Prezident sərəncamı, Aşıq Ələsgər irsi və azərbaycançılıq ideologiyasına müstəqilliyin açdığı daha geniş şanslar...

 

Azərbaycan aşıq sənətinin inkişafında müstəsna əhəmiyyəti olan şəxsiyyətlərdən biri, şübhəsiz ki, göyçəli Aşıq Ələsgərdir. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulan Aşıq Ələsgərin bu il 200 illik yubileyidir. Azərbaycan dövləti hər zaman Aşıq Ələsgər irsinə böyük diqqət və qayğı göstərib və ustad sənətkarın yaradıcılığının təbliğində, kitablarının nəşrində, bir sözlə, Ələsgər irsinin tanıdılması sahəsində yaddaqalan işlər görüb.

 

1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edən Aşıq Ələsgər Ağkilsə qəbiristanlığında dəfn olunub. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmələr Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

 

Aşıq Ələsgər bir aşıq, bir sənətkar kimi öz yaradıcılığı ilə Azərbaycan xalqını birləşdirməyə qadir olan ustad kimi tariximizdə yaşayır. Elə bir azərbaycanlı tapmaq çətin olar ki, Ələsgərdən heç olmasa bir misra şeir bilməsin.

 

Heydər Əliyev və Aşıq Ələsgər irsi...

Xalqın mənəvi dünyasında, saz-söz sənəti tarixində uca zirvələrdən biri olan Ələsgər irsinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub desək yanılmarıq. Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi də ulu öndərin qayğısı sayəsində baş verib. Ələsgərin 150 illiyi əzəli Azərbaycan-türk yurdu Göyçə mahalında keçirilib. Göyçəlilər Göyçədən zorla deportasiyaya məruz qalsalar da, Ələsgərin Ağilsədəki qəbri də, abidəsi də gavurlar tərəfindən darmadağın edilsə də, Azərbaycanın, Türk dünyasının görkəmli simalarından biri olan Aşıq Ələsgər ruhunu da özləri ilə birgə gətirdilər. 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

 

Aşıq Ələsgərin Bakıda heykəli ucaldılacaq...

Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilib, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə keçirilib, Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılıb. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ilielan edib. Prezident İlham Əliyevin Ələsgər isrinə qayğısı bunlarla məhdudlaşmayıb və azərbaycançılığın sönməz mayaklarından olan aşıq Ələsgərlə bağlı başqa mühüm sənədlər də imzalayıb. Belə ki, bu il ustad sənətkarın 200 illiyidir və Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin 18 fevral 2021-ci il tarixli Sərəncamı və Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında 30 noyabr 2021-ci il tarixli Sərəncamı dövlət başçısının aşıq Ələsgər irsinə qayğı siyasətinin nəticəsdir.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı “Bakı-Xəbər”ə bildirdi ki, Aşıq Ələsgər irsinə dövlət tərəfindən hər zaman böyük qayğı göstərilib. Aşıq Ələsgərin yaradıcılığının mayasında milli birlik, milli vəhdət olduğunu deyən M.Qasımlı hesab edir ki, dövlətin Aşıq Ələsgər irsinə qayğısı azərbaycançılıq ideologiyasının təbliğinə mühüm töhfədir. M.Qasımlının sözlərinə görə, azərbaycançılıq ideologiyasının təbliğində Aşıq Ələsgər kimi sənətkarların yaradıcılığının xüsusi yeri var.

 

“...Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində...”

Heydər Əliyevin Ələsgər irsinin təbliğinə xüsusi diqqət yetirdiyini deyən M.Qasımlı bildirdi ki, ulu öndərin təşəbbüsü və Sərəncamı ilə böyük ozanlarımız Aşıq Ələsgərin 150 illik, Əlsəgərin ustadı Aşıq Alının 180 illik yubileyləri böyük təntənə ilə ümumxalq bayramı səviyyəsində qeyd olundu. “1972-ci ildə Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi. Yubiley tədbirlərinin keçmiş Ittifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu. Belə ki, Ermənistan SSR ərazində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. Göründüyü kimi, milli-mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü. Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qorumamilli dövlətçiliyin möhkəmləndirilməsi işinə xidmət edirdi”.

 

“Ölkə başçısının Aşıq Ələsgərin yaradıcılığına, sənətinə böyük dəyər verdiyi ifadə olunub

Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi və ustad aşığın abidəsinin ucaldılması ilə bağlı imzaladığı sərəncamları yüksək dəyərləndirən M.Qasımlı qeyd etdi ki, Prezident aşıq sənətinə hər zaman xüsusi qayğı göstərib: “Mən eyni zamanda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 18-də imzalanan Sərəncamı, həmçinin də Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı 30 noyabr 2021-ci il tarixində imzaladığı sərəncamı xüsusi vurğulamaq isəyirəm. Çünki hər iki sənəddə ölkə başçısının Aşıq Ələsgərin yaradıcılığına, sənətinə böyük dəyər verdiyi ifadə olunub. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Onun yaradıcılığı ədəb və mərifət dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik tərbiyəsidir. Sədaqət, Vətənə məhəbbət, təbiətə vurğunluq onun yaradıcılığının məğzini təşkil edir”-deyə professor Qasımlı bildirdi.

 

İradə SARIYEVA

 

Bakı Xəbər  2021.- 2 dekabr.- S.10.