri üzünü Vəzirə tutub sərt və qəti
şəkildə etiraz etdi: “Sən bizimlə işləyə
bilməzsən”.
- Axı
mən xalqıma silah qaldıranlara qarşı vuruşuram, o
dəhliz vasitəsilə Qarabağa ağır texnikanın
daşındığından necə xəbərsiz ola bilərsiniz?- Vəzir səsini ucaldı.
Qazıyev
susmağa üstünlük verdi.
Vəzir çox narahat idi. Qulaqlarına
inanmırdı. Düşmən
ağır texnika ilə irəlilədiyi bir zamanda müdafiə
nazirindən aldığı cavabı əsl satqınlıq
kimi qiymətləndirdi.
Amma olan olmuşdu.
Sədiyev həm də peşəkar kəşfiyyatçı
idi. O, təkbaşına
düşmənin arxasına keçərək lazımi məlumatları
qərargaha ötürməklə yanaşı, strateji obyektlərin
darmadağın edilməsində əhəmiyyətli rol
oynayırdı. Hətta Gorus-Qafan istiqamətində
düşməni pusquya salan Sədiyev silahdaşları ilə
birlikdə bir erməni əsgərinin də salamat
çıxmasına imkan verməmişdilər. Həmin gün yasa bələnmişdi bütün
Ermənistan, hətta üç günlük matəm elan
olunmuşdu.
Füzulidəki adsız yüksəkliyi geri qaytarmaq
üçün Vəzir qərargahdan əmr aldı. Kəşfiyyat
xarakterli manevrdən sonra bölük zirvəyə doğru irəlilədi.
Dağın zirvəsində lağım atmaqla
düzəltdikləri mağarada saysız-hesabsız
silah-sursatın və böyük bir dəstənin gizlənə
biləcəyini təsəvvürə gətirmək
mümkün deyildi. Amma yenə də Vəzir
Sədiyev ehtiyatlı davranırdı. O gecə dan yeri
ağarana qədər sürünə-sürünə
dağa çıxdılar. Ocaq ətrafında
cəmləşən quldurlar qaranlıqda nələrin
baş verdiyindən xəbərsiz idi. İki
nəfər gözətçidən başqa hamısı
ocağın istisində xumarlanırdı. Bəlkə də bu yüksəkliyi fəth edə
biləcək bir qüvvənin olacağına inana bilmirdilər.
Ona görə də arın-arxayın
ayaqlarını uzadıb özləri üçün xəyal
qururdular. Vəzir Sədiyev ilk həmlədə
keşikçiləri cəhənnəmə göndərib,
mağaraya gedən yolun təhlükəsizliyini təmin elədi.
Sonra kimin üzərində nə qədər qumbara
vardısa mağaraya atılmasına əmr verdi.
Haray-qışqırıq tamam kəsiləndən
sonra, sanki havanı “kabab qoxusu” bürümüşdü.
Kimsə salamat çıxa bilməmişdi o
mağaradan. Hər kəs yanıb külə
dönmüşdü.
...Dan yeri ağaranda sərin meh o qoxunu dağın
arxasına qovub apardı.
Mağaradakı silahlardan güc çatan qədər
götürüb aşağı endilər, üstəlik
bir-iki cəsəd də gətirmişdilər ki, əsirlikdə
olan soydaşlarımızla dəyişdirsinlər.
Vəzir
silahdaşlarının gözündə ən yüksək
zirvədə idi, çünki onun uğursuz
döyüşünü heç kim
görməmişdi. Axı o, “dəmir mayor”
idi. Əslində, bu adı ona ermənilər
vermişdi.
1993-cü
il fevral ayının 19-u… Ağdərədə
döyüşlər şiddətlənmişdi. Ümid yenə də Vəzirə idi. Həsənriz ətrafında cəmləşən
erməni taborunu geri oturtmaq üçün növbəti əməliyyata
da Vəzir rəhbərlik edəcəkdi. Vaxt itkisi digər
ərazilərin də ələ keçməsinə səbəb
ola bilərdi. Vəzir
silahdaşları ilə birlikdə döyüşə
atıldı. Neçə-neçə
düşmən əsgərini yerə sərdi. Xof içərisində silahını atıb
qaçan quldurların sayı artırdı. Xeyli ölən və yaralanan vardı. Həmin gün əsgərlərimiz erməni
taborunu tutduğu mövqedən çıxara bildi. Hələ üstəlik, tank, PDM, yük
maşını da ələ keçirildi. Bu növbəti uğuru idi Vəzirin. Amma bu uğurun sevincini yaşamaq qəhrəman
soydaşımıza nəsib olmadı.
Şəhidlər
Xiyabanı… And yerimiz olan bu xiyaban hər zaman
bizim ziyarət yerimiz olaraq qalacaqdı. Vəzirin
uyuduğu bu məkan daim qohumları, dostları,
döyüş yoldaşları tərəfindən yad edilir.
Vəzir İsa oğlu Sədiyev qorxmazlığı, cəsarəti
ilə Azərbaycanın hərb tarixinə öz adını
yaza bildi. Qəhrəmanlıqla dolu döyüş yolu
yetişməkdə olan nəslin qəlbindəki vətənpərvərlik
toxumunu cücərtdi. Torpaqlarımızın
bütövlüyü uğrunda ölümsüzlüyə
qovuşan yurdsevər soydaşımız Prezidentin 15 yanvar
1995-ci il tarixli 262 saylı fərmanı ilə
ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görüldü. Biləcəri qəsəbəsindəki
parkların birində şəhid soydaşımızın
büstü qoyulub.
Vaxtilə alın təri, halal zəhməti ilə 6
övlad böyüdən Nənəqız ana bu gün də,
ahıl yaşında olmasına baxmayaraq, nikbindir. Ürəyi həyat
eşqi ilə doludur. Axı o, Milli Qəhrəman
anasıdı…
Vüqar ƏSGƏROV
Bakı xəbər.-
2019.- 5iyun .-S.14