Cenevrə
danışıqları Ermənistanın bütün
kartlarını sonadək yandırdı…
Məlum olduğu
kimi, yanvarın 28-30-da Cenevrədə Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin
ATƏT-in Minsk Qrupunun
həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin
iştirakı ilə görüşü
baş tutub.
Cenevrə görüşü son illər ərzində tərəflər
arasında keçirilmiş ən intensiv müzakirələrin
aparıldığı görüş olub.
Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar. Digər tərəfdən o da məlumdur ki, danışıqlar çərçivəsində konkret təkliflər var. Bu təkliflər yenilənmiş “Madrid prinsipləri”ndən irəli gəlir. Prinsiplərin fəlsəfəsi mərhələli şəkildə münaqişəni həll etməkdən ibarətdir. Bu fonda Rusiyanın “Kommersant” nəşri də Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı görüşlə bağlı maraqlı fikirlərər toxunub: “Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikigünlük danışıqlar başa çatdı. Nəticədə kifayət qədər adi bir bəyanat açıqlandı ki, bu da, əsas məsələlərin həll olunmamasına baxmayaraq, tərəflərin 2019-cu ildə başlayan “kiçik addımları” davam etdirmək niyyətində olduqlarını göstərir. Əvvəla, hər iki tərəfdən jurnalistlərin və ictimai xadimlərin səfərlərindən bəhs edirik.
Eyni zamanda, Bakı və İrəvan xarici işlər nazirlərinin beş dəfə görüşdüyü ötən ilin tempini qoruyub saxlamaq istəyirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ildə ilk görüşü qeyri-adi olaraq uzun sürüb. Yanvarın 29-da 7 saat, yanvarın 30-da 4 saat davam edib. Ancaq bu hələ tam deyil, çünki nazirlərin hər biri əsas danışıqlar ərəfəsindən əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirib. Görüşün müddəti rekord sayıla bilməz. Qarabağ münaqişəsinin tarixində daha uzun danışıqlar müddəti də olub. Lakin Bakı danışıqları “son illərdə baş tutan ən intensiv görüş” kimi xarakterizə edib. Eyni zamanda, nazirlərin arasında baş tutan danışıqlardan heç bir məlumat sızması olmadı. Bu görüşün hər hansı bir şəkildə fərqli olacağına dair bir işarə olub. Amma on saatlıq marafondan sonra açıqlanan rəsmi bəyanat həddindən artıq çox cüzi görünür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər “2019-cu ildə irəli sürülən təklifləri, xüsusən də iki xalqın sülhə hazırlığına, humanitar mübadilə”, eləcə də “nizamlanmanın əsasını təşkil edən prinsip və elementləri” nəzərdən keçiriblər. “Bakı Helsinki Yekun Aktına - sərhədlərin toxunulmazlığını özündə əks etdirən 1975-ci il sənədinə xüsusi diqqət yetirib. Keçən il isə, uzun illər ərzində ilk dəfə olaraq, erməni jurnalistlərin Azərbaycana və əks tərəfin də səfərləri həyata keçirilib. Bundan sonra mübadilə prosesinə yalnız jurnalistləri deyil, ictimai və mədəniyyət xadimlərini də cəlb etməklə davam etmək qərarı verilib. Ermənistan Xarici İşlər Nazirliyinin açıqladığı bəyanat praktik olaraq eyni idi. Bu açıqlamada da 2019-cu il təklifləri və nizamlama prinsipləri haqqında danışılır və yaxın gələcəkdə yenidən görüşmək istəyi təsdiqlənirdi. Amma burada Qarabağın icmaları ilə bağlı ziddiyyət var. İrəvan erməni icmasını müstəqil formada göstərmək istəyir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da öz növbəsində “Kommersant”a Bakının bu məsələdəki mövqeyini təqdim edib. “Dağlıq Qarabağın seçilmiş hakimiyyəti” deyəndə soruşmaq istəyirəm, bəs kim tərəfindən seçilib? Orada etnik təmizlənmə baş verib və azərbaycanlılar ərazilərindən qovulub. Hansı seçkilərdən danışa bilərik?”, - deyə mətbuat katibi bildirib. İrəvan reallıqda ictimai təşkilat şəklində mövcud olan Dağlıq Qarabağın Azərbaycanlı İcmasını tanımaqdan imtina edir. Amma bunu etmək onun üçün daha da çətinləşir. Bu fonda yanvarın 29-da İlham Əliyevin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı baş tutub. Xatırladaq ki, Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biridir. “Azərbaycan prezidenti Fransa prezidentinə bir daha Bakının münaqişəyə baxışını təqdim edib”, - deyə mətbuat xidməti telefon danışığının Parisin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb. Telefon danışığının özü də çox şeydən xəbər verir. Həmsədr ölkələrin prezidentləri nadir hallarda danışıqlarla bağlı aktivlik nümayiş etdirirlər. Bu durumda Ermənistanda Cenevrə danışıqları ilə bağlı ciddi narahatlıq qeydə alınır. Erməni ekspertləri Azərbaycanın istədiyinə yaxınlaşdığını bildirir”. Rusiya nəşrinin yazdığını “168jam” qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da təsdiq edir. O bildirir ki, Cenevrədə Mnatsakanyan və Məmmədyarov arasında Qarabağ konfliktinin siyasi həlli ətrafında əsaslı danışıqlar aparılıb: “Əsas məsələlərdən biri Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında birgə yaşayış zonalarının yaradılmasıdır. İlk növbədə Şuşa məsələsi, eləcə də əsaslı danışıqların intensivləşdirilməsi müzakirə edilir. Məhz bu kontekstdə Cenevrə danışıqları ilə paralel olaraq ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”. “Vahid Ermənistan” Partiyasının həmtəsisçisi Vladimir Martirosyan isə bildirir: “Əgər bu günlərin danışıqları zamanı həqiqətən də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə məskunlaşması zonalarının yaradılması məsələsi müzakirə olunubsa, Şahnazaryanın qeyd etdiyi kimi, onda bu, Qarabağın Azərbaycanlı İcması anlayışının artıq status aldığı demək olacaq”. Onun sözlərinə görə, icma, həmçinin amil statusunu da alır, bu amillə nə qədər hesaba oturacaqlarını və təyinedici olacaqlarını hələlik bilmək olmur: “Bu prosesin artıq bizim üçün idarəolunmaz olacağı vəziyyətə düşməyimizi istəməzdim”.
Ermənistanda “Vətəndaş platforması”
təşkilatının rəhbəri, ekspert
Aqvan Poqosyan da Azərbaycanın manevrlərinin İrəvanı
daha çətin vəziyyətə
saldığını vurğulayır: “Nikol
Paşinyan Dağlıq Qarabağın Azərbaycanlı
Icmasının danışıqlar prosesinə daxil olmasına imkan
yaradır”. Erməni ekspert Cenevrədə
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin
görüşünə diqqət çəkərək bildirir: “Nazirlər Cenevrədə 7 saatlıq
danışıqlar aparanda ABŞ-ın
Azərbaycandakı səfiri icmanın rəhbəri Tural Gəncəliyevlə Bakıda görüşdü. Paşinyanın
addımları Azərbaycan icmasının masaya
gələcəyini göstərir”. Qeyd
edək ki, Dağlıq Qarabağın Azərbaycanlı
İcmasının danışıqlarda iştirakı Ermənistanın
“Qarabağdakı separatçı rejimi”
tərəf kimi göstərmək niyyətini
alt-üst edərək Azərbaycanın mövqeyini gücləndirir. Eyni
mövqeni rusiyalı analitik
Stanislav Tarasov da bölüşür. O
bildirir ki, Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin
Cenevrədə baş tutmuş
görüşü
danışıqlarda hanısısa prosesin
getdyini nümayiş etdirir. Tarasov qeyd edib ki,
yanvarın 29-da 7 saat, yanvarın 30-da isə
4 saatdan artıq davam
edən görüş bunu
sübut edir. Onun sözlərinə görə, hazırda
danışıqlar “Madrid prinsipləri” ətrafında
gedir və bu sənəd
hələ də masadadır: “Ermənistan baş
naziri bir şey bildirir, xarici işlər naziri Mnatsakanyan görüşlərdə başqa şey edir. O, konkret sənəd ətrafında
danışıqlar aparır və bu, “Madrid prinsipləri”dir. Onun
etdiyi və Paşinyanın dedikləri
bir-birinə uyğun gəlmir”. Tarasov hesab edir
ki, Paşinyan öz bəyanatları ilə
reallığı gizlədir. Ekspertin sözlərinə görə,
uzunmüddətli danışıqlarda yalnız humanitar məsələlərin müzakirə
edilməsi mümkün deyil:
“Mnatsakanyan danışıqlarda fərqli
şeyi müzakirə edir,
Paşinyan isə açıq şəkildə
başqa şey barədə
danışır. Bu, həmsədrlərdə
çaşqınlıq yaradır. Ermənistan hakimiyyəti öz xalqına açıq şəkildə
bildirməlidir ki, əslində nəyin ətrafında
danışıqlar aparılır”.
Digər tərəfdən o da faktdır ki, Ermənistanın Qarabağ yanaşmasını artıq vasitəçilər də qəbul etmir. Nikol Paşinyanın Cenevrə görüşü ərəfəsində Qafanda keçirdiyi mətbuat konfransında danışıqların bəzi detallarını açıqlamasıan həmsədrlərin münasibəti əd bunu təsdiq edir. Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi, özü də bunu məhz vacib görüş ərəfəsində etməsi danışıqlara vasitəçilik edən həmsədrləri də ciddi narahat edib. Vasitəçilərin görüşün yekunlarına dair bəyanatlarında münaqişənin sülh yolu ilə həlli və nizamlama prosesində məxfilik prinsipinə əməl etməyin vacibliyini tərəflərə xatırlatmaları belə deməyə əsas verir. Nikol Paşinyanın bu addımının həmsədrlərin ciddi narahatlığına səbəb olduğu barədə erməni mətbuatında da xəbərlər dərc olunur. Mətbuatın yazdığına görə, həmsədrlər Minsk Qrupunun strategiyası ilə ziddiyyət təşkil edən fikirləri Paşinyanın növbəti özfəaliyyət cəhdi kimi qəbul ediblər. Erməni mətbuatı da bu fonda yazır ki, həmsədrlər Paşinyanın Qarabağla bağlı dediklərinə görə Cenevrədə Zöhrab Mnatsakanyanla kifayət qədər sərt danışıblar. Həmsədrlərin bu xatırlatmasının məhz Ermənistan tərəfinə, konkret Paşinyana ünvanlandığı şübhəsizdir. Çünki Azərbaycan rəsmiləri tərəfindən bu məzmunda heç bir açıqlama olmayıb. Bütün bunlar Ermənistanın hərəkətlərinin artıq beynəlxalq miqyasda da qəbul olunmadığını aydın nümayiş etdirir və İrəvanı daha zəif mövqe sahibinə çevririr.
Tahir TAĞIYEV
Bakı xəbər.-2020.-4
fevral.-S.6.