Şakir Ağayev: "Novoe
vremya"nı ağappaq da buraxsaq, oxucu alacaq"
“Novoe vremya” qəzetinin baş
redaktoru Şakir Ağayevin APA-ya müsahibəsi
-
Şakir müəllim, oktyabrın 1-də baş redaktoru
olduğunuz “Yeni zaman” - “Novoe vremya” qəzetlərinin təsis
olunmasının 20 ili tamam olur. Gəlin keçmişə
qayıdaq: rus dilində qəzet təsis etmək ideyası
hardan yaranmışdı?
- O vaxt
biz “Yeni zaman” və “Novoe vremya” qəzetlərini təsis edəndə
mətbuat o qədər siyasiləşmişdi ki, bir qrup
yalnız iqtidar, digər qrup isə müxalifət mətbuatı
idi. Demək olar ki, müstəqil mətbuat yox
dərəcəsindəydi. Ortaq bir
mövqe tutan, siyasi tapşırıqları yerinə yetirməyən,
əsas məqsədi Azərbaycanın milli maraqları olan mətbuata
çox böyük ehtiyac var idi. Xarici
siyasətdə də yalnız bir xətt vardı. Müxalifət mətbuatı deyirdi ki, nicat Qərbdədir.
Belə bir durumda biz həm rus, həm də Azərbaycan
dillərində gündəlik çıxan mətbuat
orqanı yaratmaq qərarına gəldik. Deyim
ki, Azərbaycanda həm rus, həm də öz dilimizdə
gündəlik çıxan ilk qəzet biz olmuşuq. Beləliklə, 1999-cu ilin oktyabrın 1-də qəzet
lisenziya aldı, oktayabrın 9-da isə ilk sayı işıq
üzü gördü. Bəlkə də Azərbaycan mətbuatında
lisenziya veriləndən bir həftə sonra fəaliyyətə
başlayan çox az qəzet tapılar,
biz bunu etmişdik. İlk andan
qarşımıza qoyduğumuz məqsəd bu oldu ki, bizim
üçün nə müxalifət olacaq, nə də
iqtidar. Bizim üçün Azərbaycanın
problemləri, ilk növbədə isə Qarabağ problemi əsas
olacaq. Beləcə, qısa müddətdə
çox böyük oxucu kütləsi qazandıq. Bununla, xarici siyasətdə də yenilik elədik.
- Hansı yeniliyi nəzərdə
tutursunuz?
- Biz ilk dəfə Azərbaycan cəmiyyətinə
sübut elədik ki, Rusiya ilə əməkdaşlıq etmək
olar və Rusiya ilə münasibətlərin
normallaşmasında böyük rol oynadıq.
- Bayaq
dediniz ki, nicat Qərbdə deyil. Belə başa
düşdüm Sizin üçün
nicat Rusiyadadır.
- Nicat Azərbaycanın özündədir. Ancaq xarici
siyasətdə təkcə Qərbi tutmaq düzgün deyil.
Biz deyirik ki, Rusiya da var. Azərbaycanın milli
maraqları kiminlə üst-üstə düşürsə,
onunla əməkdaşlıq etmək lazımdır. Əsas məqsəd o idi ki, Rusiya kimi böyük
bir dövləti Azərbaycana qarşı qoymaq olmazdı.
Tarixdə çox şey olub. Stereotiplərlə yaşamağa ehtiyac yoxdur. Deyək ki, Rusiya tarixən bizə nələrsə
edib, indiki dövrdə bununla yaşamaq olmaz, gələcəyə
yönəlmək lazımdır.
- Qəzetiniz
20 illik bir yol keçib. Baş redaktor kimi bu
dövrü ümumilikdə necə qiymətləndirirsiniz?
- 20 ildə
biz çox keşməkeşli yol qət eləmişik. Bu 20
ildə nə problemlərimiz olmayıb ki: tipoqrafiya,
kağız, maliyyə və başqa problemlər...
2004-cü ildə maliyyə probleminə görə məcbur
qalıb “Yeni zaman” qəzetinin çapını
dayandırdıq və yalnız rus dilində qəzet
çıxarmağa başladıq.
- İki dildə qəzet buraxan bir jurnalist kimi deyə
bilərsinizmi, azərbaycandilli oxucu ilə rusdilli oxucu
arasında hansı fərqlər var?
- Azərbaycandilli
oxucunun çoxu mədəni qəzet istəmir; ya yalan
yazmalısan, ya söyüş, ya da şantaj... Ona görə də “Yeni zaman”la “Novoe vremya” qəzetlərinin
mövzuları tamamilə fərqli idi. Çox
təəssüf hissi ilə qeyd edirəm ki, rusdilli oxucular
daha diqqətli, daha səviyyəli və analitik təfəkkürü
qəbul edən oxuculardır. Azərbaycandilli
oxucu hansısa şou-biznes adamının soyunmağına, məişətinə
maraq göstərir. Rusdilli oxucu
üçün bu maraqlı deyil.
- Bu
gün Sizin sayta belə bir xəbər getmişdi ki, Sergey Lazarevin
uşağı olub və o, qızına çoxlu paltar
alıb. Bu şou-biznes deyil?
-
Görürsünüz, o yazıda kiminsə
soyunmağından söhbət getmir. Biz
şou-biznes xəbərinin səviyyəlisini veririk. Mən bunu yana-yana deyirəm. Bu
gün Qarabağa haqqında xəbər yazırsan, oxunmur,
şou-biznes yazılarının oxunması isə kəllə-çarxa
çıxır.
- Rusdilli
oxucular başqa nə oxumağı sevirlər?
- Analitik
yazıları, təhlil yazılarını çox sevirlər.
Bizi sevindirən odur ki, tutalım qəzet
hansısa səbəbdən çıxmasa, oxucular dərhal
redaksiyaya zəng vurub maraqlanırlar. 20 ildə
bizim ən böyük qazancımız
oxucularımızdır. Sabah “Novoe vremya” qəzetini
ağappaq da buraxsaq, oxucu o qəzeti alacaq. Çünki
bizim daimi oxucularımız var.
-
Tirajınız nə qədərdir?
-
Hazırda 3 min tirajla çıxırıq. Azərbaycanda fəaliyyət
göstərən Rusiya, ABŞ, Türkiyə, İran,
Qazaxıstan, Fransa, Almaniya, İsrail, Qətər səfirlikləri,
Fələstin nümayəndəliyi və başqa diplomatik
nümayəndəliklər, bir sözlə 23 beynəlxalq təşkilat
və səfirlik bizim qəzetə abunədir. Bunun
özü böyük göstəricidir. Onu
da qeyd edim ki, hazırda onlayn medianın daha geniş vüsət
alması, qəzetin tirajının azalmasına istər-istəməz
təsir göstərir.
- Hədəf
kütləniz kimlərdir?
- Bizim
oxucularımız daha çox ziyalılardır. Gənclər arasında da oxucularımız var. Mənə
elə gəlir ki, biz öz hədəfimizə
çatmışıq. Biz bilirik ki, hər
gün 1000-1500 daimi oxucumuz var. Baxmayaraq ki, hazırda klassik
media ağır dövrünü yaşayır, onlayn media ona
mane olur, bununla belə, oxucularımız kifayət qədərdir.
Düzdür, mən onlayn medianı qəbul
etmirəm, istənilən onlayn medianın arxivi 10 dəqiqəyə
itə bilər. Ancaq klassik medianın
arxivi yüz illər boyu qalır.
- Rusiyada çap olunan bir çox qəzet
Azərbaycana gəlir. Bəs, bizim qəzetlər
necə, Rusiyaya göndərilirmi?
-
Çox təəssüf ki, belə bir sistem Azərbaycanda
qurulmayıb, ona görə də biz Rusiyada və ya başqa
ölkələrdəki oxucularımıza qəzet göndərə
bilmirik. Mənim özümə Rusiyanın on
regionundan abunə yazılmaq üçün müraciət
olunub. Təəssüf ki, biz ora qəzet
göndərə bilmirik, məcburən PDF formatında
yollayırıq. Google statistikasına
görə isə hər ay 157 ölkədən bizim sayta
baxış olur.
- Rusiya mətbuatı
ilə əlaqələriniz necədir?
- Bizim bir
çox Rusiya KİV-i ilə güclü əlaqələrimiz
var. Biz onlardan material götürürük, onlar bizdən
materiallardan istifadə edirlər. Tam əminliklə
deyirəm ki, bizim sayt Rusiya Xarici İşlər Nazirliyində,
Rusiya Dövlət Dumasında, Rusiya Prezident
Administrasiyasında oxunur. Mən bunu
Rusiyada iştirak etdiyim tədbirlərdə onların öz
dilindən eşitmişəm. Bundan
başqa, biz Azərbaycanda Rusiya icması ilə daim təmasdayıq.
- Qəzetinizdə Rusiya ilə bağlı tənqidlər
də verirsiniz?
- Təbii
ki, istər Rusiyanın xarici siyasəti, ələlxüsus
Qarabağ məsələsi ilə bağlı olsun, istər
Rusiyanın daxili siyasəti ilə bağlı olsun, tənqid
veririk. Bir halda ki, Ermənistan BMT tərəfindən
də işğalçı ölkə kimi tanınır,
ona görə də istəyirik ki, Qərb, Amerika, eləcə
də Rusiya Ermənistanı işğalçı kimi
tanısın. Bu gün hegemon dövlətlər
işğalçı dövlətlə işğala məruz
qalan dövlət arasında heç bir fərq qoymur. İşğalçı ermənilərlə Azərbaycanı
eyni statusda kompromisə çağırırlar. Azərbaycanın
ən böyük kompromisi işğalçı Ermənistanla
25 ildir bir masada oturub danışıq
aparmasıdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərini
əsas götürərək bir şey istəyir:
torpaqlarımızın işğaldan azad edilməsi. Orda yaşayan ermənilərə ən yüksək
status vəd edir və tam toxunulmazlığına təminat
verir. ABŞ-ın, Qərbin ikili standartlarına
başqa bir nümunə deyim: Krım məsələsində
Amerika Birləşmiş Ştatları, Avropa Birliyi Rusiyaya nə
qədər sanksiya tətbiq elədi! O zaman Rusiya kimi hegemon
dövlətə sanksiya tətbiq edən dövlətlər
niyə kiçik Ermənistana sanksiya tətbiq etmirlər? Rusiya kimi nəhəng dövlətə sanksiya
qoyurlarsa, Ermənistanın nəyindən çəkinirlər?
Hanı Qərbin, hanı ABŞ-ın ədaləti? Bu bizə qarşı ikili standart deyil, bəs nədir?
Niyə ABŞ özündən 10 min km uzaqda yerləşən
terrorçuları milli maraqlarına təhlükə
sayıb, heç bir BMT qərarı olmadan, heç bir beynəlxalq
hüquqa məhəl qoymadan hərbi müdaxilə edib məhv
edir, amma Azərbaycan öz ərazisini işğal edən
terrorçu separatçıları məhv etməməlidir?
Axı bu bizim haqqımızdır.
- Belə
başa düşdüm ki, Rusiyanın Krımı ilhaq etməsini
dəstəkləyirsiniz. Bu isə Ermənistanın
işğalına hardasa haqq qazandırmış olur.
- Mən
heç bir ilhaqı qəbul etmirəm və müdafiə də
etmirəm. Sadəcə, Krımla Qarabağ məsələsini
eyniləşdirmək istəmirəm. Qarabağ
bizim tarixi torpağımızdır. Krım isə əvvəldən
nə Türkiyə, nə də Rusiyanın olub, Osmanlı
imperiyası Krımı alıb, 1768-ci ildə isə
Osmanlı Rusiyaya müharibə elan edib. 1770-ci il
Larqa və Kaqul döyüşlərində, eyni zamanda 1770-ci
il Çeşmə dəniz döyüşündə
Osmanlı ordusu məğlub olub. 1774-cü ildə
hər iki dövlət arasında Kiçik Qaynarca sülh
müqaviləsi bağlanıb və Krım
xanlığı Osmanlıdan ayrılaraq müstəqil olub.
1783-cü ildə Rusiya Krım
xanlığını ləğv edərək
"Tavrida" adı ilə özünə birləşdirib,
yəni Osmanlı o torpaqları Rusiyaya uduzub. Sovet dövründə isə Xruşşov heç
bir hüquqi sənəd olmadan Krımı Ukraynaya verib.
Krım camaatı isə referendum keçirib
Rusiyaya birləşməyi seçdi. Əksinə
mən düşünürəm ki, biz bu situasiyadan istifadə
edib hücum etməli, tarixi torpağımız olan
Qarabağı geri almalıyıq.
- XXI əsrdə
başqa bir dövlətin ərazisinə girmək nə dərəcədə
doğrudur?
- Rusiya
oranı hərbi yolla almayıb axı, heç atışma
olmayıb. Rusiya Krımda referendum keçirdi,
onun nəticəsində Krım Rusiyaya birləşdi. Hər şeydən əvvəl onu deyim ki, mən qəti
şəkildə separatçılığın əleyhinəyəm,
sadəcə, bunun əsasını ABŞ Kosovada qoyub. ABŞ Kosovanı tanıyıb, president yaradanda
Rusiya da bu addımı atmalı idi. Onu da
qeyd edim ki, Kosovanı heç BMT tanımayıb. Bilirsiniz, bütün separatizmlərə,
bütün münaqişələrə böyük dövlətlər
tərəfində ədalət prinsipi ilə
yanaşılmalıdır.
-
Qarabağ haqqında yazılara görə ermənilər tərəfindən
hər hansı bir təqiblərə rast gəlmisinizmi?
- Təxminən
12-13 il qabaq qəzetimizdə “Erməni
terrorizmi dünya terrorizminin tərkib hissəsi kimi” silsilə
yazılar getmişdi. O yazılarda “Asala”, “Qnçak” və
“Daşnaksutyun” terror təşkilatları tərəfindən
dünyada və Azərbaycanda törədilən hər bir
terror hadisəsi haqqında məlumat verilmişdi. O
yazılardan sonra mənə təhdid dolu nə qədər məktublar
gəldi. Siz biləsiniz ermənilər mənə
nələr yazırdılar. Mən o məktubların
heç birini çap etməmişəm. Çünki mən qarabağlıyam. Bir qarabağlı kimi erməni terrorizmini dünyada
ifşa etmək isə mənim borcumdur.
- Şakir bəy, qəzetinizin hazırda hansı çətinlikləri
var?
- Azərbaycan
mətbuatının ən böyük çətinliyi reklam
bazarının olmamasıdır. Bütün
dünyada qəzetlərin gəlirlərinin 70 faizi
reklamdandır. Qalan 30 faiz isə
satışdan olur. Bizim qəzetimizin
satışı kifayət qədərdir. Mən bunu əminliklə deyirəm. Bundan başqa, qəzet köşklərində
çalışanların qəzetlə yaxından-uzaqdan əlaqələri
yoxdur. Bu da çox ciddi problemdir. Başqa bir məsələni də deyim - mən
bunu Rusiyada görmüşəm - otellər qəzetlərə
abunə yazılırlar və bu qəzetləri qonaqlara pulsuz
paylayırlar. Bu təcrübənin
özü qəzet satışına xeyli təsir edə bilər.
Rusiyada hətta, elitar restoranlarda belə qəzet
stellajları düzülüb. Kim istəyir
götürüb apara bilir, stellajda qəzet boşaldıqca
da yerinə yenisi qoyulur. Bizdə bu təcrübəni
də həyata keçirmək mümkündür. Eləmirlər. Ümumiyyətlə,
qəzetə məcburi abunə yazılmaq ənənəsindən
imtina etmək lazımdır. Onda artıq
rəqabət yaranacaq, hansı qəzet oxunursa, o qəzet də
qalacaq.
- Bizdə
rusdilli media kifayət qədərdir, bu rəqabət
mühitinə davam gətirmək çətin deyil?
- Biz rəqabətdən
qorxmuruq. Mən bayaq dedim, bizim daimi oxucularımız, başqa
media orqanlarından fərqli olaraq öz yolumuz, öz dəsti-xəttimiz
var.
- Son illər
rus dilinə maraq xeyli artıb. Yəqin bu, qəzetin
satışına da təsirsiz ötüşmür.
- Əlbəttə təsir edir. Mən psevdopatriotizmi nə
sevirəm, nə də qəbul edirəm. Amma
bəzi adamların rus dili barədə səs-küy qaldırmaqlarını
da bəyənmirəm. Birincisi, rus dili Azərbaycan
dilini üstələyə bilməz. Çünki
bu ölkənin rəsmi dili Azərbaycan dilidir və
bütün yazışmalar da bu dildə aparılır.
Hər bir rusdilli belə Azərbaycan dilini bilməlidir.
Sadəcə, hansısa dairələr bu cür
səs-küy qaldırmaqda maraqlıdırlar. Odur ki, bu dilin Azərbaycanda inkişafı hesab eləmirəm
ki, təhlükəli olsun. Təbii ki, rus
dilinin belə yayılması rusdilli oxucuların
sayının artmasına da kömək edir. Bizim xalqımızın Rusiya ilə təması
sıx olduğuna görə rus dilini bilməyimiz də
faydalıdır. Rusiyada 2 milyona yaxın azərbaycanlı
yaşayır. Azərbaycanlıların da
ən çox getdikləri, işlədikləri ölkə
Rusiyadır. Biz dünyada bizə
qarşı aparılan informasiya müharibəsində də
rus dilinin üstünlüyündən istifadə edib öz haqq
səsimizi dünyaya çatdırmalıyıq. Yaddan çıxartmayaq ki, dünyada 380 milyon insan
rus dilində danışır. Bu da sirr
deyil ki, rus dilində yayılan materiallar dünyada daha
çox oxunur.
- Özünüz qəzetə məqalələr
yazırsınız?
- Əvvəllər yazırdım. İndi
yazmıram. Mən, ümumiyyətlə, baş redaktorun qəzetə
yazı yazmağını qəbul etmirəm. Baş redaktor hər
şeydən əvvəl təşkilatçı
olmalıdır. Bu qabiliyyətim olmasaydı, yəqin “Novoe
vremya” da 20 il yaşamazdı.
- Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Təbii ki, qəzetlərin hazırda
mövcudluğunu davam etdirməsində KİV DF-in rolu
danılmazdır. KİV DF sayəsində kütləvi
informasiya vasitələri yaşamağa davam elədi, biz də
onun yaratdığı bu fürsətdən
yararlanırıq. Deyim ki, bu həm də bizim
haqqımızdır. Qəzetimizin yaşamasında əlbəttə
yardımın da çox böyük önəmi var.
Bütün bunlarla bərabər, mənim ən böyük
arzum qəzetin özü-özünü təmin edə bilməsidir.
Bax, onda siz dediyiniz mətbuata sahib ola bilərik.
- “Novoe vremya”nın gələcəyi
haqqında nə arzularınız var?
- Bir arzum da var. Düzdür, yeri gəldi-gəlmədi
hamı tez-tez deyir ki, gələn ili Qarabağda qeyd edək. Ancaq həqiqətən mənim həyatda ən
böyük arzum budur ki, Ağdama, Şuşaya,
Laçına, Kəlbəcər, bir sözlə
işğal altındakı bütün torpaqlarımız
azad olunsun, mən Qarabağ bölgəsində böyük
bir media qrupu yaradım və fəaliyyətimi orda davam
etdirim. Təki alınsın, mən Qarabağın ən
ucqar kəndində də qəzet buraxmağa hazıram.
Bakı xəbər.-
2019.- 2 oktyabr.- S.6