20 Yanvar hadisələrinin 30-cu ildönümü tədbirlərinin dünyaya verəcəyi ən ümdə mesajlar...

Vaqif Abışov: “...amma bu qətliama dünya birliyi göz yumub, hüquqi-siyasi qiymət verməyib, cinayətkarlar məsuliyyətdən kənarda qalıblar”

XX əsrdə xalqımızın başına gətirilən müsibətlərdən biri kimi tariximizə daxil olan 20 Yanvar faciəsinin törədilməsindən 30 il ötür.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.

Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Məlum olduğu kimi, artıq dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir, bu tədbirlərdə Azərbaycan xalqının azadlıq mübarizəsindən, suverenlik uğrunda verdiyi qurbanlar haqqında danışılır.

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlər vasitəsilə Azərbaycan dünyaya, beynəlxalq ictimaiyyətə hansı vacib mesajları verir və verməlidir?

“20 Yanvar faciəsi ilə bağlı beynəlxalq səviyyəli tədbirlərdə dövlətimiz xalqımızın faciələrini dünya birliyinə bir daha çatdırmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bizimlə söhbətində bildirdi ki, Azərbaycan bu tədbirlər vasitəsilə dünyaya çox ümdə mesajlar ötürəcək. O hesab edir ki, 30 il bundan əvvəl Bakıda Azərbaycan xalqına qarşı baş verən faciədən, törədilən qətliamdan dünyanın çox hissəsi xəbərsizdir. Onun sözlərinə görə, son 30 ildə Azərbaycan xalqı davamlı olaraq bir neçə faciə yaşamağa məhkum olub. Alimin qeyd etdiyinə görə, 20 Yanvar faciəsinin 30-cu ildönümünün ölkədə və ölkə xaricində keçirilməsi Azərbaycanın səsinin bir daha eşidilməsinə səbəb olacaq. “20 Yanvar hadisələrinə şahidlik etmiş bir vətəndaş olaraq bildirməliyəm ki, dövlətin 20 Yanvar faciəsinin dünyada tanıdılması istiqamətində gördüyü işlər yüksək dəyərləndirilməlidir. Azərbaycanın beynəlxalq ictimaiyyətə deyəcək çox sözü, veriləcək çox mesajı var. 1990-cı ildə Mixail Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərliyinin əmrilə Bakıda törədilən qırğın barədə dünya daha geniş şəkildə məlumatlandırılmalıdır. Azərbaycan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı keçirdiyi bütün tədbirlərdə dünya ictimaiyyətinə o mesajı verir ki, 30 il bundan əvvəl Bakıda dinc azərbaycanlılar qanına qəltan edilib, amma bu qətliama dünya birliyi göz yumub, hüquqi-siyasi qiymət verməyib, cinayətkarlar məsuliyyətdən kənarda qalıblar. 20 Yanvar hadisəsi Azərbaycan tarixinin qanla yazılan şərəfli səhifəsidir. Bu səhifəni dünya oxumağı bacarmalıdır. Bu gün Azərbaycan şəhidlərin qanı hesabına öz dövlət müstəqilliyini qurdu, qorudu. Azərbaycan qüdrətli bir dövlət kimi dünyada özü sözünü deyir. Azərbaycan sülh istəyir, torpaqlarının işğaldan azad olunmasını tələb edir, amma dünya birliyi buna cəhd göstərmir. Ölkəmiz bu tədbirləri keçirməklə həm də dünyaya çatdırmaq istəyir ki, keçən illərdə törədilən kütləvi qırğınlara göz yumulması nəticəsində bu gün dünyanın müxtəlif yerlərində insan qanı axıdılır. Əslində, 20 Yanvar kimi faciələrin törədilməsi dünyaya dərs olmalıdır”.

V.Abışov qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin apardığı daxilixarici siyasət, inkişafı, milli ideologiyası, tarixi, mədəniyyəti humanizmə, insani prinsiplərə söykənir. “Azərbaycan 30 il bundan əvvəl yaşadığı faciənin tarixini yada salmaqla, qeyd etməklə dünyaya çatdırır ki, əliyalın, dinc insanlar böyük bir imperiyanın silahları, tankları altında əziliblər. 20 Yanvar faciəsini törədənlərin də cəzasızlığı, hələ də həbs edilməmələri dünya birliyini narahat etməlidir. Böyük tarixə, mədəniyyətə malik olan Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra dünya tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, idmanına, siyasətinə və s. töhfələr verib və verməlidir. 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq səviyyəli tədbirlərdə dövlətimiz xalqımızın faciələrini dünya birliyinə bir daha çatdırmalıdır. Dünya gənclərinin 20 Yanvar faciəsindən xəbəri olmalıdır ki, onlar gələcəkdə bu məsələ ilə bağlı daha obyektiv fikirlər yürüdə bilsinlər, dünya tarixində bu faciəyə qiymət versinlər” - deyə müsahibimiz vurğuladı.

 

İradə SARIYEVA

Bakı xəbər  2020.- 9 yanvar.- S.4.