Qarabağda sürətli bərpa işlərinin
hədəfi -"Böyük
Qayıdış" həqiqətən möhtəşəm
olacaq…
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, son 18 il ərzində sabitlik və dayanıqlı inkişaf təmin edilib. Dövlət siyasətində milli maraqları hər şeydən üstün tutan Azərbaycan liderinin gördüyü işlər sayəsində respublikamız dünyanın tanınmış ölkələrindən birinə çevrilib.
Ən böyük uğurumuz isə ərazi bütövlüyümüzün təmin olunmasıdır. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində azad olunub. Zəfər yürüşünün nəticəsində Azərbaycan düşməni torpaqlarından qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli olub. Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir.
Azərbaycan var gücü ilə Qarabağ və ətraf rayonların bərpası və “Böyük Qayıdış”ın baş tutmasına çalışır
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb. Baş nazir Əli Əsədovun “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb. Bu o deməkdir ki, Azərbaycan var gücü ilə Qarabağ və ətraf rayonların bərpası və “Böyük qayıdış”ın baş tutmasına çalışır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 29-da Qarabağa etdikləri səfər və orada iştirak etdikləri tədbirlər bunu deməyə tam əsas verir.
Səfər zamanı Prezident və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3,4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.
Şuşada möhtəşəm layihələrin açılışı olub
Bununla yanaşı, Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər. Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.
Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin də təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar. Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.
Bütün bu işlər “Böyük Qayıdış”ın möhtəşəm olacağından xəbər verir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə də tanış olublar. Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb. Paylaşımda bu sözlər qeyd olunur: “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən”. Avtomobildə çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.
Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidən qurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir. Təbiidir ki, bütün bu işlər “Böyük qayıdış”ın möhtəşəm olacağından xəbər verir.
Məhəmmədəli QƏRİBLİ
Bakı Xəbər
2021.- 31 avqust.- S.7.