Gömrük
sistemində aparılan islahatlar: nəticələr, perspektivlər...
Vətən sərhəddən başlayır, sərhəd
isə gömrükdən. Gömrük həm də,
obrazlı desək, ölkənin giriş qapısıdır
və o “qapı”dan istər daha çox müsafirin, istərsə
də daha çox mal və məhsulun daxil olmasının ən
ümdə yolu operativlikdən, çevik idarəetmədən,
şəffaflıqdan keçir...
Büdcə daxilolmalarının
artmasının ən sadə yolu – qüsursuz fəaliyyət…
Azərbaycan
Respublikası ikinci dəfə müstəqilliyini əldə
etdikdən sonra ölkədə aparılan genişmiqyaslı
islahatlarla ciddi irəliləyişlərə nail olunsa da, son
illər dövlətin uğurlu reformist revanşı ölkə
həyatının bütün sahələrində daha
fundamental dəyişikliklərə səbəb olmaqdadır.
Təbii ki, bu dəyişikliklər ölkənin
gömrük sistemindən də yan keçməyib. Nəticədə
gömrük orqanları qaranlıq reputasiyalı, mücərrəd
fəaliyyətli qurumdan şəffaf fəaliyyəti ilə
örnək ola biləcək bir struktur səviyyəsinə
qalxıb. Bunun real təsdiqini görmək
üçün Dövlət Gömrük Komitəsinin rəsmi
elektron saytında yer almış büdcə daxilolmaları
üzrə cədvələ vizual nəzər salmaq kifayətdir.
Cədvəl 2007-ci ildən üzübəri
dövrü əhatə etdiyindən, həmin dövrlə
indini müqayisə xarakterli kiçik bir araşdırma
apardıq və rəqəmlərin dili ilə dövlətin
islahat siyasətinin necə böyük nəticələrə
gətirdiyinə şahid olduq. Bu nəticələrə
siz də baxın: 2007-ci ilin yanvar ayı üzrə
gömrük sistemindən büdcə daxilolmaları 57.716,16
manat təşkil etdiyi halda, 2014-cü ilin eyni dövrü
üzrə bu göstərici 97.313,21, yeni yola
saldığımız 2019-cu il
üçün isə 329.645,70 manat təşkil edib. Göründüyü kimi, fərq
inanılmazdır. Əslində isə bu
fərqin təkcə ölkəyə daxil olan xalis gəlirin
artması ilə deyil, eyni zamanda, gömrük
orqanlarının fəaliyyətinin gedərək şəffaflaşdırılması
ilə bağlı olduğu mübahisəsizdir.
Ölkə başçısı
genişmiqyaslı reformalara vergi və gömrük sistemindən
başlamaqda tam haqlı idi…
Bu isə onu deməyə əsas verir ki, Prezident
İlham Əliyevin ölkədə genişmiqyaslı
reformalara məhz vergi və gömrük sistemlərindən
başlaması çox uğurlu bir siyasətin
başlanğıcı oldu. Dövlət başçısı
ötən ilin mayında Nazirlər Kabinetində
keçirdiyi rüblük müşavirədə bu məsələyə
bir daha toxunaraq deyib:”İlin əvvəlindən Azərbaycan
iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər
bizim potensialımızı gücləndirir, əhali tərəfindən
yüksək qiymətləndirilir və bizə əlavə
maliyyə resursu əldə etmək üçün şərait
yaradır. Birinci rübdə büdcə
daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan
çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini
vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə
gömrük sahəsində əldə etmişik...”
Yanvarın
13-də 2019-cu ilin yekunlarına həsr olunmuş
müşavirədə isə Prezident İlham Əliyev
ötən il vergi və gömrük
orqanlarında aparılmış islahatlar nəticəsində
xəzinəyə plandan əlavə 1 milyard manat vəsait
daxil edildiyini bildirib. “Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə
təqdim edək və bunu etdik. Hesab edirəm
ki, həm müasir Azərbaycanın tarixində, həm də
MDB məkanında bu dərəcədə böyük sosial
paket bu günə qədər
reallaşmamışdır”-deyə ölkə
başçısı çıxışında qeyd edib.
Elə Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Səfər Mehdiyev
də mətbuata müsahibəsində məhz bu məqamlara
toxunub. Onun
sözlərinə görə, ölkədə aparılan
uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata
keçirilən reformalar xarici ticarət
iştirakçılarının aktivliyini artırıb, biznes
mühitinin əlverişliliyinin daha da
yaxşılaşdırılması, rəqabətliliyin
qorunub saxlanmasını, şəffaflığı təmin
edib, eyni zamanda, bununla dövlət büdcəsinə
gömrük ödənişləri üzrə
daxilolmaların məbləğinin artırılmasına nail
olunub.
Səfər Mehdiyev rəqəmlərin
dili ilə nələrdən danışdı...
Komitə
sədri deyib ki, son iki ildə “Dövlət büdcəsi
haqqında” AR Qanunu ilə müəyyən edilmiş illik
büdcə proqnozu ilə müqayisədə dövlət
büdcəsinə 2 milyard manat artıq ödəniş təmin
olunub: “2019-cu ildə Dövlət Gömrük Komitəsi
üçün qanunla təsdiqlənmiş 3 milyard 702 milyon
manat büdcə öhdəliyinə qarşı 11 ay ərzində
4 milyard 6 milyon manat gömrük vergi və rüsumları
toplanaraq dövlət büdcəsinə
köçürülüb, proqnoza 611 milyon 610 min manat və
ya 118,02 faiz, ötən ilin faktiki göstəricilərinə
nisbətdə 753 milyon 300 min manat və ya 23,2 faiz büdcəyə
artıq ödəmələr həyata keçirilib”.
Səfər Mehdiyev onu da deyib ki, idxal mallarına
qanunvericilik aktlarına əsasən tətbiq edilən
azadolmaları nəzərə alsaq, vergitutma bazası 50-55 faiz
olmaqla, ötən illə müqayisədə dəyişməz
qalıb. Aparılan islahatların məntiqi nəticəsi
olaraq, gömrük orqanlarının etibarını qazanan
şəxslərə münasibətdə sadələşdirilmiş
gömrük rəsmiləşdirilməsini və digər
imtiyazları özündə ehtiva edən müxtəlif
proqramlardan istifadə edilir. Mövcud proqramların mahiyyətini
dövlət-özəl sektor tərəfdaşlığı,
gömrük orqanlarının biznes subyektləri ilə
qarşılıqlı əlaqələrinin təşkili ilə
əsaslandıran Komitə sədri bu cür sadələşdirmə
proqramlarının ölkəmizdə tətbiq edilməsi məqsədilə
Prezidentin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı
ilə “Xarici ticarət iştirakçılarının
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi
istifadə hüququ məsələsinə də diqqət
çəkərək, həmin buraxılış sistemindən
daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar
2019-cu il 1 fevral tarixindən daxil olan müraciətlər əsasında
500-dən artıq xarici ticarət iştirakçısına
həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə
icazələr verildiyini bildirib. Qeyd edək ki, bu sistemin məqsədi
xarici ticarət iştirakçıları üçün
daha əlverişli şəraitin yaradılmasından, biznesin
dövlət tənzimlənməsi mexanizmlərinin
effektivliyinin artırılmasından, eyni zamanda, gömrük
nəzarətinin risq qiymətləndirilməsi və
gömrük auditi əsasında daha çevik və şəffaf
həyata keçirilməsindən ibarətdir ki, bununla fiziki
gömrük yoxlamaları minimuma enir, ölkənin ixrac
potensialı güclənir, məmur-sahibkar münasibətləri
təkmil forma alır. Bütün bu yeniliklər
isə Azərbaycan gömrüyünün inkişafından,
onun beynəlxalq arenada bir çox ölkələrə
nümunə göstəriləcək fəaliyyət
mexanizminə sahib olmasından xəbər verir.
Dövlət orqanlarında fəaliyyət
şəffaflaşdıqca büdcənin gəlirləri,
geniş anlamda götürülsə, ölkənin qüdrəti
artır...
Heç
kəs üçün sirr deyil ki, 10-15 il əvvəl
Gömrük Komitəsi ictimaiyyətə tam qapalı, fəaliyyəti
haqqında heç bir məlumat verilməyən,
ünvanına ən çox şikayətlərin səsləndiyi
bir qurum idi. Bu “qaranlıq” fəaliyyət isə bir çox
hallarda gəlirlərin gizlədilməsi, “kölgə
iqtisadiyyatı”nın çiçəklənməsi
ilə özünü büruzə verirdi. Beləliklə,
Gömrük Komitəsi uzun müddət qalmaqallı qurum kimi
tanınıb, hətta barəsində illərlə
korrupsiyanın və rüşvətxorluğun tüğyan
etdiyi qaranlıq bir imic formalaşıb. Lakin
bu gün DGK bəlkə də ölkədə yeganə
dövlət strukturudur ki, özü öz daxilində korrupsiyaya
qarşı ardıcıl mübarizə aparır və
konkret nəticələr ortaya qoyur. Ötən il Komitənin bir neçə yüksək
çinli məmurunun elə Komitə rəhbərliyi tərəfindən
ifşa olunaraq ədalət mühakiməsinə təqdim
edilməsi deyilənlərə bariz nümunə sayıla bilər.
Elə bu mübarizənin nəticəsidir ki,
bu gün ölkənin gömrük sistemində tam şəffaflıq
hökm sürür. Bu şəffaflığın
əsas göstəricilərindən biri isə qurumun mətbuata
açıq olması, qəzet və saytlara öz fəaliyyəti,
qaçaqmalçılıqla mübarizəni əks etdirən
gündəlik məlumatların verilməsilə
özünü göstərir. Bu gün Komitənin Mətbuat
xidmətinin, nəinki mətbu orqanlarda, hətta sosial şəbəkələrdə
DGK-nın ünvanına səslənən ən kiçik
iradın belə dərhal obyektiv şəkildə
araşdırılması və ictimaiyyətə dolğun məlumatın
çatdırılmasında maraqlı olması
düşünməyə əsas verir ki, Komitə şəffaf
fəaliyyəti özünün prioritet vəzifələrindən
elan edib və heç bir halda fəaliyyətinin üzərinə
kölgə düşməsinə imkan vermək istəmir. Bundan əlavə, Gömrük Komitəsi
vaxtaşırı jurnalistlərin sərhəd-keçid məntəqələrinə
səfərlərini təşkil etməklə də öz fəaliyyətilə
bağlı ölkə əhalisinin daha əhatəli məlumata
malik olmasına şərait yaradır ki, bunun özü də
qurumun fəaliyyətində şəffaflığın
qorunmasında maraqlı olduğuna sübutdur.
Azərbaycan gömrüyündə ən
müasir informasiya texnologiyaları...
Azərbaycanın gömrük sisteminin şəffaf fəaliyyətinin
daha bir səbəbi onun son dərəcə müasir və
unikal informasiya texnologiyaları vasitələrinə malik
olmasıdır. Belə ki, hazırda ölkəyə gətirilən
mal və məhsulların ciddi gömrük nəzarətindən
keçməsi üçün sərhəd-keçid məntəqələrində
hər cür texnoloji vasitələr
quraşdırılıb ki, bunun da nəticəsində sərhəddən
qaçaq yolla hansısa yüklərin keçirilməsi
halları minimuma endirilib. Eyni zamanda,
yük avtomobilləri ölkə ərazisinə daxil olduqda onlara
xüsusi çiplər yerləşdirilir ki, həmin
çiplər vasitəsilə gömrük orqanları
yüklər təyinat yerinə çatana kimi onları tam mənasında
izləyə bilir. Bu isə istər
ölkədə təhlükəsizliyin qorunmasında, istərsə
də qaçaqmalçılıq cəhdlərinin
qarşısının alınmasında çox ciddi irəliləyişlərə
nail olunmasına gətirən unikal yeniliklərdir. Bu yeniliklərdən biri kimi isə Ələt Beynəlxalq
Dəniz Ticarəti Limanında istifadəyə verilən Ro-Ro
terminalını göstərmək olar. Bu
sistemin özəlliyi ondadır ki, ölkəyə mal və
məhsulların qəbulunda şəffaflığın təmin
olunması ilə yanaşı, həm də sənədləşmə
və digər üzücü proseslər avtomatik qaydada həyata
keçirilir. Belə ki, Azərbaycanın
dövlət sərhədini keçən və bu limana
istiqamətlənən yükün elektron bəyannaməsi həmin
anda Dövlət Gömrük Komitəsinin xəttilə
buradakı Əməliyyat İdarəetmə Sisteminə daxil
olur. Nəticədə həm yükün
limana gəlmə tarixi bəlli olur, həm onun gözləmə
ərazisində yeri ayrılır, həm də ödəmə
rüsumu barədə informasiya onlayn formada daşıma
şirkətinə göndərilir. Yükə
dair məlumat isə limana daxil olan nəqliyyat vasitəsinin
qeydiyyat nişanına əsasən əməliyyat sistemində
əks olunur və yük sahibi bu məlumatı anında
müşahidə edə bilir. Sənədləşdirmə
bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat
limanı isə yük, onun çatdırılma vaxtı və
gəmi barədə məlumat əldə edir. Beləliklə
də əslində çox uzun və yorucu bir proses avtomatik
qaydada, heç bir bürokratik əngəl olmadan tez bir zamanda
həyata keçirilmiş olur.
“Qara bazar”ın “ağaran”
hesabları...
Azərbaycanın müasir gömrük sistemindən
danışarkən “yaşıl dəhliz” və “bir pəncərə”
kimi unikal sistemlərin tətbiqindən söz açmamaq
olmur.
Çünki, məhz bu sistemlərin tətbiqi ticarətin
asanlaşdırılmasına, tranzit yüklərin
daşınmasının sürətləndirilməsinə
xidmət etməklə, “kölgə iqtisadiyyatı”na qarşı mübarizəyə də öz
müsbət təsirini göstərib. Dövlət
başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi
barədə müvafiq icra orqanlarına verdiyi
tapşırıqların yerinə yetirilməsinə dair
çağırışlara artıq biznes subyektlərinin də
qoşulması isə aparılan xarici ticarət əməliyyatları
üzrə uçot və hesabatlılığın
düzgün bəyan edilməsini şərtləndirib, nəticədə
dövlət büdcəsinə qanunla müəyyən
edilmiş vergi və gömrük rüsumlarının
vaxtında və artıqlaması ilə ödənilməsi
təmin olunub. Dövlət Gömrük Komitəsinin
açıqlamasına görə, görülən tədbirlər
nəticəsində son iki ildə idxal-ixrac əməliyyatları
üzrə səffaflığın təmin edilməsi ilə
beynəlxalq iqtisadi münasibətlər kontekstində illik
ticarət dövriyyəsi böyük həcmdə artıb
ki, bu da “güzgülü statistik uçot”un
aparılmasını asanlaşdırır. Eyni zamanda, son iki
il ərzində gömrük sahəsində hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsi və
gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin
genişmiqyaslı formada həyata keçirilməsi “kölgə
iqtisadiyyatı”na vurulan əsas zərbələrdən biri
kimi xarakterizə olunur. Belə ki, 2018 və 2019-cu illər ərzində
“qara bazar”da satış dəyəri 300 milyon dollarla
ölçülən, ümumi çəkisi 3 tondan
artıq narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb, eyni zamanda, istehlak bazarında
haqsız rəqabətə səbəb ola biləcək
kontrafakt malların dövriyyəsinin qarşısı
alınıb, qanun pozuntularına qarşı istintaq hərəkətləri
həyata keçirilib. Bəşəri bir bəla sayılan
“kölgə iqtisadiyyatı”na qarşı
mübarizənin gücləndirilməsi məqsədilə
gömrük işinin daha da sadələşdirilməsi isə
onun təzahürlərinin aradan qaldırılmasında əsaslı
rol oynayıb.
“Biz elə bir gömrük orqanı
yaratmalıyıq ki...”
Hələ 1995-ci ilin yanvarında prezident yanında keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin müzakirəsi zamanı Heydər Əliyev sanki bugünkü gömrük sistemini xəyal edərək demişdi:"Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin". Bu gün əminliklə demək olar ki, mərhum prezidentin qoyduğu hədəfə çatılıb. Hazırda xarici iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın çiçəklənməsində və Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunun əhəmiyyətli dərəcədə artmasında ölkənin mütərəqqi gömrük sisteminin oynadığı rol danılmazdır. Bu nüfuzun artmasını şərtləndirən daha bir faktor isə son illər Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə Şərqlə Qərbi qovuşduran tranzit ölkə rolunda inamla çıxış etməsidir. Artıq ən sərfəli tranzit nəqliyyat sisteminə malik ölkə kimi dünya dövlətlərinin diqqətini getdikcə daha çox üzərinə çəkən Azərbaycanın gömrük sisteminin bundan sonrakı uğurlu fəaliyyəti isə onun perspektiv gələcəyini təmin edəcək əsas amil kimi çıxış edir.
Müasir gömrük sisteminin təkmilləşməsi, ölkəyə mal və məhsulların giriş-çıxışının həm təhlükəsiz, həm də heç bir əngəl və süründürməçilik olmadan operativ həyata keçirilməsi, elə müvafiq dövlət proqramlarında da nəzərdə tutulduğu kimi, həm Azərbaycan insanının rifahına, həm də ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edir. Bu istiqamətlərin hər ikisi isə insan amilinə dayanır ki, bu mənada Azərbaycan gömrükçülərinin daşıdığı missiya həm çətin, həm də şərəflidir. Heç şübhə yoxdur ki, ölkənin gömrük strukturları bu əzmkarlığı gələcək illərdə də davam etdirəcək, media ilə qarşılıqlı əlaqələr nəticəsində isə bizlər bu uğurlardan daha çox yaza biləcəyik.
Samirə
SƏFƏROVA
Bakı xəbər 2020.- 14 yanvar.-
S.13.