Cahana sığmayan Azərbaycan şairi
Nəsimi ili: klassik ədəbi irsə
müasir baxış, milli və bəşəri
ideyaların təbliği
img
Qüdrətli ədəbiyyat nəhənglərinin
bədii dühasından və idrakından doğan əsərlər
ədəbi düşüncəmizin formalaşmasında
önəmli rola malikdir. Poeziyamızın zəngin dövrlərindən
biri orta əsrlərdir ki, bu dönəmdə Azərbaycanın
bir sıra şairləri, mütəfəkkirləri
yazıb-yaradıb. Orta əsr Azərbaycan poeziyasının
görkəmli simalarından biri də İmadəddin Nəsimidir.
İ.Nəsimi ədəbi fikrin
inkişafındakı möhtəşəm xidmətləri
ilə orta əsrlərdə Şərq dünyası
miqyasını aşaraq, beynəlxalq aləmdə də əsl
sənət ulduzları kimi parlayıb. Haqqında
danışdığımız şəxs ümumşərq
miqyasında qüdrətli şair kimi tanınan böyük
sənətkardır.
Danılmaz faktdır ki, Nəsimi dünya ədəbiyyatında
sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə
şəxsiyyətin bütövlüyünün və əzəmətinin
nümunəsini göstərmiş nadir sənətkarlardan
biridir.
Mənəvi kamillik konsepsiyasını ifadə
edən Şərq poeziyasında Nəsiminin lirikası fərqli
bir mövqeyə malikdir. O, əsərlərində idealla
insanlıq arasında bərabərlik yaratmağa nail olub. Daha
doğrusu, İmadəddin Nəsimi insanı ilahi qüdrətə
malik ideal miqyasında vəsf edib. Onun şeirlərində
insan orta əsrlər Şərq və Azərbaycan
poeziyasında olduğu kimi, yaxud aşiqanə üslubdan daha
çox konkret olaraq fərdin mənəvi ucalığı,
şəxsiyyətin daxili azadlığı və əzəməti
formatında təqdim olunub. Nəsimi insanı klassik Azərbaycan
şeirindəki eşq mehrabından çıxararaq, ilahi
varlıq müstəvisinə doğru yol gedən həqiqət
aşiqi qismində tərənnüm edib. Nəsimi daha
çox aşiqanə ruhda inkişaf edən Azərbaycan
poeziyasında ictimai motivlərin meydanını genişləndirib.
Bundan başqa, Nəsiminin poeziyasında nəsihətçilik
arxa planda qalıb, həyat fəlsəfəsi və
mübarizə ruhu ön mövqeyə keçib. Nəsimi
özü də keşməkeşli tərcümeyi-halı və
mübariz ruhlu şeirləri ilə kamil insan obrazının
möhtəşəm şair-mütəfəkkir abidəsi
kimi ucalır.
Nəsiminin ölməz irsi Azərbaycan
xalqının milli-mənəvi varlığının
tükənməz xəzinəsidir
Bəllidir ki, Nəsimi cəmi 48 il ömür
sürüb və 3 dildə yazıb-yaradıb. Azərbaycan, fars və ərəb dillərində
böyük və zəngin ədəbi irs yaradan şairin
şeirlərində ifadə olunan yüksək humanizm,
dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və
ilahi eşq ideyaları zamanı daha da irəli aparan
çağırışlardır. Nəsiminin
böyük idealları müasir dövrün də
ideyalarını əks etdirir, onun əsərləri
insanlığı mənəvi kamilliyə, ədalətə,
humanizmə çağırmaqda davam edir.
Nəsiminin ölməz irsi Azərbaycan
xalqının milli-mənəvi varlığının və
böyük ideallarının, duyğu və
düşüncəsinin zəngin və tükənməz xəzinəsidir.
Azərbaycan xalqı məhz həmin möhkəm
milli-mənəvi dayaqlar və davamlı böyük ənənələr
əsasında zaman-zaman formalaşma və dirçəliş
mərhələləri keçərək, indiki yüksək
inkişaf səviyyəsinə gəlib çatıb.
Nəsimi bütün bəşəriyyəti
öz yaradıcılığı ilə əsərlərində
ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir.
2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında
İmadəddin Nəsiminin vəfatının 600-cü
ildönümü ilə əlaqədar təntənəli tədbirin
keçirilməsi Nəsimi
yaradıcılığının ümumbəşəri dəyərinin,
onun bəşəriyyət üçün gərəkli
şəxsiyyət olmasının ifadəsidir.
Nəsimi insanların qəlbini,
onların iç dünyasını ilahi ustalıqla
özünəməxsus zəngin söz
yaradıçılığı ilə tərənnüm
edən müəllimdir, ustaddır. Şeirlərini təhlil
edərkən onun bütün yaradıcılığı
boyu gələcək nəsillərə verdiyi töhfələr
göz önündə dayanır. Nəsiminin insanlıq,
kamil şəxsiyyət haqqında təsəvvürləri
olduqca yüksəkdir.
Nəsimi öz şəxsində insanın bəşəri
keyfiyyətlərini açır, onu mənalandırır,
poetik səviyyəyə yüksəlir. Nəsimiyə görə,
“mən” həyatdır, elə bir gözəllikdir ki, əgər
özünü dərk edərsə, ülvi bir
varlığa çevrilib ilahiləşir. Şairin fikrincə,
insan bütöv bir aləmdir, insan kainatdır. Nəsimi əsərlərində
insanın ən gözəl xüsusiyyəti özünü
dərk etməsidir.
Onu da bildirək ki, Nəsimi
yaradıcılığının böyük tərbiyəvi
və maarifçi əhəmiyyəti var. Bu gün gənc nəslin
əxlaq tərbiyəsində Nəsimi yaradıcılığı
kamil insan düsturunu öz misralarında oxucuya
aşılayır. Bu kamillik, insan qüdrəti heyranedici bir
himn kimi səslənir. Və bu gözəllik, bu qüdrət
dünyada bütün insanlara deyil, yalnız özünü
tanımış, dərk etmiş kamil insanlara xasdır. Nəsiminin
əsərlərində hər kəsə özünü
tanımaq yollarını göstərmək, kamil insan
yetişdirmək, insanlardakı bacarıqları üzə
çıxarmaq və onlara istiqamət vermək kimi ideyalar
müasir pedaqoji fikrin əsas ideyaları ilə
uzlaşır.
AMEA Şərqşünaslıq
İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə
doktoru, dosent Səadət Şıxıyeva bildirdi ki, Nəsiminin
anadilli poeziyamıza gətirdiyi və qəzəlin qəlibindən
istifadə ilə ayrıca poetik forma şəkli verdiyi bir
sıra poetik fiqurların spesifik xüsusiyyətlərindən
bəhs edib: “Nəsimi şeiriyyətini sevdirən cəhətlər
dilin təbii axarı, uğurlu özünüifadədir. Nəsimi
şeirində sözlər sərtləşə bilir,
yumşala bilir, elastikləşə, gözəlləşə
və canlana bilir”.
S.Şıxıyevanın sözlərinə
görə, şairin mövzu seçimi dəyişkən və
rəngarəng olub. O, eyni zamanda, Nəsiminin təbliğatçı
şair olduğunu, “mən” şəxs əvəzliyinin Nəsimidə
qrammatik bir vasitə olmaqdan çıxaraq təsəvvüfi-fəlsəfi
məzmun daşıdığını da dilə gətirdi.
Nəsiminin söz ümmanından bəhrələnənlər
Təkcə Azərbaycanın
deyil, ümumiyyətlə, türk divan və təsəvvüf
ədəbiyyatının görkəmli nümayəndələrindən
olan Nəsimi özündən sonra çox
uzunömürlü bir ədəbi məktəbin sarsılmaz
təməlini qoyub. Şairin çox mürəkkəb fəlsəfi
fikirlərinin türk dilinin və əlbəttə ki, öz
hisslərinin təbii axarına müvafiq şəkildə
ifadəsi onun şeirinə səmimiyyət və
canlılıq verib. Bu səmimilik Nəsimi
şeirinin həmişəyaşarlığını təmin
edərək, sonrakı dövrlərdə yazıb-yaradan
söz ustalarını onun təsir dairəsinə cəzb
etdi. Şairin hürufilik, irfan və fərdi
düşüncədən süzülüb gələn
fikirlərinin mürəkkəblik və sinkretizmi isə
onun şeirinə bir əsrarəngizlik verərək, həm
cəlbedici, həm də əlçatmaz etdi.
Nəsiminin Azərbaycan,
Türkiyə, İran, Özbəkistan, Türkmənistan və
İraq türkmən ədəbiyyatında davamçıları
çox olsa da, az bir qismi onun sözünü incəliklərinədək
dərk edərək qavraya bildi və onun dediklərinə nə
isə əlavə etmək iqtidarında oldu. Nəsimi məktəbinin nümayəndələrinin
sayı isə Nizami və Füzulinin ardıcıllarından
sayca az deyil, bəlkə çoxdur. Çünki onun söz
sənətinin təsiri divan, təriqət, yazılı,
şifahi, türk, yaxud da farsdilli ədəbiyyat məhdudiyyəti
tanımır.
Nəsiminin ədəbi nüfuz dairəsi
türk ədəbiyyatı ilə məhdudlaşmır
Nəsimi Azərbaycan ədəbiyyatı
tarixində bədii-fəlsəfi şeirimizin
özülünü qoymuş, söz sənətimizi forma və
məzmunca zənginləşdirmiş, özündən
sonrakı nəsillər üçün ədəbi irs qoyub
gedib. Yaradıcılığa aşiqanə şeirlərlə
başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi
mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı
tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını
qoyub. Zərrədə günəş axtararaq
varlığın bir vücuddan yarandığını deyən
Nəsimi insanları gözəl və çirkin deyə ikiyə
bölmür, milli ayrıseçkilik axtarmırdı.
Könül tərbiyəsi və gözəlliyini insan
ömrünün qayəsi sayan şair şeirlərində
insana, insan ləyaqətinə, onun qüdrətinə
olan yüksək inamını tərənnüm etməklə
insanı həyatın yaradıcısı, həyati gözəlliklərin
əsl mənbəyi kimi vəsf edib. Onun lirik qəhrəmanı
düşünən və duyan kamil insan idi. O insan ki, nəfs
yolunu deyil, ali bir eşq yolunu tutaraq kamala çatır, haqqa
qovuşur. Haqqı özündə taparaq həqiqəti,
gerçəkliyi duyur.
Bulmuşam həqqi, ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq
söylərəm.
Gör bu əsrarı nə müğləq
söylərəm,
Sadiqəm qövlümdə, səddəq
söylərəm
Böyüməkdə olan gənc nəslin
yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə
olunmasında, oxucuların mənən kamilləşməsində
Nəsimi irsinin xüsusi əhəmiyyəti var. Nəsiminin
650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsilə
əlaqədar olaraq bu səpkidə çoxlu sayda maarifləndirici
tədbirin, layihələrin keçirilməsi daha məqsədəuyğundur.
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il noyabr
ayının 15-də “Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
haqqında” və 2019-cu il yanvar ayının 11-də “Azərbaycan
Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında” sərəncamlar imzalayıb. Bu sərəncamlar
dövlət başçısının Nəsimi
yaradıcılığına verdiyi yüksək dəyərdən
xəbər verir.
Böyük şair, mütəfəkkir,
qüdrətli söz ustadı Nəsiminin bəşəri
ideyalarla zəngin irsi təkcə özündən sonrakı
klassik Azərbaycan ədəbiyyatının, ana dilində
poeziyamızın deyil, həmçinin, Yaxın Şərqdən
Mərkəzi Asiyayadək bir sıra xalqların bədii-ictimai
fikrinin inkişafına təsir göstərib. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
dahi şairin 650 illik yubileyi, eləcə də ölkəmizdə
elan edilən “Nəsimi ili” mədəniyyət, təhsil, elm
ocaqlarında silsilə tədbirlər, layihələrlə
qeyd edilir.
Məlumat üçün bildirək
ki, kitabxanalarda Nəsiminin əsərlərinin nəşrləri,
şairin həyat və yaradıcılığı
haqqında çoxlu kitab, monoqrafiyalar var. Şairin əsərləri
rus, ingilis, alman, fransız, türk, fars və başqa dillərdə
də işıq üzü görüb. Nəsimi
haqqında müxtəlif ekran, səhnə, musiqi əsərləri
var, amma humanizm carçısı olan şairin irsi ilə ən
yaxın, bilavasitə tanışlıq mənbəyi onun
özünün əsərləridir.
Günel CƏLİLOVA
Bakı xəbər.-
2019.- 13 iyun.- S.14