Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romançılığının yaradıcısı adlandırıldı

Milli qürur hissinin, vətən sevgisinin təcəssümü - “Ovçu” romanı

Yunus Oğuz müstəqillik dövründə Azərbaycanda bədii nəsr sahəsində ardıcıl çalışan, səmərəli fəaliyyət göstərən, tarixi mövzulara dərin maraq göstərməsilə fərqlənən və öndə gedən yazıçılardan biridir.

Onun 20-yə qədər nəsr əsəri işıq üzü görüb ki, onların böyük əksəriyyəti Azərbaycan  ümumtürk tarixinin aktual problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunub. Belə nəticə  çıxarmaq mümkündür ki, Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir. Onun yaratdığı Azərbaycan tarixi roman nümunələri böyük oxucu marağına səbəb olub, ictimai rəydə ciddi əks-səda verib. Bunu müxtəlif oxucu auditoriyasındakı rəylərdən aşkar görmək mümkündür. Bu o deməkdir ki, Yunus Oğuzun Azərbaycan tarixi mövzusunda yazdığı əsərləri müasir dövrmüasir oxucu üçün də əhəmiyyətlidir. Bu əsərlər öz tarixi soykökümüzü dərindən dərk etməyə, milli tarixi keçmişimizi daha obyektiv görməyə, tarixi simalarımıza dərindən bələd olmağaonlara  sahib çıxmağa çağıran əsərlər olduğu üçün oxucular onları sanki müasir dövr üçün verilmiş mesaj kimi qəbul edirlər. Bu onun tarixi mövzulara müraciətinin müasirliklə, müstəqillik dövrü ilə, onun idealları ilə üzvi surətdə bağlı olduğunu göstərir. Hansı mövzularda yazmasından asılı olmayaraq, hansı tarixi şəxsiyyətə müraciət etməsinə baxmayaraq, bütün hallarda bu əsərlərin ortasından qırmızı xətlə keçən ideya milli dövlətçilik, müstəqillik və azərbaycançılıqdır. Bu Yunus Oğuz yaradıcılığının aparıcı xəttidir, ana xəttidir.

Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər Azərbaycan qədər Türk və müsəlman dünyası üçün də əhəmiyyətlidir. Çünki, o əsərlərində tarixin elə dövrlərinə müraciət edir ki, o zamankı tarixi ərazilər bu günkü coğrafiya baxımından bir neçə dövlətin sərhədini və taleyini özündə cəmləşdirir. Ona görə Yunus Oğuzun əsərləri türk dünyasında da böyük maraq doğurur və ayrı-ayrı xalqların dilinə tərcümə olunur. Məsələn, onun Teymurləng haqqında yazdığı iki cildliyi özbək dilində çap olunub.  Bu bir tərəfdən Yunus Oğuzun nailiyyəti, digər tərəfdən isə müstəqillik dövründə Azərbaycan ədəbiyyatının açdığı böyük imkanlardır. Daha dəqiq, Azərbaycan ədəbiyyatının nüfuzunun geniş dairədə qəbul olunduğunu təsdiq edən əhəmiyyətli faktdır. "Ovçu" romanı da Yunus Oğuzun yaradıcılığında indiyə qədər epizodik şəkildə qoyulan, başqa planda qaldırılan məsələləri müasirlik işığında bir araya gətirməsi və onun ən müasir dövrün hadisələri ilə əlaqələndirməyi bacarmasının nəticəsidir. "Ovçu" romanı Azərbaycan gerçəklikləri əsasında yazılıb.  Bu əsərdə tarixin müxtəlif dövrlərinə işıq salınmaqla yanaşı, bizim hərb, müstəqillik tariximizin şərəfli hadisəsi olan Aprel döyüşlərindən geniş bəhs olunur. Aprel  döyüşlərindən bəhs olunan məqamlarda biz o tarixin dərinliklərindən süzülüb gələn milli  qürur hissinin, torpaq, Vətən, dövlət sevgisinin bədii cəhətdən mükəmməl işləndiyinin və oxucuya çatdırılmasının şahidi oluruq. Hesab edirəm ki, bu əsər  onun bir növ indiyə qədərki yaradıcılığının bir çox xətlərinə yekun vurur, Azərbaycan gerçəkliyinə qayıtmaq baxımından bir az fərqli əsər kimi görsənir. Əgər indiyə qədərki əsərlərdə tarixi mövzuların nəticəsindən azərbaycançılıq, müasirlik ideyaları çıxarılırdısa, bu əsərdə konkret olaraq  müasir dövrün, yaşadığımız tarixi  günlərin hadisələri öz əksini tapıb ki, bu da Yunus Oğuzun yaradıcılığında yeni hadisədir. Yaxşı cəhətdir ki, o,  öz tarixindən ayrılmadan tarixə yenidən qayıdıb. Bu əsər Y. Oğuzun tarixi mövzularla müasir mövzuları bir ideya ətrafında birləşdirmək bacarığının real nümunəsidir. Bu isə onun yaradıcılığının yeni keyfiyyətidir. Düşünürəm ki, bunu  başlayan müəllif müasir dövr haqqında yazacağı yeni əsərlərdə bu xətti daha da dərinləşdirəcək. Bu orjinal janrı yeni-yeni əsərlərdə ortaya qoya biləcək". 

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

Bakı xəbər  2020.- 25 fevral.- S.13.