Rasim Balayev: “Bu, sənət deyil, xalturadır. Ona görə seriallara çəkilmirəm” -

 “Ssenarini çəkiliş prosesində yazırlar, bu mənim xoşuma gəlmir”

 “20 xalq artisti ola bilər, ancaq yaşlı nəsildən kinoda neçə adam qalıb?”

Keçən həftə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşünə görkəmli aktyor, xalq artisti Rasim Balayevin dəvət edilməməsi həm sənətkarın özü, həm ictimaiyyət tərəfindən müsbət qarşılanmadı. Bununla bağlı sosial şəbəkələrdə geniş müzakirələr açıldı və görüş iştirakçılarının siyahısını tərtib edən məmurlar ciddi tənqid edildi.Bildiyimiz kimi, Prezident İlham Əliyev xalq artistinə zəng vuraraq baş verənlərin siyahını hazırlayanların günahı olduğunu bildirib.Xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb həm bu məsələ, həm də kinomuzun vəziyyəti ilə bağlı söhbət etdik.

- Rasim müəllim, cənab Prezident Sizə zəng edib və bildirib ki, görüşə dəvət edilməməyiniz dövlətin Sizə münasibətinin göstəricisi deyil, bu, siyahını tərtib edənlərin günahıdır. Prezident İlham Əliyevin zəngini necə qiymətləndirirsiniz? Prezidentin zənginin Sizin üçün dəyəri nədir?

- Prezidentin mənə zəng vurmasının, mənimlə səmimi söhbət etməsinin mənim üçün dəyəri çox böyükdür. Yəni ölkə başçısının məni sayıb zəng vurması o deməkdir ki, o bununla mənə diqqətini göstərib. Bilirsiniz ki, mənim mədəniyyət və incəsənət adamlarının sırasında həmin görüşə dəvət edilməməyim çox geniş müzakirəyə səbəb oldu. Məndən bunun səbəbini çox adam soruşurdu, qəzetlər, saytlar suallar verirdilər ki, nə üçün ora dəvət edilməmisiniz? Mən də deyirdim ki, o görüşə dəvət edilməməyimin səbəbini bilmirəm. Hətta bəzi sosial şəbəkələrdə fikirlər yayıldı ki, bu, dövlətin, hökumətin Rasim Balayevə mənfi münasibətinin göstəricisidir. Bir neçə dəfə demişəm, indi də xatırlatmaq istəyirəm ki, dövlətlə, hökumətlə heç bir problemim yoxdur. Dövlət mənə həmişə diqqət yetirib, bir neçə ay əvvəl 70 illik yubileyim münasibətilə Prezident mənə “Şərəf” ordeni verdi.

- Səhv etmiriksə, bundan əvvəl “Şöhrət” ordeni də almısınız...

- “Şöhrət” ordenini 1998-ci ildə 50 illik yubileyimdə rəhmətlik Heydər Əliyev vermişdi. 70 yaşımda da diqqətdən kənarda qalmadım və dediyim kimi, cənab Prezident tərəfindən “Şərəf” ordeni ilə təltif edildim. Demək istəyirəm ki, dövlətin, Prezidentin mənə münasibəti pis deyil, yaxşıdır. Keçən dəfə də dedim, yenə də deyirəm ki, mənim o görüşə dəvət edilməməyim dövlətin mənə münasibətinin göstəricisi deyil, mənə qarşı qərəzli münasibət o siyahını tərtib edənlər tərəfindəndir. Ola bilsin ki, mən kimlərinsə xoşuna gəlmirəm və mənim adımı onlar siyahıya salmayıblar. Hər halda, mən belə fikirləşirəm, deyəsən də düz fikirləşirəm.

- Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında Sizin həmin görüşə dəvət edilməməyinizin səbəbinə də münasibət bildirib. O deyib ki, Azərbaycanda 200-dən artıq xalq artisti var və hər kəsi görüşə çağıra bilməzdik. Nazir, həmçinin, qeyd edib ki, Rasim Balayev və digər mədəniyyət xadimləri ilə də görüş olacaq. O, “Kim kənarda qaldısa, üzr istəyirəm, gələn dəfə nəzərə alacağıq” - deyib. Buna münasibətiniz necədir?

- 200 xalq artisti ola bilər, ancaq yaşlı nəsildən kinoda neçə adam qalıb? Biz bir neçə nəfərik. Sayımız çox deyil. Mən həmin görüşdə, faktiki olaraq, iştirak etməliydim.

 

Çox sağ olsun cənab Prezident, telefonda mənə dedi ki, bizim sizə həmişə böyük hörmətimiz olub, sizin ora dəvət edilməməyiniz bizim sizə münasibətimizin göstəricisi deyil və günah o siyahını tərtib edənlərdədir. Mən də ona dedim ki, cənab Prezident, bilirəm, diqqətinizə görə çox sağ olun. Soruşdu ki, orada olsaydınız, nə təklifləriniz olardı? Dedim ki, mənim təkliflərimi, Azərbaycan kinosunun bugünkü vəziyyəti haqqında Sizə Mehriban Zəki məlumat verdi, Azərbaycan kinosunun maliyyələşməsi büdcəyə salınmamışdı, Siz də sağ olun ki, Prezidentin Ehtiyat Fondundan Azərbaycan kinosunun çəkilməsi üçün 5 milyon manat vəsait ayırdınız. Prezidentə bununla bağlı təşəkkür edib dedim ki, bu çox böyük işdir. Söhbətimizdə bildirdim ki, gəncləri irəli çəkirsiniz, onlar bizim gələcəyimizdir, biz yaşlaşıb gedirik, gənclər bizi əvəz edəcək. Gənclər də iş prosesində yetişməlidir. Bilirsiniz, müəyyən individual sənət növləri var, məsələn, rəssamlar, bəstəkarlar, şairlər, fərdi qaydada evində oturub sənət əsəri yaradırlar. Ancaq bizim işimiz kollektiv işdir və biz çəkilişlərdə olmuşuq. Gənclər də necə yetişməlidir? Gərək film çəksin ki, o yetişsin. Filmin biri zəif olacaq, o biri güclü olacaq, o yavaş-yavaş yetişib ortaya çıxacaq. Prezident də bildirdi ki, düz deyirsiniz. Cənab Prezidentlə çox səmimi söhbətimiz oldu, dedi ki, biz sizi orada görmək istəyirdik, amma sizin orada olmamağınız siyahı tutanların günahıdır. Sağ olsun, mən respublikanın birinci şəxsinin mənə zəng vurmasına, diqqət göstərməsinə çox böyük önəm verirəm.

- Rasim müəllim, tamaşaçılar Sizi daha çox Nəsimi obrazı ilə sevir. Nəsimi haqqında danışılanda hər kəsin gözləri qarşısında obrazınız canlanır. 2019-cu il cənab Prezidentin sərəncamı ilə “Nəsimi ili” elan edilib. “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərə dəvət edilirsinizmi? Bu tədbirlərdə Nəsimi ilə bağlı hansı məsələlərin işıqlandırılmasını istərdiniz?     

- Məni tez-tez məktəblərə, kollektivlərə dəvət edirlər və orada çox maraqlı görüşlər keçirilir. Düzdür, vaxt azlığından bütün dəvət edilən yerlərə gedə bilmirəm. Bir məktəbə getmişdim, bu görüşdən sonra, yalan olmasın, bəlkə 30-40 məktəb direktoru mənə zəng vuraraq “bizim məktəbə də gəlin” deyiblər. “Nəsimi ili” tədbirlərinə gəlincə, il boyu dövlət tərəfindən bu tədbirlər qeyd ediləcək, simpoziumlar, konfranslar keçiriləcək, dünyanın çox yerindən alimlər, ədəbiyyatşünaslar gələcək. Yəqin mən də dəvət ediləcəyəm və Allah qoysa, iştirak edəcəyəm.

- Müasir kinoda Sizi nə qane etmir?

- Mən indiyə qədər çox filmlərə çəkilməkdən imtina etmişəm. O filmlərin ki, ssenarisini alıb oxuya bilmirəm, həmin filmlərə çəkilmirəm. Serial çəkənlər ki, ssenarini çəkiliş prosesində yazırlar, bu mənim xoşuma gəlmir. Mən belə şey görməmişəm. Görmüşəm ki, ssenari əvvəlcədən yazılıb hazır edilir, təqdim edilir, sonra isə obraza təsdiq olunması üçün aktyorların sınaq çəkilişləri olurdu. Xoşlarına gələn aktyoru seçirdilər, sonra isə onlara ssenarini verirdilər, çəkiliş günü təyin edilirdi ki, filan gün filan epizod çəkiləcək. Aktyor 20 gün , bir ay əvvəl çəkiləcəyini bilirdi və rola hazırlaşırdı. İndi isə belə deyil. Serialları qaçaqaçla, qovhaqovla çəkirlər. Çəkiliş zamanı böyük bir mətni aktyora verirlər ki, rolunla tanış ol. Belə şey olar? Bilmirsən sözləri əzbərləyəsən, yoxsa obrazı oynamaq haqqında fikirləşəsən. Bu məsələ məni qane etmir. Digər ciddi məsələ isə aktyorları çəkilişlər zamanı həddən artıq yorurlar. Aktyoru saat 10-a, 11-ə çağırırlar, ancaq axşam saat 5-ə, 6-ya qədər çəkirlər. Nə var, nə var, o obyekti pulla birgünlük icarəyə götürüblər, ona görə də çalışırlar ki, böyük bir metrajı bir günə çəkib qurtarsınlar. Aktyoru yormazlar axı... Bu, sənət deyil, xalturadır. Ona görə də seriallara çəkilmirəm. 20-30 seriyalı film çəkirlər və əvvəldən ssenari məlum olmadığı üçün, bilmirəm kimi oynayıram. Mən bu seriallardan zövq almıram. Görürəm ki, burada kəmiyyətə fikir verirlər, lakin keyfiyyət haqqında düşünən yoxdur. İstəyirəm ki, işim keyfiyyətli olsun, mən 8-10 saat işləyə bilmirəm, yoruluram.

 

- Rasim müəllim, Siz də qeyd etdiniz, Prezident tərəfindən kino çəkilişləri üçün 5 milyon manat vəsait ayrıldı. Sizcə, bu, kinomuzun qarşısında hansı imkanlar açır?

- Vəsait ayrılıb ki, kinolar çəkilsin, bu sahədə iş getsin. Bu kinoda işləyən insanlar, operator, rejissor, digər sənət sahibləri var. Kino bir adamın işi deyil, bir neçə sənətin sintezi deməkdir. Kino üçün müxtəlif sahələr üzrə yeni kadrlar yetişdirilməlidir. Bunun üçün də davamlı olaraq filmlər çəkilməlidir. Ola bilsin ki, bir il, iki il çəkilən filmlər orta səviyyəli, yaxud zəif olacaq, ancaq bu iş prosesində gənc kadrlar formalaşa bilər və gələcəkdə yaxşı sənətkarlar ortaya çıxar.

- Belə başa düşdük ki, Siz milli kino sənayemizin sıfırdan qurulmasını istəyirsiniz...

- Bəli. Kinoda yeni nəsil yetişdirilməlidir. Gənclər üçün şərait yaradılmalıdır. Əvvəllər şərait vardı. Sovet hökumətinin vaxtında yaxşı ənənələr də vardı, pis ənənələr də. Yaxşı ənənələri götürmək lazımdır. Kinostudiyanın nəzdində “Debüt” studiyası vardı, burada gənc rejissorları yoxlayırdılar. Perspektivi olan adama birdən-birə film vermirdilər, onlara həmin studiyada ikihissəli kiçik filmlər çəkməyi həvalə edirdilər. Onlar o filmdə özlərini təsdiqləyəndən sonra böyük film verirdilər. Bu gün həmin “Debüt” studiyasının fəaliyyətinə ehtiyac var. İndi də gənc rejissorları sınamaq üçün onlara 15-20 dəqiqəlik filmlər verilməlidir. O, filmi çəkib özünü təsdiqləməlidir. Əvvəlki illərdə bədii şura vardı, çəkilən filmlərə onlar qiymət verirdilər. Kino sahəsində bədii şura yenidən bərpa olunmalıdır. Kiçik bir film çəkməyən rejissora birdən-birə böyük film verirsən, ancaq təcrübəsizlikdən ortaya mənasız bir nümunə çıxır. Ona görə də gənclər kiçikmetrajlı filmlər çəkməlidirlər.

- Müasir kinomuzda diqqətinizi çəkən gənclər varmı?

- Bu aktyor və aktrisaları mənim bəyənməyim lazım deyil. Onların işləməsi üçün imkanlar açılmalıdır, filmlər çəkilməlidir və onlar orada çalışmalıdırlar. Aktyoru yetişdirmək olar, bunun üçün isə yaxşı rejissor və dramaturgiya lazımdır. Filmlər seriallar kimi tələm-tələsik çəkilməməlidir. Biz əvvəllər filmə çəkiləndə məşq edirdik, rollarımız hazır olandan sonra çəkiliş meydançasına gəlib çəkilirdik. Ona görə də heç kəs iş prosesində əsəbləşmirdi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 7 mart.- S.13