Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği

Mədəniyyət10 İyn. 20:23

İki cahana sığmayan, iki cahanı özünə sığdıran fəlsəfi düha...

img

Gənc yaşlarımızdan dahi Nəsimini bizə tanıdan ən məşhur misraları: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...” oldu. Özünü “gövhəri-laməkan” adlandıran bu fəlfəfi fikir sahibi bütün bəşəri dəyərlərdən ucada dayandığını məhz “kövnü-məkanə” sığmaması ilə izhar edir, yaşadığı qaragüruhçu dövrdə fəlsəfi düşüncəsinin anlaşılmamasından “şərhü-bəyanə sığmazam” deyə gileylənirdi...

 

Nəsimi irsinə Prezident diqqəti və 50 il öncə...

Azərbaycan xalqı o cəhətdən özünü xoşbəxt hesab edə bilər ki, ölkənin başında hər zaman ümumxalq dəyərlərinə sayqı ilə yanaşan, milli-mənəvi irsimizə hörmət hissinin qorunub saxlanması və gənc nəslə aşılanmasında örnək ola biləcək rəhbərlər dayanıb. Bu sözləri tam mənası ilə Nəsimi irsinin yaşadılmasına da aid etmək olar. Bildiyimiz kimi, Prezident İlham Əliyev dahi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncam imzalayıb. Nəsimi irsinə bu ehtiramın əsası isə düz 50 il bundan öncə qoyulub. Belə ki, 1969-cu ildə o zaman Respublikanın rəhbəri olmuş Heydər Əliyevin təşəbbüsü ilə klassik Azərbaycan ədəbi irsinin parlaq nümunələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyiYUNESKO-nun tədbirlər siyahısına daxil edilib və həmin yubiley 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.Elə o dövrdən də Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində önəmli addımlar atılıb, Azərbaycan kinematoqrafiyasında Nəsiminin yaddaqalan obrazı yaradılıb, 1979-cu ildə Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ölməz şairin adını daşıyır. Bütün bunlarla yanaşı, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabr ayında ölkəmizdə təntənəli şəkildə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi də ölməz dühanın xatirəsinə dərin ehtiramın real təzahürü sayılmalıdır.

 

Azərbaycan xalqının bəxtinə yazılan dahi şəxsiyyətin dilimizin inkişafında əvəzsiz rolu...

Bəs, kim idi Nəsimi? Azərbaycan xalqının bəxtinə yazılan bu dahi şəxsiyyətin barəsində nələri bilirik? Nəsiminin həyatı haqqında geniş məlumat olmasa da, mənbələrin əksəriyyəti onun adını İmadəddin (dinin bilicisi) kimi göstərir. Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələrdə var. Əsərlərini təhlil edənlər şeirlərini Seyid Əli imzası ilə yazan Nəsiminin Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək dərəcədə kamil təhsil ala bildiyini yazır. Qeyd olunur ki, o, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəyib, islam və xristian dinlərinin əsaslarına yaxından bələd olub, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnib. Nəsimi fars və ərəb dillərini o qədər mükəmməl bilib ki, həmin dillərdə də Azərbaycan dilində olduğu qədər gözəl şeirlər yazıb. Onun Azərbaycan türkcəsində yazdığı şeirlər həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir. Bu şeirlərin özəlliyi həm də ondadır ki, onlarda şifahi ədəbiyyatımızdakı atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər geninə-boluna işlədilir. Nəsiminin rübailəri Azərbaycan xalq yaradıcılığı nümunəsi olan bayatılara çox yaxındır. Onun poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin - Əli ibn Sina, Xaqani, Nizami, Fələki, Həllac Mənsur, Fəzlüllah Nəimi, Şeyx Mahmud Şəbüstəri, Övhədi Marağayi və başqaları tez-tez xatırlanır.

 

Nəsimini dar ağacına aparan əsrarəngiz yol...

İlk şeirlərini müəlliminə ehtiram və yaxınlıq əlaməti olaraq məşhur sufi Hüseyn Həllac Mənsurun şərəfinə “Nəsimi” və “Hüseyni” təxəllüsü ilə yazan Nəsimi XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan “Hürufi” sufi təriqətinə qoşulur və təriqətin qurucusu təbrizli Fəzlullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsünü götürür. Nəsimi qısa zamanda hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanımmış simalarından birinə çevrilir, şeirləri dildən-dilə gəzir. Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymurləng hakimiyyəti 1394-cü ildə F.Nəimini edam edir. Müəlliminin edamından dərin sarsıntı keçirən Nəsimi onun təriqətini yaymaq üçün Təbrizə, oradan isə Anadoluya gedir. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə 1417-ci ildə həbs edilən Nəsimi Suriyanın Hələb şəhərində edam olunur. Şairin məzarı da Hələb şəhərindədir. Nəsimini Təbrizi adı ilə təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi”.

 

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır, Həllac Mənsurla birlikdə onun adı əqidəsi uğrunda cəsurluq rəmzinə çevrilir. Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz Həllac Mənsur  "Mən allaham!" fikrini işlətmiş, bu cür küfr sayılan fikirlərinə görə təqiblərə məruz qalmış və sonunda ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi əsərlərində onu tərənnüm edir, hətta hürufi təlimini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan geri qalmırdı. Bu sözləri müəyyən mənada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl- Allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu isə şairin panteist görüşlərindəki dəyişikliklə izah edilir:”Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin təkrarı deyildi".

 

Nə­simi yaradı­cı­lı­ğı həm ilahi, həm də dün­yəvi eşq, gö­zəl­li­yin təs­vir və tə­rən­nümü ilə zəngindir. Tə­ri­qət şeir­lə­rin­də hə­qiqi, dün­yəvi motiv­li əsər­lə­rin­də isə məca­zi mə­həb­bəti tə­rən­nüm edən şairin bu iki yaradıcılıq qolu arasınd­a başlıca fərq də ond­adır ki, tə­ri­qət şeir­lə­rin­dəki “dil­bər” ila­hi gö­zəl­lik və keyfiy­yət­lərə malik­ olmaqla Haqqın tims­alı, yaxud özü­, məca­zi mə­həb­bət poeziya­sınd­a isə məşuqu adəm övl­adı, maddi alə­min subyekti­dir.

 

Nəsimi yaradıcılığında istər mötədil, istərsə də ifrat sufilərin təsiri aydın hiss olunur. Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrini qəbul edən Nəsimi yazır: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.” Beləliklə o, idrakda yəqinliyin elmi, eyni və həqiqəti mərhələlərini nəzərdən keçirir ki, onlardan birincisi bilik, ikincisi görmə, üçüncüsü Haqqa çatmaqdır.

 

Nəsimi yaradıcılığında şəxsiyyət azadlığı və məhəbbətin tərənnümü...

Nəsimi yaradıcılığında insan amili, şəxsiyyətin azadlığı və məhəbbət ideyası qırmızı xətlə keçir. Bu səbəbdəndir ki, onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra Azərbaycan və digər xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Onun yaradıcılığı Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb. Ədəbiyyat tariximizdə fəlsəfi qəzəlin ilk kamil nümunəsini yaratmış ustad şair əruz vəzninin formalaşmasında misilsiz xidmətlər göstərib, əsərləri Yaxın və Orta Şərq xalqları ədəbiyyatına, İslam Şərqinin bir sıra şairlərinin yaradıcılığına təsir göstərməklə yeni ədəbi məktəb yaradıb. Öz ideyaları uğrunda mübarizə aparan, hətta son nəfəsində də bu ideyalardan dönməyən böyük tarixi şəxsiyyətin yaradıcılığı bütövlükdə haqsızlığa, ehkamçılığa, nadanlığa, zülmə üsyan idi. Şair qaranlıq bir mühitdə insanları və xalqları dostluğa, gözəlliyə, hünərə, buxovlardan azad olmağa səsləyir. O, feodal dünyasının ağır, amansız həyatından, hökmdarların zülm və istibdadından şikayətlənir, lakin zəmanəsindən narazı olmasına baxmayaraq ümidsizliyə qapılmır, ömrü bəxtiyar keçirməyə çağırır. Şair xalqları bir-birinə yaxınlaşdıran, mehriban edən bir amala doğru gedir, dini ixtilafları pisləyir, insanları bir-birinə düşmən edən mənasız məzhəb ayrılıqlarını qətiyyətlə rədd edir. Nəsiminin ən üstün cəhətlərindən biri isə onun Azərbaycan ədəbiyyatını mövzu, fikir və forma baxımından zənginləşdirməsi, dilimizin altı yüz il bundan əvvəlki zənginliyini bugünümüzə daşımaqla, eyni zamanda zəngin folklorumuzdan bəhrələnməklə möhtəşəm bir sənət dünyası yaratmasıdır.

 

Ziya Bünyadov şairin ölümü haqqında hansı həqiqətləri üzə çıxardı?

Lakin maraqlıdır ki, bütün tarixi şəxsiyyətlər kimi, Nəsiminin həyatı və ölümü haqqında da birmənalı olmayan fikirlər var. Məsələn, ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən şairin diri-diri edam edilərək dərisinin soyulduğunu görmüşük. Lakin mərhum akademik Ziya Bünyadovun Nəsimi barədə məqaləsində bu məlumatlara yeni yanaşmanın şahidi oluruq. Həmin məqaləsində akademik yazır ki, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər. Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (1412-1421) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (1414-1424) olub. Bundan başqa, Nəsiminin əsl adı və haralı olması haqda məlumat da ayrı-ayrı ərəb mənbələrində müxtəlif cür göstərilir. Nəsimini Nəsiməddin adlandıran ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) Şəmsəddin Səxavi (1427-1497) və İbn əl-İmdad əl-Hənbəli yazır ki, Nəsiməddin Təbrizi 820-ci (1417) ildə Hələbdə öldürülüb: “Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər”, yəni edam edildikdən sonra dərisi soyulub. 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbi isə Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verir. Onun 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbidən götürdüyü məlumatda deyilir ki, Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında ibn Xətibin və Şəmsəddin ibn Əminəddövlənin hüzurunda irəli sürülüb. İttihamla onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Naib Yaşbək Nəsimiyə “Dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm”-deyir. Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadətdən savayı bir söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabəddin fitva verir ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. Lakin son söz üçün Sultan əl-Müəyyədin fitvasını gözləyirlər. Nəsimi qala həbsxanasında saxlanarkın Sultan əl-Müəyyədin sərəncamı gəlir ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib bəyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, guya Nəsimi onları da dindən çıxarmışdı. Məhəmməd Raqib yazır ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” ilə üzbəüz və hökumət evinin yanındadır. Ora indi də “Nəsimi təkyəsi” deyirlər...

 

Beləliklə, akademik Ziya Bünyadov Nəsiminin diri-diri dərisinin soyulması barədə deyilənləri tamamilə inkar edir və bunu geniş kütlənin ona olan rəğbətinin təzahürü kimi qiymətləndirir. Bu rəğbətin inikasını isə elə ötən əsrin 70-ci illərində “Azərbaycanfilm”in çəkdiyi filmdə şairin edam səhnəsində izləyirik – Nəsiminin hətta bir damla qanının sıçradığı yerin belə kəsilməsi barədə fitva verilərkən qan fitva verənin öz barmağına sıçrayır, lakin o dərhal sözünü danır. Nəsimi isə onu aşağıdakı məşhur misraları ilə utandırır:

 

“Zahidin bir barmağın kəssən, dönüb Həqdən qaçar,

 

Gör bu miskin aşiqi, sərpa soyarlar, ağlamaz...”

 

Samirə SƏFƏROVA

Bakı xəbər.- 2019.- 11 iyun.- S.12