İgid
ömrü
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə
“Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında
“Şəhidlər ölməz, Vətən bölünməz”
seriyasından “İgid ömrü” adlı növbəti
kitabın hazırlanmasına start verdik. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli
Salah oğlu Rüstəmovun vətənpərvərlik
nidalı həyat, döyüş, qəhrəmanlıq
yollarından bəhs edəcək.
(İkinci yazı)
Füzuli: “Xəstəxanada
qalmıram, ermənilər gecə kəndə hücum edər”
...Fiqurə
xanımı dinləyirəm. İllərin,
özündən ağır daşıdığı
yüklərin taleyində buraxdığı silinməz izlər
ömrünün orta yaşlarına gəlib
çatmış bu qadının sifət cizgilərinə həkk
olunub. Bir qədər mətinləşdirib
də onu. Həmsöhbət olarkən
düşünürsən ki, o özünü yeganə təmsilçisi
olduğu ata ocağının davamçısı saymaqla,
özəl həyatı ilə bərabər, həm də bu
yükü ömrünün sonuna qədər çəkmək
amacının çətinliklərini yaşayır. Amma xalqımızın, təbii ki, qədirbilən
qisminin sayəsində Fiqurə xanım heç də tək-tənha
deyil. Təki bu kəsimin sayında indikindən də
artıq azalma getməsin... Gedərsə, bu
artıq bizim bir millət kimi süqutumuzu
yaxınlaşdırar. Ona görə də
bu “itkilər”dən dolayı hamılıqla narahat
olmalıyıq. Füzuli haqqında – Xocalı
üçün hər şey etmiş, sonucda Xocalı və
xocalılılardan ötrü canından keçmiş qəhrəmanın
barəsində bir saat vaxt ayırıb danışmağa belə
laqeyd yanaşmaları görəndə mənim
yaşadığım dəhşəti Allah heç birinizə
nəsib etməsin, əziz oxucular! Onların içərisində
Xocalı dəhşətindən məhz Füzulinin sayəsində
salamat çıxmış rəsmi və qeyri-rəsmi nə
qədər xocalılı var!..
Əfsuslar olsun ki, insan bu qədər soyuqqanlı, bu qədər
unutqan, bu qədər biganə də ola
bilirmiş! Yalnız özünü və kreslosunu
düşünənlərlə rastlaşmaq, dəftər-kitaba
sığmayacaq “Füzuli miqyaslı bir fakt”a münasibət
bildirməkdən qaçıb-yayınmaq...bu “əməlin”
adını qoymağı sizlərin ixtiyarına
buraxıram...
Fiqurə
Rüstəmova: “Qaldıq ata-anasız, ana babamın himayəsində”
...Fiqurə
xanımı dinləyirəm. Şəhid Milli
Qəhrəmanın bacısını. Haqqımızı
yeyib üstümüzə silah çəkən,
torpaqlarımızda məskən salıb yurdlarımıza göz
dikən, “yedikləri qaba tüpürən” ermənilərə
qan udduran Füzuli Rüstəmovun dünyamızdakı
yadigarını. Əvvəlcə tanışlıq
üçün ailələri, ata-anası haqqında bilgiləndirir
bizi:
- Mənim
atamın ata-anası Naxçıvanda yaşayıb. Soy-kökümüzsə əslən Qərbi Azərbaycanın
Dərələyəz mahalındandır. Ordan Naxçıvana köç ediblər. Atamla anam əmioğlu-əmiqızıdırlar.
Anamın atası Kərim babam isə
Naxçıvanda yox, Qarabağda – Tərtərin Hüsənli
kəndində məskunlaşıb. Bu kənddə
böyüyüb həddi-büluğa çatan anamı
başqasına nişanlıyıbmışlar da. Ancaq atam anamı çox sevdiyindən onu elə
nişanlı-nişanlı qaçırıb. Atamla anam evlənəndən sonra daha
Naxçıvanda bənd olmayıb, köçüb gəliblər
Kərim babamın yanına, Hüsənli kəndinə.
Kərim babamsa bu yerdə çox hörmət-izzət
sahibi imiş, kolxoz sədri vəzifəsinə qədər
yüksəlmişdi. Kənddə heç kim onun sözündən
çıxmazmış. Çünki hamı onu ədalətli
adam, əsl ağsaqqal kimi
tanıyırdı. Atamla anam burda
yaşamağa başlayandan sonra əvvəlcə başqa bir
qardaşım anadan olub. Sonra sizin indi
haqqında məlumat topladığınız Füzuli
doğulub. Biz ona bir neçə ad deyirdik: Zamin, Nizami,
Füzuli. O isə (dərindən köks ötürür. Sonrakı söhbətlərimizdə bizə bəlli
olacaq ki, Füzulinin döyüş yoldaşları,
yaşıdları, dostları, hətta komandirləri belə
onu rəsmi adı ilə deyil, bu adların hamısı ilə
çağırırmış – N.Z.) bütün
adları doğrulda-doğrulda, qiymətə mindirə-mindirə
yaşayırdı. Füzulinin iki yaşı
olanda böyük qardaşımız suda boğulub
dünyasını dəyişmişdi. Bunu
sizə “bir ailənin faciəsi” kimi danışıram.
Babamın həyətində bapbalaca bir sulu
çala var imiş. Uşaq gedib əlində
bıçaq baxır ki, o suda bunun əksi görünür,
ona yaxından baxmaq istəyəndə sürüşüb
düşüb suyun içinə, elə orda da boğulub.
Bu faciəli hadisə babam Kərim kişiyə
çox pis təsir edib. Babam daha həmin
evdə, həmin həyətdə yaşamaq istəməyib.
Burdakı evi satıb köçüb gedib Kəlbəcərin
Vəng kəndinə. Amma atamla anam biz iki
uşaqla qalıblar Tərtərdə. Atam işləmək,
pul qazanmaq üçün Rusiyaya gedib-gəlirmiş.
Bu zaman bizim evimizdə daha böyük faciə baş
verir. Bir dəfə anamın atası Kəlbəcərdən
gəlib Hüsənlidə qızının evinə baş
çəkəndən sonra Ağdamda yaşayan başqa bir
qızının evinə yollanır. Axşama
qayıtmalıymış. Qayıda bilməyib.
Anam səhər yuxudan hövlnak durur ki,
atamı yuxuda pis görmüşəm, yəqin
başında nə isə var, gedirəm ora, yəni Ağdama.
Bu niyyətlə yolun kənarında
maşın gözləyəndə Xankəndidən gələn,
erməni sürücünün idarə etdiyi o vaxtkı
“Alabaş” dediyimiz avtobus anamı vurur. Avtobusun
“buynuzu” deyirdik, o çıxıntısı ilişir
anamın paltarına onu xeyli sürüyür. Anamın həm ayağı qırılır, həm
də qara ciyəri partlayır. Sən demə,
babam artıq yoldaymış, gəlirmiş. Babam Ağdamdan qayıdıb bu kəndə
çatanda xeyli adamın bir yerə
toplaşdığını və “təcili yardım”
maşınını görür. Cəld
hadisə yerinə yaxınlaşanda görür ki,
ölüm ayağında olan onun öz qızıdı.
Götürüb aparır Tərtərin mərkəzindəki
xəstəxanaya. Orda da babamı adlı-sanlı kişi kimi tanıyırmışlar. Həkim deyir, ay Kərim əmi, bunu burda
saxlamağın faydası yoxdu, əlac qalmayıb, qara ciyəri
partlayıb, aparın evinizə. Evə gətirən
kimi anamız dünyasını dəyişdi. Anam elə
bil ki, özünü atasına qurban verdi.
Hələ ondan bir neçə ay əvvəl atası xəstələnəndə
gedib Kəlbəcərin Vəng kəndində babamın
çarpayısının başına
fırlanmışdı ki, ilahi, canı canla dəyiş!
Orda erməni həkim buna irad tutanda ki, sənin iyirmi beş, atanın əlli yaşı var, anam
cavab vermişdi ki, mən atamsız yaşaya bilmərəm.
Bu qəza ilə də elə bil Allah onu öz arzusuna
çatdırmışdı, elin deyimi ilə yanaşsaq,
“balası atasının qadasını aparmışdı”...
...Bir qədər
keçdi, atam gəldi, gördü ailəsi belə bir vəziyyətdə
dağılıb. Atam yenidən evlənsəydi
də belə, babamgil bizi ona verməyəcəkdi. Deyirdilər qızımızın (anamın – N.Z.)
iyini bizdən alırlar. Nə isə, atam
yenə qayıtdı Rusiyaya. Bu zaman
qardaşım Zamin birinci sinfə gedirdi, mən hələ məktəbli
deyildim, üç yaşım vardı. Babam
qardaşımı aparıb qoydu Şuşada internat evinə.
Məni isə apardı Kəlbəcərə
öz yanlarına. Sonra məktəb
yaşına çatanda məni yenidən gətirib Tərtərin
Hüsənli kəndində - xalamgildə qoydular ki, burda dərsə
gedim. Yaxşı xatırlayıram, dedilər
ki, anam radioda Fiqurə adlı bir həkimin olduğunu
eşidibmiş, mənə onun adını qoyub və əhd
edibmiş ki, mənə də həkimliyi oxutdursun. Babamla nənəm də, nəyin bahasına
olursa-olsun, dünyadan nakam köçmüş anamın o
arzusunu doğrultmaq istəmişdilər. Bunu
ona görə deyirəm ki, mənim özlərindən uzaq
bir yerdə qalaraq oxumağımı zərurətə
çevirən səbəbin nə olduğunu biləsiniz.
Bir il xalamgildə, bir il dayımgildə
qaldım. Heç də belə xoş deyildi mənə
atasız-anasız uşaq kimi onlarda qalmaq, amma babamı
görəndə şikayətlənmirdim. Tərslikdən
həmin il bizi bir bəla da ağuşuna
aldı. Atam da Rusiyanın Həştərxan
şəhərində rəhmətə getdi. Belə ki, o, qışda qarın üstündə
yol getdiyi zaman görür bir qadın qışqırır.
Sən demə buz qırılıb, qadının uşağı
düşübmüş buzun altına. Atam
atlanır onu çıxarmağa, özü də orda
batıb-boğulur. Əlqərəz, bu dəhşəti
də biz körpələr yaşadıq. Onun da meyitini gətirib, apardılar
Naxçıvanda atasının yanında dəfn elədilər.
Qaldıq həm atasız, həm anasız, ana
babamın himayəsində.
Ailə
bir ocağa Xocalıda cəmləndi...
Bundan
sonra Kərim kişi Kəlbəcərdən
köçüb gəlir Xocalıya. Füzuli
ilə Fiqurənin Xocalılı günləri –
xocalılı taleyi də beləcə başlayır. Fiqurə bu zaman artıq ikinci sinifdə oxuyurmuş.
Qardaşını da Şuşadan internatdan
çıxarıb gətirirlər Xocalıya ki, burda birlikdə
məktəbə getsinlər. Nəhayət, bir bacı,
bir qardaşdan ibarət bu valideynsiz ailə vahid ocağın
başına cəm ola bilir. Nisbətən
qayğısız günlər, həm də bir yerdə ola bilməkləri onları çox sevindirir.
Bu günlərin ömrü nə qədər olacaq idi, dəyərdimi
Xocalıda sevinə-sevinə yaşamaqlarına?..
Çətinliklər doğrudanmı bitmiş, arxada
qalmışdı?!. Hər
halda, arzularla dolu gələcəyə inam hissi ilə
bacı-qardaş Kərim babanın, Tamaşa nənənin, Səkinə
xalanın himayəsində füsunkar, barlı-bərəkətli
təbiətin qoynunda yerləşən kənddəki həyatlarını
yaşamaqda davam edirlər. Kərim kişi
nəvələrinin gələcəkdə sərbəst,
rahat yaşayışını təmin etmək
üçün onlara öz qonşuluğunda həyətyanı
torpaq sahəsi də ayırtdırır:
-
Füzuli səkkizinci sinifdə oxuyurdu. Babam öz
qonşuluğunda bizim üçün həyət yeri
götürdü ki, biz də orda ev tikək.
Burda oxuduq, qardaşım 8-ci sinfi bitirdi, bir az
sovxozda işlədi, sonra getdi Sovet əsgərliyinə. Moskva ətrafında qulluq elədi. Əsgərlikdən babamın üstünə
vaxtaşırı tərifnamələr göndərirdilər
ki, təşəkkür edirik belə bir uşaq
böyütdüyünüzə görə. Mən də gəlib imtahan verdim qəbul
üçün. İmtahanın birindən
keçə bilmədim, qayıdıb mühasiblik oxudum.
Sonradan müəllimlik ixtisası
almışam. Qardaşım da əsgərlikdən
sonra yenidən başladı sovxozda işləməyə.
İşləyə-işləyə həyətində
ağaclar əkdi, ev tikmək
üçün bünövrə tökdü. İstəyirdi evini 1988-ci ilədək
yekunlaşdırıb ailə qursun. İstəklisi
vardı. Bərdədən qız istəyirdi.
Amma alınmadı. 89-cu ildə
babam rəhmətə getdi. Amma hələ
88-ci ildə kəndimizdə çalınan bir toya hücum eləmişdilər
ermənilər, o zaman qardaşım da bu toyda olmuşdu.
Kəndin cavanları ilə əllərinə
ağac, dəyənək götürüb ermənilərin
qabağına çıxmışdılar. Bunu ona görə deyirəm ki, hələ 88-ci ildən
qarışıqlığın başlandığı
hamıya aydın olsun. Baxmayaraq ki, biz orda
yaşayırdıq, hələ bu dövrdən ara-sıra
müəyyən toqquşmalar baş verirdi. Kənddə də silah yox idi. Olan
silahları da yığmışdılar. Ancaq mənim babamın tir tüfəngi, mauzeri,
beşaçılanı var idi. Füzuli
bu silahları götürüb erməniləri tez-tez qorxudurdu.
O vaxt əlinə silah alanı tuturdular. Babam da
Füzulinin xasiyyətini bildiyindən, onun dinc
dayanmayacağından ehtiyatlanıb aparıb silahlarını
hasarın bir küncündə basdırıb gizlətmişdi.
Buna baxmayaraq, Füzuli yenə silahları gizlində
tapıb bir neçə dəfə dediyim kimi istifadə eləmişdi.
Babam bunu biləndən sonra Ağcabədidə
bir dostundan xahiş eləmişdi ki, aparıb silahları
evində gizlətsin, yoxsa Füzulini hardasa bu silahlarla
tutacaqlar. Silahla davranmağı da
uşaqlıqdan öyrənmişdi, tez-tez ova gedirdi, dovşana,
kəkliyə atırdı. Babamı ən
çox əsəbiləşdirənsə onun hansısa erməninin
üstünə silah çəkməyini eşitməyi
olmuşdu.
Füzulinin
cəsurluğu uşaqlıqdan ermənilərin diqqətini
çəkir...
Füzulinin özünü qoçaq-qorxmaz göstərməyi,
cəsurluğu hələ uşaqlıq
çağlarından ermənilərin diqqətini cəlb
edir. Yəqin onlar azərbaycanlıların diribaş
cavanlarını, zirək uşaqları nəzarətdə
saxlamağı planlaşdırırmışlar. Kİm bilir, bəlkə də bu “yuxarıdan” gələn
göstəriş və ya gələcəkdə yaşanacaq
olaylar zamanı özlərinə dəyə biləcək zərbə
nöqtələrini neytrallaşdırmaq, yaxud tamamilə
sıradan çıxarıb məhv etmək məqsədilə
düşünülübmüş. Fiqurənin
söylədiyinə görə, ermənilərin “diqqətinə”
düşən azərbaycanlılardan biri də Füzuli
olub. Həm də Füzuli məsələsinə daha
“spesifik” yanaşırmışlar:
-
İnanın ki, Zamin ad çıxarmağa başlayan kimi, hələ
ermənilərlə münaqişə başlamamış
Əsgəranın Ağacanyan soyadlı milis rəisi meşəbəyimiz
Bayram adlı kəndlimizə demişdi ki, Kərim kişinin
bir nəvəsi əmələ gəlib, onun
qarşısını almaq üçün Əsgəranda
xüsusi bir qala tikmək lazımdı. Bayram kişi
soruşur niyə belə deyirsiniz? Ağacanyan
cavab verir ki, o, silahla çox oynayır. Biz
o zaman bu sözlərin nə demək olduğunu,
Ağacanyanın narahatlığının arxasında
hansı məkrli niyyətlərin dayandığını
heç başa da düşməmişdik. Amma bu zaman artıq evlərdən tir tüfənglərini
də yığmışdılar. Babam da
ona görə narahat olub silahlarını Ağcabədiyə
göndərdi. Bundan sonra o toya ki, ermənilər
Xankəndindən tökülüşüb gəlmişdilər,
Füzuli orda ağacla ermənilərin neçəsini
döymüşdü. Bunu da topuğundan
vurub yaralamışdılar. Onunla bərabər
başqa yaralananlar da vardı. Yaralananları
yığıb apardılar Ağdam xəstəxanasına.
Orda yaralarını sarıdılar. O birilər
yatıb qalmışdı xəstəxanada. Füzulisə
gecəylə qayıdıb gəldi ki, nə
danışırsız, mən qalmıram, ermənilər gecə
vaxtı kəndimizə hücum edərlər. İndiki
kimi xatırlayıram onun axsaya-axsaya necə gəldiyini...
Bitib-tükənməyən
Vətən sevgisi
...Bundan sonra Füzuli babasının
silahlarının əldən
çıxdığını gördüyündən,
kustar üsulla əldəqayırma tüfənglər düzəltməyə
başlayır. Bacısının sözlərinə
görə, bu vaxtdan etibarən ermənilərin harda bir
tikilisini görsə, gedib onu dağıdıb gəlirmiş.
Bir sözlə, bu insanda vətənpərvərlik hissləri,
namus, qeyrət təəssübü o dərəcədə
güclü və tükənməz olub ki, onu bu yoldan nə
həbsxana qorxusu, nə döyüş, nə yaralanmaq, hətta
ölüm belə saxlaya bilmirmiş. Qarşıda
döyüşçülərin, dostlarının dediklərini
oxuyanda bunun əyani sübutlarının şahidlərinə
çevriləcəksiniz. Hələliksə Fiqurə
xanımla söhbətimizə davam edək.
- Ermənilər
sizinlə bərabər Xocalıda yaşamırdılar?
- Xeyr, Xocalıda erməni yox idi. Ermənilər
o ərazidə əvvəlcə ancaq Əsgəranda
yaşayırdılar. Sonradan Həsənabad kəndini
boşaltdılar, Həsənabada da yığıldılar.
- Onda Füzuli ermənilərə divan tutmaq
üçün başqa yaşayış məskənlərini
seçirdi...
- Əlbəttə. Məsələn, bizdən aralıda “Vosem-şestoy” deyilən yerdə ermənilər bir post qurmuşdular. Füzuli kəndlilərimizlə danışır ki, gedib o postu dağıdaq. Bunu onun dostları sizə daha yaxşı danışar. Nə isə. Gedib görürlər ki, bir budka qoyublar, o budkanı dağıdırlar, içində də nə varsa tökürlər çöllərə. Səs-küy düşüb, ermənilər də gəlib, o cümlədən bayaq dediyim rəis Ağacanyan da UAZ-la gəlib. Qardaşım da yaxşı idmançı idi, qaçış üzrə lap mahir idi. Girib şumluqla qaçıb ki, qoy mənim dalımca düşsünlər, uşaqları tuta bilməsinlər. UAZ-la onu tuta bilməmişdilər. Uşaqlardan ikisini tutmuşdular. Ondan sonra qardaşım dayanmışdı ki, onsuz da onlar məni satacaqlar. Əlində bıçaq var imiş, onlarsa əli tapançalı. Bununla belə, deyiblər əllərini qaldır, səni tutaq. Füzuli bıçağı da atıb demişdi hə, indi gəlin tutun. Yalnız bundan sonra qollarına qandal vurub aparmışdılar onu. Əsgəranda 7-8 gün o qədər döymüşdülər ki, bəlkə yoldaşlarının adını deyə. İnanın Allaha, o biri uşaqların heç birisini də satmamışdı. On beş gün Əsgəranda saxlayandan sonra Şuşaya göndərmişdilər. Şuşaya çatan kimi üz-gözü şişmiş, göyərmiş halda şəkil çəkdirmişdi. Demişdi ki, bu şəkli qoyun mənim şəxsi işimin içinə (təəssüf ki, Füzulinin nəinki üz-gözü şişmiş bu yaralı şəkli, bütün şəkilləri Xocalıda qalıb. Ona görə əldə olan, dostu Nazimin tapdığı yeganə şəklindən istifadə etməyə məcbur olublar bütün yazılarda, tədbirlərdə, hətta baş daşında da – N.Z.).
- Şuşada həbsdə
yatırdı, yoxsa sadəcə istintaq üçün
saxlanırdı?
-
Yox. İstintaq müddəti, həbsinə qədər
Şuşada üç ay saxladılar. Biz də gedirdik yanına,
yemək-filan aparırdıq. Şuşaya da getmək
çətinləşmişdi o zamanlar. Bizi
rus hərbçiləri müşayiət edirdi. Üç aydan sonra gətirdilər Əsgərana
məhkəməyə. Biz də getdik.
Hərbi məhkəmə aparırdı
işi. Xalamla məni babamın
bacısı oğlu apardı Əsgərana. Məhkəmədə ermənilər bir-bir gəlib
keçirdi, bir söz soruşanda isə cavab verə bilmirdilər.
Biz də sakitcə oturmuşuq. Nə isə, yığdılar bizi içəri.
Zaminə altı ay iş verdilər. Gedib həbsxanada
yatıb qayıtdı. Gələn kimi yenə
də başladı ermənilərə qan uddurmağa.
(Ardı var)
Nəzirməmməd
ZÖHRABLI
Jurnalist-publisist
Bakı xəbər.-2020.-4
fevral.-S.14.