Yazılı tarixi abidələrimizlə
bağlı ayrıca
qanun qəbul olunsa...
“Qanun layihəsi
qəbul edildikdən sonra bu bizə
imkan verəcək ki, yenidən bütün yazılı abidələrimizi siyahıya
alaq və onların vahid reyestrini hazırlayaq”
Qiymət Məhərrəmli:
“Bu qanunun qəbul edilməsi erməni işğalında
olan yazılı abidələrimizin harayını
beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün
də çox vacibdir”
Azərbaycanın çox zəngin tarixi irsi var
və bu irsin qorunması ən vacib məsələlərdən
biri kimi qarşımızda durur. Tarixi irsimizin formalaşmasında yazılı
abidələrin xüsusi
yer var desək
yanılmarıq. Bu gün dünyanın əksər ölkələrində
yazılı abidələrin
qorunması, onların
dünyada tanıdılması
istiqamətində işlər
görülür. Hətta
bir sıra dövlətlər yazılı
abidələrin elektron
məlumat kataloqunun da hazırlanmasına nail olublar.
Azərbaycan yazılı abidələrlə
zəngin olsa da, bizdə onların geniş mənada qorunması üçün elmi, eləcə də ictimai səviyyədə elə də böyük işlər görülməyib. Bu sahədə ayrıca qanunvericilik bazasının
olmaması bəzən
ictimaiyyətin yazılı
abidələrə münasibətində
bəzi neqativliyə yol açıb. Xüsusən də əlyazmalara münasibətdə
ictimaiyyət olaraq elə də qayğıkeş deyilik. Keçən əsrin
90-cı illərinin əvvəllərində
bəzi insanlar evlərindəki əlyazmaları
başqa ölkələrin
alimlərinə, muzeylərinə
satıb. Bu faktlar da var.
Doğrudur, dövlət tərəfindən
yazılı abidələrin
qorunması istiqamətində
müsbət addımlar
atılıb. Əlyazmaların
qorunması və tədqiq edilməsi üçün Azərbaycan
Milli Elmlər Akademiyasının M.Füzuli
adına Əlyazmalar İnstitutu mövcuddur.Milli
Məclis tərəfindən
“Yazılı abidələr haqqında”
qanun layihəsi hazırlanacaq. Sözügedən
məsələ
Milli Məclisin Mədəniyyət komitəsinə
həvalə olunub. Komitənin sədri, akademik Rafael Hüseynovun bildirdiyinə
görə, yazılı
abidələrlə bağlı
sənəd uzun illərdir müzakirə mövzusuna çevrilib. O
belə bir qanun layihəsinin hazırlanmasının vacib
olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda çox sayda səs abidəsi və daşlar üzərində yazılı
abidələr var. “Son 15-20 il ərzində
Azərbaycanda səs abidələrinin toplanması
istiqamətində çox
ciddi işlər görülüb. Səs abidələrimizi qorumaq mədəniyyətimiz üçün
çox vacibdir. Lakin səhlənkarlıq
üzündən səslərin
saxlandığı səs
fondlarında bir çox qiymətli, yalnız bir nüsxə olan səsləri itirmişik”.Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Folklor İnstitutunun
əməkdaşı, filologiya
üzrə fəlsəfə
doktoru Qiymət Məhərrəmli bizimlə
söhbətində bildirdi
ki, uzun illər əlyazmalarla işləyib. Yazılı abidələrin qorunmalı
olduğunu vacib sayan Q.Məhərrəmli
hesab edir ki, “Yazılı abidələr haqqında”
qanun olarsa, həm əlimizdəki yazılı abidələrin
qorunmasını daha geniş şəkildə
həyata keçirərik,
həm də erməni işğalında
olan ərazilərimizdəki
yazılı abidələrin harayını
dünyaya yaya bilərik. Ekspert bildirdi ki, Azərbaycanın çox
zəngin yazılı
abidələri var və bu abidələr
yalnız əlyazmalarla
məhdudlaşmır.O qeyd
etdi ki, bu gün Füzuli
adına Əlyazmalar İnstitutu dünyada ən zəngin yazılı abidələr
toplanmış əlyazma
mərkəzlərindən biridir və bura Azərbaycan əlyazmalarının mühafizə
edildiyi yeganə milli institutdur. Burada 12 minə yaxını əlyazma kitablarının,
tarixi arxeoqrafik sənədlərin, XIX əsrin
ikinci yarısı -
XX əsrin birinci yarısı Azərbaycan mədəniyyət xadimlərinin
şəxsi arxivlərininin,
daşbasma və əski çap kitablarının, əski
dövri mətbuat materiallarının foto və kserosurətləri,
mikrofilmləri, həmçinin, azərbaycanşünaslığın
müxtəlif sahələrinə
dair müasir kitablar mühafizə edilir. Azərbaycanda həm islamaqədərki,
həm də ondan sonrakı yazılı abidələrin
mövcud olduğunu deyən Q.Məhərrəmli
hesab edir ki, hazırlanacaq qanun layihəsində yazılı abidələrlə
bağlı bütün
əhəmiyyətli məsələlər
əksini tapmalıdır.
“Yazılı abidələrə
dövlət səviyyəsində
qayğı və diqqət böyükdür.
Bu abidələr bizim tariximizdir. Əlbəttə, onların
qorunması üçün
ayrıca qanun layihəsinin hazırlanmasına
ehtiyac vardı. Deyim ki, yazılı
abidələrə münasibət
həmişə istənilən
səviyyədə olmayıb.
Yazılı abidələrin
qorunmasında hər bir vətəndaşın
əməyi olmalıdır.
“Yazılı abidələr
haqqında” qanun qəbul edilərsə, bu bizə abidələrin
öyrənilməsi və
mühafizəsi sahəsində
yeni yollar açar. Azərbaycan xalqına məxsus çox dəyərli yazılı abidələrin
xeyli bir hissəsi xarici ölkə muzeylərində
saxlanır. Bundan başqa, tarixi ata-baba torpaqlarımız olan Qərbi Azərbaycanda, eləcə
də erməni işğalı altında
olan torpaqlarımızda
çoxlu sayda yazılı abidəmiz var. Bizim daşüstü
yazılı abidələrimiz,
səs abidələrimiz,
əlyazma abidələrimiz
də var. Dağlıq Qarabağda və ətraf rayonlarda saysız yazılı daş abidəmiz var ki, biz onların
taleyindən nigaranıq.
Bundan başqa, Qərbi Azərbaycandakı
qədim türklərə
məxsus Qarakilsə petroqlifləri, Nüvədi-Qarqadaşı
petroqlifləri, Soyuqbulaq
petroqlifləri mövcuddur.
Hazırda erməniləşdirilən
bu yazılı abidələr xalqımızın
ən qiymətli tarixi yazılı örnəklərindəndir”.Müsahibimiz
qeyd etdi ki, Qarakilsə petroqlifləri-Qarakilsə qayaüstü
təsvirləri Zəngəzur
mahalının Qarakilsə
rayonu ərazisində
yerləşir. Bu təsvirləri
tədqiqatçıların iki hissəyə böldüyünü deyən
ekspert bildirdi ki, onlar bizim
eradan əvvəl,
5-4-cü minilliklərə, ikinci dövr isə e.ə. 3-2-ci minilliklərə aiddir.Ekspertin
sözlərinə görə,
həmin təsvirlərdə
bölgənin o vaxtki
heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapıb. Bütün Zəngəzur mahali kimi, Qarakilsə ərazisinin də qədimdən türk-oğuz
tayfalarının ana yurdu olduğunu deyən Q.Məhərrəmlinin
sözlərinə görə,
bura ermənilərin kütləvi axını
19-cu əsrin əvvəllərində
bölgənin Rusiya tərəfindən işğalından sonra başlanıb. Buna baxmayaraq, onların bizim bu abidəmizə
də əl uzatdığını deyən
alim bildirdi ki, Nüvədi-Qarqadaşı
petroqlifləri isə
Zəngəzur mahalının
Muğru rayonunun Nüvədi kəndinin Qarqadaşı dağındakı
daş kitabələrdir.
O, tarixi mənbələrə
istinadən vurğuladı
ki, Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. Alimin sözlərinə görə,
1985-ci ildə Nüvədi
kənd sakini Həmzə Vəli tərəfindən aşkar
edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində
Göytürk hərfləri
ilə yazılmış
yazılardır. Kitabədəki
yazılar quruluşuna
görə Orxon-Yenisey
yazıları ilə
eyni olsa da, daha qədimdir.
Nüvədi kitabələrində
yazılar birləşdiyi
halda, Orxon-Yenisey kiabələrində birləşmir.
1991-ci ilə qədər
ərazidə yalnız
azərbaycanlılar yaşasalar
da, 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən
işğal olunub. Soyuqbulaq petroqlifləri haqqında da danışan alimin sözlərinə görə,
bu abidə Loru mahalının Soyuqbulaq kəndi yaxınlığında,
Armudlu və Qaçaqqırılan dərələrində
e.ə. minilliklərə
aid qayaüstü təsvirlərdir. Dağlıq Altayın Xaçın çayı sahillərində
aşkar edilmiş təsvirlərlə heyrətamiz
dərəcədə yaxınlıq,
hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri
Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Ekspert vurğuladı ki, Soyuqbulaq kəndində və ətraf kəndlərdə
1988-ci ilə qədər
ancaq Azərbaycan türkləri yaşamışlar.
Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra köçürülüb. “Adlarını
qeyd etdiyimiz və etmədiyimiz yazılı abidələrimiz
var ki, onlar
erməni tapdağındadır.
Bu abidələr haqqında da dünyaya məlumatlar verə bilərik. “Yazılı abidələr
haqqında” qanun layihəsi hazırlanıb
qəbul edildikdən sonra biz əlimizdə
olan yazılı abidələrin mühafizəsini
daha yüksək səviyyədə təşkil
edə biləcəyik.
Bu qanunun qəbul edilməsi erməni işğalında
olan yazılı abidələrimizin harayını
beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün
də çox vacibdir. Qanun layihəsi qəbul edildikdən sonra bu bizə imkan
verəcək ki, yenidən bütün yazılı abidələrimizi
siyahıya alaq və onların vahid reyestrini hazırlayaq. Bu çox vacib məsələdir”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2019.- 22 yanvar.- S.15.