Tehran Universitetində
Türk dili bölməsi...
“Tehran Universitetində
Türk dili bölümünün açılması
İran konstitusiyasında yer
alan Azərbaycan
türklərinin milli-mədəni
haqlarının təmin
edilməsi ilə bağlı maddənin icra olunması deyil”
img
İran İslam Respublikasında türk dilinin tədris edilmədiyi məlumdur. Ermənilərdən
və burada yaşayan digər xalqlardan fərqli olaraq, İranda yayayan Azərbaycan türklərinin öz məktəbi yoxdur, onlar fars
dilində təhsil alırlar. Uzun illərdir İranın orta və ali məktəblərində
türk dilinin tədrisi aktual olsa da, bu məsələ
öz həllini tapmayıb. Bu da, əlbəttə,
bizi ciddi narahat etməkdədir.
Deyəsən son zamanlar bu sahədə
“buzlar əriməyə”
başlayıb. Belə ki, yayılan
məlumatlara görə,
İranın Tehran Universiteti
Türk dili bölməsini açmağa
hazırlaşır. Tehran
Universitetinin rektoru Mahmud
Ahmedabadi bildirib ki, universitet Türk dili bölməsini açmağa
hazırdır.
O, həmçinin, vurğulayıb
ki, rəhbərlik etdiyi universitetdə türk dili kurslarını açmağa,
türk şagirdlərini
qəbul etməyə
hazırdırlar. Rektor qeyd
edib ki, Türkiyə ilə geniş əməkdaşlığa
sahibdirlər. M.Ahmedabadi, həmçinin,
deyib ki, iki ölkə regionda elm və texnologiya sahəsində öndədir. Bu məqsədlə əlaqələrin
daha da dərinləşdirilməsinin
zəruriliyini vurğulayan
rektor bunun əhəmiyyətini qeyd edib.
İranın Tehran Universitetində Türk dili bölümü hansı zərurətdən
irəli gəlir? İran bununla türk dilinin tədrisinin genişləndirilməsini nəzərdə
tutur?
Sədrəddin Soltan: “Bu, sadəcə
olaraq, İranla Türkiyə arasında mədəniyyət, təhsil
sahəsində əməkdaşlıqla
bağlı imzalanan müqavilənin icrasıdır”
Orta Doğu
Araşdırmalar Mərkəzinin
rəhbəri, şərqşünas
Sədrəddin Soltan
“Bakı-Xəbər”ə bildirdi
ki, Tehran Universitetində
Türk dili bölümünün açılması
heç də türk dilinin geniş miqyasda tədris ediləcəyi anlamı daşımır. “İstər Azərbaycan, istərsə də Türkiyə türkcəsi
olsun, bizim üçün çox əhəmiyyətli məsələdir.
Tehran Universitetində Türkiyə türkcəsində
hansısa bir kursun açılmasının
Azərbaycan türklərinin
milli haqlarının təmin olunmasına heç bir aidiyyəti yoxdur.
Tehran Universitetində Türk
dili bölümünün
açılması İran konstitusiyasında yer alan Azərbaycan
türklərinin milli-mədəni
haqlarının təmin
edilməsi ilə bağlı maddənin icra olunması deyil. Bu, sadəcə
olaraq, İranla Türkiyə arasında mədəniyyət, təhsil
sahəsində əməkdaşlıqla
bağlı imzalanan müqavilənin icrasıdır.
Türkiyənin bir sıra universitetlərində
fars dili
tədris olunur, onun qarşılığı
olaraq İranda da buna cəhd göstərilir. Əvvəllər də analoji
hallar olub. Tutaq ki, İranın
hansısa universitetində
Türk dili fakültəsi açmağa
cəhd ediblər, türk dilinin fakültətiv dərs kimi orta və
ali məktəblərdə
tədrisi məsələsi
gündəmdə olub.
Yəni bu da İranın özünü xoşgörü
kimi göstərməsinə
cəhddən başqa
bir şey deyil. Bununla həm də
Güney Azərbaycandakı
türklərin ürəyini
ələ almaq istəyirlər. Halbuki, İran Güney Azərbaycan türklərinin milli-mədəni
haqlarının hansısa
formada təmin olunmasına heç yaxınlaşmır da. Güney
Azərbaycan türklərinin
haqlarını təmin
etməli olan İran rejimi bu gün
fars dilinin
təmizliyinin təmin
olunmasını ortaya
qoyur. Bir neçə gün əvvəl İranın
Ali dini rəhbəri Seyid Əli Xamneyi bir qrup
şairi qəbul edib və o şairlərə deyib ki, gəlin, fars dilini
yad təsirlərdən
qoruyaq, onun təmizliyini saxlayaq. Ancaq o, öz ana dilində
bir məktəbin olmamasından narahat deyil” - deyə S.Soltan qeyd etdi.
S.Soltanın sözlərinə görə,
Tehran Universitetində Türk
dili bölməsində
dərslər fakültativ
məşğələ kimi
keçiriləcək. O qeyd etdi ki, bu
tədris üçün
ortada dərs vəsaitləri, proqramı
da yoxdur.
İradə SARIYEVA
Bakı xəbər.-
2019.-23 may.- S.6