Radikal müxalifətin rəzil durumu və
bitməz inqilab arzuları...
Azərbaycanda və dünyada baş verən
proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal
siyasi-iqtisadi korporativ maraqların dayandığını
siyasətlə yaxından uzağa əlaqəsi olmayan vətəndaşlarımızın
çoxu başa düşür. Nəinki başa
düşür, hətta bir zamanlar meydanlarda, küçələrdə
qaldırdığı yumruğunu azadlığın təkrarsız
simvolu kimi təqdim edənlərdən daha yaxşı təhlil
etməyi bacarır. Amma illərdir ölkənin
siyasi arenasında baş girləyib, aqressiv və təkrarçı
ritorikalarını cəmiyyətə "siyasi intellekt
nümunəsi” kimi sırımağa çalışan
antimilli və dağıdıcı müxalifət təmsilçiləri
ən adi reallıqları belə görmək istəmir,
yaxud görə bilmirlər.
Fikrimizi arqumentləşdirmək
üçün yaxın siyasi tariximizin dərinliklərinə
dalmağa ehtiyac yoxdur, bəhs olunan müxalifət nümayəndələrinin
son 15-16 il ərzində regionda və dünyada baş verən
proseslərə münasibətini və nümayiş etdirdikləri
davranışı yada salmaq yetərlidir.
16 il öncə Azərbaycanın radikal
müxalifətinin də ilhamlandığı və az qala
bayram kimi qeyd etdiyi Gürcüstandakı
"qızılgül inqilabı”ndan sonra cərəyan edən
prosesləri, yəqin ki, hər kəs yaxşı
xatırlayır. Yaxud Ukraynada "narıncı
inqilab" ssenarisinin reallaşdırıldığı
dövrdə bizim radikalların orada baş verənlərin
eynilə təkrarlanmasına çalışdıqlarını,
Ukraynadakı ilə oxşar adda partiyalar bloku
qurduqlarını, müəyyən şəxslərin
Ukraynadan narıncı geyim və qalstuk idxalı biznesindən
özünə güzəran düzəltdiyini də
hamı bilir. Ukraynadan Qırğızıstana
qədər postsovet məkanını bürümüş
"rəngli inqilab”ların çox keçmədən
narıncıdan sarıya doğru necə metamorfozaya
uğradığının, əvvəl
"narıncılaşmanın”, sonra da "saralmanın” bu
ölkələr üçün hansı insani, maddi və ərazi
itkiləri ilə yekunlaşmasının şahidi olduq.
Radikal müxalifət 2010-cu illərin
başlanğıncında start götürmüş "ərəb
baharı”ndan da vəcdə gəlmişdi. ”İnqilab
baharı” mövsümünün Yaxın Şərqdə
yüz minlərlə günahsız insanın qətlinə,
milyonlarla insanın qaçqın taleyi yaşamasına, bəşəriyyətin
mədəni sərvəti olan unikal tarixi
abidələrin dağıdılmasına, terrorizmə rəvac
verməsinə laqeyd qalan azərbaycanlı "inqilab
idxalçı”ları bu dəfə də vaxtından əvvəl
sevinməyə başlamışdı. Onların hətta
Tunisdə olduqca fəlakətli proseslərin katalizatoru
olmuş faciəni andıran hadisənin 2013-cü ildə
Bakıda təkrarlanmasından necə sevindiklərini, ekstaz
keçirdiklərini təsvir etmək sözün
imkanları xaricindədir. Sanki söhbət özünü
yandıran insandan deyil, inqilabı körükləmək
üçün tələb olunan adi bir əşyadan gedirdi.
Yaxın Şərqdə cərəyan
edən proseslərin Azərbaycanın daxilinə
daşınması üçün bizim radikal antimilli dairələr
gecə-gündüz sosial şəbəkələrdə,
internet resurslarında təbliğat aparırdı. Ölkəmizdə
baş verən sıradan bir kriminal hadisəni, yaxud təməlində
hansısa əhəmiyyətsiz sosial
problemin dayandığı istənilən faktı "dəhşətli
hüquq pozuntusu” kimi qələmə verir, müsəlman
Şərqində ilk respublika quran, müasir, sivil, inkişaf
etmiş Azərbaycan xalqını bu və ya digər səbəblərdən
geridə qalmış cəmiyyətlərlə müqayisə
etməkdən belə çəkinmirdilər. Amma bu gün onlardan heç biri özündə cəsarət
tapıb vaxtilə "azadlıq uğrunda mübarizə”
kimi təqdim etməyə çalışdıqları
"ərəb baharı”nın göz önündə olan
qanlı nəticələrindən danışmır və bətnindən
terrorizm, İŞİD kimi ən dəhşətli terror
bəlası doğuran prosesləri təbliğ etdiklərinə
görə Azərbaycan cəmiyyətindən üzr istəmirlər.
Bəzi faktlara baxaq. "İnqilabi
mövsüm” qurbanı olan ölkələrdən Liviyada
yalnız 2011-ci ilin avqustuna olan göstəricilərə
görə 50 mindən çox insanın həyatına son
qoyulub. Bəzi mənbələrdə isə daha 30 min
insanın itkin, 750 minə yaxın şəxsin
qaçqın düşdüyü bildirilir. Suriyada
baş verənlər isə 2015-ci ilin statistik göstəricilərinə
görə 300 min insanın həyatına son qoyub, 4 milyon nəfər
isə öz evindən didərgin düşüb. 2011-ci ildən
sonra Liviyada, 2015-ci ildən sonra isə Suriyada baş verən
kütləvi insan ölümlərini artıq heç
kim hesablamır. Çünki günahsız insanların qətlə
yetirilməsi, terror bu ölkələr üçün adi
hala çevrilib. Viranə qalmış, terror
qruplarının meydan suladığı bu ölkələrdə
insan həyatının heç bir dəyəri yoxdur. Liviyada tuareqlərin etnik, tarixi vilayətlərin
regional separatizmi ölkəni real parçalanma təhlükəsi
qarşısında qoyub, vətəndaş müharibəsi səngimək
bilmir, hər gün yeni qüvvələr, geosiyasi maraqlar
ölkədəki münaqişəsinin dərinləşməsinə
xüsusi "töhfə” verirlər. Suriyada
baş verənləri isə Azərbaycan mediası kifayət
qədər geniş işıqlandırdığından
burda yaşanan humanitar fəlakəti, XIX əsr suriyalı
maarifçilərin "Böyük Suriya” idealının, XX
əsrin əvvəllərində və ortalarında
reallaşdırılmasına təşəbbüs göstərilən
panərəbizm layihələrinin necə
dəfn edildiyini, Suriyanın etnik və konfessional zəmində
necə parçalandığını, xarici hərbi birləşmələrin
ölkədə necə söz sahibi olduqlarını
xatırlatmağa lüzum görmürük. Çünki
bunları Azərbaycan inqilabçılarının ideoloqu "görkəmli
tarixçi professor” Cəmil Həsənli və onun
"müzəffər inqilabçı lideri” Əli Kərimli
bilməmiş deyil.
Sonrakı illərdə - 2017-ci
ilin sentyabrında Myanmanın Arakan vilayətində Rohinca
müsəlman azlığına qarşı qətliamlarla əlaqədar
alovlanan qarşıdurma Azərbaycanın radikal müxalifəti
üçün növbəti analogiyalar üçün bəhanə
açmışdı. Az qala xalqı ittiham edirdilər ki, nəyə
görə Myanmada sabitliyin pozulacağına səbəb
olan hadisələr baş verir, amma bizim ölkəmizdə
xalq yatıb, sabitlik pozulmur ki pozulmur.
2019-cu ilin aprelində Sudanda baş verən
genişmiqyaslı nümayişlərdən sonra da bizim Cəmil
Həsənli-Əli Kərimli düşərgəsinin əsas
müzakirə mövzusu aksiyaları Xartumdan Bakıya necə
transfer etməyin yolları ilə bağlı idi. Halbuki Sudanda baş verənlər Cənubi Sudanda
guya soyqırım törədilməsi haqda sübut edilməmiş,
sonradan bəzi beynəlxalq ekspertlər tərəfindən də
təkzib edilmiş iddialarla başlayıb, Cənubi
Sudanın ölkədən qoparılması ilə nəticələnmiş
hadisələrin davamı olduğu hər kəsə bəlli
idi. Cənubi Sudan ayrılıb müstəqilliyini elan etsə
də, əsas təbii sərvətlərin istismarına
başlamaq üçün açar rolunu oynayan ərazilər
uğrunda mübarizə hələ bitməyib.
Bütün bunlar xaricdən müxtəlif bər-bəzəkli
adlar altında ixrac olunan inqilab "ssenari”lərinin nə qədər
dəhşətli nəticələrə gətirib
çıxardığının bariz nümunələridir.
Amma Azərbaycanın dağıdıcı
müxalifəti, adını çəkdiyim professor və
onun rəzil lideri bütün bunlardan nəticə
çıxarmaq, ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşlarımızın
təhlükəsiz bir şəraitdə yaşamasının
nə qədər vacib olduğunu dərk etmək istəmir.
Radikal antimilli müxalifət həmişə
olduğu kimi, bu gün də bu və ya digər xarici ölkədəki
zorakı hakimiyyət dəyişikliyini "İnqilabi təbliğat”
məqsədilə istifadə edir, digər ölkələrdə
daxili siyasi vəziyyət gərginləşəndə
ruhlanır. Ölkələr arasında fərqləri nəzərə
almadan "bunlar bizdə də baş verməlidir" kimi
yanlış ümidlərə qapılır, sosial
bazalarını da bu ovqata kökləmək istəyirlər.
Radikalların başqa ölkələrin siyasi
təcrübəsindən eyforiyaya düşməsinin ən
başlıca səbəbi Azərbaycan xalqından dəstək
ala bilmədikləri üçün xarici mərkəz və
qüvvələr arasında gizli himayədarlar
axtarışına çıxmasıdır.
Müşahidələr göstərir ki, beynəlxalq
qlobal media şəbəkələrinin Azərbaycandilli
resursları da həmin prosesləri müxtəlif aspektlərdən
geniş işıqlandıraraq antimilli müxalif qrupları
ideoloji baxımdan "təlimatlandırır” və təşviq
edir. Sonradan "Azadlıq” qəzeti, "Azərbaycan
saatı” kimi müxalif saytlar, müxalif Youtube kanalları və
sosial səhifələr mövzunu Azərbaycan üzərində
fokuslayır. Budur, müxalifətə
başçılıq edənlər indi də öz təfəkkür
səviyyələrinə uyğun olaraq siyasi kataklizmlər
üçün analogiya axtarışlarının növbəti
predmeti kimi hazırda qarşıdurma yaşanan Boliviyanı
nümunə seçiblər. Bu həftənin əvvəllərində
Boliviya prezidenti Evo Moralesin hakimiyyətdən devrilməsi bu
kontekstdə təqdim edilməkdədir. Amerika
qitəsində yerli qırmızıdərili əhalini təmsil
edən ilk prezident olmuş Moralesin hakimiyyəti illərində
Boliviyanın qısa müddətə ciddi iqtisadi nailiyyətlər
əldə etməsi, "evonomika” adı verilən xüsusi
iqtisadi konsepsiya tətbiq etməsi, sosial rifahın, orta
aylıq əmək haqqı göstəricilərinin
dəfələrlə artması, 2017-ci ildə bu göstəriciyə
görə bəzi Şərqi Avropa ölkələrini belə
geridə qoyması, əhalinin 60 faizindən çoxunu təşkil
edən qırmızıdərililərin dini-mədəni və
sosial hüquqlarını qorumaq üçün hansı
mühüm addımlar atmasından qətiyyən bəhs
edilmir. O cümlədən də, hazırda
Boliviyada hakimiyyəti ələ almış "inqilabi
liderin” irqçi ağ liderlərdən biri olması, ona
separatçı regionlar tərəfindən necə dəstək
verilməsi Azərbaycan müxalifəti tərəfindən
bilərəkdən gizlədilir. Bu uzaq
ölkədə cərəyan etməkdə olan hadisələrin
nəticəsi bir yana qalsın, özlərinin
"demokratiya”, "hüquqi dövlət” tərəfdarı
olduqlarını iddia edən Cəmil Həsənli-Əli Kərimli
düşərgəsi, hətta baş verənlərin mahiyyətinə
nəzər salmağı belə bacarmırlar.
İnsan ölümləri və hərbçilərin siyasi
proseslərə müdaxiləsi ilə müşayiət
olunan dövlət çevrilişi "ərəb
baharı”nda olduğu kimi yenə də eyni entuziazmla təbliğ
olunur. Çünki radikal müxalifət təmsilçiləri
üçün öz korporativ maraqları və onları
idarə edənlərin sifarişlərindən başqa
müqəddəs heç nə yoxdur.
ABŞ Konqresinin Nümayəndələr
Palatası "erməni soyqırımı” ilə
bağlı sənəd qəbul edəndə "Vətən”,
"Dövlət”, "Millət” hayqıran Cəmil Həsənli-Əli
Kərimli düşərgəsindən səs
çıxmadı. Dağlıq Qarabağdakı
separatçı rejimin başçıları Konqresdə
görüşlər keçirəndə onlar
Vaşinqtonda Azərbaycanı hədəfə gətirməklə
məşğul idilər- budur bunların "vətənpərvərliyi”,
"milli təəssübkeşliyi”, dövlət və millət
"qayğısı”.
Görünən odur ki, radikal
müxalifətə başçılıq edənlərin təfəkkürü
dünyada baş verən prosesləri yamsılamaq, sosial şəbəkələrdə
boş və mənasız kampaniya təşkil etmək,
qarayaxma ilə məşğul olmaqdan o yana keçmir,
cılız, qorxaq olduqları qədər də ambisioz
və hikkəli davranışdan başqa ortaya heç nə
qoya bilmirlər.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin
köməkçisi,
tarix elmləri doktoru, professor
Bakı xəbər.- 2019.- 15 noyabr.-
S.8