Xeyrəddin Qoca
70-ə gəlib çatdı...
Müasirlərimiz olan yazıçılara, dramaturqlara, xüsusən də satirik qələm ustalarına çox zaman Mirzə Cəlilin, Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, eləcə də digər dahilərin davamçısı kimi baxırıq.
Bəzən bizə elə gəlir ki, çağdaş
satiriklər, dramaturqlar o
böyük şəxsiyyətlərin
yarımçıq qalan sözünü
yazırlar, yarıda qırılan fikirlərini davam etdirirlər. Bu
missiyanı daşımasalar belə, biz onlara bəzən bu şəkildə
yanaşırıq. Bəlkə bu ondan doğur ki, 100 il əvvəl dahilərin
tənqid edib, yana-yana
qələmə aldıqları problemlər bu
gün də mövcuddur,
bu gün də o problemləri qələmə alıb yazanlar var. Qələmin də
“ürəyi” daşdan deyil
ki, xalqın, cəmiyyətin dərdini yana-yana yazır, “ürəyi” daş
olsaydı, yazmazdı.
70 yaşını qeyd etməyə
hazırlaşdığımız
yazıçı-dramaturq, publisist Xeyrəddin
Qocanın “Biz bizə bənzərik...”
kitabı bizim özümüzdən əvvəlkilərə
bənzəyişimizi, onların yaşadıqları problemləri
təkrarən yaşamağımızı özümüzə
göstərən bir aynadır.
X.Qocanın yazdıqları hər zaman aktualdır. Xeyrəddin müəllim ömrünün növbəti baharını yaşayır. Mən 70 yaşlı Xeyrəddin müəllimin şəxsiyyətini də, yaradıcılığını da bahara bənzədirəm. Baxmayaraq ki, o, qışın oğlan çağında - yanvarın 29-da dünyaya gəlib, amma qışa yox, bahara bənzəyib. Onun 70 yaşının tamam olduğunu eşidəndə qulaqlarıma inanmadım. Haqqında dəfələrlə yubiley yazıları yazmağıma baxmayaraq, yenə də Xeyrəddin müəllimin 70 yaşının olmasına inanmaq istəmədim. Amma reallıq budur ki, onun 70 yaşının tamam olmasına sayılı günlər qalıb.
Bu gün
çoxumuzun evində, kitab
rəfində X.Qocanın kitabları var və
bu kitabları sevə-sevə oxuyuruq. Həm ona
görə ki, bu
kitabları Xeyrəddin müəllim yazıb, həm də o səbəbə ki, o kitablarda cəmiyyətimizin
qara sancısına çevrilən bəlaların,
mənəvi aşınmanın, çoxlu
neqativ halın, mədəniyyətsizliyin
sözlə qamçılanan varlığını,
obrazını görürük.
Xeyrəddin müəllim yazır ki,
yazdıqlarından nəticə çıxaranlar olsun. Nə yazıq ki, onun “qəhrəmanları” nəticə
çıxarmağa tələsmirlər, əksinə,
özlərini bir qədər də pis aparırlar.
X.Qocanın “Filankəslər”
(1995), "Hərə öz payını
götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr
olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək
yazam..." (2003), "Hərənin öz payı" (ikihissəli satirik komediya, 2003),
"Pyeslər" (2004), "Bu da belə həyatdır..." (2008), "Biz bizə bənzərik..." (2010),
“Yazdıqlarım...Yazılanlar...” və sair
adlı kitabları nəşr edilib və
bu kitablar dərhal
özünə böyük oxucu auditoriyası qazanıb.
2000-ci ildə Azərbaycan Milli
Ensiklopediyası Nəşriyyatı tərəfindən
buraxılan “Xeyrəddin Qoca” adlı fotokitab yazıçının həyat,
yaradıcılıq yolunun güzgüsüdür. Yazıçı
haqqında 2013-cü ildə nəşr edilən “Həyati
proseslərin axarında” məqalələr, sənədlər,
fotoşəkillər kitabı da
öz-özlüyündə xeyli
maraqlıdır. Burada
yazıçının sənət dostları ilə
yazışmaları, onların sənətkara ünvanladıqları
məktublar, fikirlər yer alıb. Eyni zamanda da
buradakı hər bir foto
X.Qocanın sənət dostları, ayrı-ayrı mədəniyyət,
elm, siyasət, ictimai
xadimlərlə görüşlərinin canlı mənzərəsini
görürük.
Qeyd edim ki, Azərbaycan
Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə
1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər
Türkiyə Cümhuriyyətinin İstanbul
şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində
işləyib. Ona 1-ci dərəcəli
fövqəladə və səlahiyyətli elçi
rütbəsi verilib.
X.Qoca bir
ziyalı kimi hər zaman
cəmiyyətin içindədir və müxtəlif tribunalardan xalqa öz sözünü deyir, onu narahat
edən məsələlərə münasibətini bildirir. O, ütülü
danışmağı sevmir, həmişə
açıq danışmağa üstünlük
verir. Bu da yazıçıya, ziyalıya yaraşan keyfiyyətdir.
Qələm adamının jurnalistikanın
müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda
və xaricdə çıxan 100-dən çox
müxtəlif adda qəzet və jurnalda dərc edilib. Xaricdə
və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, süjeti və
çıxışları səslənib. Onun səs
yazılarının bir qismi,
videolentlərə yazılmış tamaşaları Azərbaycan
Respublikası Dövlət Səs Yazıları Arxivində,
qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S.Mumtaz adına Azərbaycan Respublikası
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində, son yaradıcılıq
məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.
Xeyrəddin müəllim bədii tərcümə
sahəsinə də töhfələr verib.
O, böyük türk
satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib.
Dramaturqun Akademik
Milli Dram Teatrında
"Hərənin öz payı..."
adlı ikihissəli satirik komediyası tamaşaya qoyulub (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə"
adlı komediyası Azərbaycan Dövlət Televiziyasında
ekran həyatı tapıb (2004). "Düzü-düz, əyrini-əyri"
(2006), "Bu bizim zəmanədir"
(2007), "Toy olacaq..."
(2008) adlı pyesləri Azərbaycan Radiosunun
tamaşaları kimi efirdə səslənib.
X.Qocanın həyat və
yaradıcılığına həsr olunmuş
"Xeyrəddin Qoca" (fotokitab)
(2000) və "Ömür belə keçir..." (2004) adlı kitablar
nəşr olunub. "Çinar-çap"
nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü"
adlı miniatür kitab
buraxıb (2007). İctimai Televiziya
yazıçı haqqında "Ömür
belə keçir..." adlı film çəkib. (2009). Heydər
Əliyev Sarayında Azərbaycanda ilk dəfə
"Bilirəm, səsim xoşunuza gəlməyəcək..."
adlı satira gecəsi keçirib
(avqust 2003). C.Cabbarlı adına İrəvan
Azərbaycan Dövlət Dram Teatrında
“Vəzifə dəlisi” pyesi tamaşaya qoyulub.
Mədəniyyət və incəsənət
sahələrində böyük xidmətlərinə
görə 19 mart 2007-ci ildə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
ilə Prezidentin fərdi təqaüdünə
layiq görülən X.Qoca
uzun müddət Moskvada
çıxan "Trud" qəzetinin ictimai müxbiri olub, qəzetin işində
fəal iştirakına görə Fəxri Fərmanla təltif
olunub (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar
İttifaqı Rəyasət Heyətinin qərarı ilə
Azərbaycan demokratik mətbuatının
təşəkkülündə görkəmli xidmətlərinə
görə "Qızıl qələm" (1994)
mükafatına layiq görülüb.
Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995)
mükafatını alıb. Mətbuatda uzunmüddətli səmərəli
fəaliyyətinə, ədəbi-bədii, publisistik
yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor
janrındakı kitablarına görə "Araz"
Ali Ədəbi Mükafatı (2001) ilə
təltif olunub. "Pyeslər"
kitabında, "Hərənin öz
payı...", "Qonşulaşma,
qohumlaşma, kirvələşmə",
"Bu bizim zəmanədir..."
kimi dram əsərlərində
ictimai problemləri
işıqlandırdığına, güclü
satirik-yumoristik təhkiyəsinə,
özünəməxsus üslubuna,
estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-diplom
alıb (2005).
Yazıçı 2017-ci ildə
3 dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif olunub.
Ümid edirik ki, 70 illik yubileyi
münasibətilə görkəmli yazıçımız
Xeyrəddin Qoca dövlətin daha yüksək mükafatına layiq görüləcək.
Qarşıdan gələn 70 illik yubileyi münasibətilə dəyərli yazıçımız, gözəl insan, ustad sənətkar Xeyrəddin Qocanı təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları, ən əsası isə cansağlığı arzulayırıq!
İradə
SARIYEVA
Bakı xəbər 2020.- 14 yanvar.- S.12.