Tarixi abidələrimizin bərpası da
Dövlət İnvestisiya Proqramına
salındı...
Ölkəmizdə tarixi abidələrin bərpası sahəsində görülən işlər əsasən dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Hazırda ölkəmizdə mövcud olan tarixi və təbiət abidələrinin bərpası, qorunması istiqamətində görülən işlər birbaşa dövlət xətti ilə reallaşdırılır.
Son zamanlar ölkəmizdə tarixi abidələrin bərpası, konservasiyası istiqamətində xeyli iş görülüb. Bu abidələrin bəziləri bərpa edilərkən burada nöqsanlara da yol verilib. Amma bu, birbaşa bu işi həyata keçirən şirkətin, bərpaçı memarın, layihə verən qurumun, şəxslərin günahıdır. Dövlət öz vəzifəsini yerinə yetirərək bu sahəyə böyük diqqət göstərir.
“Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr
olunan konfransdakı yekun
nitqində Prezident İlham
Əliyev dövlətin abidələrin bərpası istiqamətində
gördüyü işlərin davamlı
xarakter aldığını
vurğulayıb. Ölkə başçısı, həmçinin,
qeyd edib ki, abidələrin bərpası üçün dövlət investisiya
proqramında vəsait ayrılıb: “...Bu
il tarixi abidələrin
bərpası üçün Dövlət
İnvestisiya Proqramında vəsait
ayrılıb, biz buna
da diqqət yetirməliyik. Bizim
əsas tarixi abidələrimizin
hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr
var və onların hər biri
bizim üçün
əzizdir. Ona görə bu
tarixi abidələrin bərpası,
onların əsl vəziyyətinə çatdırılması
və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət
daşıyır. Bu məsələlərə
maksimum diqqət göstərilməlidir”
Rizvan Qarabağlı: “...bərpaya
ehtiyacı olan digər abidələrin də
bərpası həyata keçiriləcək”
Memarlıq üzrə fəlsəfə
doktoru, Memarlar
İttifaqının üzvü,
tanınmış memar Rizvan
Qarabağlı “Bakı-Xəbər”ə bildirdi
ki, tarixi abidələrimizin
bərpasının investisiya proqramına
salınması və bu sahəyə İnvestisiya Proqramından vəsait
ayrılması çox mühüm
haldır. “Azərbaycanda tarixi abidələrin
bərpası istiqamətində xeyli iş görülür və
bu işlər də davam
etdirilir. Son 15 ildə
50-dən artıq abidə bərpa edilib. Bütün bunlar dövlət
dəstəyilə reallaşıb. Bilirik
ki, İmamzadə abidəsindən tutmuş, digər abidələrin bərpasına
qədər hamısı dövlət büdcəsindən
ayrılan vəsit hesabına həyata keçirilib.
Azərbaycanda tarixi abidələrin İnvestisiya Proqramına
salınmasının böyük əhəmiyyəti
var. Hesab edirəm ki, Dövlət İnvestisiya
Proqramında abidələrin bərpası üçün
ayrılan vəsait hesabına bərpaya ehtiyacı olan digər abidələrin də bərpası
həyata keçiriləcək”.
Fariz Xəlilli: “Abidələrin bərpasına
İnvestisiya Proqramı çərçivəsində
maliyyə ayrılması çox müsbət
nəticələr verər”
MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, maddi-mədəni irs üzrə mütəxəssis Fariz Xəlillinin sözlərinə görə, əslində, abidələrin bərpası və konservasiyasının İnvestiya Proqramında nəzərə alınması çox əhəmiyyətli bir hadisədir. “Düzdür, əvvəllər də belə proqramlar olub. Lakin keçən proqramlarda xüsusən də bölgələrdəki abidələrin bərpası və konservasiyası tam olaraq nəzərdə tutulduğu kimi həyata keçirilməyib. Dövlət proqramlarında bərpa ediləcək abidələrlə bağlı maliyyə ayrılmış layihələrə baxırıq. Xüsusən də 2000-ci illərdə bərpasına vəsait ayrılan həmin abidələrə diqqət yetirdikdə onlarda bərpa, konservasiya izlərini görmürük. Yəni onların üzərində Sovet dövründən sonra bərpa işləri aparıldığı görünmür. Dövlət Proqramında əks olunan o maliyyə ya nəzərdə tutulsa da, ayrılmayıb, ya da başqa istiqamətlərə yönəldilməyib, bu səbəbdən də o işlər görülməyib. Belə bir məqamla tez-tez rastlaşmışıq. Amma ölkəmizdə doğrudan da bir çox tarixi abidə keçən müddətdə bərpa və konservasiya olunub. Bu fəaliyyətlər görülüb. Əsas problemlər isə hələ də kadrlar, materiallar və maliyyə məsələləri ilə bağlıdır. İnvestisiya Proqramında bərpası nəzərdə tutulacaq abidələrin bir çoxu dağılmış vəziyyətdədir. Məsələn, İsmayıllı rayonu ərazisindəki Buzxana, Haram qalası, Sultdakı evlər (bunların əksəriyyəti üzərində kitabələr olan binalardır - F.X.), Xanəgah və digərilərinin bərpaya ehtiyacı var. Demək istədiyim odur ki, Azərbaycanın müxtəlif yerlərində maddi mədəniyyət abidələrinin çoxu dağılmış vəziyyətdədir və dağılmaqdadır. Bu halda abidələrin bərpasına İnvestisiya Proqramı çərçivəsində maliyyə ayrılması çox müsbət nəticələr verər. Ümumiyyətlə, cənab Prezidentin bu kimi təşəbbüsləri tərəfimizdən alqışlanır, mədəni irs ekspertləri olaraq bu təşəbbüsləri bəyənirik. Biz bu məsələdə tərəf də ola bilərik, lazımi dəstəyi, məsləhəti də verə bilərik. Amma, dediyimiz kimi, kadr və maliyyə məsələləri həll olunmuş olsa” - deyə F.Xəlilli bildirdi.
İradə SARIYEVA
Bakı Xəbər.-2020.-7
fevral.-S.14.