“Sandıq
açıldı, Mirzə Şəfinin sirri aydın oldu” -
Böyük şairə həsr olunmuş kitab işıq
üzü gördü, həm də üç dildə… -
Ötən gün "Xalq" Bankın
"Xalq Əmanəti" layihəsindən növbəti
kitab təqdim olunub. Sayca on səkkizinci nəşr böyük Azərbaycan şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu
Mirzə Şəfi Vazehin yaradıcılıq
irsinə həsr edilib.
Məlumat üçün
bildirək ki, kitab üç dildə - Azərbaycan, rus və alman
dillərində çap
olunub və onun nəşri şairin anadan olmasının 225-ci ildönümünə
təsadüf edir.
Mirzə Şəfi Vazehin
yaradıcılıq irsinə
həsr olunmuş adıçəkilən kitabın
təqdimat mərasimində
iştirak edən layihənin redaktoru, şair Səlim Babullaoğlu çıxış
edərək bildirdi ki, kitab beş
ildən çox müddət ərzində,
müxtəlif ölkələrinin
çoxsaylı araşdırmaları
nəticəsində
ərsəyə gəlib:
“Kitabda həm klassik, həm də müasir təcrübələr yer
alıb, bizə doğru 170 ilə yaxın yol gəlib. 170 il sonra ilk dəfədir
ki, Vazehin bütün şeirləri
Azərbaycan dilinə
çevrilib. Onun 20-dək
almanca şeiri var ki, indiyə
qədər Azərbaycan
dilində nəşrdə
yer almamışdı”.
Daha sonra çıxış
edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəyli qeyd etdi ki, Vazehlə
bağlı yeni kitab Azərbaycan ədəbiyyatı, elmi, ictimai fikrinə hədiyyədir: “İndiyə
qədər Mirzə Şəfi Vazehin yaradıcılığı bizdə
bu qədər geniş tədqiq olunmayıb. Vazeh haqda bu gün
də çox şey bilmirik. Nəğmələri, kitabları
çeçələ barmağımız
həcmində olub. Onun yalnız 40-50 şeiri ilə tanış idik.
Bu kitabda
isə onun bütün yaradıcılığı
öz əksini tapıb. Düşünürəm
ki, kitab Vazeh yaradıcılığı
haqqında çox qiymətli əsərdir”.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov kitabın əhəmiyyətinə
toxunub: "Uzun illər ədəbiyyatşünaslar
arasında "Fridrix
Martin fon Bodenştedtin sandığı"
ifadəsi olub. Sandıq nə vaxt açılacaqdısa,
Mirzə Şəfinin
də sirri aydın olacaqdı. Məlum oldu ki, belə sandıq
yox imiş. Bu da bir mistika idi.
Mənə elə gəlir
ki, sandıq bu gün açılır.
Onun bu mistikasına, yaradıcılığının fəlsəfəsinə izahlar
çox olacaq”.
Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, millət vəkili Rafael Hüseynov kitabın Azərbaycan-Almaniya
ədəbi əlaqələr
nöqteyi-nəzərindən önəmli olduğunu vurğulayıb. O, Mirzə
Şəfi Vazehə zamanında sahib çıxılmadığını
dilə gətirdi: “Şəfidən ayrılıqdan
böyük zaman keçib və ilk dəfə fundamental kitab hazırlanıb. Həmişə
axtarırdıq ki, Şəfinin arxivi Bodenştetin evinin hansısa küncündədir,
gizlədib və bu arxivin açılma
müddəti var, amma Həmid Məmmədzadə sübut
etdi ki, onu kənarda yox, elə evdə
axtarmaq lazımdır.
Kekelidze
adına Əlyazmalar İnstitutunda
şeirlər məcmuəsi
tapdı. O cüngün
içərisində Mirzə
Şəfi Vazehin bu günə qədər məlum olmayan şeirləri vardı”.
Rafael Hüseynov Mirzə Şəfi Vazehlə bağlı rastına çıxan nümunədən
də söz açdı: “Moskva hər il “Şkola
molodiy vostokavedova” adlı konfrans keçirirdi, ayrı-ayrı
şəhərlərdə təşkil olunurdu. 1981-ci ildə tədbir
İrəvanda keçirilirdi
və mən də iştirak elədim. Matenadaranda əlyazmalarla işləyəndə
Sayat Novanın oğlu Ohanın Azərbaycan türkcəsində
Mirzə Şəfi Vazehə cavab olaraq yazdığı şeir rastıma çıxdı. Axtarası olsaq,
hələ nə qədər mətnlər
ortaya çıxar”.
AMEA Folklor İnstitutunun
direktoru, akademik Muxtar İmanov bildirdi ki, böyük
yaradıcı kollektivin
zəhməti hesabına
ərsəyə gələn
bu kitab Mirzə Şəfi ilə bağlı bir sıra sirlərin
üstünün açılmasına
rəvac verə və gələcək tədqiqatlara böyük
işıq sala bilər.
Araşdırmaçı Orxan Aras isə vurğuladı ki, 45 atalar sözü
və deyim Mirzə Şəfi Vazehin şeirlərindən
alman dilinə keçib: “Bu, 1919-cu ildə
"Alman atalar sözü" adlı kitabda üzə çıxıb. Bu, çox vacib bir şeydir. Çörçill 1953-cü ildə Nobel mükafatı alanda etirazlar oldu, dedilər, zalım bir adama necə
bu mükafatı vermək olar? Cavabda qeyd etdilər ki, ingilis dilinə
Şekspirdən sonra ən çox söz daxil edən şəxsiyyət
olduğundan Çörçill
bu mükafatla təltif edilib. Bir dilə yeni söz və atalar sözü daxil etmək çox önəmli bir məqamdır”.
Günel CƏLİLOVA
Bakı xəbər.-
2019.- 28 iyun.- S.15.