Türkdilli dövlətlərin
vahid kino industriyasının yaradılması
gündəmdə...
Tarixən
Azərbaycan ümumtürk mədəniyyətinin
formalaşmasına xidmət edib və Türk
dünyasının birliyi naminə meydana çıxan
ideyaların da əsas mərkəzi ölkəmiz,
ziyalılarımız, fikir adamlarımız olublar.
Heç şübhəsiz
ki, ümumtürk birliyini daha da möhkəmlətmək
üçün qarşılıqlı
mədəniyyət layihələri
həyata keçirilməlidir.
Nəzərə alsaq
ki, mövcud variantlar sırasında kino, serial çəkilişləri
daha təsirlidir, bu baxımdan türkdilli dövlətlər
tərəfindən müştərək
kino, serial layihələrinin həyata
keçirilməsi vacibdir.
Türkdilli ölkələrin
ortaq tariximizə, həyat tərzimizə, mədəniyyətimizə dair
filmlər çəkməsi
zərurətdir. Çünki
bu filmlər vasitəsilə biz-birimizin
düşüncəsini daha
yaxından görə
bilərik.
Azərbaycan illərdir digər türkdilli ölkələrlə
ortaq filmlər, seriallar çəkmək
ideyasını gündəmə
gətirir. Bu barədə fikirlər dəfələrlə Azərbaycan
kinematoqrafları tərəfindən
dilə gətirilib. Artıq bu ideya
ətrafında digər
türkdilli dövlətlər
də birləşmək
niyyətini ortaya qoyublar. Qazaxıstan təmsilçiləri artıq
bu barədə niyyətlərini açıqlayıblar.
Türkdilli dövlətlərin
müştərək filmlər
və seriallar istehsal etməsinin faydaları haqqında danışan ekspertlər
hesab edirlər ki, bu filmlər
və seriallar əsasən ortaq tariximizlə bağlı olmalıdır.
Şamil Əliyev:
“Türkdilli dövlətlərin
müştərək filmlər
istehsal etməsi bir zərurətdir”
Tanınmış kinorejissor Şamil Əliyev “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi
ki, bu layihə
gerçəkləşərsə, bunun həm ümumtürk birliyinə
böyük faydası
dəyər, həm də türkdilli ölkələrin kino sənayesinin inkişafına
təkan olar.
“Türkdilli dövlətlərin kino sahəsində də birgə fəaliyyəti ancaq ümumi inkişafa səbəb ola bilər. Bu və ya
digər səbəblərdən
türkdilli ölkələrin
bəzilərinin kinosu
inkişaf edib, bəzilərində isə
inkişaf zəif gedir. Bu sahədə
elə addımlar atılmalıdır ki, ümumkino sanayesi inkişaf etsin. Bu gün kino
sahəsində Türkiyə
irəlidə olan dövlətdir. Türkiyənin
kino sənayesi artıq oturuşub, onun istehsal etdiyi
seriallar artıq dünya dövlətlərinə
satılır. Orada kino sanayesinin tələblərinə uyğun
işlər görə
bilirlər. Keçmiş
sovet ərazisində olan türkdilli dövlətlərdən də
bəziləri bu sahədə irəli gedir, bəziləri geridə qalır. Məsələn, Qazaxıstan
bu sahədə bir az irəlidədir.
Çünki onlar Hollivudla müəyyən
qədər layihələr
həyata keçirdilər
və orada kino sənayesi bir qədər inkişaf edə bildi. Amma yenə
də Türkiyə səviyyəsində deyil.
Kino sənayesi ancaq kino çəkib
kənara qoymaq deyil, kino sənayesi
o çəkdiyin filmlərin
yayımını, prokatını
təşkil etməkdir.
Bu vacib məsələdir. Türkdilli
xalqların dil, mədəniyyət, tarix birliyi bu sahənin
inkişafına böyük
fayda verə bilər”.
Ş.Əliyevin fikrincə, ortaq tariximiz, mədəniyyətimizlə
bağlı maraqlı
filmlər, seriallar çəkmək mümkündür.
O hesab edir ki, “Dədə Qorqud” serialını bu üsulla çəkmək olar. “Məsələn, bir neçə il bundan əvvəl “Dədə Qorqud” filminin ikinci dəfə çəkilməsi
ilə bağlı möhtərəm Prezidentimiz
sərəncam imzalayıb.
Prezidentimiz bu filmin çəkilməsinə
böyük əhəmiyyət
verir. Lakin hələ də bu filmin çəkilməsi
reallaşmayıb. Aydın
məsələdir ki,
bunun səbəbi bizim kino sənayemizin
yüksək səviyyədə
olmaması ilə bağlıdır. Biz kino sənayesini qurmaq istəyirik. Cənab Prezident bununla bağlı çox vacib sərəncamlar imzalayıb.
Kinoya dövlət qayğısı var. Bu da kino
sənayesini yaratmaq və kinonu bir incəsənət növü kimi qoruyub saxlamaqdan ibarətdir. Amma kino sənayesinin yaradılması böyük
zərurətə çevrilib.
Ona görə də bizim kino
sənayemiz “Dədə
Qorqud” filminin tələblərinə cavab
vermədiyi üçün
onun çəkilişləri
dayandırıldı. Burada
maddi-texniki, insan resursları kimi amillər var. Hətta burada yaradıcılıq məsələsi
də var. Dədə Qorqud bizim ortaq abidəmizdir.
Bu mövzuda müştərək film
çəkilməlidir. Türk
birliyi, türk mədəniyyəti heç
bir mədəniyyətə
qarşı deyil, heç bir millətə qarşı
çevrilməyib. Orada
məqsəd ancaq ümumdünya mədəniyyətində
inkişaf etmək, qaynayıb qarışmaq,
digər mədəniyyətlərə
və öz mədəniyyətimizə təkan
verib inkişaf etməkdir. Türkdilli xalqların mədəniyyətində
çox humanist çağırışlar, çalarlar
var. Türkdilli dövlətlərin müştərək
filmlər istehsal etməsi bir zərurətdir” - deyə
Ş,Əliyev bildirdi.
Əkbər Qoşalı: “Türkdilli
dövlətlərin ortaq
telefilmlərinin, sənədli
filmlərinin çəkilməsi,
ümumən kino təsərrüfatımızın bir-birinə qaynayıb-qarışması
ayrı bir hadisə olardı”
Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə
müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının
sözlərinə görə,
belə bir layihə gerçəkləşərsə,
bunun bütün ölkələrə faydası
dəyər. “...Heç
kəsə sirr deyil ki, ərazi
bütövlüyü pozulmuş,
elan olunmamış müharibəyə cəlb
edilmiş ölkə
olaraq bizim belə bir gündəlik
telemübadiləyə çox
ehtiyacımız var. Türk Şurasının
üzvü olan digər ölkələrin
də öz həqiqətlərini, problem
və uğurlarını
yaymaq, turizm axınını gücləndirmək
və s. baxımından
qazanacaqları az olmayacaq. Bir də, “niyə”siz, “necə”siz bir yanaşma ilə söyləsək, axı
biz canıbir, qanıbir qardaşlarıq.
Qardaş qardaşını
başqaları vasitəsilə
deyil, birbaşa tanımalıdır, özü
də yaxşı tanımalıdır, ruhubir
olmalıdır. İndiki
dövrdəsə bir-birini
yaxından tanımaq önəmli dərəcədə
televiziyalardan, virtual aləmdən, İKT-dən
keçir.
Bu planda, türkdilli
dövlətlərin ortaq
telefilmlərinin, sənədli
filmlərinin çəkilməsi,
ümumən kino təsərrüfatımızın bir-birinə qaynayıb-qarışması
ayrı bir hadisə olardı. Çünki filmlərin yaddaşda buraxdığı
iz, film qəhrəmanlarının adlarından
tutmuş, həyat kredolarının, mübarizələrinin yayğınlaşmasınadək
heç bir şey gözardı edilə bilməz. Belə yayğınlaşma
bizlər üçün
bir neçə mənada önəm ərz edərdi. Həm yabançı axınlara qarşı duruşumuzu gücləndirərik,
həm ümumtürk
immunitetini qüvvətləndirərik,
həm də ortaq dəyərlərimizi
təbliğ edər,
universallaşdırarıq.
Bilirsiniz, belə
addımlar müəyyən
fikir ayrılıqlarına,
anlaşılmazlıqlara da
ayar verər, tarixə və gələcəyə ortaq
baxışın formalaşmasına
ciddi kömək edərdi. Ortaq gələcəyin inşası
necə olur? Müstəqillik illərində
qazanılmış uğurlarla
yanaşı, artıq
zamanı çatmış
növbəti addımları
atmaqla: ortaq proqramlar, dərsliklər,
yeni filmlər, davamlı teleradio yayımları və s. Beləliklə, bir neçə ildən sonra biz bir-birimizi,
sözün bütün
mənalarında, daha
yaxşı anlaya biləcəyik” - deyə Ə.Qoşalı qeyd etdi.
İradə SARIYEVA
Bakı xəbər.- 2019.- 9 may.- S.14