Yazıçı-publisist Yasif Nəsirlinin “Zirvə” avtobioqrafik kitabı nəşr edilib
Hər
insana, qələm adamına nəsib olmur ki, sənətin,
sözün zirvəsinə ucala bilsin. Zirvəyə
gedən yol qaranlıq, dar yollardan, çətin keçilən yarğanlardan,
min bir yolu
olan labirintlərdən
gəlib keçir.
Əməkdar incəsənət xadimi, alim, tədqiqatçı,
tərcüməçi, yazıçı-publisist,
tanınmış ictimai
xadim Yasif Nəsirli zirvəyə əli çatan, bu ənginliyə ucalan qələm adamıdır desək yanılmarıq. “Ömür”,
“Dünya”, “Zaman” romanlarının, “Günəşlə
görüş”, “Mənalı
ömür”, “Təyyarə havaya uçur”, “Çinar
vüqarı”, “Qayıdacağam”,
“İnsanlar, görüşlər”,
“Görə bilmədim”
və başqa kitabların müəllifi
Y.Nəsirli zəngin və mənalı bir ömür yaşamaqla yanaşı, çox dolğun, faydalı, maraqlı bir yaradıcılıq yolu keçib.
Y.Nəsirlinin bir neçə həftə əvvəl işıq üzü görən növbəti
kitabı - “Zirvə” fəlsəfi-publisistik romanı
müəllifin oxuculara
yeni ərmağanıdır.
Söz yox ki, hər yazıçı
özünü yazır,
istənilən əsərində
öz həyatının
görünməyən tərəflərinə
işıq tutur. “Zirvə” də bu baxımdan çox əhəmiyyətlidir.
Çünki Y.Nəsirli
bu əsərində həyatı, taleyi, yaradıcılıq yolu, eyni zamanda da
keçdiyi burulğanlı,
çətin ictimai-siyasi
fəaliyyəti barədə
oxuculara məlumat verir. Y.Nəsirlinin respublikanın ictimai-siyasi
həyatında özünəməxsus
yeri var. Vətənpərvər ziyalı,
yazıçı, əsl
vətəndaş olan
Y.Nəsirlinin “Zirvə”si,
sözün həqiqi
mənasında, sözə
ucaldılan bir yaradıcılıq abidəsidir.
“Təknur” nəşriyyatında
işıq üzü
görən “Zirvə”nin
redaktorları İmaməddin
Zəkiyev və Sədiyar Cahangiroğludur.
“Zirvə”yə “Onun böyük həyat yolu, yaxud Yasif Nəsrli
dünyası” adlı
ön söz yazan filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Qəzənfər
Kazımov Y.Nəsirli
haqqında olduqca maraqlı fikirlərini bölüşüb. “Yasif
Nəsirli görkəmli
bir ziyalı kimi, yüksək adamlar haqqında heç bir qısqanclığa yol vermədən, səxavətlə,
ürək dolusu ilə danışır, böyük adamların böyüklük keyfiyyətini
ustalıqla üzə
çıxara bilir. Belə hallarda onun insana, mənən
yüksək olanlara sonsuz məhəbbəti də ifadə olunur. Bu cəhətdən
müəllimi, elmi rəhbəri və çox sevdiyi yazıçı Mir Cəlal, Mirzə İbrahimov, tənqidçi
Qulu Xəlilov, yazıçı Əlfi
Qasımov haqqında bədii-publisistik yazıları
diqqəti daha çox çəkir” - deyə Q.Kazımov qeyd edir.
“Zirvə” avtobioqrafik
romanında yazıçı
ayrı-ayrı şəxsiyyətlər,
ədəbi simalar, ictimai-siyasi xadimlərlə
bağlı dərin,
məzmunlu, eyni zamanda da maraqlı
məlumatlarla oxucunu tanış edir. Bu yazılarda yazıçının içində
çəkdiyi ağrılar,
hər an qanayan Qarabağ yarası, əlimizin-ünümüzün
yetmədiyi yurdlarımızın
harayı dil açıb danışır,
zümrüd bulaqların
göz yaşları axır...
“Zirvə” avtobioqrafik
romanının kitab şəklində işıq
üzü görməsi
münasibətilə dəyərli
qələm sahibi, tanınmış ziyalı,
ictimai xadim Y.Nəsirlini ürəkdən
təbrik edir, ona yaradıcılıq uğurları, cansağlığı
diləyirik.
İradə SARIYEVA
Bakı xəbər.-
2019.- 8-10 iyun.- S.13