Ümumi türk dili əlifbası müzakirələri yenidən
qızışıb...
Firudin Cəlilov:
“Birinci Türkoloji Qurultayda qərar qəbul edilmişdi ki, bütün türk respublikaları ortaq əlifbaya keçsin”
img
Bir kökdən,
eyni mədəniyyətdən
rişələnən türk
xalqları bu gün yenidən birləşməyə başlayıblar.
Uzun illər bir-birindən ayrı salınan türkdilli xalqlar artıq öz ortaq tarixini,
dilini, əlifbasını
formalaşdırmaqdadırlar. 70 il SSRİ tərkibində
olmuş türkdilli respublikaların ortaq dilinin və əlifbasının yaradılması
aktuallaşıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi
adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mətbuata
açıqlamasında bildirib
ki, hazırda dünya türkoloqları
ortaq türk əlifbasında 34 hərfin
olmasını təklif
edirlər.
M.Nağısoylunun sözlərinə görə, ortaq türk əlifbası bir dəfə hazırlanaraq qəbul edilib. 1992-ci ildə Türkiyədə keçirilən
tədbirdə Azərbaycanın
sabiq təhsil naziri Firudin Cəlilov tərəfindən
hazırlanmış latın
qrafikalı əlifba bütün türkdilli dövlətlər üçün
ortaq əlifba kimi qəbul olunub: “Amma bu
əlifba sonra tətbiq edilməyib. Həmin əlifbada ən çox Azərbaycan dilinin əlifbasındakı hərflər
əsas götürülüb.
Çünki Azərbaycan
dilində 32 hərf var, digər türkdilli ölkələrdə
isə hərflərin
sayı azdır. Məsələn, Azərbaycan
dilində olan "ə",
"x" hərfi və
səsi o biri əlifbalarda yoxdur. İndi isə əlifbanın 34 hərfdən
ibarət olması təklif edilir. Orada da qıpçaq qrupu dillərinin xüsusiyyəti nəzərə
alınır. Əlifbada
xüsusilə də
"sağır nun"
hərfinin olması təklif edilir. Özbəklər də, türkmənlər də
"nq" səsini işlədirlər, yəni
onlar "mənə"
deyil, manqa deyirlər, bu "n"nın üstündə dalğalı işarə qoyulur. Klassik mətnlərdə də bu hərf
var”.
“...türk dövlətləri
yeni anlayıblar ki, ortaq əlifba
kimi...”
Filologiya elmləri
doktoru, professor, tanınmış türkoloq-alim,
Azərbaycanın sabiq
təhsil naziri F.Cəlilov “Bakı-Xəbər”ə
bildirdi ki, vaxtilə onun təklifilə ortaq türk əlifbası türkdilli respublikalar tərəfindən qəbul
edilib. “O əlifbanı
mən yaratmamışam.
Həmin əlifba
1939-cu ilə kimi Azərbaycanda işlənirdi.
Mən, sadəcə olaraq, 1992-ci ildə İstanbulda türk ölkələrinin ortaq türk əlifbası simpoziumunda həmin əlifbanın ortaq türk əlifbası kimi qəbul edilməsini təklif etdim. Bu simpoziumda
türkdilli ölkələrdən
gələn alimlər
iştirak edirdilər.
Bu simpoziumda 34 hərfdən ibarət ortaq türk əlifbası qəbul olundu. Bu əlifbada
elə hərflər var ki, bizim
dildə onun səsi yoxdur. Biz o səsləri işlətmədiyimiz üçün
onları Azərbaycanda
işlənən əlifbaya
salmadıq. Məsələn,
biz dağ deyirik, qıpçaq qoluna aid türklər
tau deyir. Deyək ki, qazaxlarda hər hansı səs yoxdursa, amma əlifbada var, o da onu işlətmir.
Bu mənada, hər bir türk
xalqının konkret olaraq 28, 29, 30, 31, 32 say həcmində əlifbası
olur. Amma bunların hamısı ortaq türk əlifbasının hərfləridir.
Ona görə ki, türk xalqları
bir-birinin yazılarını
oxuyub başa düşsünlər. Bu
mənada, o vaxt həmin dövrdə o əlifba qəbul edildi. 1991-ci ilin payızında mən həmin əlifbanı bizim parlamentdən keçirdim. O gün-bu gün, biz artıq
ortaq əlifbanı işlədirik”.
Ortaq türk
əlifbasının bütün
türk dövlətləri
tərəfindən geniş
tətbiq edilməsinə
gəlincə, F.Cəlilov
qeyd etdi ki, 28 ildir bu,
Azərbaycanda tətbiq
olunur və onun işləkliyi təmin edilir. Digər türk respublikalarına gəlincə, F.Cəlilovun
sözlərinə görə,
Türkmənistan, Qazaxıstan,
Özbəkistan, Tatarıstan
da bu əlifbaya
keçib. “34 hərfdən
ibarət həmin əlifbaya tatarlar da keçdi, düzdür, bir müddət onlara bu əlifbadan istifadə etmək qadağan edildi. Azərbaycandan fərqli olaraq, ortaq türk
əlifbasına keçən
türk respublikalarının
bəzilərində həmin
əlifbaya müəyyən
dəyişikliklər edilib.
Bu dəyişiklikləri
edən türk dövlətləri yeni anlayıblar ki, ortaq əlifba kimi Azərbaycanda tətbiq olunan əlifbanı götürməlidirlər.
Biz o vaxt Türkiyənin əlifbasını
da ortaq əlifbaya daxil etdik ki, fərq
yaranmasın. Türkiyə
alimləri də o vaxt dedilər ki, biz də
bura 3-4 hərf əlavə edəcəyik
ki, həmin ortaq əlifba olsun. Ancaq onlar
indiyə qədər
bunu edə bilməyiblər”.
F.Cəlilov mövcud
ortaq türk əlifbasının bütün
türk respublikalarında
işləkliyinin tam təmin edilməsinin vacib olduğunu dedi. O hesab edir
ki, ortaq əlifba, ortaq dil və ortaq
tarixin formalaşdırılması
əlaqələrimizi daha
da dərinləşdirir.
“Bilirsiniz, ortaq türk əlifbasının
tətbiq edilməsi türk ölkələrinin
birliyi yolunda atılan ilk addımdır. Bu birliyi ifadə edən müxtəlif məsələlər var
və ilk pillədə əlifba dayanır. İkinci pillə təhsildir,
3-cü pillə parlamentlər
arasındakı əlaqədir,
4-cü iqtisadi əlaqələrdir
və s. Bunlara nail olmaqla ortaq
türk birliyinə addımlamış oluruq.
Amma ilk addım əlifba ilə bağldıır.
1992-ci ildə Qırğızıstanın paytaxtı
Bişkekdə təhsil
nazirlərinin zirvə
toplantısı keçirilirdi.
Orada biz türk ölkələri
olaraq ortaq dərsliklər yaratmağı,
hazırlamağı qərara
almışdıq. Yəni
eyni dərslik bütün türk ölkələrində tədris
edilsin. Mən Bakıya qayıtdıqdan
sonra ortaq türk coğrafiyasının
proqramını və
dərsliyini hazırladıq.
Bildiyim qədər, indiyə qədər də o tədris olunur. Amma bu
təkcə bizdə tətbiq olundu, başqa türk ölkəlrində bu olmadı. Sonra mən işdən ayrıldım və o iş yarımçıq
qaldı. İndi isə eşitdiyimə görə, ortaq türk tarixi yaradılır”.
Azərbaycanın həmişə türkoloji düşüncənin
beşiyi başında
dayandığını qeyd
edən F.Cəlilovun sözlərinə görə,
ortaq türk əlifbasının da bütün türk respublikalarında tətbiqi
ideyası Azərbaycanda
səsləndirilib: “İlk
Türkoloji Qurultay da 1926-cı ildə Bakıda keçirilib.
Hələ Birinci Türkoloji Qurultayda qərar qəbul edilmişdi ki, bütün türk respublikaları ortaq əlifbaya keçsin. O vaxt komissiya yaradıldı və layihə hazırlandı,
bütün türk dövlətləri ortaq əlifbaya keçdi.
1939-cu ilə qədər
bu əlifbadan istifadə edildi. Sonra Stalinin göstərişi ilə
Azərbaycanda və digər türk respublikalarında kiril əlifbasına keçildi”.
İradə Sariyeva
Bakı xəbər.-
2019.- 30 oktyabr.- S.14