Azərbaycan
dünyanın 10 məşhur “macəra turizmi”
ölkəsi sırasında…
Qeyri-neft sektorunun ən mühüm qollarından biri
sayılan turizmin inkişafı istiqamətində atılan
addımlar artıq öz müsbət nəticələrini
verir. Məhz bunun nəticəsidir ki, Azərbaycana gələn
turistlərin sayında dinamik artım qeydə alınır. Təbi
ki, bu hal ölkə iqtisadiyyatına, xüsusən də xidmət
sektoruna mühüm təsirlər göstərir.
Hesab olunur ki, növbəti illər ərzində də
turizm Azərbaycan iqtisadiyyatının ən vacib inkişaf
istiqamətlərindən biri olaraq qalacaq. İlk növbədə
o baxımdan ki, bu məqam
dünya iqtisadiyyatının özünün prioritetləri
sırasında yer alır. Ümumdünya Turizm Təşkilatının
proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin
davamlı inkişafı nəticəsində xarici turistlərin
sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək
1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış
turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi
turizm mərkəzləri ilə müqayisədə 2 dəfə
çox olacaq. Proqnozlardan da aydın görünür ki,
turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti
çoxdur. Bu mənada, Azərbaycan yeni turizm mərkəzlərindən
biri kimi getdikcə turistlərin diqqətini daha çox cəlb
edir. Xüsusən də
Bakıda, eləcə də son illərdə ayrı-ayrı
bölgələrdə müasir tələblərə cavab
verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat
infrastrukturunun yaradılması xarici turistlərin ölkəmizə
marağını artırıb. Bundan əlavə, ölkəmizin
coğrafi mövqeyi, iqlim şəraiti, mədəni-tarixi
irsi və digər belə məqamlar da turizmin inkişafı
üçün böyük perspektivlərə yol açan
amillərdəndir. Bunun nəticəsidir
ki, ötən il Azərbaycana səfər edən xarici vətəndaşların
sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci
ilin eyni dövrü ilə müqayisədə 11.4% artım
deməkdir. Artımın qeyd olunduğu əsas istiqamətləri
Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və
Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən
Azərbaycana gələnlərin sayı ötən ilin
yanvar-dekabr dövründə 224 min nəfər təşkil
edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə
14.7% artım hesab olunur. Bu arada bir mühüm məqamı da
qeyd edək ki, Azərbaycan macəra sevənlər
üçün on ən yaxşı ölkənin
siyahısına daxil edilib. Belə ki, Britaniya Səyahətçilər
Birliyinin mütəxəssisləri 2020-ci ildə macəra
turizminin inkişafı üçün ən böyük
potensialı olan ölkələrin adlarını
açıqlayıb.
Birinci yerdə Əlcazair qərarlaşıb.
İkinci yerdə Səudiyyə Ərəbistanı,
üçüncü yeri isə Pakistan tutur. Macəra sevənlərin
reytinqində Azərbaycan doqquzuncu yeri tutub. İlk onluğa isə
İran, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina,
Rusiya və Həbəşistan daxil edilib. Qeyd edilir ki, reytinq
hazırlanarkən infrastrukturun inkişaf səviyyəsi, təbii
və tarixi yerlər, qonaqpərvər yerli sakinlər, nisbətən
az sayda turist, məscidlər, Şərq bazarları, Roma,
Osmanlı, ərəb və Bizans tarixinin mədəni obyektləri
kimi parametrlər nəzərə alınıb. Bu vəziyyətdə
Azərbaycanın ilk onluqda yer alması ölkəyə tursit
marağını daha da artırır. Eyni zamanda,
yaranmış durum Azərbaycan iqtisadiyyatının tərəqqsinə
öz təsirini göstərir və bu hal regionlarda da
özünü qabarıq surətdə büruzə verməyə
başlayır. Kənd turizminin son illərdə sürətli
inkişafı da elə bunun nəticəsidir. İndi ölkəmizdə
kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi
geniş yayılıb. Amma təbii ki, bu istiqamətdə hələ
də müəyyən addımların atılması
vacibdir. Turizm üzrə ekspert Müzəffər Ağakərimov
da bildirir ki, kənd turizmini inkişaf etdirmək, kənd evlərini
turizmə cəlb etmək üçün öncə turizmin
inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə
infrastruktur qurulmalıdır. O vurğulayır ki,
görüləcək ilk iş kənd yollarının təmir
olunmasıdır:"Turizmin inkişaf etdiyi ərazilərdə
kəndlərin yolları abad olmalıdır. Əks halda, baha
olsa da, turist məcbur olub oteldə qalacaq. İkinci vacib məsələ turizmin inkişaf etdiyi ərazilərdə su, qaz və
kanalizasiya xətlərinin
çəkilişidir. Unutmaq olmaz ki, turisti
ucuzluqla yanaşı maraqlandıran daha bir əsas məsələ
qalacağı evin rahatlığıdır. Bundan əlavə, kənd evləri arasında qiymətləndirmə aparılmalıdır.
Hər evi kənd turizminə
cəlb etmək olmaz. Turizmin inkişaf etdiyi
ərazilərə yaxın
kəndlərdə sanitar
gigiyenik və qida təhlükəsizliyi
məsələlərini də
diqqətdə saxlamaq
lazımdır. Xüsusilə kənd evlərində sanitar qovşaqların vəziyyəti, turistə
təklif edilən qidaların keyfiyyəti vacib məsələdir".
Artıq
Dövlət Turizm Agentliyi bu istiqamətdə
işlər görür.
Bu günlərdə kənd yerlərində evlərini turistlərə
kirayə verən sahibkarlarla görüş
keçirilib. Görüşün əsas məqsədi kənd evi sahiblərinin
təklif və problemlərini dinləmək,
bu sahədə mövcud boşluqları müəyyən etmək
və aradan qaldırılması istiqamətində
dəstək göstərmək
olub. Bundan əlavə, regionlarda
otellərin sayının
artması, hostellərin
yaradılması da prosesə müsbət təsir göstərir.
Belə vəziyyət regionlarda işsizlik amilinin daha sürətlə aradan qalxmasına mühüm təkan verir. Digər tərəfdən, turizmin dinamik inkişafı Azərbaycanın
valyuta gəlirlərinin
yüksəlməsinə də
öz töhfəsini
verir. Qiymətləndirmələr göstərir ki,
turistlərin Azərbaycanda
xərclədiyi vəsaitin
həcmi artıq milyardlarla dollar həcmində
ölçülür. Turist sayının artması isə bu vəsaitin
miqdarının daha da çoxalacağı anlamına gəlir.
Ramil QULİYEV
Bakı xəbər.- 2020.- 10 yanvar.- S.
11.