Bakının tarixi mərkəzini yaratmaq yolunda iş başladı - hansı rayonlar ləğv ediləcək...
Rizvan Qarabağlı:
“Bakının tarixi mərkəzi Səbail və Nəsimi rayonları ərazisində
yaradılsa, daha məqsədəuyğun olar”
Bakının
tarixi mərkəzinin yaradılması, bununla əlaqədar
xüsusi rayonun təşkil edilməsi gündəmdədir. Bir ilə yaxındır
ki, Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin yaradılması
ilə bağlı aidiyyəti qurumlara xüsusi tapşırıq
verib. Bir neçə ay keçməsinə baxmayaraq,
hələ də bu istiqamətdə elə də böyük işlər görülməyib, təkliflər
də yetərincə
deyil.
Onu da qeyd edək ki, Memarlar
İttifaqının rəhbərliyi
Bakının tarixi mərkəzinin əsasən
üç rayon ərazisində yaradılmasını
təklif edirdi. İttifaqdan bildirirdilər
ki, tarixi mərkəz, yeni yaradılacaq mərkəzi
rayon Nərimanov, Nəsimi və Səbail rayonları ərazisində yaradılmalıdır.
“İçərişəhər"
DTMQİ-nin idarə heyətinin sədri Əsgər Ələkbərov
isə mətbuata bildirib ki, hazırda
iki rayon üzərində müzakirələr
gedir. O, həmçinin,
“ötən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət
xadimlərinin görüşündə
Bakıda mərkəzi
rayonun yaradılması
barədə təklif
səslənib, bu istiqamətdə iş aparılır. Hazırda Romanın “Mərkəz 1”
adlandırılan bələdiyyəsi
ilə əməkdaşlıq
sazişi barədə
danışıq aparılır.
Romanın mərkəzi
bir bələdiyyədə
cəmləşib. Bakı
Şəhər İcra
Hakimiyyəti, Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı
istiqamətində iş
aparılır. Yəqin
ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir. İçərişəhərə gəlincə, İçərişəhərin
artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər
qoruğunun öz administrasiyası yaradılıb.
Bununla da İçərişəhər xüsusi böyük bir status qazanıb”.
Mütəxəssislər hesab edirlər ki, Bakının tarixi mərkəzinin yaradılması yalnız
bir neçə arxeoloji və memarlıq abidəsinin mühafizəsinin təşkil
edilməsi ilə məhdudlaşmır. Bakının
tarixi mərkəzinin
yaradılması üçün
böyük bir layihə olmalıdır və proses bu layihə əsasında həyata keçirilməlidir.
“...artıq bununla
bağlı ölkə
başçısının mövqeyi var, o bu mərkəzin yaradılmasını istəyir,
ideyanı dəstəkləyir...”
Memarlıq üzrə
fəlsəfə doktoru,
dosent, Azərbaycan Memarlar İttifaqının
üzvü Rizvan Qarabağlı
hesab edir
ki, Bakının tarixi mərkəzi rayonunun təşkil edilməsi üçün
bütün əlaqədar
qurumlar təkliflər
verməli, xüsusi layihələr təqdim etməlidirlər. R.Qarabağlının
sözlərinə görə,
Bakının tarixi mərkəzinin sərhədlərinin
müəyyən edilməsi
üçün bütün
detallar dəqiqliyi ilə nəzərə alınmalıdır. “Bakının
mərkəzi rayonunun
təşkil edilməsi
müsbət haldır,
amma gərək bunun üçün konkret layihə olsun ki, proses
həmin layihəyə
uyğun şəkildə
getsin. Paytaxtın mərkəzində ayrıca
bir tarixi rayon mərkəzinin yaradılması özü
maraqlıdır. Bu, Nəsimi və Səbail rayonları ərazisində yaradılmalıdır,
çünki mərkəzdə
yalnız bu iki rayon yerləşib.
Nərimanov rayonu isə kənardır, həm də burada elə də qədim abidələr yoxdur, burada əsasən yeni abidələr, yeni və nadir
tikintilər var. Bu başqa məsələdir.
Amma həm Nəsimi, həm də Səbail ərazisində orta əsr, eləcə də digər dövrlərə aid abidələr mövcuddur.
Orta əsr abidələri əsasən
İçərişəhərdə - Bakı qalasında yerləşir. Köhnə
Səbail şəhəri
də suyun içində qalıb. Hər iki rayonda
abidələr çoxdur.
Hətta kapitalist dövrü memarlığı
da həmin ərazidədir. Yəni mərkəzi rayonun
yaradılması, buradakı
abidələrin mühafizəsi
və s. məsələdən
danışılırsa, hesab
edirəm ki, Bakının tarixi mərkəzi Səbail və Nəsimi rayonları ərazisində
yaradılsa, daha məqsədəuyğun olar.
Hər bir abidənin mühafizə zonası olmalıdır. Ümumiyyətlə, Bakının
tarixi mərkəzi yaradılacaqsa, gərək
həmin əraziyə
münasibət fərqli
olsun. Bakının tarixi mərkəzinə
aid həmin ərazi xüsusi mühafizə olunmalıdır, oradan ağırtonnajlı maşınlar
keçməməlidir, səs-küy
olmamalıdır, orada
toz-torpaq yaradan işlər aparılmamalıdır,
hətta küləyin
qarşısına belə
xüsusi çəpərlər
çəkilməlidir, külək ora çox daxil olmasın. Burada bütün parametrlər gözlənilməlidir. Bilirsiniz, Bakının
mərkəzində yeni
bir mərkəz yaradılır, artıq bununla bağlı ölkə başçısının
mövqeyi var, o bu mərkəzin yaradılmasını istəyir,
ideyanı dəstəkləyir,
bütün əlaqədar
qurumlar da öz profillərinə uyğun olaraq bu mərkəzin yaradılması ilə bağlı işlənəcək
layihənin hazırlanmasında
öz təklifləri,
fikirləri ilə iştirak etməlidirlər.
Müxtəlif qurumlar
aktiv olmalıdırlar.
Prezidentə bununla bağlı sərəncam
verdiyi üçün
təşəkkür edirik.
Amma bu işin həyata
keçirilməsində əsas
rol oynayacaq qurumlar ortaya iş qoymalı, onlara tapşırılan işlə ciddi məşğul olmalıdırlar”
- deyə bildirən R.Qarabağlı hesab edir ki, Bakının
tarixi mərkəzi yaradılarkən abidələrin
bərpası, mühafizəsi
xüsusən nəzərə alınmalıdır.
“Abidələri qorumurlar.
Mədəniyyət Nazirliyində
abidələrin qorunması
ilə bağlı mövcud olan sistem özünü doğrultmur”.
İradə SARIYEVA
Bakı xəbər.-
2020.- 25-27 yanvar.- S.15