Azərbaycanın İKT üzərində
qurulan dinamik tərəqqi
strategiyası...
Bu gün
informasiya və kommunikasiya texnologiyaları müasir
dünyanın ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyalar, məsafədən
asılı olmayaraq, insan
fəaliyyətinin bütün sahələrinə
aid informasiyanı kiçik
bir müddətdə lazımı
nöqtələrə ötürməyə imkan
verir.
Xüsusən də informasiya
texnologiyaları hazırda dünya iqtisadiyyatının
bütün təsərrüfat subyektlərinin fəaliyyətinin
səmərəliliyinin artmasında müstəsna rol
oynayır.
İKT-yə əsaslanan sənaye parkları və məhəllələri
Müasir dünya iqtisadiyyatında informasiya və kommunikasiya texnologiyaları (İKT) sənayesi xüsusi yer tutur. İndi bu istehsal sahəsi dünya ümumi daxili məhsulunun getdikcə daha mühüm hissəsini təşkil edir. Mütəxəssislərin fikrincə, yaxın bir neçə il ərzində informasiya və kommunikasiya texnologiyalarının dünya iqtisadiyyatındakı payı ən azı iki dəfə artacaq. Digər istiqamətlər üzrə də informasiya və kommunikasiya texnologiyaları vacib rol oynamaqda davam edəcək.
Azərbaycan da sürətli inkişaf edən ölkə kimi informasiya və kommunikasiya texnologiyalarını xüsusi diqqət mərkəzində saxlayır. Bu da səbəbsiz deyil. Məlumdur ki, ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca istiqamətləri davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bunun üçün qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün imkanların yaradılması istiqamətində zəruri addımlar atılır. Elə bu da İKT-nin inkişaf etdirilməsini ön plana çıxarır. Bundan irəli gəlir ki, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması sahəsində Azərbaycan artıq mühüm uğurlara imza atır. Müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının müvafiq infrastrukturunun formalaşması da bu mənada xüsusi diqqət mərkəzindədir. İşğaldan azad olunmuş Qarabağ regionu da daxil olmaqla, bütün ölkə ərazisi üzrə iqtisadi rayonlarda müasir İKT-yə əsaslanan sənaye parkları və məhəllələri yaradılması qeyd olunanların real təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı” infrastrukturun qurulması Azərbaycanın inkişafında İKT amilinin getdikcə əsas yer tutduğunu nümayiş etdirir. Qarabağda “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin qurulması ölkəmizdə İKT-nin inkişafı üçün növbəti stimuldur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev də bunları yüksək qiymətləndirir. O qeyd edir ki, Azərbaycanın yerətrafı orbitdə 3 peykinin olması da ölkəmizdə informasiya texnologiyaları sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Ölkəmizin İKT sahəsində uğurlu fəaliyyətinin mühüm istiqamətlrindən biri də açıq Kosmosa 3 peykimizin buraxılmasıdır. Onlardan 2-si rabitə peykidir, 3-cü isə yerüstü müşahidə funksiyasını yerinə yetirir. Ölkəmizin milli peyklərinin orbitə buraxılması ilə Azərbaycanın həm İnternetlə bağlı məsələləri həll edildi, həm də yerüstü müşahidə əməliyyatlarının aparılması mümkün oldu. Məhz bu müşahidələr nəticəsində ekoloji məsələlər, təbii ehtiyatların tədqiqi, şəhərsalma planları və başqa bu kimi onlarla istiqamətdə fəaliyyətin həyata keçirilməsinə nail olundu”.
İKT-nin dinamik inkişafı dövlət
siyasətinin prioriteti, cəmiyyətin isə
tələbidir
Ekspertlərin diqqət çəkdiyi əsas məqamlardan biri də budur ki, ölkədə İKT-nin inkişafı pandemiya dövründə qapanmaların iqtisadi və sosial həyata təsirini minimuma endirdi. Sosial məsafənin qorunmasının tələb edildiyi, bəzi hallarda yaşayış ünvanlarının tərk edilməsinin qadağan olunduğu bir şəraitdə ölkənin İKT imkanları vəziyyətdən səmərəli çıxış yollarının təmin edilməsi ilə nəticələndi. Məsafədən iş, alış-veriş və digər məqamlar bir daha İKT-nin vacib rolunu üzə çıxardı. Ölkəmizdə insanların əksər hissəsinin yüksəksürətli İnternetə qoşulma imkanının olması, texnologiyanın son nailiyyətləri əsasında yaradılan cihazlardan istifadə etməsi, belə demək olarsa, həyatın dayanmasının qarşısını aldı. Bundan müəyyən nəticələr də hasil oldu. Məsələn, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən "Azerconnect" şirkəti ölkəmizdə ilk dəfə böyük işçi heyəti üçün məsafədən iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ “FLEXcellence” proqramının tətbiqinə başlayıb. İş yeri və iş vaxtının idarə olunması ilə bağlı proqramın yaratdığı imkanlar müvafiq əmək fəaliyyəti üzrə məhsuldarlığa heç bir neqativ təsir olmadan işçiyə məsafədən, yəni distant qaydada işləmək seçimi verir. Ümumiyyətlə, faktdır ki, pandemiya insanları İKT biliklərini və vərdişlərini artırmağa vadar edir və onlar innovasiyaya daha da yaxınlaşdılar.
İndi İKT-nin dinamik inkişafı dövlət siyasətinin prioritetlərindən biri olmaqla yanaşı, həm də cəmiyyətin tələbidir. Distant iş və təhsil, elektron ticarət və digər müasir fəaliyyət formaları da İKT-nin inkişafının qarşıalınmaz prosesə çevrildiyini göstərir. Təqdirəlayiq haldır ki, bu istıqamətdə Azərbaycan getdikcə daha mühüm addımlar atır, qlobal informasiya məkanında öz layiqli yerini tutur.
Tahir TAĞIYEV
Bakı Xəbər
2021.- 17 avqust.- S.12.