Müasir Azərbaycanda xəttatlıq
sənəti…
Müzafəddin Əzizov: “Texnologiyalar nə qədər inkişaf etsə də, xəttatlıq sənətinə yenə
də ehtiyac var”
Seyfəddin Məsimoğlu:
“Xəttatlıq sənəti
yaşamalıdır və
öyrənmək üçün
kim mənə müraciət edibsə, ona bu sənəti
öyrətmişəm”
Müasir
texnologiyaların, kömpyuter
qrafikasının tətbiqinin
geniş vüsət aldığı bir dövrdə yaşayırıq.
Texniki tərəqqinin
yüksək səviyyədə
inkişaf etməsi bizi qədim xalq sənəti növləri ilə maraqlanmaqdan bir qədər uzaq salır. Günün reallığı budur ki, cəmiyyətimizdə
heç də hamı xalq sənəti növlərinin
hazırkı vəziyyəti
barədə düşünmür.
Bu sənət növlərinin qayğısına
əsasən bu sahədə olan 3-5 sənətkar, bir də dövlət qalır. Halbuki, cəmiyyət olaraq xalq sənətinin qorunmasında iştirakımız
vacibdir.
Xəttatlıq sənəti xalqımızın
qədim sənət növlərindən biri kimi tanınır. Bu sənətin tarixini araşdıran tədqiqatçılar bildirirlər
ki, xəttatlıq sənəti öz gözəlliyi ilə fərqlənir. Xəttatlığın sənət kimi
formalaşmasının X-XII əsrlərə təsadüf
etdiyini qeyd edən tədqiqatçıların
verdiyi bilgiyə görə, xəttatlıq
Şərq aləmində,
o cümlədən ölkəmizdə
orta əsrlərdə
meydana gəlib, əsrlər boyu müxtəlif mərhələlər
keçərək
öz mahiyyətini qoruya bilib. Onu da vurğulayaq ki, İslam aləmi tərəfindən mənimsənilib
istifadə edilən, ərəb hərflərinin
müxtəlif formalarda
yazılması ilə
meydana gələn bu yazı sənəti
incəsənətin bir
növü sayılmasa
da, ayrıca sənət qolu kimi daim inkişafda
olub. Sirr deyil ki, bu
gün dünyada xəttatlıq sənəti
İslam dünyasının
mədəni dəyərlərini
özündə əks
etdirən simvol kimi tanınır. Məlum olduğu kimi, xəttatlığın
tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanıb. Allahın kəlamına duyulan hörmət və “Quran”ı ən gözəl şəkildə
yazmaq cəhdləri xəttatlıq sənətini
meydana çıxarmış,
buna bağlı olaraq təzhib, əbru və cild sənətləri yaranmış, hətta kağızçılıq, mürəkkəbçilik
belə, bir sənət qolu halına gəlib. Dekorativ-ornamental sənətlə qovuşan
xəttatlıq tezliklə
saraylara yol tapır. Xəttatlar kitablar yaradır, saray binalarını, məscidləri, saxsıdan,
metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini
meydana gətirirlər.
Qədim abidələrin
hər birinin üzərində xəttatlıq
örnəkləri var.
Məlumdur ki,
xəttatlıq bir sənət növü olmaqla yanaşı, həm də orta əsrlərdə onunla məşğul olan insanların savadlılıq səviyyəsini
göstərirdi. Dövlət
xadimlərinin, ədib,
şair və alimlərin, rəssamların
həm də yaxşı xəttat olduqları tarixdən məlumdur.
Sənətşünaslar qeyd edirlər ki, tarixən Azərbaycanda ustad xəttatlar olub və onların yaratdığı ənənə
indiyə qədər
davam etdirilir.
Mübarək şah Zərrinqələm
Təbrizi, Şeyx Əhməd Sührəvərdi,
Xacə Mir Əli ibn İlyas
Təbrizi, Cəfər
Təbrizi və bu kimi şəxsiyyətlər
böyük xəttatlar
kimi abidələrdə,
kitablarda izlər qoyublar. Onlar xəttatlığın ən
populyar növləri olan kufi, nəsx,
süls, şikəstə
və nəstəliq və s. xətləri ilə abidələri, məscidləri, saxsı qabları və s. bəzəyiblər.
Ümumiyyətlə, xəttatlıq sənəti
olmasaydı, Azərbaycanda
yazı-kitab mədəniyyətinin
inkişaf etməsindən
danışa bilməzdik.
Çapa qədərki
böyük bir dövrü əhatə edən xəttatlığın
bu gün də mövcud olması müsbət haldır. Düzdür,
bu gün ölkəmizdə xəttatlıqla
məşğul olan sənətkarların sayı
elə də çox deyil. Hazırda xəttat Seyfəddin Məsimoğlu,
Müzafəddin Əzizov,
Azad Yaşar, Yavər Əsədov, Tərlan Qorçu və başqaları xəttatlıq sənətilə
məşğul olurlar.
Xəttatlıq sənətinə bu gün də ehtiyac olduğunu deyən tanınmış
xəttat Müzafəddin
Əzizov bizimlə söhbətində bildirdi
ki, xəttatlarımız
ölkəmizdə inşa
edilən məscidlərin
üzərində işləyirlər.
O vurğuladı ki, düzdür, müasir texnologiyaların inkişafı
xəttatlığa da
zərbə vurub, bununla belə, sənəti ölməyə
qoymayan sənətkarlar
var. “Texnologiyalar nə qədər inkişaf etsə də, xəttatlıq sənətinə yenə
də ehtiyac var. Ölkəmizdə məscidlər inşa olunur. Bu məscidlərin
bir neçəsinin yazılarını mən
işləmişəm. Nardaran
və Təzəpir məscidlərinin yazıları
da mənə məxsusdur. Azərbaycanda
əl ilə sayılacaq qədər xəttat var. Bu gün Türkiyə
ilə müqayisədə
bizdə xəttatlıq
sənətinə elə
də kütləvi maraq yoxdur. Bizdə bu
sənət getdikcə
zəifləyir, gənc
nəsil xəttatlığa
elə də maraq göstərmir. Ərəb ölkələrində
xəttatlığı öyrədən
ayrıca bir akademiya var, incəsənət profilli
universitetlərin nəzdində
xəttatlıq fakültəsi
mövcuddur. İstərdim
ki, bizdə də sənəti öyrətmək
üçün heç
olmasa xüsusi kurslar açılsın”.
Xəttat Seyfəddin
Məsimoğlu da bu sahədə peşəkar sənətkarlardan
biridir. Digər həmkarlarından fərqli
olaraq, S.Məsimoğlu
xəttatlıq sənətini
ağac üzərində
yaşadır. O, ilk olaraq, “Qurani-Kərim” kəlamlarını, sonra
isə Azərbaycan klassiklərinin - Nizami, Xəqani, Nəsimi, Tusi, Füzulinin adlarını ağac üzərinə həkk etməklə bu sahəyə qədəm qoyub.
Bu gün
bu sənətinin yaşadıldığını deyən sənətkar bildirir ki, xəttatlıq
əsərlərini əsasən
qoz ağacı, bəzi hallarda isə fısdıq ağacı üzərində
işləyib. “Bir neçə dəfə Azərbaycana gələn xaricilər əsərlərimə
baxıb çox bəyəniblər. Bir neçə il bundan əvvəl Almaniyadan gələn tədqiqatçılar Əlyazmalar
İnstitutunun sərgi
zalında asılan əsərlərimdən ikisini
aldılar. Həmin əsərlərdən biri
orta əsrlərdə
yaşamış miniatürçü
rəssam haqqında idi, digəri isə kitab oxumaq üçün rəhil idi. Daha bir əl
işim Türkiyədə
muzeydə saxlanır.
Qədim əlyazmalarla
maraqlanan digər bir alman türkşünası
da əl işlərimdən birini alıb Almaniyaya aparıb. Ağac üzərində oymalar
7-8 dəfə Bakıda
təşkil olunan müxtəlif sərgilərdə
iştirak edib. Həmin əsərlər
hazırda Əlyazmalar
İnstitutunun sərgi
zalını bəzəyir.
Dünyanın heç
bir ölkəsində
bu şəkildə ağac üzərində
oyma sənətilə
məşğul olmurlar.
Bu sənət Azərbaycana məxsusdur. Qədimdə Azərbaycanda
ağacdan müxtəlif
fiqurlar düzəldiblər,
amma ağac üzərində yazı
olmayıb. Bəzən
mənə sual verəndə ki, ustadın kim olub, deyirəm ki, bu sənətin
izi də özümündür, cığırı
da. Xəttatlıq səbr, təmkin, yaradıcılıq qabiliyyəti,
fantaziya tələb edir. Ağac üzərində oyma daş üzərində oyma sənətindən daha çətindir. Çünki ağacın
sınma ehtimalı çoxdur. Onu eninə deyil, gərək bitişi istiqamətində işləyəsən.
Xəttatlıq sənətində bütün
ustadlar yaratdıqları
sənətin yaşaması
üçün öz
davamçılarını yetişdirməyə çalışıblar.
Xəttatlıq sənəti
yaşamalıdır və
öyrənmək üçün
kim mənə müraciət edibsə, ona bu sənəti
öyrətmişəm. Sənətimi
davam etdirənlərdən
biri elə öz oğlumdur və onu bu
işin mükəmməl
ustası saya bilərəm”.
İradə SARIYEVA
Bakı xəbər.- 2019.- 26-28
yanvar.- S.14