Ürəyi Vətən sevgisi ilə döyünən, döyüş sınağından mərdliklə
keçən leytenant - Qəzənfər
Məmmədov…
2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərini
əhatə edən və torpaqlarımızın
işğalına son qoyulması ilə başa çatan Vətən
müharibəsində Azərbaycanın yeni
nəsil zabitləri də şərəfli döyüş
yolu keçərək, öz
şücaətləri, peşəkarlıqları ilə unudulmayacaq bir tarix yazdılar. Həmin zabitlərin
sıralarında Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının yetirmələrinin olması da qürurverici faktdır.
Leytenant
Məmmədov Qəzənfər Habil oğlu Vətən
müharibəsində Daxili Qoşunların şəhid olan
zabitlərindən ən kiçik rütbəlisidir. O,
23 avqust 1996-cı ildə Gəncə
şəhərində anadan olub. Habil Məmmədov və Yeganə Məmmədovanın
qurduğu ailənin iki
oğul övladından biri
və kiçik qardaşı Əlidən
bir yaş böyük olan Qəzənfərin
orta məktəb illərinin müəyyən
hissəsi Rusiya Federasiyasının paytaxtı
Moskva şəhərində keçib. Moskvadakı 363 saylı tam orta məktəbdə
5-ci sinfə qədər oxuyub. Sonra Gəncə şəhərindəki
Mikayıl Müşfiq adına 14
saylı tam orta məktəbdə
təhsilini davam etdirib.
Ailəsinin verdiyi məlumata görə,
Qəzənfər hər iki məktəbdə
tədris olunan fənlər üzrə əla
qiymətlər alıb. Riyaziyyat və tarix fənlərinə daha
çox maraq göstərib.
Öz dünyagörüşünün
artırılması yönündə daim
çalışıb. Müxtəlif mövzularda
kitabların mütaliəsinə xüsusi
diqqət yetirib. Orta məktəbin
ictimai həyatında da
fəal olub. Müəllimlərinin və
yoldaşlarının hörmətini qazanıb.
Qəzənfər
yeniyetməlik yaşlarından idmanın basketbol növü
ilə məşğul olub, yarışlarda uğurla
iştirak edərək medal, fəxri fərman və diplomlarla
mükafatlandırılıb. Ümumilikdə,
Qəzənfərin xarakterinin formalaşmasında
sağlam həyat tərzi, idman və təhsil kimi
amillər vacib rol
oynayıb. Hansı kollektivin üzvü olubsa, orada onun təşkilatçılıq,
liderlik, etibarlı yoldaşlıq, dürüstlük, xeyirxahlıq cəhətləri
özünü büruzə verib.
Vətənpərvərlik əqidəsinin daşıyıcı olması, hərbi qulluqçulara rəğbət bəsləməsi Qəzənfərin peşə seçiminə təsirsiz qala bilməzdi. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür yolunu Vətən naminə fədakarlığın təzahürü kimi özünə örnək bilirdi.
2014-2018-ci
illərdə Qəzənfər Daxili Qoşunların Ali Hərbi
Məktəbində hərbi təhsil alıb. 4 il kursant olaraq
hərbi peşənin sirlərinə, zabit
üçün gərək olan biliklərə və praktiki
bacarıqlara yiyələnib. Ali Hərbi
Məktəbdə də tədris və təlimdə fəallığına
görə müsbət xarakterizə olunub.
Onun Ali Hərbi Məktəbin məzunu olaraq leytenant poqonları
taxdığı gün həyatının
ən sevincli günlərindən biri idi. Özü
də Qəzənfərin adı Ali Hərbi
Məktəbin ilk buraxılış heyəti
məzunlarının siyahısındadır. Daxili Qoşunların layiqli
yetirməsi kimi hərbi xidməti
dövründə bu etimadı doğruldub.
2018-ci
ilin iyun ayından etibarən leytenant Q.Məmmədov
qoşunların Bakının Biləcəri qəsəbəsində
yerləşən “N” saylı hərbi hissəsinə göndərilib,
burada xüsusi vasitələrin tətbiqi dəstəsinin
xüsusi vasitələrin tətbiqi bölməsində qrup
komandiri vəzifəsinə təyin edilib. Komandiri olduğu qrupun şəxsi heyətinin döyüş
hazırlığının yüksəldilməsi istiqamətində
öz zəhmətini əsirgəməyib.
Tabeliyindəki hərbi qulluqçuların təlim-tərbiyəsi
prosesində təcrübəli komandirlərin tövsiyələrinə
diqqətlə yanaşıb. O, bir komandir kimi şəxsi heyətə
həmişə qayğı göstərib, hərbi kollektivdə
birliyin qorunub
saxlanılmasında öz məsuliyyətini
düzgün dərk edib.
Bununla yanaşı, Qəzənfər komandiri olduğu hərbi qulluqçulara fərdi söhbətlər
zamanı, nəzəri və praktiki məşğələlərdə
vətənpərvərlik əqidəsi aşılayıb.
Onları qarşıya qoyula biləcək
istənilən döyüş
tapşırığının yerinə yetirilməsinə
hazırlayıb.
Vətən
müharibəsinin başlaması xalqımız və
dövlətimiz üçün çətin bir sınaq
olsa da, vətəndaşlarımız Respublika Prezidenti, Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında Vətənin müdafiəsi, işğal
edilmiş ərazilərimizin qurtuluşu naminə birləşərək
səfərbər olundular.
Döyüşlərin
getdiyi ilk günlərdən Daxili Qoşunların şəxsi
heyəti də ön cəbhədə düşmənə
qarşı qətiyyətlə vuruşub.
Leytenant
Q.Məmmədov “N” saylı hərbi hissədən
döyüş bölgəsinə ezam edilən hərbi
qulluqçulardan biri kimi tabeliyindəki
döyüşçülərlə birgə
ayrı-ayrı istiqamətlərdə təcavüzkarlara
tutarlı zərbələrlə cavab verib. Füzuli, Xocavənd rayonlarının ərazilərində
və Şuşa ətrafında
döyüşlər zamanı Qəzənfər qorxmaz zabit, yenilməz iradəyə
malik komandir kimi hərbi qulluqçulara
inamla rəhbərlik edib.
Zabitlə
birgə döyüş yolu keçmiş “N” saylı hərbi
hissənin müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları çavuş Xəyal
Yaşılov, baş əsgər Bəxtiyar Həsənov və
əsgər Elvin Qurbanəliyevlə telefonla ətraflı
söhbətimiz oldu. Onlar Qəzənfər
haqqında kədər hissi ilə
danışdılar, onun hər bir döyüşçüyə komandirdən
çox qardaş
münasibəti göstərdiyini söylədilər. Qeyd etdilər
ki, zabit döyüş
tapşırıqlarını peşəkarcasına yerinə
yetirməklə yanaşı, döyüşçülərin
həyatını mümkün olduğu dərəcədə qorumaq barədə də düşünürdü.
Təhlükəli anlarda ruh
düşkünlüyünə yol verilməməsi
üçün silahdaşlarını
öz
güclərinə inanmağa
çağırırdı. Cəsurluğu, döyüş
şəraitinin ortaya
çıxardığı çətinliklərə sinə
gərməsi ilə digərlərini də irəli getməyə
ruhlandırırdı. Məlumat verildi ki, Şuşaya doğru hərəkət edərkən
dağlıq-meşəlik ərazi ilə uzun
məsafəli yol qət edilib, düşmənin bəzi postlarından
yan keçməyi bacarsalar
da, bir neçə dəfə
pusquya da
düşüblər. Ancaq düşmənin
atəş nöqtələrini susduraraq pusqudan çıxıblar. Şuşa
uğrunda döyüşlərdə
şəhərin ətrafındakı mühüm
mövqelərin ələ keçirilməsi əsas hədəflər
olub. Laçın-Şuşa
yolunu nəzarətə götürməyə,
bununla düşmənin bu
istiqamətdən hərəkətini kəsməyə imkan verən əlverişli yüksəkliyin
alınması və saxlanmasında leytenant
Q.Məmmədovun komandiri olduğu
qrupun şəxsi heyəti də fərqlənib.
Düşmənin həmin yüksəkliyi geri
almaq və yolu açmaq cəhdlərinin qarşısı
alınıb, o, həmin həmlələr
zamanı geri oturdulub.
Silahdaşlarının
bildirdiklərinə görə, yuxarıda qeyd edilən
yüksəklik erməni işğalçıları tərəfindən
bir neçə gün tank, top və minaatanlardan şiddətli
atəşə məruz qalıb. Noyabrın 6-dan 7-nə
keçən gecə leytenant Q.Məmmədov
yaxınlığında partlayan mərminin
qəlpələrindən ağır yaralanaraq
şəhid olub. Noyabrın 9-dək şəhidin
cəsədi döyüş zonasından
çıxarılıb.
3
saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən
şəhidin ailəsinə verilən ölüm haqqında
şəhadətnamədə leytenant Q.Məmmədovun
döyüşdə həlak olduğu tarix 09.11.2020-ci il
göstərilib.
Şəhid
hərbi qulluqçumuz 12.11.2020-ci ildə Gəncə şəhərindəki
Şəhidlər xiyabanında dəfn olunub.
Məlum olduğu kimi, noyabrın 8-də Şuşanın işğalına son qoyulub, noyabrın 10-da isə döyüşlərin dayandırılması barədə üçtərəfli bəyanat qüvvəyə minib. Azad Şuşaya qədəm basmaq və müharibənin başa çatmasının şahidi olmaq Qəzənfərin qismətinə yazılmayıb.
Azərbaycan
Respublikası Prezidentinin 15 dekabr 2020-ci il, 25 dekabr 2020-ci il və
29 dekabr 2020-ci il tarixli sərəncamları ilə leytenant Q.Məmmədov
ölümündən sonra 3-cü dərəcəli “Rəşadət”
ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına
görə” və “Şuşanın azad olunmasına görə”
medalları ilə təltif edilib.
Gəncədə
fəaliyyət göstərən “Kəpəz” televiziya
kanalı tərəfindən şəhid zabitimizə həsr
olunan süjet hazırlanıb.
Qəzənfərin
məzunu olduğu Gəncədəki 14 saylı tam orta məktəbin
kollektivi onun adının əbədiləşdirilməsi təşəbbüsünü
irəli sürüb.
Döyüşçü yoldaşının mobil telefonla ön cəbhədə çəkdiyi videoda Qəzənfər nikbin ovqatla müharibədən sağ-salamat və başı uca qayıtmaq arzusunu söyləyir. Həmin videoda döyüşçülər “Allah xalqımızı qorusun! Qarabağ Azərbaycandır!”- deyə səslənirlər. Bu videoya, habelə döyüşçülərin şəkillərinə baxaraq düşünürəm ki, Qəzənfər kimi igidlərin müharibədə keçdikləri sınaqları jurnalistikamız, bədii ədəbiyyatımız, kinematoqrafiyamız dolğun işıqlandıracaq, qeyd edilən mövzu tarixləşdirmək baxımından daha dərindən tədqiq olunacaqdır.
Vətən
müharibəsi zamanı azğın
işğalçının raketlərlə atəşə
məruz qoyduğu və dinc sakinlərini qətlə yetirdiyi
Gəncə şəhərində Qəzənfər kimi
oğullar daim yetişəcək, Vətənin müdafiəsində
onlar da mətin dayanacaqlar.
Allah rəhmət eləsin!
Yalçın
QAYA
Bakı xəbər 2021.- 21 aprel.-
S.14.