DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

 

Azərbaycanın yeni brendi – DOST həyatımıza cəmi üç ay əvvəl daxil olub və qısa müddətdə əsl dost ünvanına çevrilib.

 

Mövzuya keçməzdən əvvəl ölkəmizdəki sosial duruma, davamlı və köklü islahatların miqyasına ötəri də olsa nəzər salmağa ehtiyac duyulur.

 

Sosial-iqtisadi sahədə inqilabi islahatlar mərhələsi

 

Azərbaycanda sosial-iqtisadi sahədə inqilabi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar, ilk növbədə, əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib.

 

Prezident İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdakı dövrdə əhalinin sosial durumunun daha da yaxşılaşdırılması prioritet olacaq. Bu məqsədlə 2019-cu ilin əvvəlində dövlətimizin başçısı iki böyük sosial islahat paketini təsdiqlədi. Birinci paketdə 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasına, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldildi və icra olundu.

 

İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də tamamlanıb və sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılacaq, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılacaq. Oktyabrın 1-dən isə pensiyaların artımı 750 min nəfərə şamil olunacaq.

 

Hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat təşkil edir. Bu iki sosial islahat paketi, ümumilikdə, 4,2 milyon vətəndaşı əhatə edəcək.

 

Minimum pensiya 72 faiz artırılıb. Beləliklə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaq. Minimum əməkhaqqının 250 manata çatdırılmasından sonra Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb.

 

Bundan başqa, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən çox tələbəni, ümumilikdə, 1,3 milyon insanı əhatə edir. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə yanaşı, həmin kateqoriyaya aid olan insanların sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

 

Azərbaycan Prezidentinin digər təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də bundan yararlana biləcək.

 

Vətəndaş məmnunluğunun təmin edilməsinə gəlincə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “ASAN xidmət” artıq brendə çevrilib və dünyaya səs salıb. Bir neçə ay əvvəl isə DOST adlanan daha bir innovativ xidmət növü həyata vəsiqə qazandı. Dövlətimizin başçısı DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində bu təşəbbüsü belə səciyyələndirib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

 

DOST ona uzanan hər bir əli dostcasına sıxır

 

DOST necə yarandı, vətəndaşlara hansı xidmətlər göstərir? Bu suallara ətraflı aydınlıq gətirmək üçün DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova müraciət etdik.

 

Fərid Məmmədov xatırlatdı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs, yəni DOST Agentliyi Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Fərmanda, həmçinin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən DOST mərkəzlərinin yaradılması nəzərdə tutulur. İlk DOST mərkəzi bu il mayın 9-da Yasamalda, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.

 

Mərkəzdə, ümumilikdə, “bir pəncərə” prinsipi ilə 130-dan çox elektron xidmət göstərilir. Bunların sırasına “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və digər xidmətlər daxildir.

 

DOST mərkəzi ona bəslənən ümidləri necə doğruldur? İdarə Heyəti sədrinin sözlərinə görə, üç ay əvvəl fəaliyyətə başlayan 1 saylı Bakı DOST mərkəzində gün ərzində təxminən 350-400 vətəndaş müraciəti qeydə alınır. Həmin müddətdə mərkəzə 24 minə yaxın vətəndaş müraciət edib. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının sakinləri üçün nəzərdə tutulan mərkəzdə il ərzində 100 mindən çox vətəndaşa xidmət göstərmək mümkündür.

 

“Bizim əsas hədəfimiz DOST mərkəzinə üz tutan insanların böyük əksəriyyətinin göstərdiyimiz xidmətlərdən razı qalmasıdır. Apardığımız daimi monitorinq və təhlillər göstərir ki, vətəndaş məmnunluğu səviyyəsi 100 faizə yaxındır. Rəyi soruşulanların 93 faizi xidmətdən tam razı qaldığını, 4 faizi isə qismən razı qaldığını bildirib. Bu, əlbəttə ki, bizi sevindirir və daha səylə işləməyə, xidmətlərin keyfiyyətini daha da yüksəltməyə sövq edir. Bir sözlə, DOST ona tərəf uzanan əlləri həqiqətən dostcasına sıxır”, - deyə həmsöhbətimiz bildirir.

 

DOST mərkəzindən hamı razı gedir

 

Növbəti mərhələdə informasiya mənbələrinin sayı bir qədər də artırılacaq və bir neçə mənbədən istifadə ediləcək. Bu barədə məlumat verən Fərid Məmmədov deyir: “Biz, ümumilikdə, DOST xidmətlərindən insanların nə dərəcədə razı qaldıqlarını müəyyənləşdirmək istəyirik. Buna görə də bilavasitə elektron sistem və könüllülər vasitəsilə aparılan sorğudan əlavə, çağrı mərkəzinin xidmətlərindən, kargüzarlığa göndərilən işlərin nəticəsindən vətəndaşın razılıq səviyyəsi və həmçinin sosial şəbəkələrdə yayılan rəylər də nəzərə alınacaq. Beləliklə, bir neçə mənbədən alınan informasiya məmnuniyyət səviyyəsini daha dəqiq ölçməyə imkan verəcək. Əsas məqsədimiz isə budur ki, indi fəaliyyət göstərən 1 saylı Bakı DOST mərkəzinə və gələcəkdə açılacaq digər mərkəzlərimizə gələn heç bir vətəndaş buradan narazı getməsin. Buna isə işi daim təkmilləşdirməklə nail olmaq mümkündür”.

 

Çağrı mərkəzindən söz düşmüşkən, 142 nömrəli bu mərkəz demək olar ki, DOST-un ən böyük struktur bölməsidir. Fərid Məmmədov qeyd edir ki, mərkəzdə bilavasitə telefon zənglərinə cavab verən 34 operator çalışır. Bu da son rəqəm deyil. Tezliklə operatorların sayı 60 nəfərə, sonrakı mərhələdə isə 100-ə çatdırılacaq. Artıq bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verir. Vaxtilə 142 nömrəsinə zəng edənlər telefon xəttində 20-25 dəqiqə, bəzən hətta yarım saat gözləməli olurdularsa, qısa müddətdə bu vaxt əvvəlcə 7 dəqiqəyə, sonra isə 1 dəqiqəyədək azalıb. İndi artıq çağrı mərkəzinə zəng edən vətəndaşa bir dəqiqə ərzində, bəzən isə dərhal cavab verilir və həmin şəxs müraciətini edir. Bir vətəndaşa xidmət müddəti orta hesabla 4 dəqiqədir. Bu müraciətlərin əksəriyyəti sorğu xarakterlidir və onların 95 faizindən çoxu əhatəli şəkildə, nəzakətlə cavablandırılır. 4,8 faizi isə kargüzarlığa yönləndirilir. Ümumilikdə, ay ərzində çağrı mərkəzinə təxminən 25-30 min, bəzən hətta 40 minə yaxın zəng olur. Əməkdaşlar çalışırlar ki, heç bir zəng cavabsız qalmasın.

 

2025-ci ilədək ölkə ərazisində 31 DOST mərkəzi açılacaq

 

Bu ilin sonunadək və gələn ilin əvvəlində iki-üç DOST mərkəzinin açılması planlaşdırılır. 2025-ci ilə kimi isə ölkə ərazisində, ümumilikdə, 31 DOST mərkəzi açılacaq. Bununla da Azərbaycanın bütün ərazisi və bütün vətəndaşları DOST xidmətləri ilə əhatə olunacaq. Bu xidmətlərə ehtiyac duyan hər kəs ondan asanlıqla yararlana biləcək.

 

Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 86. Bu bina artıq minlərlə insan üçün əsl dost ünvanına çevrilib. Mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur.

 

Burada həm vətəndaşlar, həm də əməkdaşlar üçün rahat şərait var, hər yerdə səliqə-sahman gördük. Mərkəzə müraciət edən şəxslər növbə ilə masalara yaxınlaşır və onlara peşəkar əməkdaşlar tərəfindən yüksək xidmət göstərilir.

 

“Sosial sahədə aparılan hər bir islahat ürəyimizcədir”

 

Masalardan birinə yaxınlaşırıq. Sosial xidmətlər üzrə sosial agent vəzifəsində çalışan Rauf Cəfərov pensiya, sosial xidmətlər, sosial sığorta, tibbi sığorta, eləcə də digər yardımçı fəaliyyətlər – bank və notarius xidmətləri göstərir. Onun sözlərinə görə, son günlər mərkəzə müraciət edənlərin arasında pensiyaçılar üstünlük təşkil edir. “Çalışırıq ki, hər kəs buradan razı getsin. Vətəndaş məmnunluğu bizim üçün önəmli amildir”, - deyə o vurğulayır.

 

Pensiya məsələləri üzrə sosial agent Mətanət Quluzadə isə deyir ki, DOST mərkəzinin əməkdaşı kimi insanlara onların ürəyincə olan xidmət etməkdən, dost münasibəti göstərməkdən zövq alır: “Xidmət göstərdiyimiz insanlar işlərinin tez bir zamanda, rahat şəkildə həll olunduğunu gördükdə alqış edirlər. Bu zaman onların üzündəki sevinci görmək nəyə desəniz dəyər. Çalışırıq ki, heç bir insan bizdən narazı qalmasın. Hər bir kəsin müraciətinə qanunlar çərçivəsində baxır və cavablandırırıq”.

 

Mərkəzə müraciət edənlərin təəssüratlarını öyrənmək üçün onlardan birinə - Yasamal rayon sakini Zəhra Məmmədovaya yaxınlaşırıq: “Buraya gəlməyi mənə qonşum məsləhət gördü. Dedi ki, yaxşı xidmət göstərilir, süründürməçilik, uzun-uzadı gözləmək yoxdur. Həqiqətən belədir. Hər kəsi səbirlə dinləyir və cavab verirlər. Allah Prezidentimizdən razı olsun ki, bizim üçün belə mərkəzi yaradıb”.

 

Bir az aralıda hərbi geyimli, sinəsi orden və medallarla dolu yaşlı kişi əlindəki sənədləri sahmana salırdı. Tanış oluruq: Rəsul Qurbanov, ehtiyatda olan polkovnik, I qrup müharibə əlili. “Burada gözəl şərait yaradılıb. Mərkəzin əməkdaşları təlim keçmiş, mehriban, işgüzar və işə ürəkyandıran insanlardır. Əvvəllər bir sənəd almaq üçün bir neçə qapı döyməli olurduq. Bu gün isə bir mərkəzdə işimizi asanlıqla yoluna qoyuruq. İşçilər çox mehribandırlar, bizi nəzakətlə dinləyirlər. Bu gün ölkəmizdə mühüm addımlar atılır. Sosial sahədə aparılan hər bir islahat ürəyimizcədir. Bu işdə əməyi olan hər kəsə minnətdaram”, - deyə Silahlı Qüvvələrin veteranı təəssüratını ifadə edir.

 

DOST inkişafa töhfə verir

 

Söhbət etdiyimiz digər vətəndaşların da fikirlərini ümumiləşdirsək, deyə bilərik ki, sosial sahədə baş verən irəliləyişlər Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də dövlətimizin başçısının həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Bu islahatlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini prioritet sahə kimi diqqətdə saxladığını, bu tendensiyanın gələcəkdə də qorunub inkişaf etdiriləcəyini bir daha təsdiqləyir.

 

Yeni yaradılmış DOST Agentliyi ölkədə aparılan genişmiqyaslı iqtisadi-sosial islahatların və inkişafın məntiqi nəticəsi, tərkib hissəsidir. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun dediyi kimi: “Biz DOST komandası olaraq qürur duyuruq ki, bu böyük yeniliklərin, inkişafa doğru aparan inqilabi dəyişikliklərin iştirakçısıyıq və bu proseslərin mərkəzindəyik. Əminik ki, yaşadığımız bu illər Azərbaycan tarixinə köklü dəyişikliklər, çox əhəmiyyətli islahatlar dövrü kimi daxil olacaq”.

 

Mərkəzdə gördüklərimiz və eşitdiklərimiz qeydlərimizin sərlövhəsi ilə üst-üstə düşür: Dost mərkəzləri həqiqətən müasir Azərbaycanın simasıdır.

 

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.

 

 

 

Rufət Nadiroğlu

Bakı xəbər.- 2019.- 12 sentyabr.- S.6