Məşhur rəssamın yubiley sərgisi keçirildi...

Rəfael Abasov- 75

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə ərsəyə gələn bu sərgi Azərbaycan respublikasının Əməkdar rəssamı Rəfael Abasovun 75 illiyinə həsr olunmuşdur...

Sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Vaqif Əliyev xalqımızın dəyərli sənətkarı Rəfael Abasovun həyat-fəaliyyəti, təhsili və yaradıcılığı barədə ətraflı məlumat verərək qeyd etdi ki, Rəfael Abbasov nəinki ölkəmizdə, eləcə də dünya ölkələrində yetərincə tanınır. Onun yaradıcılığında portret janrı xüsusi yer tutur.Azərbaycan Rəssamlar ittifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə sənətkarın tələbəlik illərindən söz açdı. Onun hələ Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxuyarkən incə zövqündən, səliqə-səhmanından, gələcəyin böyük rəssamı olacağına işarət verən gənclik yaradıcılığından dostcasına, səmimiyyətlə danışdı və onu ürəkdən təbrik edib daha böyük nailiyyətlər arzuladı...Azərbaycanın xalq rəssamı, Azərbaycan rəssamlıq akademiyasının rektoru, akademik Ömər Eldarov öz çıxışında Rəfael Abasovun yaradıcılığında, o cümlədən də portret janrında işlədiyi əsərlərin akademik üslubundan ətraflı söz açdı. Bu üslubda işlədiyi əsərlərə onun öz içindən gələn canlı emosional duyğular gətirdiyini xüsusi qeyd etdi. Bu cür işləmələr isə rəssamdan böyük fizikipsixoloji zəhmət tələb edir, deyə vurğuladı. Çıxışının sonunda rəssama xüsusi hörmət, ehtiram və təbriklərini çatdırdıAzərbaycanın xalq rəssamı, professor Arif Hüseynov diqqəti onunözünün uşaqlıq illərinə çəkdi və qeyd etdi ki, Rəfael elə uşaqlığından belə bir emosioanl xüsusiyyətə malik idi. Bu duyğusallıq hələ bizim rəssamlıq dərnəyində çalışdığımız vaxtlarda belə özünü büruzə verirdi. Çox qəribədir ki, bu gün onun yaşının 75-ə çatmasına inana bilmirəm. Bəlkə də inanmaq istəmirəm... Sənə uğurlar, əziz dostum! Mənim yaddaşımda həkk olunan o yeniyetməlik hərarətilə ilə də yaradıcılığını davam etdir...Azərbaycan xalq rəssamı Fuad Salayevöz növbəsində ən yaxın dostu olan Rəfael Abasovu xüsusi təbrik edərək qeyd etdi ki, Rəfael bütün Abşeron yarımadasını qarış-qarış gəzərək bu ərazinin min bir rəng çaları olan mənzərələrini kətana köçürmüşdür. Mən fəxr edirəm ki, o, Abşeron mühitini, bu mühitin fəxr ediləcək rəssamlıq məktəbninin ən layiqli nümayəndəsidir. Arif müəllim düz qeyd etdi: O, elə anadan emosional, duyğusal doğulmuşdur. Heç şübhəm yoxdur ki, Rəfaelin bu duyğusallığı bu gün onu tərk etməmişdir. Ümid edirəm ki, o indən sonra da bu cür gənclik hərəatəilə yaradıcılığını davam etdirəcəkdir. Onun buna həm ruhi-mənəvi, həm fiziki durumu imkan verir...Azərbaycan Rəssamlar İtiffaqının məsul katibi, respublikamızın əməkdar incəsənət xadimi Rafiq Kərimov isə yubilyarı özünəməxsus tərzdə- poetik dillə, şeirlə təbrik edərək ona öz hədiyyələrini təqdim etdi.Rəssamın digər dost-tanışları da onu gül dəstləri suvernirlərlə təbrik etdilər.

Sonda söz alan əməkdar rəssam Rəfael Abasov özünün bu yubiley sərgisinin belə təmtəraqla keçirilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə Azərbaycan Rəssamlar ittifaqına dərin minnətdarlığını bildirdi. Eyni zamanda sərgiyə gələn bütün ziyarətçilərə bu gəlişlərilə onu şərəfləndirdiklərinə görə xüsusi təşəkkürünü bildirdi.Sərgidə rəssamın yüzə yaxın ən layiqli müxtəlif  janr mövzulu əsərləri nümayiş etdirilirdi. Təbii ki müəllifin portret janrında işlənmiş əsərləri isə öz parlaqlığı ilə xüsisolə göz qamaşdırırdı. Görünür, elə bu səbəbdən idi ki, salonda böyük bir anşlaq - böyük bir müvəffəqiyyətlilik hökm sürürdü.

Mən öz növbəmdə xalqımızın bu dəyərli səntəkarını - əməkdar rəssam Rəfael Abasovu səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar diləyirəm.

Binnət Hümbətoğlu

Sənətşünas

Bakı xəbər.- 2019.- 12 mart.- S.15