Azərbaycan “qaz
siyasəti” ilə Türkiyə, Rusiya və
hətta ABŞ-ı bir araya
gətirə bildi…
Enerji sektorunda Azərbaycan
daha bir mühüm uğura imza atır
Dünya enerji
bazarları uğrunda bu
gün kifayət qədər sərt rəqabətin
getməsi heç kimə sirr
deyil. Məsələn, Avropanın enerji bazarında hələ də Rusiya və ABŞ arasında kəskin rəqabət
hökm sürür.
Eləcə də dünyanın enerji
resurslarının mənimsənilməsində eyni prosesi müşahidə
etmək olar. Amma bu vəziyyətdə Azərbaycanın həyata
keçirdiyi enerji
siyasəti ona beynəlxalq miqyasda
tamam fərqdi bir
yanaşmanın sərgilənməsinə gətirib
çıxarıb.
Məsələn,
istər ABŞ, istərsə də Rusiya Azərbaycanın
Avropanın enerji bazarına çıxmasına hansısa
maneələr yaratmır. Əksinə, ölkəmizin bu
istiqamətdə fəaliyyəti dəstəklənir. Hətta
qeyd olunan istiqamətdə Azərbaycanla rəqabət əvəzinə,
əməkdaşlıq ön plana çıxır. Bunu
Rusiya təbii qazını Türkiyə və bu ölkə
üzərindən Avropaya nəql edəcək “Türk
axını” qaz boru xəttinin açılışı
fonunda da görmək olar.
Xatırladaq
ki, artıq bu kəmər istismara hazır vəziyyətə
gətrilib. “Türk axını” layihəsi üzrə tikinti
işlərinə isə hələ 2017-ci ildə
başlanıb. Bu qaz kəmərinin Qara dənizdən
keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Boru kəmərinin
birinci xətti Türkiyə bazarı üçün,
ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə
qaz tədarükü üçün nəzərdə
tutulub. Xətlərin hər birinin
ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.
İndi həm Azərbaycanın çəkdiyi TANAP, həm də
“Türk axını” rəqib yox, əməkdaşlıq
formatında baş tutan layihələr kimi qiymətləndirilir.
Xatırladaq ki, TANAP 2019-cu ilin sonlarında tam istismara verilib. Belə ki, noyabrın 30-da
Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın
Faza-1 hissəsinin açılış mərasimi keçirilib. İpsala qəsəbəsi
TANAP-ın MS4 ölçü
stansiyasının yerləşdiyi və Avropaya
Azərbaycan qazını nəql edəcək TAP-a
birləşdirilən ərazidir. Qarşıdakı dövr ərzində isə Azərbaycan TANAP
vasitəsilə Türkiyəyə daha çox qaz nəql etməyi
düşünür. Türkiyə
prezidenti Rəcəb Tayyib
Ərdoğan İstanbulda “Türk axını” təbii qaz
boru kəmərinin açılış
mərasimindəki çıxışında bu xüsusda bildirib ki,
qarşıdakı illərdə TANAP-ın ötürücülük
qabiliyyətinin əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard
kubmetrə çatdırılması
planlaşdırılır: “Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən
biri olan TANAP-ı əziz
qardaşım, Azərbaycan prezidenti İlham Əliyevlə birgə istifadəyə
verdik. “Enerjinin İpək
Yolu” adlandırılan TANAP-la
ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii
qazı Türkiyə və Avropa
istehlakçılarına çatdırılacaq”.
Bu
fonda Azərbaycanın yanaşması budur ki, TANAP və
“Türk axını” təbii qaz kəmərləri bir-birinə
rəqib deyil. Energetika naziri Pərviz Şahbazov bildirir ki, hər
iki layihə bölgənin - həm Türkiyənin, həm də
Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə
xidmət edəcək: “Türk axını” layihəsinin
TANAP-a alternativ olmasından söhbət gedə bilməz. Bu
layihələr paralel olaraq həyata keçiriləcək. Hər
ikisi bölgənin - həm Türkiyənin, həm də Cənub-Şərqi
Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək”.
Elə Rusiya da məsələyə məhz bu prizmadan
yanaşır. Hətta Rusiyanın Bakıdakı səfiri
Mixail Boçarnikov qeyd edir ki, Rusiya qazı müəyyən
mərhələdə Azərbaycanla Türkiyəni birləşdirən
TANAP qaz kəməri ilə nəql oluna bilər: “Mən Azərbaycanı
TANAP layihəsinin işə salınması münasibətilə
təbrik etmək istəyirəm, bu böyük uğurdur. Azərbaycan
bu layihəyə yatırım qoyub və indi onun bəhrəsini
görməyə tam əsası var. Həm Azərbaycan, həm
Rusiya neft-qaz ölkələridir. Və hər iki ölkə
öz mineral ehtiyatlarını özü hasil edir. Hərçənd,
biz burada da əməkdaşlıq edirik, mən Rusiya şirkətlərinin
Azərbaycanın neft, qaz-kondensat yataqlarının işlənməsində
iştirakını nəzərdə tuturam. Kim bilir, bəlkə
bizim qaz da hansısa mərhələdə TANAP layihəsinə
qoşulacaq, mən bunu istisna etməzdim”.
Rusiya
qazının TANAP vasitəsilə nəqlinin
mümkünlüyünü Pərviz Şahbazov da istisna
etmir. O qeyd edib ki, bu variant müəyyən mərhələlərdə
mümkün olan ssenarilərdən biridir: “Hazırda bu barədə
konkret nəsə demək çətindir.
Düşünürəm ki, bütün ölkələrin
istəkləri və imkanları olduqda mövcud infrastrukturdan
istifadə etmək imkanı olacaq”. Nazir həmçinin əlavə
edib ki, Rusiya və Türkiyə arasındakı yeni qaz kəməri
olan “Türk axını” region üçün önəmli
layihədir və Azərbaycan əvvəldən bu layihəyə
dəstəyini bildirib: “Biz düşünürük ki, bu
layihə həm Rusiya, həm də Türkiyə
üçün bir sıra məsələlərin həllində
böyük rol oynayır. Bu layihə Türkiyənin enerji təhlükəsizliyini
təmin etməyə, Türkiyənin iqtisadi inkişafına
öz töhfəsini verir. Layihə Rusiya üçün də
önəmlidir”.
Nazir
Azərbaycanın Türkiyə və Rusiya ilə əməkdaşlığından
da danışaraq bildirib ki, Azərbaycan Türkiyə ilə
enerji sahəsində böyük əməkdaşlıq həyata
keçirir: “Azərbaycan bu günə qədər Türkiyədə
ancaq enerji sektoruna 11,3 milyard dollar məbləğində
investisiya yatırıb. SOCAR Türkiyədə ən
böyük xarici sərmayədardır. Eyni zamanda, Azərbaycan
və Türkiyə beynəlxalq əhəmiyyətə malik
layihələr həyata keçirib və keçirməkdə
davam edir. Türkiyədə “Petkim”, STAR kimi layihələr həyata
keçirilir. Bütün bunlar Azərbaycanla Türkiyənin
enerji sahəsində əməkdaşlığına
böyük töhfə verir. Bundan sonra da bir sıra layihələr
həyata keçiriləcək. Azərbaycan Rusiya ilə də
yaxın tərəfdaş ölkədir. Beləliklə,
Türkiyə ilə Rusiya arasında həyata keçirilən
layihələr, eləcə də Azərbaycanla Türkiyə
arasında həyata keçirilən layihələr ölkələrin,
regionun inkişafına xidmət edir. Düşünürəm
ki, bu layihələr bu üç ölkənin iqtisadi
inkişafına böyük töhfə verməkdədir”.
Nahid SALAYEV
Bakı xəbər 2020.- 10 yanvar.-
S.9.