Lələ Təpə fatehi – Rasim Məmmədov...
Elə bil bu
dünya sənsizliyə qərq olub. Hər yerdən sənsizlik boylanır. Hər
kəsin gözlərindən sənsizlik tökülür.
Artıq 5 il ötməsinə baxmayaraq, bu sənsizlik ilk günkü kimidir. Ürək sənsizliyin ilk toxunuşunda necə
titrəmişdisə hələ də eyni
titrəyir. Hələ bəzi xəyallar ki
var, bax ən çox onlar düçar olub sənsizliyə.
Səni sənsiz yaşadan xəyallar. Sanki bir nəfəs kimi yaxın olduğun xəyalların
qanadları bir anda
qırılır və bir daş məzara çırpılır. O an bütün cahanı sən
adlı sənsizlik bürüyür, Rasim...
Əslində
sən doğulduğun gün - 1977-ci ilin 20 mayında vətənə
pənah olmuşdun. O zaman heç kim bunun fərqində olmasa da, qısa müddət sonra
əqidənlə sən bunu aşkara çıxardın. Fərqliliyinlə
fərqləndin. Bir az
da ailənin qəhrəmanlarına bənzəyirdin.
Axı böyüdüyün ailə qəhrəmanlar
ailəsi idi. Atanın, əminin
ürəyindəki vətən eşqi
ürəyinə, gözlərindəki intiqam
qığılcımı isə gözlərinə
sıçramışdı. 1983-1994-cü illərdə Cəhri
kənd orta məktəbində oxuyan şagirdlər arasında vətənin
işıqlı sabahı olacağın heç
kimə sirr deyildi. Çünki sən bir
qəhrəman oğlu idin.
O qəhrəmanın isə düşməndən
alınacaq qisası var idi.
Bir də düşmən
tapdağında olan torpaqlar.
Bir qazi oğlu vətən torpaqlarının
düşmən tapdağında olmağına razı
olarmı? Xeyr!
Sən
sonunu bildiyin yolu getməkdə qərarlı idin. Çünki o yolun yolçusu olan atan Əbdül Məmmədov
gözlərinin önündə idi.
Yaxşı bilirdin ki,
vətən yolu gedənlərin son dayanacağı ya
şəhadətdir, ya da
şəhadətin bir
addımlığından dönülən qazilik.
Bu
gerçəyi bilərəkdən 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə
addım atdın.2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri
ixtisası üzrə bitirdikdən sonra
Müdafiə Nazirliyinin əmri ilə hərbi
xidmətini N saylı hərbi hissədə davam
etdirdin. Sən artıq bir Leytenant Rasim
Məmmədov idin. Ancaq hələ gedəcək
yolun uzun idi. 2000-ci ildən 2001-ci ilə qədər N
saylı hərbi hissədə "təlim taborunun
tuşlayıcı tağımının komandiri,
2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi
hissədə "təlim döyüş
tankları" taqımının komandiri
vəzifələrində çalışdın.
2002-ci ildə Müdafiə naziri Səfər
Əbiyevin əmri ilə baş leytenant rütbəsi aldın. Həmin ildən
2005-ci ilə qədər N saylı hərbi hissədə
"tank" taqımının komandiri vəzifəsində
çalışdın. Baş leytenant rütbəsi
aldıqdan 3 il sonra,
2005-ci ildə kapitan rütbəsi
aldın və N saylı hərbi hissədə Mexanikləşdirilmiş
bölük komandiri vəzifəsində
çalışdın. Ötən zamanla
bərabər bir hərbçi kimi püxtələşdin. Körpəlikdən könül
verdiyin vətəninə sevərək
xidmət etməyin çətinliyi gözlərinə görünmürdü. Axı sevənlər
sevdiyi uğrunda
ölümə belə gedərlər. 2007-ci ildən 2010-cu
ilə qədər Motoatıcı Taborun
Qərargah rəisinin Maddi Texniki
Təminat üzrə köməkçisi, 2010-cu ildən
2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində
çalışdın. Daha sonra bir müddət digər
hərbi hissənin Motoatıcı Taborun
Qərargah rəisi kimi xidmət etdin. 2011-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsinə yüksəldin. Ancaq yüksələcəyin
ən böyük rütbə hələ
qabaqda idi. 2011-ci ildən
2012-ci ilə qədər N sayılı hərbi hissədə
Motoatıcı Taborun komandirinin
müavini, 2012-ci ildən 2014-cü ilə
qədər isə həmin hərbi hissədə
Motoatıcı Taborun komandiri
vəzifəsində çalışdıqdan
sonra, 2014-cü ildən 2015-ci ilə qədər
həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etdin.18 aprel
2015-ci ildən, şəhid olduğun
günə qədər isə N saylı hərbi hissədə
Motoatıcı Taborun komandiri
vəzifəsində çalışdın.
Ömrünün hər anından vətən boyda ümid boylanırdı vətənə. İki əlli tutduğun vətənin yolunda irəlilədikcə sevdiklərindən uzağa düşürdün. Addım-addım uzaqlaşırdın. Məsafələr dərinləşir, kəskinləşirdi. Bəzən həsrətin sevənlərinin ürəyinə toxunurdu. Ancaq bir gəlişinlə qışdan sonra gələn bahar kimi çöhrələrə gülüş bəxş edərdin, yazda qoxan torpaq kimi qoxardın vətən oğlu. Nazilə ana səndən övlad qoxusu duyardı, Qazi Əbdülsə həsrət qaldığı torpaqların qoxusun. Bir gün o həsrətli torpaqların, Qarabağın torpağını gətirəcəyin arzusu ilə yaşayırdı səni sevənlər. Elə də oldu. Bir zaman sən torpaq qoxurdun, indi isə torpaq sən qoxur. Qoxunu duydum şəhid. Lələ təpə torpağına hopan qanının qoxusunu...
Əbəs yerə Lələ Təpə fatehi deyilmir sənə. Sən
o torpağı fəth edən qəhrəman
kimi tarixin
yaddaşına həkk olunmusan, Rasim Məmmədov.
2016-cı
ilin aprel ayında tarixin toz tutan səhifələrini igidlər
qanla yudular. Vətən yollarına şəhidlər qan, şəhid anaları göz
yaşı çilədi. O yolların bir
çox yolçuları
dönüşlərində azad olan torpaqlarda ucalan bayraqların əksi düşən tabutlarda döndülər. Sənin kimi...
Dönüşün
duruşun kimi əsalətindən xəbər verirdi. Zarafat deyil illərdən sonra düşmən tapdağından torpaq azad etmək.
Azadlığa gedən yoldan bəhs olunan "Aprel zəfəri"
adlı qəhrəmanlıq dastanının ilk
səhifəsini qanı ilə yazan şəhidlərdən
biri kimi tarixdə
qaldın. Sən qalib kimi döndün.
Şanına yaraşdı ucaltdığın bayraq. İllərdi addım ata
bilməyən atan bayraqlı tabutunun önündə məğrur durdu. İllər öncə Sədərəkdə
məğrur duruşu ilə göz oxşayan hərbçi
indi şəhid atası kimi
məğrur duruşu ilə göz oxşadı. Ürəyindən qopan o teli
bəlli etmədi kimsəyə. Əslində həmin gün ruhu yaşamdan
ayrıldı cismi günlər sonra yaşamdan ayrılan
şəhid atasının.
Qardaşların
Aslan, Şahin və Etibar şəhadətinin alovu ilə
yanan ürəklərinə əmanətlərinin göz
yaşlarını çilədilər. Bu
həsrətin küləyi nə qədər sərt əssə
də qardaşlar bir-birinə tutunub ayaqda qalmağı
bacardılar. Axı onlar şəhid
qardaşlarıdır.O adı qürurla
daşıdılar.
Həmin
gün qanınla boyanan şanlı bayraq
övladlarının göz yaşları ilə islandı. Onlar
atasızlıq adında sonu görünməyən
bir yola ilk addım atdılar. Ürəyi sevginlə
döyünən yarın həmin gün
sənsizliyə düçar oldu.
Aprelin
4-dən 5-nə keçən gecə sanki
Naxçıvanın gözlərinin yuxusu ərşə
çəkilmişdi. Bütün naxçıvanlılar qəhrəmanının gələn
yollarına düzülmüşdü. Hər
kəs qalibiyyətin dərilən çiçəyinə
gözlərindən səhər jaləsi pay
verməyə çalışırdı. Vətəndaşlar
son dəfə sevgi seli ilə şəhidini son
mənzilə yola saldılar.
Əslində isə 5 aprel günü sənin cismin torpağa tapşırılsa da,
adın ürəklərdə əbədi yazıldı.
Həsrətinə
atan kimi dözməyib cənnətinə tələsənlər
də oldu, bu dünyada sənsizliyə qərq olanlar da...
Vətənə
elə layiqli xidmət etdin ki, ilk öncə əsgərlərin,
zabitlərin, rəğbətini qazandın. Daha sonra xidmətin ölkə
başçısı İlham
Əliyevin sərəncamı ilə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi" yubiley
medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
90 illiyi (1918-2008)" yubiley
medalı, "Qüsursuz xidmətə
görə" 3-cü dərəcəli medalı, "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medallarına layiq görüldün. Şəhadətə
ucaldığın gün ən ali mükafatı qazandın və şəhadətindən
sonra "Qüsursuz
xidmətə görə " 2-ci dərəcəli
medalı və "Vətən uğrunda"
medalına layiq görüldün.
Şəhadət ən böyük arzun olsa da, Qarabağı tam azad etdikdən sonra şəhadətə ucalmaq arzusunda idin. Ancaq sən Qarabağa gedən yoldakı ən aşılmaz səddi aşdın və şəhid oldun. Sayəndə 5 il öncə Lələ Təpə yüksəkliyinə sancılan bayraq hər əsintisində Azərbaycan ordusunda qalibiyyət əzmini daha da artırdı. Həmin o əzmin gücündən 2020-ci ildə zəfər doğdu. Azərbaycan Ordusu sənin və sənin kimi minlərlə oğulların intiqamını alıb, Qarabağın vətən həsrətli ürəyində bayraq ucaltdı.
ŞƏHİD
RASİM
Sənin məzarından vətənin əksi,
Görünür
hər Günəş qürub edəndə.
Gecənin
sükutu susub dinləyir,
Susmuş
rəsimlərin dilə gələndə.
Bu susmuş daş məzar dil açıb deyir,
Vətənin qanayan yaralarından.
Sanki anaları xəbərdar edir,
Yaralı
can verən balalarından.
Neçə əsgərinin son nəfəsində,
Sonuncu kəlməsin
duymusan şəhid?!
Sən də son nəfəsi verdiyin zaman,
O son nəfəsinə kim oldu şahid?
Sən Lələtəpəyə sancdığın
bayraq,
Zəfər sədasıyla hey dalğalanır.
Bu günkü zəfərin
qalib ordusu,
Bütün şəhidləri rəhmətlə
anır.
İlk zəfər sevincin siz yaşatdınız,
Dərdi tükənməyən uca
millətə.
Rasim, öz ömrünü sən bəxş elədin,
Qəlbi dağlı olan bu məmləkətə.
Manya SƏXAVƏTQIZI
Bakı xəbər 2021.- 2 aprel.-
S.14.