Yunus Oğuzla Elçin Hüseynbəyli Bakının 46 və 283 saylı məktəblərini “bir ocaq başına” yığdı – Azərbaycançılıq...

 

 

"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" adlı layihə çərçivəsində növbəti tədbirini keçirib. Paytaxtın Binəqədi rayonunun 283 saylı orta məktəbində keçirilən tədbirdə tarixi və hərbi vətənpərvərlik mövzusunda bir sıra əsərlərin müəllifi olan yazıçılar Yunus Oğuz və Elçin Hüseynbəyli,  müəllim və şagirdlər iştirak edib.

 

Əvvəlcə təhsil müəssisəsinin, həmçinin Nəsimi rayonu 46 saylı məktəbin şagirdlərinin azərbaycançılıq və hərbi vətənpərvlik mövzusuna həsr etdiyi bədii kompozisiya nümayiş olunub, şeirlər dinlənib.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, artıq bu cür tədbirlərin keçirilməsi sözügedən təhsil müəssisəsində ənənə halını alıb. Müntəzəm olaraq keçirilən belə görüşlərin gənclərin, xüsusilə də məktəblilərin hərbi vətənpərvərlik hisslərinin artırılmasına təkan verdiyini deyən Tünzalə Zeynalova yazıçı-publisist Yunus Oğuzla tanışlığı barədə də danışıb. Bildirib ki, yazıçının əsərlərini oxuyandan sonra onunla əyani surətdə tanış olmaq, əsərlərini müzakirə etmək arzusuna düşüb və xarici ölkələrin birində səfərdə olarkən Yunus Oğuzla görüşmək ona nəsib olub. Tünzalə Zeynalova Yunus Oğuzu tarixi romanlarımıza yeni baxışı olan yazıçı kimi xarakterizə edib və qeyd edib ki, artıq Yunus Oğuz 283 saylı məktəbin fəxri üzvüdür.

 

Layihənin eksperti Süleyman İsmayılbəyli mövzunun aktuallığından danışıb. Bildirib ki, həm azərbaycançılıq ideologiyası, həm də vətənpərvərlik mövzuları günümüz üçün kifayət qədər aktual olduğundan, "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi məhz bu iki istiqamətə üstünlük verib. Süleyman İsmayılbəyli ölkəmizin müharibə şəraitində olduğunu nəzərə alaraq gənclərimizin daha çox vətənpərvər olmasını arzulayıb: "Nəzərə alsaq ki, biz ölkə olaraq müharibə vəziyyətində yaşayırıq və torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən işğala məruz qalıb, o zaman bizim bir xalq olaraq daha çox vətənpərvər olmamız vacibdir, şərtdir". Ekspert bildirib ki, son illərdə ölkədə, xüsusilə də gənclər arasında vətənpərvərlik hissləri daha da artıb. Bunun da başılca səbəbi dövlətin bu sahədə həyata keçirdyi uğurlu siyasət, Ali Baş Komandanın Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı və ən çətin anlarda Ali Baş Komandanın səngərdə, ön cəbhədə əsgəri ilə bir yerdə olmasıdır. Süleyman İsmayılbəyli qeyd edib ki, 2016-cı ilin aprel hadisələri zamanı bizlər bunun əyani şahidi olduq. Daha sonra layihə barədə ətraflı məlumat verən ekspert deyib ki,  "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" adlı layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində azərbaycançılıq və hərbi vətənpərvərlik hissinin yüksəldilməsi üçün silsilə tədbirlər keçiriləcək. Həmin tədbirlərdə gənclərə azərbaycançılıq və vətənpərvərlik hissləri ilə bağlı geniş məlumat veriləcək, bu maarifləndirmə işində prosesə sistemli yanaşma ortaya qoyulacaq". Layihənin məqsədinə gəlincə isə Süleyman İsmayılbəyli bildirib ki, məqsəd azərbaycançılıq və hərbi vətənpərvərlik hissinin aşılanmasında QHT-lərin rolunun artırılmasından, bu yöndə həyata keçirilən işlərdə sistemli yanaşmanın ortaya qoyulmasından ibarətdir: "Layihə çərçivəsində şəhid ailəsinə də baş çəkiləcək. Onların sosial durumları öyrəniləcək və bununla bağlı material hazırlanacaq".

 

Görüşdə çıxış edən yazıçı Elçin Hüseynbəyli də bu cür tədbirlərin keçirilməsinin aktual olduğunu deyib. Yazıçı qeyd edib ki, uzun müddətdir "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi ilə bərabər azərbaycançılıq ideologiyası və vətənpərvərliklə bağlı tədbirlər keçirilir. Həmçinin cəbhə bölgəsinə müntəzəm olaraq səfərlər təşkil edilir: "Hesab edirik ki, qələm adamları olaraq sərhədə, cəbhə bölgəsinə, səngərə daha yaxın olmaqla düşmənlə üz-üzə duran əsgərlərimizə, vətəndaşlarımıza müəyyən mənada töhfə, dəstək vermiş oluruq. Onlar da bu kimi görüşlərdən, səfərlərdən daha da ruhlanırlar.

 

Daha sonra çıxış edən yazıçı-publisist Yunus Oğuz 283 saylı məktəbdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu, bu nöqteyi-nəzərdən sözügedən məktəbin digər təhsil ocaqlarına nümunə göstərilə biləcəyini söyləyib. O qeyd edib ki, belə tədbirlərin tez-tez keçirilməsi lazımdır və Təhsil Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşlərdə bu məsələyə toxunulur: "Belə görüşlər təkcə şagirdlərlə deyil, onların valideynləri, hətta müəllimlərlə də keçirilməlidir. Biz demirik ki, şagirdlərin, yaxud müəllimlərin hamısı idealdır. Biz cəmiyyətdə yaşayırıq və istənilən insanın sosial problemi var. Əgər dövlətdə yaşayırsansa, onun da problemi var. Həmçinin dövlətin başında duranın da problemi var. Dövlətin başında duranın bir nömrəli problemi odur ki, o, xalqının yaxşı yaşaması üçün çalışır, cəhd edir". Yunus Oğuz cəmiyyəti bir yerə yığmaq, sülh şəraitində yaşamaq üçün hansı ideyalardan istifadə etməyin vacib olduğuna da aydınlıq gətirib: "Gəlin etiraf edək ki, bir evdə fərqli-fərqli insanların, iki qardaşın, yaxud ailədə xanımı ilə həyat yoldaşının sözləri heç də hər zaman bir-birinə uyğun gəlmir. Təbii ki, dövləti idarə etmək, onun dağılmaması üçün ilk növbədə vacib olan ideologiyadır. Cəmiyyəti, insanları bir yerdə idarə etmək üçün hər bir dövlətin öz ideologiyası var. İran öz ideologiyasını din üzərində qurub və çox vaxt bu ideologiya cahilliyə, xurafata aparır. Amerika ideologiyanı pulun və qanunlarınn üzərində qurub. Avropa bunu kosmopolitizm üzərində qurub və kosmopolit olsan, dünyanın vətəndaşısan. Ancaq Şərq dövlətləri üçün bu yetərli deyil, tamam başqadır. Sən həm müsəlmansan, həm Avropaya can atırsan, həm də milli kimliyin var. Mənim üçün üçrəngli bayraq əsasdır. Göy, qırmızı və yaşıl rəng, üçü bir yerdə azərbaycançılıqdır. Bəzən azərbaycançılıq deyəndə bəziləri "nədir bu azərbaycançılıq, onsuz da Azərbaycanda yaşayırıq da" - deyirlər. Yox, elə deyil. Düzdür, Azərbaycanda yaşayırıq, ancaq onun müxtəlif insanları, müxtəli dini dünyagörüşləri, baxışları, müxtəlif etnik kimlikləri var. Bunların hamısına Konstitusiya kifayət qədər müstəqil, sərbəst yaşamaq hüququ verir. Bir etnik çoxluğun digər etnik azlıq üzərində hakimliyi ola bilməz. Çoxluq təşkil edən dini icmanın, azlıq təşkil edən dini icmanın üzərində hakimiyyəti ola bilməz. Bütün bunlar azərbaycançılıqdır. Multikulturalizmin, tolerantlığın da də əsas qayəsi ondan ibarətdir. Əslində mən əsərlərimdə bu sözlərdən istifadə etmirəm. Çünki həmin sözlərin Azərbaycan dilində qarşılığı olan gözəl ifadələri var. Məsələn, kreativ sözünün mənası yaradıcı, tolerantlılıq isə dözümlülük deməkdir. Nə üçün biz bunlardan istifadə etmirik? Gərəkdirmi Avropadan nəsə götürək? Avropaya oxşayıb nə edəcəyik? Avropaya oxşayanda tamamilə övladlardan kəsiləcəyik. Ərəblərin, suriyalı, əfqan, hətta pakistanlıların Avropaya axışması təsadüfdür? Azərbaycana niyə gəlmirlər?. Çünki Avropa onlara icazə verdi. Nə üçün? Çünki Avropanın nəsli kəsilirdi. Səbəb isə əks cinsin deyil, eyni cinsdən olanların bir-biri ilə ailə həyatı qurması, evlənməsidir. Uşaq saxlamaq istəmirlər, tək qalmaq istəyirlər. Artıq Avropa sürətlə qocalır. Sürətlə qocalanda isə gec-tez dövlət dağılacaq, məhv olacaq. Həmçinin milli kimliyi itəcək. Bu onların gizli bir siyasətidir ki, Suriya, Liviya, yaxud İraqa bir bomba ataq, orada vəziyyəti gərginləşdirək. Nəticə etibarilə həmin ölkələrin insanlarının bir qismi Avropaya, digər qismi Türkiyəyə, müəyyən hissəsi də Avropaya qaçsın və beləliklə əhalinin say tərkibi dəyişilsin, yeniləşsin. Çünki artıq özləri doğub törəyə bilmirlər". Yunus Oğuz deyib ki,  Azərbaycanda isə bu sahədə vəziyyət yaxşıdır və artıq 10 milyon nəfərə çatmışıq: "Sovetlər birliyi dağılan ərəfədə təxminən 6 milyondan bir qədər çox idik. Ermənistanda isə tamamilə fərqli situasiyadır. Sovetlər birliyi dağılanda bu ölkənin vətəndaşlarının sayı 4 milyondan bir qədər çox idi. İndi isə 2 milyon 500 min nəfərdirlər. Düzdür, rəsmi olaraq 3 milyon göstərirlər, ancaq 3 milyondan kifayət qədər azdırlar. Onlar istəsələr də, istəməsələr də əhalinin sayını çox göstərməlidirlər. Çünki beynəlxalq təşkilatlardan yardımlar alarkən əhalinin say tərkibi də nəzərə alınır". Yazıçı onu da deyib ki, biz Şərq ailəsiyik və bizi Şərq ailəsi olmaqdan çıxarmağa cəhd edirlər: "Övlad ata-ana qədrini bilməsin, uşaqlar sərbəst böyüsün, qızlar 18 yaşları tamam olan kimi ərə getsin. Düzdür, hətta bəzi kənd yerlərində 15-16 yaşda da qızları ərə verirlər. Ancaq hesab edirəm ki, ilk növbədə uşaqların təhsili ilə məşğul olmaq lazımdır. Çünki onların gələcəyi təhsildədir. Ruzinin tapılması kitab oxumaqdadır. Bunların hamısının azərbaycançılığa aidiyyəti var. Həmçinin qohumlarımız, yaxınlarımız, ətrafımıza hər zaman sayğı göstərməyimizin özü azərbaycançılıqdır". Yunus Oğuz onu da diqqətə çatdırıb ki,   uzun illər bizim milli kimliyimizi əlimizdən almağa çalışıblar: "Milli kimliyimizi əlimizdən alanda isə biz artıq qohum-əqrəba, ətrafımıza yadlaşırıq. Düşünürlər ki, burda oxumayıb gedib Avropada təhsil alacaqlar. Düzdür, Avropaya üz tuturlar, ancaq orada həsrətlə yaşayırlar. Hətta burda olduğundan da daha çox sevirlər Azərbaycanı. Çünki istəsən də, istəməsən də alnında bir Azərbaycan möhürü var.  Yaxşı bir söz var. Deyirlər ki, suyu torpaqla qarışdıranda palçıq, qanla qarışdıranda isə Vətən olur".

 

Nəsimi rayonu, 46 saylı məktəbin direktotu Sevinc Budaqova deyib ki, vətənpərvərlik və azərbaycançılıq mövzuları günümüz üçün çox vacibdir. Onun sözlərinə görə, bu kimi görüşlərin təkcə şagirdlər deyil, eləcə də valideynlər, müəllimlər, məktəbdən məzun olan gənclərlə keçirilməsi çox məqsədəuyğundur: "Hər zaman belə bir ifadə işlədilir ki, məktəbin əsas vəzifəsi şəxsiyyət, vətənpərvər şəxsiyyət yetişdirməkdir. Vətəni sevmək ailədən gəlir. Azərbaycanlı olmaq, onunla fəxr etmək lazımdır".

 

Sonda qonaqlar şagirdlərin suallarını cavabıandırıblar və onlara müəllifi olduqları kitablar hədiyyə edilib.

 

Süleyman

Bakı xəbər.- 2019.- 18-20 may.- S.12