Muzeylərimizdə virtual səyahətlər varmı...

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronavirusun yayılmasının qarşısının alınması üçün müxtəlif sahələrdə təhlükəsizlik tədbirləri həyata keçirilir. Artıq Azərbaycanda da karantin elan edilib və insanların kütləvi getdiyi məkanlar müvəqqəti olaraq qapadılıb.

Muzeylər də insanların maraq göstərdiyi məkanlardan biridir və koronavirus təhlükəsi ilə bağlı artıq Azərbaycan muzeylərinə də giriş qadağan edilib. Məlumdur ki, bir müddət əvvəl dünyanın bir sıra populyar muzeyləri də qapadılıb və onlar seyrçilərə virtual və onlayn xidmətlər göstərirlər. Yəni seyrçi asanlıqla muzeyin müvafiq saytına daxil olur və oradan virtual olaraq muzeyin ekspozisiyası ilə tanış olur.

Azərbaycan muzeylərinin onlyan, virtual xidmətə hazır olub-olmadığını araşdırmaq məqsədilə paytaxtın bir neçə muzeyinin rəsmi saytına daxil olduq. Təəssüf ki, burada qarşımıza onlayn xidmət çıxmadı. Bunun səbəbini öyrənmək üçün muzeylərin özləri ilə əlaqə saxladıq. Qeyd edək ki, əlaqə saxladığımız muzeylərin çoxunun saytında virtual xidmət olmamasının səbəbini onlar texniki imkansızlıqla əlaqələndirdilər.

Sədi Mirzəyev: “Əməkdaşlarımız hazırda muzeyin ekspozisiyası ilə bağlı onlayn materiallar hazırlayırlar”

Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirzəyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlayn xidmətlə bağlı artıq Mədəniyyət Nazirliyindən muzeylərə təlimatlar göndərilib: “Əməkdaşlarımız hazırda muzeyin ekspozisiyası ilə bağlı onlayn materiallar hazırlayırlar. Biz bu materialları Azərbaycan, rus və ingilis dillərində hazırlayırıq. Onlayn materiallar hazır olduqdan sonra biz onları muzeyimizin “Facebook” və digər sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirəcəyik. İstənilən tamaşaçı həmin videogörüntülərə baxmaqla muzeyimizin ekspozisiyası ilə rahatlıqla tanış ola biləcəklər”.

Həmin onlayn xidmətin muzeyin rəsmi səhifəsində hansı səbəbdən yerləşdirilməməsinə gəlincə, S.Mirzəyev qeyd etdi ki, vaxt az olduğundan, onlayn süjetləri saytda yerləşdirmək çətinlik törədir, burada, həmçinin, texniki əngəllər də mövcuddur.

Ülvina Fərzəliyeva: “Biz martın 17-dən muzeydə onlayn xidmətə başlayırıq”

Azərbaycan Milli Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva bildirdi ki, martın 17-dən muzeydə onlayn xidmətə start verilir: “Biz martın 17-dən muzeydə onlayn xidmətə başlayırıq. Milli Xalça Muzeyinin ekspozisiyasında yenilənmələr var. Onlayn xidməti yenilənmiş ekspozisiya ilə davam etdirəcəyik. Muzeyin ekspozisiyasının bağlı olmasına baxmayaraq, hazırda əməkdaşlarımız işdədirlər və tamaşaçılarımıza onlayn xidmət göstəriləcək”.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi: “16-20 mart 2020-ci il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında sizinlə onlayn ünsiyyət yaradacaq”

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən aldığımız məlumata görə, Nazirlər Kabineti yanında Operativ qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən, “İçərişəhər” Muzey Mərkəzinin bütün muzey və ekspozisiyaları iş fəaliyyətini dayandırıb: “Bununla əlaqədar 16-20 mart 2020-ci il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında sizinlə onlayn ünsiyyət yaradacaq. Gündə 2 dəfə saat 12:00-da və 15:00-da canlı yayımlar, digər vaxtlarda isə 3 D virtual gəzinti, kiçik videoçarxlar, maraqlı fotoşəkillərin tarixçələri təqdim olunacaq. Beləliklə, evdə oturduğunuz halda, virtual olaraq, İçərişəhərin muzey və ekspozisiyalarını ziyarət edə biləcəksiniz.

Bu zaman Siz “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarix Etnoqrafiya qoruğu haqqında, eləcə də bəzi maraqlı və unikal memarlıq abidələri, eksponatlar barədə canlı olaraq sual-cavabda iştirak etməklə məlumat ala biləcəksiniz”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin təmirdən sonra açılışı olmadığı üçün, muzeyin onlayn xidmət göstərib-göstərməyəcəyi haqda hər hansı bir məlumat əldə edə bilmədik. 

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2020.- 18 mart.- S.15.