Nəsimi iliçərçivəsindəNəsimi dil araşdırmaları qrupu”nun yaradılması - şairin ədəbi irsinə yeni baxış...

Sevinc Xəlilova: “Bu gün məlum olur ki, Nəsimi şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib

Zülfiyyə Eldarqızı: “Biz azərbaycançılıq ideologiyasını dünyada yaymaq üçün Nəsimi ideyalarından da bəhrələnməliyik

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilinNəsimi ilielan edilməsi Nəsimişünaslıqda yeni bir cığırın açılmasına səbəb olub. Əsas hədəf Nəsimi irsini, onun fəlsəfi görüşlərini, əbədiyaşar poeziyasını beynəlxalq aləmə təqdim etmək, dünyada Nəsimişünaslığa tamamilə təzə nəfəs verməkdir. Nəsimi irsi müasir dünya tərəfindən hələ ətraflı öyrənilməyib. Bu gün Nəsimişünaslığın bütün çalarları incəliyinə qədər öyrənilməlidir ki, onun təqdim etdiyi insanlıq fəlsəfəsini bütün dünya anlasın, dərk etsin.

Bu gün Azərbaycan ədəbiyyatşünaslıq və dilçilik elmində Nəsimişünaslığa yeni baxış, yanaşma sərgilənməsinə ciddi ehtiyac var. Nəsimi iliçərçivəsində artıq müəyyən işlər görülməsinə başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutundaNəsimi dil araşdırmalarıqrupu yaradılacaq. Əslində, Nəsimi poeziyasının dilinin yenidən öyrənilməsinə ciddi ehtiyac var. Bundan başqa, Nəsimi dilinin yeni lüğətinin hazırlanmasına ciddi ehtiyac duyulur.

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Xəlilova bizimlə söhbətində bildirdi ki, “Nəsimi iliçərçivəsində çox böyük işlər görüləcək. O qeyd etdi ki, Nəsimi irsinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin o ənənəni davam etdirdiyini deyən ekspert bildirdi ki, keçən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər planına daxil edilib ölkəmizdə geniş miqyasda qeyd edilib. Həmin tədbirlər çərçivəsində İmadəddin Nəsiminin əsərləri nəşr olunub, xarici dillərə tərcümə olunub. “Nəsimi Azərbaycan dilinin bütün gözəlliklərini öz poeziyasında əks etdirib. Dahi şairin poeziya dili yenidən tədqiqata cəlb edilməlidir. Çünki Nəsiminin əsərləri Sovet dövründə çap edilərkən şeirlərindəki sözlərin, ifadələrin mənalandırılmasında xeyli təhriflərə yol verilib. Hesab edirəm ki, bu təhriflərin aradan qaldırılması üçün Nəsimi irsi yenidən tədqiqata cəlb olunmalıdır. Prezidentin verdiyi sərəncam dilçiləri ədəbiyyatşünasları səfərbər edib onlar Nəsiminin bütün şeirlərinin sözlüyünü, lüğətini hazırlamağa başlayıblar. Bunu Dilçilik İnstitutunun direktoru hörmətli Möhsün müəllim qeyd edib. Dilçilik İnstitutunun Nəsimi şeirlərinin dili ilə bağlı elektron lüğət hazırlaması çox müsbət haldır. Bundan ancaq alimlər deyil, həm tələbələr, aktyorlar bəhrələnə biləcəklər. Bu lüğətin kitab şəklində çap olunması vacibdir. “Nəsimi dil araşdırmaları qrupuyaradılması isə Nəsiminin əsərlərinin dilinin, ideya məzmununun yenidən öyrənilməsinə imkan yaradacaq. Bu qrup tərəfindən Nəsiminin poeziya dili hərtərəfli araşdırılıb öyrəniləcək, tədqiq ediləcək. Bilirsiniz, bu gün Nəsiminin yenidən dünyaya təqdimatı çox vacibdir. Onun xaricdə təbliğ edilməsi dahi şairimizin tanıdılması ədəbi irsinin araşdırılması baxımından olduqca əhəmiyyətli olardı. “Nəsimi ili”ndə NəsimiDivan”ını geniş elmi şərhlərlə nəşr etmək bütövlükdə şairin yeni aşkara çıxarılan əlyazmalarını tədqiqata cəlb etməklə böyük söz ustasının anadilli əsərlərinin yeni elmi-tənqidi mətnini hazırlamaq da faydalı olardı. Bu gün məlum olur ki, Nəsimi şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib. Bu mənada ki şairinDivan”ındakı ayrı-ayrı sözlər ya müasirləşdirilib, ya da doğru-düzgün oxunmayıb. Bu baxımdan, onun əsərləri yenidən tərtib edilməli, keçmişdə buraxılan səhvlərə düzəlişlər edilməlidir. Bu gün ölkədə kifayət qədər güclü dilçi, ədəbiyyatşünas var. Hesab edirəm ki, Nəsimişünaslıq sahəsində xeyli görülməlidir. Gənc nəsil alimlər Nəsimi irsinə yönəldilməlidir”- deyə S.Xəlilova bildirdi.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı da hesab edir ki, Nəsimi irsinin geniş təbliğinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Nəsimi klassiklər arasında Azərbaycan dilinin gözəlliyini qoruyan, tərənnüm edən böyük şairdir. O qeyd etdi ki, Nəsimi Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynayan şairimizdir. “Nəsiminin elə şeirləri var ki, onları oxuyarkən adama elə gəlir bu şeir 600 il əvvəl yazılmayıb. Yəni dili o qədər rəvan, təmizdir ki, adam oxumaq, əzbərləmək istəyir. Onun azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı yönəlmişdi. Nəsimi yaradıcılığının əsas ideyası azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsidir. Nəsimi çox böyük azərbaycanşünasdır. Onun yaradıcılığında azərbaycançılıq ideologiyasının nişanələri var. Biz azərbaycançılıq ideologiyasını dünyada yaymaq üçün Nəsimi ideyalarından da bəhrələnməliyik. Azərbaycan dilinin saflığını qoruyan ana dilimizdə gözəl şeirlər yazan Nəsimi azərbaycanşünaslığa böyük töhfə verib” - deyə Z.Eldarqızı bildirdi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 23 yanvar.- S.14.